Sumqayıtda nümunəvi məhəllələrin
sırasına
Şirvan qəsəbəsi də əlavə
olundu
Son illər aparılan yenidənqurma və abadlıq işləri Sumqayıta yeni həyat gətirib. Şəhərin hər guşəsində başdan-başa qızğın iş gedir. Az bir vaxt ərzində Sumqayıtın siması tamam dəyişib. İqtisadi cəhətdən sürətlə inkişaf edən şəhərdə əhalinin sayı da durmadan artır.
Şəhərdə aparılan abadlıq-quruculuq işlərinin tərkibinə daxil olan ənənəvi tədbirlərdən biri də şəhərdə nümunəvi məhəllə və mikrorayonların yaradılmasıdır. Sakinlərin arzuları nəzərə alınaraq, mikrorayonların abadlaşdırılması üzrə xüsusi proqram qəbul edilib. Artıq əhalinin sıxlıq təşkil etdiyi yaşayış massivlərində - 18, 13 və 10-cu mikrorayonlarda müvafiq infrastruktura malik nümunəvi məhəllələr yaradılmışdır.
Şirvan qəsəbəsi Sumqayıtın şimal istiqamətində sonuncu ərazi vahidlərindən hesab olunur. Bir müddət əvvəl sakinlər qəsəbələrinin abadlaşdırılması məqsədilə əlaqədar təşkilatlara müraciət etmişdilər. Onların arzuları nəzərə alınaraq belə bir nümunəvi qəsəbənin yaradılmasına start verildi. Az bir zamanda burada xeyli iş görüldü. Qəsəbənin girəcəyində yaraşıqlı idman meydançası inşa edildi. Ərazidə xeyli ağac əkildi, əhalinin istirahəti üçün hər cür şərait yaradıldı. Bunlardan əlavə, qəsəbənin ara yolları da daxil olmaqla küçələrə asfalt döşəndi, piyada keçidləri üçün səkilər salındı, onların kənarına müxtəlif ağaclar əkildi, bəzək kolları basdırıldı. Həmçinin qəsəbədəki yaşayış binalarının fasadları dəyişdirildi, kommunikasiya xətləri yeniləndi, ictimai iaşə obyektlərinin görkəmi müasirləşdirildi. Qəsəbədəki orta məktəb binası da təmir olunaraq texniki avadanlıqlarla təmin edildi, yaşayış binalarının zirzəmilərində illər uzunu yığılıb qalmış çirkli sular təmizləndi, kanalizasiya qurğuları dəyişdirildi, massivin işıqlandırma sistemləri yeniləri ilə əvəzləndi.
Bütün işlər görüləndən sonra isə nümunəvi məhəllənin açılış mərasimi keçirildi. Mərasimə təkcə qəsəbədə yaşayanlar deyil, Sumqayıtın bütün məhəllə və mikrorayonlarından təşrif buyurmuşdular. Tədbirdə çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirdi ki, bu gün ölkəmiz Prezident İlham Əliyevin işgüzarlığı və tələbkarlığı sayəsində irimiqyaslı layihələrə imza atır. "Bu baxımdan Sumqayıt da istisna deyil. Ölkə başçısının diqqət və qayğısının nəticəsi olaraq şəhərimiz gündən-günə inkişaf edir. Sumqayıtda həyata keçirilən müxtəlif sosial-iqtisadi layihələr təkcə şəhərimiz yox, bütün ölkə üçün mühüm əhəmiyyət daşıyır" deyən E.Əzizov onu da vurğuladı ki, ölkə başçısının xüsusi sərəncam və göstərişləri ilə həyata keçirilən bu layihələr sumqayıtlıların üzərinə düşən məsuliyyəti artırır, onları daha yaxşı işləməyə ruhlandırır. "Şirvan qəsəbəsində yaradılan bu nümunəvi məhəllə sayca yeddincidir. Hər dəfə olduğu kimi, keçirilən bugünkü tədbirə də, demək olar ki, Sumqayıtın bütün əlaqədar təşkilatlarının rəhbərləri dəvət olunub. Bu cür tədbirlər məmur məsiliyyətini artırır. Açıq mikrofon vasitəsilə kimin nə sözü var deyə və yerindəcə cavabını ala bilər" deyən ŞİH başçısı əhaliyə müraciət etdi.
Qəsəbə sakinləri Miryaqub Salahov, Məmməd Qarazadə, Dünyamalı Nəcəfov, Zahidə Nüsrətova, Zahid Məmmədov, Mehman Ələsgərov, Xanəli Əmirov, Rəfael Suvari, Rafiq Həsənov və digərləri dövlət başçısına diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər. Ortaya çıxan problemlərə gəlincə isə, müvafiq təşkilatların rəhbərlərinə birbaşa tapşırıqlar və məsələlərin həlli üçün 10 gün vaxt verildi.
Mərasim konsert proqramı ilə başa çatdı.
Akif ƏLİYEV,
Azərbaycan.-2012.- 22 dekabr.- S.6.