12 xarici ölkəyə
səfər 22 prezident 10 baş
nazir
5 beynəlxalq təşkilat rəhbəri
ilə görüş
Tarixə çevrilməkdə olan 2012-ci il Azərbaycan üçün xarici siyasət prioritetlərinin həyata keçirilməsi baxımından da kifayət qədər uğurlu ildir. Bu dövrdə Azərbaycan nəinki beynəlxalq əlaqələrini daha da genişləndirib, həmçinin regional və dünya miqyasında ölkəmizin milli maraqlarının effektiv şəkildə təmin edilməsi istiqamətində qətiyyətli addımlar atılıb.
Prezident İlham Əliyev 2012-ci ildə xarici ölkə rəhbərləri ilə ilk görüşü Rusiyanın keçmiş prezidenti Dmitri Medvedevlə olub. Yanvarın 23-də Soçidə baş tutan və həm də bir növ ənənə xarakteri almış görüşdə Rusiya-Azərbaycan əməkdaşlığının bir daha inkişafı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi yolları ilə bağlı müzakirələr aparılıb. Həmin vaxt Soçidə Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin birgə görüşü də olub.
Yanvarın sonlarında isə Prezident İlham Əliyev Davos şəhərində keçirilən ənənəvi illik Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfər edib. Burada Prezident İlham Əliyevin İsveçrə Konfederasiyasının Prezidenti Eveline Vidmer Şlümf, İsrail Dövlətinin Prezidenti Şimon Peres, Polşa Prezidenti Bronislav Komarovski, Ukrayna Prezidenti Viktor Yanukoviç, Pakistan İslam Respublikasının Baş naziri Sayed Yusuf Raza Gilani, Böyük Britaniyanın York Hersoqu şahzadə Endryu, İordaniyanın Baş naziri Aun Al Xasauna, Dünya İqtisadi Forumunun təsisçi və icraçı direktoru Klaus Şvab, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenberger ilə görüşləri bu ölkələrlə əlaqələrin inkişaf etdirilməsi baxımından səmərəli keçib.
Fevral ayında Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ dövlət katibi Hillari Klintonla görüşüb. Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə inkişafından məmnunluq ifadə olunan görüşdə əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik bildirilib. Həmin ay Prezident İlham Əliyevin daha bir önəmli görüşü Belçikada NATO-nun Baş katibi Anders Foq Rasmussenlə olub. Görüşdə Azərbaycan-NATO tərəfdaşlığı, ölkəmizin antiterror koalisiyası çərçivəsində fəaliyyəti müzakirə edilib.
Mart ayında Prezident İlham Əliyev Bakıda Qətər Dövlətinin Əmiri Şeyx Həməd bin Xəlifə Al Tani, Polşa Respublikasının Prezidenti Bronislav Komorovski, aprel ayında Çexiyaya səfəri çərçivəsində Prezident Vatslav Klaus, Baş nazir Petr Neçasla görüşüb. Görüşlərdə əməkdaşlığın müxtəlif sahələri, birgə iqtisadi təşəbbüslərlə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Martın sonunda isə Prezident İlham Əliyev Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün Cənubi Koreyaya səfər edib.
May ayında Azərbaycan BMT Təhlükəsizlik Şurasına sədrlik edib. Bu məqsədlə Nyu-Yorka səfər edən Prezident İlham Əliyev BMT-nin Baş katibi Pan Gi Munla görüşdə Azərbaycanın terrorizmə qarşı mübarizədəki fəaliyyəti, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı fikir mübadiləsi aparıb. May ayında Çikaqoda NATO-nun sammitində də iştirak edən Prezident İlham Əliyev Sloveniyanın Baş naziri Yanez Yanşa, Monteneqronun Baş naziri İqor Lukşiç və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviçlə, Moskvada keçirilən MDB Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında isə Moldova Prezidenti Nikolaye Timofti ilə görüşüb.
İl ərzində Prezident İlham Əliyevin Qırğızıstan Prezidenti Almazbek Atambayevlə, Türkiyə Prezidenti Abdullah Güllə və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeronla iki dəfə, Gürcüstan Prezidenti Mixeil Saakaşvili və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla üç dəfə görüşü olub.
Dövlət başçısı iyun ayında Krans Montana Forumunda iştirak etmək üçün Bakıya gələn Monteneqro Prezidenti Filip Vuyanoviç, Macarıstanın Baş naziri Viktor Orban, İstanbulda Albaniyanın Baş naziri Sali Berişa, iyulun 5-də ölkəmizdə səfərdə olan Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuyla görüşüb. Görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında danışıqlar aparılıb.
Prezident İlham Əliyev avqustda Belarusa, sentyabrda Fransaya səfər edib. Prezidentlər Aleksandr Lukaşenko və Fransua Ollandla görüşlərdə münasibətlərin müxtəlif istiqamətləri və genişləndirilməsi ilə bağlı məsələlər müzakirə edilib.
Oktyabrda Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının 12-ci Zirvə Toplantısı keçirilib. Prezident İlham Əliyev bu məqsədlə ölkəmizə gələn İran, Tacikistan, Pakistan, Əfqanıstan prezidentləri ilə görüşüb. Görüşlərdə bu tədbirin region ölkələri arasında əməkdaşlığın bundan sonra da genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminlik ifadə olunub. Oktyabr ayında Özbəkistan Prezidenti İslam Kərimov və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviç də Bakıya gəliblər.
Noyabrın 21-də Prezident İlham Əliyev dövlət səfəri çərçivəsində Sinqapurun Prezidenti Toni Tan, Baş naziri Li Hsien Loonq ilə görüşüb. Görüşdə dövlətlərimiz arasında müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri müzakirə olunub. Dekabrın 12-də isə Ukrayna Prezidenti Viktor Yanukoviç ölkəmizə işgüzar səfər edib. Prezident İlham Əliyevlə görüşdə ikitərəfli məsələlər müzakirə edilib.
Beləliklə, 2012-ci il ərzində Prezident İlham Əliyev 12 xarici ölkəyə səfər edib. Həm bu səfərlər zamanı, həm də Bakıda 21 dövlətin (Türkiyə, Gürcüstan, Rusiya, İsveçrə, İsrail, Polşa, Ukrayna, Qətər, Çexiya, Qırğızıstan, Moldova, Monteneqro, Belarus, Fransa, İran, Tacikistan, Pakistan, Əfqanıstan, Özbəkistan, Sinqapur, Bosniya və Herseqovina, Ermənistan) başçısı, 10 dövlətin (Türkiyə, Böyük Britaniya, Pakistan, İordaniya, Çexiya, Sloveniya, Monteneqro, Macarıstan, Albaniya, Sinqapur) Baş naziri və 5 beynəlxalq təşkilatın (BMT, NATO, Avropa İttifaqı Şurası, Dünya İqtisadi Forumu, Beynəlxalq Qızıl Xaç Komitəsi) rəhbəri ilə görüşüb. Bu görüşlər Azərbaycanın xarici siyasətinin kifayət qədər geniş, düşünülmüş və çoxşaxəli olduğunu göstərir.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.-2012.- 23 dekabr.- S.3.