Əlindədir hələ qələm...

 

O vaxt Azərbaycanda universitet adını daşıyan yeganə ali məktəbin - ADU-nun (indi BDU) jurnalistika fakültəsinə daxil olmaq o qədər də asan deyildi. Ədəbiyyatdan, tarixdən, xarici dildən müvəffəqiyyətlə imtahan vermək məsələnin hələ bir tərəfi idi. Mətbuat orqanlarında təcrübən olmalı, ən azı sənədlərinlə birlikdə dərc edilmiş yazılarını təqdim etməli idin. 1974-cü ildə bu sınaqdan uğurla çıxıb jurnalist sənətinə yiyələnmək üçün ilk vəsiqə - tələbə bileti alanlar arasında Məzahir Süleymanzadə də vardı.

Əksəriyyətimizdən bir neçə yaş böyük idi. Amma ilk gündən tələbə yoldaşları arasında hörmət və rəğbət qazanması təkcə bununla bağlı deyildi. Səbəb onun səmimiyyəti, bir də mətbuat sahəsindəki... təcrübəsi idi. Çox keçmədi ki, birimizin "əlindən tutub" "Azərbaycan qadını" jurnalının redaktoru Xalidə Hasilovanın yanına apardı. Digərimizi "Kənd həyatı" jurnalının məsul katibi Eldar Qənbərli ilə tanış etdi. Bir başqa tələbə yoldaşımızı "Molodyoj Azerbaydjana" qəzetinin şöbə müdiri Eleonora Abbasquliyevaya "tapşırdı"...

Şamaxıdan təzəcə gəlib Bakıda nimdaş bir otaq kirayələyən sadə gəncin nüfuzlu mətbu orqanlarla əlaqəsi necə yaranmışdı, tanınmış jurnalistlərlə tanışlığı necə baş vermişdi? Demə, hələ orta məktəbdə oxuyanda Şamaxıda çıxan rayon qəzetinə irili-xırdalı məqalələr yazırmış. Sonra rayondakı tarix-diyarşünaslıq muzeyində işləyəndə mətbuatla əlaqələri daha da genişlənir. Respublikada çıxan qəzet və jurnallara zərflərdə xəbərlər, korrespondensiyalar yollayır. Çalışdığı muzeydə keçirilən tədbirlərdən, ətrafda baş verən hadisələrdən yazır.

Sonra ordu sıralarında xidmət edir. Bu zaman hərbi dairə qəzetinin redaksiyasında çalışır, Tbilisi Ali Hərbi Jurnalistika Məktəbini bitirir. Vaxtaşırı Moskvada çıxan "Krasnaya zvezda" qəzetində, "Sovetskiy voin" jurnalında da yazıları dərc olunur.

Tələbəlik illərində müəllimlərinin mühazirələrini, əgər belə demək mümkünsə, acgözlüklə dinləyə-dinləyə, seminarlara səliqə ilə hazırlaşa-hazırlaşa yaradıcılığından qalmırdı. Müxtəlif qəzet jurnallarda çıxış edirdi, səsi efirdən gəlirdi. Bütün bunlarla bahəm fakültənin universitetin ictimai həyatında fəal iştirak edirdi. Necə vaxt tapırdı? Bəlkə bunun özü bir xoşbəxtlik, taleyin bir bəxşişi idi?!

İllər keçdikcə tələbə yoldaşları Məzahirin ailəsini yaxından tanıdı. Valideynləri Bakıya köçüb gəlmişdilər. Belə ki, atası Bəybala kişi İkinci Dünya müharibəsində igidliklər göstərmiş, şücaəti bir çox orden medallarla qiymətləndirilmiş Azərbaycan oğullarından idi. Müharibədən sonra bu qəhrəmanlığını fədakar neftçi peşəsi ilə davam etdirmişdi, Xəzərin qoynundakı yataqlarda çalışmışdı. Anası Umleyla xanım isə (biz ona Leyla xala deyirdik) arxa cəbhədə mərdlik göstərmişdi. Mərəzə (indiki Qobustan) rayonunun Ərəbqədim kəndindəki "Bakı" kolxozunun sədri olaraq taxıl əkib-becərilməsini bacarıqla təşkil etmiş, camaatın çörəksiz qalmaması üçün qol çırmayıb kişi qeyrəti ilə çalışıb-vuruşmuşdu. Ötən əsrin 80-ci illərində bu ailəyə Bakıda evi dövlət vermişdi.

Bu sadə ailə zəhmətlə, əziyyətlə beş oğul böyütmüşdü. Qardaşların böyüyü Məzahir idi. Demə, gənc yaşlarından tanınması, uğurlar qazanması təkcə taleyin, qismətin "iş"i deyilmiş, həm onun qanından, tərbiyəsindən gəlirmiş, varlığının yoğrulduğu zəhmətin bəhrəsi imiş.

