Qafqazın ən moderngüclü Silahlı Qüvvəsi

 

Müsəlman Şərqinin təkcə ilk demokratik, hüquqi, dünyəvi cümhuriyyətinin deyil, həm də hərbi nizamnamə və əsasnaməsi ilə formalaşan ilk nizami ordusunun Azərbaycanda yaranması, şübhəsiz, xalqımız üçün qürur hissi doğuran haldır. Azərbaycan Ordusu tarixi təməl üzərində sürətlə inkişaf edərək regionun qüdrətli Silahlı Qüvvələrinə çevrilib.

Azərbaycanın güclü hərbi ənənələri olsa da, müstəqillik qazandıqdan sonra ölkəmiz bu sahədə ciddi böhranla üzləşdi. Ölkədəki naşı və yarıtmaz hakimiyyətin səriştəsizlyi üzündən ordu quruculuğu yönümündə heç bir ciddi addım atılmadı, Silahlı Qüvvələr ayrı-ayrı siyasi qruplaşmaların əlində hakimiyyət uğrunda mübarizə alətinə çevrildi. Nizami orduya malik olmayan Azərbaycan hərc-mərclik və xaos burulğanında ərazisinin 20 faizini itirmək məcburiyyətində qaldı.

Müstəqil Azərbaycanda nizami ordu quruculuğu istiqamətində ardıcıl və sistemli addımlar atılması isə yalnız ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda hakimiyyətə qayıdışından sonra mümkün oldu. Bu dövrdən başlayaraq ümummilli liderin rəhbərliyi altında Silahlı Qüvvələrin komplektləşdirilməsi, nizam-intizamın, döyüş əhval-ruhiyyəsinin qaldırılması, Milli Ordunun maddi-texniki təchizatının yaxşılaşdırılması istiqamətində qətiyyətli addımlar atıldı. Ulu öndərin ordu quruculuğu siyasətini yeni dövrün tələbləri səviyyəsində inamla davam etdirən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev son 9 ildə bu məqsədlə bütün zəruri tədbirlərin həyata keçirilməsini təmin etmişdir. Nizami ordu müstəqilliyinin bərpasının 20 illiyi tamam olan Azərbaycan dövlətinin mövcudluğunun əsas təminatlarından birinə çevrilməklə ona dünya miqyasında maraq və mənafeyini, milli təhlükəsizliyini lazımi səviyyədə qorumaq, müstəqil siyasət yeritmək imkanı yaradır. Azərbaycan Silahlı Qüvvələrinin kəmiyyət və keyfiyyət baxımından komplektləşdirilməsi, peşəkarlıq səviyyəsinin yüksəldilməsi, maddi-texniki bazasının gücləndirilməsi, hərbçilərin sosial rifah halının ildən-ilə yaxşılaşdırılması, ordu hissələrinin müasir texnika və avadanlıqlarla təchiz edilməsi, habelə beynəlxalq təcrübənin mənimsənilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər bunu bir daha təsdiqləyir.

Orduya diqqət və qayğının ən bariz təcəssümü özünü büdcə xərclərinin dinamik artımında göstərir. 2003-cü ildə cəmi 150 milyon dollar büdcəsi olan Azərbaycan Silahlı Qüvvələri üçün 2011-ci ildə dövlət büdcəsindən 3 milyard, 2012-ci ildə 3 milyard 474 milyon ABŞ dolları ayrılmışdır. 2013-cü ilin dövlət büdcəsində isə bu məqsədlər üçün 3 milyard 707 milyon 369 min ABŞ dollarının sərf edilməsi nəzərdə tutulub. Hələ 2003-cü ildə "Azərbaycan Ordusunun hərbi xərcləri işğalçı Ermənistanın dövlət büdcəsindən çox olmalıdır" deyən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bu vədini də əməli surətdə gerçəkləşdirmişdir.

Azərbaycanın qüdrətli Silahlı Qüvvələrə malik olmasını işğalçı tərəf, eləcə də dünya ictimaiyyəti hələ 2008 və 2010-cu illərdə, ötən ilin iyun ayında keçirilən möhtəşəm hərbi paradda bir daha gördü, buna növbəti dəfə əmin oldu. Bakının bayram libası geymiş Azadlıq meydanında keçirilən parad ölkəmizin müzəffər silahlı birləşmələrə malik olduğunu bir daha nümayiş etdirdi.

