Bugünkü gənc doktorantlar növbəti onillikdə Azərbaycana müxtəlif

 elm sahələrində Nobel mükafatı gətirəcəklər

 

Doktorantların və gənc tədqiqatçıların XVII respublika elmi konfransı keçirilib

 

 1994-cü ildən etibarən Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən doktorantların (əvvəllər aspirantların) və gənc tədqiqatçıların respublika elmi konfransı hər il bir ali təhsil müəssisəsinin bazasında keçirilir. Konfranslar respublikamızda elmi potensialın güclənməsinə, həmçinin fundamental və tətbiqi elmi tədqiqatların prioritet istiqamətlərinin inkişaf etdirilməsi məqsədi ilə gənc tədqiqatçıların həvəsləndirilməsinə, onların əldə etdikləri elmi nəticələrin qiymətləndirilməsinə və yayılmasına xidmət edir. Respublika elmi konfranslarında mövzularının aktuallığı, elmi-tədqiqat işini aparmaq və alınmış elmi nəticələri auditoriyaya çatdırmaq bacarığı ilə fərqlənən doktorantlara və gənc tədqiqatçılara Təhsil Nazirliyinin sertifikatları verilir.

Bu günlərdə Bakıda doktorantların və gənc tədqiqatçıların XVII respublika elmi konfransı keçirilmişdir. Qeyd edək ki, elmi konfransa 21 ali təhsil müəssisəsindən və Azərbaycan Milli Elmlər Akademiyasından 451 tezis təqdim edilmişdir. Təhsil Nazirliyinin və Azərbaycan Memarlıq və İnşaat Universitetinin təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov ümummilli lider Heydər Əliyevin elmə, təhsilə daim böyük əhəmiyyət verdiyini, ulu öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirmişdir. Təhsil naziri elmi konfransın doktorantların və gənc tədqiqatçıların elmi yaradıcılığını stimullaşdırmaq, habelə onların yaradıcılıq potensialını inkişaf etdirmək məqsədi ilə həyata keçirilən növbəti tədbirlərdən biri olduğunu vurğulamışdır.

Müasir dünyada elmin, təhsilin önəmli rolunu xatırladan nazir Prezident İlham Əliyevin bu sahənin inkişafı ilə bağlı imzaladığı rəsmi sənədlərin əhəmiyyətindən danışmışdır. Azərbaycanın dinamik inkişaf etdiyini, dünyada nüfuzunun yüksəldiyini, ölkəmizdə geniş elmi potensialın olduğunu diqqətə çatdıran təhsil naziri Misir Mərdanov konfrans iştirakçılarına elmi yaradıcılıq yolunda tövsiyələrini vermişdir.

Konfransda Bakı Dövlət Universitetinin ən gənc doktorantı kimi mənə də çıxış etmək imkanı yaradıldı. Nitqimdə xüsusi vurğuladım ki, müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyev idarəçiliyinin bütün mərhələlərində elm və təhsilin inkişafına xüsusi qayğı ilə yanaşaraq, ilk növbədə xalqın intellektual gələcəyini düşünmüşdür. Elmi-intellektual sahədə qazanılan nailiyyətləri dövlət quruculuğu prosesinin vacib şərti və etibarlı təminatı hesab edən ulu öndər milli təhsil sisteminin mütərəqqi prinsiplər əsasında inkişafı naminə bütün zəruri tədbirləri həyata keçirmişdir. Ulu öndər Heydər Əliyevin elm və təhsil sahəsində müəyyənləşdirdiyi siyasəti son 9 ildə inamla davam etdirən və onu yeni çalarlarla zənginləşdirən Azərbaycan Prezidenti İham Əliyev praqmatikrasional düçüncəli siyasətçi kimi xalqın gələcəyinin məhz elm və təhsillə bağlı olduğunu çıxışlarında dəfələrlə vurğulamış, fəal milli maarifçilik xətti yeridərək dünya təhsil sisteminə inteqrasiyanı vacib saymışdır. Azərbaycan gənclərinin sağlam ruhda böyüməsi və ölkəyə layiqli vətəndaşlar kimi yetişməsi, intellektual səviyyəsinin yüksəldilməsi üçün ölkə rəhbərliyi tərəfindən ardıcıl və sistemli tədbirlər həyata keçirilir. Dövlətin gənclərə göstərdiyi xüsusi diqqət və qayğı yüksək qiymətləndirilməyə layiqdir.