Ulu Yaradan "səndən hərəkət, məndən bərəkət" deyib. Universiteti bitirəndən sonra Məzahirin işə düzəlməklə bağlı problemi olmadı. "İdman" qəzetində çalışmağa başladı. Az sonra "Kommunist" qəzetində işə qəbul olundu. O dövrdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin orqanı olan bu qəzetdə gənc jurnalistin işləməsi az qala sensasiya idi. Çünki burada çalışan yaradıcı kollektivi mətbuatda artıq illərin məktəbini keçmiş yazarlar təşkil edirdi. Məzahir bu etimadı da doğrultdu. "Kommunist"dəki fəaliyyətini müxbirlikdən başlayaraq redaktor müavini vəzifəsinədək yüksəldi. Üstəlik, "Kommunist"in əlavəsi olan "Şəhər"i buraxmağa başladı bu əlavə sonradan  müstəqil qəzetə çevrildi. Bu, həmin "Şəhər" idi ki, 1990-cı ilin 20 Yanvar hadisələri zamanı informasiya blokadasını yararaq dinc xalqa edilmiş xəyanət, törədilmiş qanlı olaylar barədə həqiqətləri hər yana yaydı.

Bu sətirlərin müəllifini xəyal yenidən o acı, o hüznlü günlərə qaytarır. "Kommunist"in yaradıcı əməkdaşlarının hamısı Bakının nahaq qan axıdılmış küçələrində idi. Onlar həmin gün şəhidlərin dəfnindən indiyədək yazılmayan, bənzəri olmayan kollektiv reportaj hazırlayırdılar. Təbii ki, işlər bölünmüş, tapşırıqlar verilmiş kimin hansı tərəfə gedəcəyi müəyyənləşdirilmişdi.   Tezcə redaktor müavininin otağına gəldim:

- Bəs mən?..

M.Süleymanzadə bir mənə, bir əlimdə möhkəm-möhkəm tutduğum qeyd dəftərçəmlə qələmimə baxdı:

- Görsən ki bu gün yağı o şəhidlər kimi bizim hamımızı, yəni bu redaksiyanın kişilərinin hamısını güllələyib qəzeti buraxacaq yeganə sən qalmısan, onda o bloknotunla karandaşını götürüb düşərsən şəhərə...

Həmin gün anası Məzahir müəllimə tez-tez zəng vurur, darıxdığından vəziyyəti təbii ki, onun özünü, qardaşlarını soruşurdu. Bir neçə zəngdən sonra Məzahir yarımülayim, yarıciddi tərzdə anasına dedi:

- Sənin övladların dünən tankın altında qalan o oğulların heç birindən artıq deyil axı, ana!..

Bir neçə gündən sonra isə redaktor müavini özü məni otağına çağırdı:

- Bilirəm, ürəyin doludur, bəlkə İlhamla Fərizə haqqında bir yazı...

Otaqdan necə çıxdımsa, bir gördüm ki, Alatavada, İlhamla Fərizənin evinin astanasındayam...

Sonralar həmin "Səhər" müstəqil qəzet, Məzahir Süleymanzadə isə onun baş redaktoru oldu. Çox yazılar verdi "Səhər", çox mətləbləri açıqladı. Xocalı soyqırımı, Qarabağ səmasında düşmənin törətdiyi vertolyot qəzaları s. haqqında operativ, doğru-dürüst məlumat yaydı. "Səhər"in müəllifləri başda redaktor olmaqla cəsarətli çıxışlar edirdilər. Hər nömrənin birinci səhifəsində redaktorun imzası ilə günün mövzusu işıqlandırılırdı. Yadımızdadır, bir dəfə "Dirijor qaçıb, orkestr isə öz işindədir" sərlövhəli məqalə dərc olunmuşdu. Onda SSRİ hələ dağılmamışdı, onda Kommunist Partiyası hələ var idi. Qəzetin nömrəsi isə əldən-ələ gəzir, biz həmkarımızın cəsarətinə heyran qalır, bunun ilə nəticələnəcəyindən ehtiyatlanırdıq. Məzahir isə yazmaqda davam edirdi...

O, bu gün yazır. Əməkdar mədəniyyət işçisi, Ali Media mükafatı laureatı Məzahir Süleymanzadə o jurnalistlərdəndir ki, onlar üçün mövzu məhdudiyyəti yoxdur. Azərbaycan Mətbuat Şurası Ustad Jurnalistlər Məclisinin sədr müavini, Bakı Futbol Federasiyasının vitse-prezidenti olması yaradıcılığına əsla mane olmur. Qələmini bir yazıçı kimi sınayıb. "Prezident Heydər Əliyevin jurnalistika dərsi", "Ocaq başında", "Jurnalist ömrünün naxışları", "Güllələnmiş qəzet", "Bir qucaq çiçək" digər kitabların müəllifidir. Bu il kitab şəklində nəşr etdirdiyi "Cıdır düzündə toy" povesti isə Azərbaycanın Qarabağ dərdinə həsr olunub əsərdə işğal altındakı torpaqlarımızın şəksiz geri alınacağına, qələbəmizə inam öz əksini tapıb.

İllər tez keçirmiş! Bu gün qələm dostumuzun 60 yaşı tamam olur. Elə bil dünən idi, onu oğlunun dünyaya gəlməsi münasibətilə təbrik etmişdik. Bu gün isə iki qönçə qız nəvənin babasıdır. Amma yazmaqdan, yaratmaqdan yorulmadan, doymadan deyir ki, "əlimdədir hələ qələm!"...

 

 

Flora SADIQLI,

Azərbaycan.-2012.- 22 dekabr.- S.11.