Dünyada söz sahibiyik

 

Regionun lider dövləti olan Azərbaycanın həm də beynəlxalq birlikdəki yerini möhkəmləndirməsi, söz sahibinə çevrilməsi dünya miqyasında qəbul edilən reallıqdır. Bunu təsdiq edən bir çox amilləri sadalamaq mümkündür. Bu sırada Prezident İlham Əliyevin iştirak etdiyi, o cümlədən Bakıda keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər gənc Azərbaycan dövlətinin dünyada artan nüfuzunu təsdiq edən mühüm faktorlardır.

Azərbaycan üçün yaddaqalan belə tədbirlərdən biri yanvarda Davosda keçirilən Dünya İqtisadi Forumudur. Belə ki, Davosda keçirilən interaktiv sessiyalardan biri Azərbaycana həsr edilmişdi.

Yanvarın 27-də keçirilən sessiyada Prezident İlham Əliyev iştirak etmişdir. Tədbirdə iştirakından və ölkəmizin Davosda geniş şəkildə təqdim olunmasından məmnun olduğunu bildirən dövlət başçısı Azərbaycanın keçdiyi inkişaf yolu, apardığı neft-qaz siyasəti barədə məlumat vermiş, tədbir iştirakçılarının fikirlərinə münasibət bildirmişdir.

Bundan bir neçə gün sonra - fevralın 4-də Münhen Təhlükəsizlik Konfransı keçirilmişdir. Konfransda çıxış edən Prezident İlham Əliyev ölkəmizin neft-qaz siyasəti barədə danışmış, Azərbaycanın Avropanın enerji təhlükəsizliyini təmin etməyə, neft-qaz ixracatını şaxələndirməyə və təbiətin ekoloji mühafizəsinə hazır olduğunu bəyan etmişdir.

Azərbaycanın yaxından iştirak etdiyi beynəlxalq tribunalardan biriAvronest Parlament Assambleyasıdır. Aprel ayında Bakıda Milli Məclisin binasında bu gənc təşkilatın ikinci sessiyasının rəsmi açılış mərasimi olmuşdur. Mərasimdə Prezident İlham Əliyev çıxış etmişdir. Avropa İttifaqının hüdudlarından kənarda ilk bu cür toplantının Azərbaycanda keçirilməsindən məmnun olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev əmin olduğunu bildirmişdir ki, burada qəbul ediləcək qərarlar, müzakirə ediləcək mövzular çox vacib olacaqdır.

Azərbaycan üçün bu ilin ən möhtəşəm beynəlxalq uğuru ölkəmizin BMT Təhlükəsizlik Şurasının üzvü kimi fəaliyyətə başlamasıdır. Bununla əlaqədar olaraq Azərbaycan may ayında quruma sədrlik funksiyasını həyata keçirmişdir. Mayın 4-də Nyu-Yorkda keçirilən BMT Təhlükəsizlik Şurasının yüksək səviyyəli iclasına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sədrlik etmişdir. Bəyanatla çıxış edən Prezident İlham Əliyev bildirmişdir ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzvlük üçün namizədliyinin 155 ölkə tərəfindən dəstəklənməsi faktı bir tərəfdən göstərir ki, biz özümüzü təqdim etməyi bacardıq: "Eyni zamanda, bu, beynəlxalq ictimaiyyətin bizə verdiyi dəstəyi, bizə olan etimadı və inamını nümayiş etdirir, bu məsuliyyəti bizə həvalə edir. Sizi əmin edə bilərəm ki, biz bu məsuliyyəti üzərimizə götürməyə hazırıq. Bizə etimad göstərənlərin etimadını doğruldacağıq və əlimizdən gələni edəcəyik ki, hamımız üçün daha da proqnozlaşdırılan və təhlükəsiz dünyanı yaradaq".

İyunun 26-da İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 20 illik yubiley sammiti keçirilmişdir. Sammitdə çıxış edən Prezident İlham Əliyev bildirmişdir ki, Azərbaycan QİƏT-in fəaliyyətinə çox böyük qiymət verir: "Hesab edirəm ki, təşkilatımız 20 il ərzində önəmli beynəlxalq təşkilata çevrilibdir. Təşkilatın tarixi, demək olar ki, ölkəmizin müstəqilliyinin tarixi ilə də üst-üstə düşür. Biz keçən il müstəqilliyimizin bərpasının 20 illiyini qeyd etmişik. Azərbaycan 20 il ərzində müxtəlif beynəlxalq təşkilatlarda fəal iştirak edib, o cümlədən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında fəaliyyətimiz də çox fəaldır".

Bu il Azərbaycanda da bir neçə mötəbər beynəlxalq siyasi, iqtisadihumanitar tədbir keçirilmişdir. Bunlardan biri iyunun 29-da Bakıda Heydər Əliyev Mərkəzində keçirilən Krans Montana Forumudur. Bu forum 1986-cı ildə İsveçrə rəsmilərinin dəstəyi ilə yaradılan beynəlxalq təşkilatdır. Dünyada böyük nüfuza malik bu qurum BMT, Avropa İttifaqı, Avropa Şurası, həmçinin UNESCO, ISESCO və digər beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir.

Forumun açılışında çıxış edən Prezident İlham Əliyev bildirmişdir ki, Azərbaycan siyasi-iqtisadi sahələrdə dialoqun keçirildiyi, formalaşdığı yerlərdən birinə çevrilib. Bakıda çox müxtəlif məsələlər, siyasi müstəvidə çox maraqlı mövzular ətrafında birgə müzakirələr, debatlar, forumlar təşkil olunur. Bunun hamısı bizim siyasətimizin nəticəsidir, eyni zamanda bu, ölkəmizin tarixi irsidir. Forumun gündəliyinin çox geniş olduğunu deyən dövlət başçısı iştirakçıların fikirlərinin yeni ideyaların və yanaşmaların ortaya çıxmasına xidmət edəcəyini diqqətə çatdırmışdır.

Oktyabrın 4-5-də isə Bakıda ikinci Beynəlxalq Humanitar Forum keçirilmişdir. Forumun açılışında çıxış edən Prezident İlham Əliyev əmin olduğunu bildirmişdir ki, görüşlər, aparılacaq diskussiyalar çox dəyərli olacaq, yeni fikirlər ortaya çıxacaq və beləliklə, humanitar sahədə əməkdaşlıq üçün yeni imkanlar açılacaqdır. Dövlət başçısı qeyd etmişdir ki, ikinci forumun təşkili birinci forumun çox uğurlu keçdiyini göstərir.

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XII zirvə toplantısı da Bakıda keçirilmişdir. Oktyabrın 16-da Bakıda, Heydər Əliyev Mərkəzində keçirilən zirvə toplantısında İƏT üzvü olan ölkələr dövlət başçıları, bir sıra ölkələr isə hökumət rəhbərləri və parlament sədrləri ilə təmsil olunmuşlar. Nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə kifayət qədər təcrübəsi olan Azərbaycanın paytaxtı Bakı İƏT-in XII Zirvə Toplantısına hərtərəfli hazırlaşmışdı. Tədbirdə çıxış edən Prezident İlham Əliyev zirvə toplantısının sədri seçildiyinə görə minnətdarlığını bildirmişqeyd etmişdir ki, təşkilata sədrliyi dövründə Azərbaycan üzv ölkələr arasında dostluq və əməkdaşlıq əlaqələrinin daha da genişlənməsi üçün əlindən gələni əsirgəməyəcək.

 

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2012.- 23 dekabr.- S.2.