3000 yeni məktəb
Müasir dövrün tələblərinə cavab verən fəal maarifçilik kursunun həyata keçirilməsi, mütərəqqi yeniliklərin tətbiqi yolu ilə milli təhsil sisteminin müasirləşdirilməsi, Avropa təhsil məkanına inteqrasiya ölkədə reallaşdırılan dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Təhsilin bütün istiqamətlər üzrə proporsional inkişafı ciddi investisiya tələb edən məsələ olduğundan dövlətin son illərdəki maliyyə imkanları bu sahədə qlobal layihələrə başlamağa münbit şərait yaratmışdır.
Dövlət büdcəsində təhsilə ayrılan xərclərin ildən-ilə artırılması da hökumətin bu sahənin kefiyyətcə yeniləşməsi üçün ardıcıl və sistemli fəaliyyət göstərdiyini təsdiqləyir. Xatırlatmaq yerinə düşər ki, 2003-cü ildə 130 milyon manat təşkil edən təhsil xərcləri 2011-ci ildə 1,4 milyard manata yüksəlmişdir. 2012-ci ildə isə təhsilə dövlət büdcəsindən 1,5 milyard manat vəsait ayrılmış, bu sahənin dövlət büdcəsi xərclərinin tərkibindəki xüsusi çəkisi 9,3 faiz təşkil etmişdir. Növbəti 2013-cü ildə isə təhsil xərcləri üçün 1530,4 milyon manat, yəni 2012-ci illə müqayisədə 1,2 faiz çox vəsait ayrılmışdır.
Hazırda ölkədə 4523 ümumtəhsil müəssisəsi fəaliyyət göstərir. Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində isə 330 ümumtəhsil məktəbi mövcuddur. Dövlətin xüsusi qayğısı sayəsində təhsil sahəsində ən diqqətçəkən nəticələr ölkədə məktəb tikintisinin geniş vüsət alması ilə bağlıdır. Bu problemin həlli - məktəblərdə əsaslı təmir-tikinti işlərinin aparılması, müasir tipli yeni təhsil ocaqlarının inşası regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarında, ölkə başçısının fərman və sərəncamlarında öz əksini tapmışdır. Təhsil müəssisələrinin yenidən qurulması və əsaslı təmiri üçün xeyli vəsait ayrılmışdır. Cari ilin yanvar-iyul aylarında təhsil sahəsində tikinti-quruculuq işlərinə 277,5 milyon manat, yəni əsas kapitala yönəldilmiş bütün vəsaitin 3,9 faizi sərf olunmuşdur. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz artım deməkdir. Ümumilikdə ötən dərs ilində respublika üzrə 50000 şagird yerlik 167 yeni orta məktəb inşa olunmuşdur. Bunlarla yanaşı, 103 məktəbdə əsaslı təmir işləri aparılıb, 21 məktəb üçün 5104 şagird yerlik əlavə korpuslar tikilib. Həmçinin Təhsil Nazirliyi tərəfindən 45 yeni orta məktəb istifadəyə verilib, 3 təhsil müəssisəsi üçün 960 şagird yerlik əlavə korpuslar inşa edilib, 15 məktəbdə əsaslı təmir işləri aparılıb.
Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Bakı və onun ətraf qəsəbələri üzrə 54 ümumtəhsil orta məktəbdə əsaslı təmir işləri və yeni sinif otaqlarının tikintisi, idman və akt zallarının, bəzi məktəblərdə isə yeni korpusların inşası aparılır. Həmçinin 57 məktəbəqədər müəssisədə əsaslı təmir həyata keçirilir. Əlavə korpusların, idman və akt zallarının, sinif otaqlarının tikintisi ilin sonuna kimi başa çatdırılıb istifadəyə veriləcəkdir.
