«Mikrosoft»
mükafatına layiq görülən ilk azərbaycanlı gənc
Hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, gənclərin cəmiyyətin bütün sferalarında iştirakından, onların aparıcı qüvvəyə çevrilməsindən asılıdır. Azərbaycan gəncliyi son illər ictimai-siyasi həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində, demək olar ki, bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Ulu öndər Heydər Əliyev gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlətin və cəmiyyətin ən mühüm vəzifəsi hesab edirdi.
Gənclərin potensialından ölkənin mənafeyi naminə düzgün istifadə olunması prioritet kimi qarşıya qoyulmuşdu. Ona görə də ölkədə gənclər siyasətinin hüquqi bazası yaradıldı. Gəncliyimizin sağlam ruhda böyüməsi və layiqli vətəndaş kimi yetişməsi üçün dövlət tərəfindən ardıcıl, sistemli tədbirlər həyata keçirildi, gənclərə özünütəsdiq imkanları yaradıldı. Bu siyasəti uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirmişdir ki, neft kapitalını insan kapitalına çevirmək lazımdır. Bu fikirlər dövlət gənclər siyasətində də özünü göstərir. İlk növbədə intellektual gənclərin bir araya gəlməsi və yeni təşəbbüslərlə çıxış etməsi üçün imkanlar yaradıldı. Həyata keçirilən proqramlar gənclər arasında peşəkar kadrların hazırlanmasına, onların dövlətin idarə edilməsində, ictimai həyatda fəal iştirakına imkanlar yaratdı.
İndi Azərbaycan gəncliyi hər bir sahədə ölkəmizi dünyada layiqincə təmsil edir. Əlbəttə, bu uğurların əsasında dövlətin güclü dəstəyi dayanır. Hazırda dövlət hesabına dünyanın ən nüfuzlu universitetlərində yüzlərlə azərbaycanlı gənc təhsil alır. Qürurla demək olar ki, bu gün Azərbaycan gəncliyi idmanda qazandığı nailiyyətlərlə, elmi və intellektual səviyyəsi ilə dünya gəncləri arasında ön sıralardadır. Onlardan biri də bu yaxınlarda dünya şöhrətli "Microsoft" şirkətinin mükafatını qazanmış gənc soydaşımız Aydın Əliyevdir.
Çağdaş dövrümüzü kompyutersiz, internetsiz təsəvvür etmək mümkün deyil. Dövrün tələbi müasir texnologiyaların sirlərinə yiyələnmək və ondan faydalanmaqdır. Gənc həmyerlimiz, 29 yaşlı Aydın Əliyev də məhz müasir texnologiyanın üstünlüklərindən faydalanaraq bir çox uğurlara imza atıb. O, bu yaxınlarda "Microsoft"un MVP sertifikatına layiq görülüb. Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə-kredit fakültəsini, ardınca da həmin ixtisas üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirən gənc Aydın qısa zamanda elmi texnologiyanın ən müasir proqramlarından biri olan "Excel" sahəsində yüksək səviyyəli biliklərə yiyələnib. "Excel" riyazi, iqtisadi, statistik və bir çox əməliyyatlar aparmaq funksiyalarına malik olmaqla, həmçinin mürəkkəb tipli əməliyyatları da VBA ilə proqramlaşdırmaqla geniş bazaya malik proqramdır. Gənc qalib bu proqramın xüsusiyyətlərindən danışaraq deyir ki, bir neçə günlük, hətta aylıq işi bu proqramla bir neçə saniyəyə dəqiq və operativ şəkildə həll etmək mümkündür: "Excel"in imkanları o qədər geniş və dərindir ki, bu proqramdan istifadə edənlərin əksəriyyəti ondan hələ tam faydalana bilmir. Ən çətin və uzun, vaxtaparan işləri bu proqramla çox qısa zamanda həll edirsən. Ona görə də proqramın şüarı budur: "Hədəfə doğru ən qısa yol hər zaman mövcuddur".
Xatırladaq ki, "Microsoft" "MVP AWARD" 1990-cı ildən bəri hər il (Most Valuable Professional - Ən Dəyərli Mütəxəssis) mükafatını təqdim edir. Məqsəd sahib olduqları dərin bilikləri, real dünya təcrübələrini tərəfsiz, obyektiv paylaşaraq insanların istifadə etdiyi texnologiyanın inkişafı yolunda onlara kömək etməkdir. İndiyədək 100 milyon istifadəçi buna qoşulsa da, onlardan yalnız 4 min nəfərə yaxını "Microsoft"un MVP-ləri adına layiq görülüb.
Amerikanın
dünyaca məşhur "Microsoft" şirkətinin təqdim etdiyi
"Excel" proqramı üzrə "MVP AWARD"
mükafatına layiq görülən ilk azərbaycanlı
Aydın Əliyev uğur qazanmasını bu proqramın
üzərində çox çalışması ilə əlaqələndirir:
"MVP-lər müstəqil ekspertlərdir və
"Microsoft" tərəfindən onlara yaxın əlaqələr
qurmaq təklif edilir. MVP-lərin liderliyinin təsdiq edilməsi və onların
səylərinin dəstəklənməsi üçün
platformanın təchiz edilməsilə "Microsoft"
MVP-lərə "Microsoft" məhsullarına
erkən girişi, həmçinin
onların məhsulların dizaynı, dəstək və
inkişafı barədə öz tövsiyələrini
verə bilmələri imkanlarını
qazandırır. "Microsoft" şirkətindən
bu mükafata layiq görüldüyüm
haqqında məktubu alanda sevincimdən
yerə-göyə sığmırdım. Bununla
mən ölkəmizdə ilk MVP
adını da qazanmış oldum. Fəxr edirəm ki,
qaliblər siyahısına bundan sonra Azərbaycanın da
adı yazılacaq. Dünyada indiyədək
"MS Excel" proqramı üzrə
"MVP AWARD" mükafatına cəmi 100-ə yaxın
mütəxəssis layiq görülüb.
Mən bu proqramla
"MS Excel" və "VBA Excel" sahəsində mükəmməl
biliklər əldə etdim. Bu (Visual Basic
Application), bir proqramlaşdırma
paketidir. Bu, sahədə
məlumatlarla zəngin
olan www.myexcelworld.ucoz.com saytının
administratoruyam. Bu sayt
2010-cu il 15 noyabr tarixindən fəaliyyət göstərir.
Həmin
dövrdən bu sayt "Excel" proqramına
dair bir çox faydalı resurslarla zənginləşdirilir".
Rəsmiyyə
RZALI,
Azərbaycan.-2012.- 22 dekabr.- S.10.