Çıxışımda özüm barədə məlumat verərək qeyd etdim ki, 2006-2010-cu illərdə BDU-da politologiya ixtisası üzrə bakalavr dərəcəsində təhsil almış, universitetdə oxuduğum zaman Yeni Azərbaycan Partiyasının, "İrəli" İctimai Birliyinin, BDU-da tələbə gənclər təşkilatının üzvü kimi xüsusi fəallıq göstərmişəm. Elmi axtarışların nəticəsi olan 30 elmi-siyasi məqalə ilə müxtəlif elmi jurnallarda çıxış edərək, respublikanın ali məktəblərinin tələbələri arasında keçirilən "Siyasi biliklər" müsabiqəsində 1-ci yerə, 2009-cu ildə isə ictimai fəaliyyətimə görə "İlin tələbəsi" adına layiq görülmüşəm. Hazırda Bakı Dövlət Universitetində "Siyasətin nəzəriyyəsi: siyasi elmin tarixi və metodologiyası " ixtisası üzrə əyani doktorantura təhsili alıram və Bakı Dövlət Universitetinin ən gənc doktorantı olmağımla fəxr edirəm. "Azərbaycan Respublikasının dövlət təhlükəsizliyində sosial siyasətin yerirolu" mövzusunda dissertasiyamı bitirmək üzrəyəm. Mövzu üzərində işləyərkən Azərbaycan Respublikası Milli Məclisinin Sosial siyasət komitəsində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, Bakı Dövlət Universitetinin Politologiyasosiologiya kafedrasında tədqiqat işləri aparmışam. Elmi sahədə qazandığım nailiyyətlərə, həmçinin təhsil sahəsində yaranan münbit şəraitə görə bunun təşkilatçılarına minnətdarlığımı ifadə edərək onu da qeyd etdim ki, BDU son illərdə öz inkişafının daha dinamik mərhələsinə qədəm qoyub. BDU ötən illərdə maddi-texniki bazasını ən müasir tələblər səviyyəsinə yüksəldərək Avropa təhsil məkanına inteqrasiya prosesində böyük nailiyyətlər qazanıb.

Universitetin professor-müəllim heyətinin, əməkdaşların, doktorant, magistrant və tələbələrin elm və təhsildə, universitetin ictimai həyatında əldə etdikləri nailiyyətləri daha da inkişaf etdirmək məqsədilə BDU-nun rektoru akademik Abel Məhərrəmov tərəfindən 2009-cu ildən etibarən universitetdaxili "50+50" qrant proqramı təsis edilib. Mən özüm iki dəfə - 2009-cu ildə və bu il "50+50" qrant proqramının qalibi olmuşam. BDU böyük beynəlxalq nüfuza, yüksək təhsil reytinqlərinə malikdir. Xarici ölkələrin ali məktəbləri ilə aparılan elmi layihələr bizə dünyada təhsil və elm sahəsində gedən qlobal proseslərdən xəbərdar olmağa geniş imkan yaradır.

Çıxışımda xüsusi vurğuladım ki, ölkə rəhbərliyi tərəfindən elm və təhsil sahəsinə göstərilən diqqət və qayğıya biz gənclər qarşıdakı fəaliyyətimizlə adekvat cavab verəcəyik və bugünkü gənc tədqiqatçı-doktorantlar növbəti onillikdə Azərbaycana müxtəlif elm sahələrində Nobel mükafatı gətirəcək alimlər olacaq. Bu konfrans biz gənc tədqiqatçılara elmi araşdırmalarımızla elmi fəaliyyətimizə böyük töhfə verəcək. Gənclərin elmi potensialının üzə çıxarılması, həmçinin tədqiqatçılıq bacarıqlarının inkişaf etdirilməsi, elmi nailiyyətlərin birlikdə müzakirə edilməsi baxımından bu kimi tədbirlərin - doktorantların konfransının keçirilməsi mühüm əhəmiyyət daşıyır.

Tədbirdə BDU-nun rektoru, akademik, Milli Məclisin deputatı Abel Məhərrəmov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, Milli Məclisin deputatı professor Gülçöhrə Məmmədova, Təhsil Nazirliyinin Elm şöbəsinin müdiri Gültəkin Hüseynova və çıxış edən digər alimlər, təhsil işçiləri də konfransın əhəmiyyətindən bəhs etmiş, iştirakçılara uğurlar arzulamışlar. Sonra konfrans 19 bölmə (riyaziyyat, fizika, kimya, kimya-texnologiya, tibb, iqtisadiyyat, biologiya, kənd təsərrüfatı və s.) üzrə işini davam etdirmişdir.

 

 Günel MƏLİKLİ,

BDU-nun doktorantı

Azərbaycan.-2012.- 22 dekabr.- S.10.