Eyni zamanda, Azərbaycan Prezidentinin ənənəvi olaraq 2012-ci ildə də təməli qoyulmuş, yeni tikilmiş, əsaslı təmir olunmuş bir çox məktəblərin açılış mərasimində iştirakı, hər yeni dərs ilinin ilk günündə müəllim, şagird və valideynlərlə görüşü təhsilə yüksək diqqət və qayğının bariz təcəssümüdür. Dövlət başçısı il ərzində 40-dək ümumtəhsil, məktəbəqədər müəssisələrdə olmuş, texniki peşə, uşaq musiqi, şahmat məktəblərinin açılış mərasimlərində iştirak etmişdir. Ölkə rəhbəri bu günlərdə Füzuli rayonuna səfəri zamanı 3 nömrəli Horadiz şəhər tam orta məktəbində, yüksək səviyyədə yenidən qurulan Şahmat məktəbində olmuşdur. Bundan başqa, Prezident İlham Əliyev Bakıdakı 1, 18, 21, 70, 173, 242, 329, 49 nömrəli "İntellekt" məktəb-liseyində,Yeni Suraxanıda 85, Keşlə qəsəbəsindəki 328, Zirədəki 120, Qobustan qəsəbəsindəki 330, Bülbülədəki 327, Binədəki 326 nömrəli məktəblərin, 268, 329, 305, 313, Bakının Nərimanov və Suraxanı rayonlarında, Keşlə, Binə, Əmircan qəsəbələrində yerləşən körpələr evi və uşaq bağçalarının açılış mərasimlərində iştirak etmiş, orada aparılan işlərlə tanış olmuş, pedaqoji kollektivlərlə görüşmüşdür.
Dövlət başçısı bölgələrə səfəri zamanı təhsil müəssisələrinə də gedir, yenidənqurma, abadlıq-quruculuq işləri ilə maraqlanır, məktəblərin qayğı və ehtiyacları ilə bağlı problemləri yerindəcə həll edir.
Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "2008-2012-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"na əsasən, 2009-2012-ci illərdə 390 məktəb üçün yeni binanın inşası, 540 məktəb üçün əlavə korpusların tikintisi, 900 məktəbin əsaslı təmiri nəzərdə tutulmuşdur. Perspektiv üçün əsas hədəf çoxnövbəliliyin ləğvi və beşgünlük tədris həftəsinə keçilməklə bütün şagirdlər üçün əlverişli təlim şəraitinin yaradılmasıdır. Aparılan işlər sayəsində ikinövbəli məktəblər 73 faizdən 44 faizə, ikinci növbədə təhsil alan şagirdlər 34,5 faizdən 21 faizə enmiş, 1 milyondan çox şagirdin təlim şəraiti yaxşılaşdırılmışdır.
Prezident İlham Əliyev regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda demişdir: "Birinci proqram qəbul olunandan sonra ölkəmizdə 2300-dən çox yeni məktəb tikilmişdir. Keçən il 200-dən çox məktəb tikilmiş və təmir edilmişdir. Bu il isə 400-dən çox məktəb tikiləcək və əsaslı təmir ediləcəkdir". Bu da o deməkdir ki, son on ildə müasir standartlara uyğun inşa edilmiş 3 minə yaxın məktəb istifadəyə verilmişdir.
Ötən illər ərzində təhsil işçilərinin orta aylıq əməkhaqqı da davamlı şəkildə yüksəlmişdir. 2011-2012-ci illərdə bu rəqəm 280-300 manat təşkil edir. Prezident İlham Əliyevin yeni dərs ili qarşısında imzaladığı sərəncamlar dövlətin sosialyönümlü siyasətinin daha bir nümunəsi olmaqla, təhsil işçilərinin rifah halının yüksəldilməsi, əməklərinin dəyərləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Ölkə rəhbəri oktyabrın 1-də respublikanın təhsil işçilərinə "Əməkdar müəllim" fəxri adının verilməsi və "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncamlar imzalamışdır. Sonuncu sərəncamlarla 65 nəfər əməkdar müəllim adına layiq görülmüş, 58 nəfərə "Tərəqqi" medalı verilmişdir. Son 10 ildə ümumtəhsil sisteminin iki min nəfərdən çox işçisi, o cümlədən yüzlərlə müəllim fəxri ada və dövlət təltiflərinə layiq görülmüşdür.
İradə
ƏLİYEVA,
Azərbaycan.-2012.- 23 dekabr.- S.6.