Sülh danışıqları ilə yanaşı, Azərbaycan cəmiyyətində daim gündəmdə qalan məsələlərdən biri də Dağlıq Qarabağ münaqişəsinin hərb yolu ilə həlli perspektividir. Torpaqlarımızın müharibə yolu ilə işğaldan azad edilməsi perspektivi Azərbaycana hərbi qələbə vəd edir. Çünki ordu quruculuğu münaqişənin həlli prosesində dönüş yaratmaq imkanına malik ən vacib amillərdən biridir ki, Azərbaycan bu sahədə də kifayət qədər böyük uğurlar qazanmışdır. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Azərbaycandan hələ də güzəşt umanlara sərt mesaj ünvanlayaraq bildirmişdir: "Sirr deyildir ki, Azərbaycan başqa sahələri inkişaf etdirdiyi kimi, hərbi sahəyə də böyük diqqət göstərir. Bu, bizim təbii yanaşmamızdır. Çünki Azərbaycan müharibə şəraitindədir. Müharibə bitməyib, müharibənin birinci mərhələsi başa çatıbdır. Biz elə etməliyik ki, istənilən anda torpaqlarımızı hərbi yolla azad edə bilək".

Müdafiə məqsədilə ayrılan hərbi xərclərin ildən-ilə artması, eləcə də ölkədə hərbi təyinatlı məhsulların istehsalını həyata keçirən sənaye müəssisələrinin yaradılması da ordu quruculuğu baxımından vacib əhəmiyyətə malikdir. Azərbaycan müxtəlif xarici ölkələrdən müasir hərbi texnikalar alır, ordunun arsenalında olan bir sıra texnikaların modernləşdirilməsini həyata keçirir. Əvvəllər xaricdən alınan bəzi hərbi texnikadöyüş sursatları artıq Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələrdə istehsal olunur. Azərbaycanın yerli istehsal hesabına ordusunun müxtəlif hərbi ləvazimatlara və döyüş sursatlarına olan ehtiyacını ödəməsi ölkəmizin Ermənistan qarşısında üstünlüyünü daha da artırır.

Prezident İlham Əliyev 2012-ci ilin ötən dövründə cəbhə bölgəsinə səfər etmişbir sıra hərbi hissələrdə yeni qərargah binalarının açılışında iştirak etmişdir. Bu sırada ölkə başçısı yanvarın 21-də Goranboy rayonunda təmas xəttindəki "N" saylı hərbi hissədə olmuş, mayın 30-da Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində qərargah binasının açılışında iştirak etmiş, əsgər yataqxanası, yeməkxana və məişət kompleksi ilə tanış olmuşdur. Həmin tarixdə Culfada sərhəd komendantlığının və sərhəd zastavasının açılışında iştirak etmişdir. Dövlətimizin başçısı iyulun 31-də Dövlət Sərhəd Xidmətinin yenidən qurulan və əsaslı təmir edilən Lənkəran sərhəd dəstəsi qarnizonu ilə tanış olmuş, oktyabrın 7-də Dövlət Sərhəd Xidmətinin Yevlaxdakı "N" saylı yeni hərbi hissəsinin qarnizonu və yaşayış binaları kompleksinin açılışında iştirak etmişdir. Dekabrın 17-də isə Müdafiə Sənayesi Nazirliyinin Təcrübə-Sınaq Zavodunun əsaslı yenidənqurmadan sonra açılışında olmuşdur.

Prezident İlham Əliyev ölkəmizin müdafiə rotensialının qüdrətlənməsi istiqamətində ötən müddətdə böyük işlər həyata keçirmişdir. Ölkənin gəlirləri çoxaldıqca, iqtisadi qüdrəti artdıqca orduya ayrılan vəsaitin həcmi də buna adekvat olaraq yüksəldilir. Bu gün hər bir vətəndaş əmindir ki, Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında üzərinə düşən məsuliyyətli missiyanın öhdəsindən layiqincə gəlməyə, torpaqlarımızı düşmən işğalından azad etməyə tam qadirdir.

 

 

 

Elnur HACALIYEV,

Azərbaycan.-2012.- 23 dekabr.- S.3.