Dövlət başçısı bu il 30 dəfədən çox regionlarda səfərdə
olub
Bu səfərlər çərçivəsində
Prezident 130-dan artıq obyektin
açılış və təməlqoyma
mərasimlərində iştirak edib
Başa çatmaqda olan 2012-ci ildə Azərbaycanda bir çox yeni istehsal müəssisələri, mədəni-məişət obyektləri, yaşayış binaları istifadəyə verildi. Təqdirəlayiq haldır ki, bu yeni tikililər təkcə paytaxtı deyil, demək olar, ölkənin bütün regionlarını bəzədi, onların həyatına, iqtisadiyyatına əlavə çalarlar gətirdi.
Qeyd edək ki, təkcə yanvar-noyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 12615,1 milyon manat vəsait yönəldilib. Bu vəsaitin 60,2 faizi, yaxud 7589,1 milyon manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 24 faiz, tikinti-quraşdırma işləri isə 22,5 faiz artıb. Məhsul istehsalı obyektlərinin inşasında 5690,8 milyon manat, xidmət sahələri üzrə obyektlərin tikintisində 6924,3 milyon manatlıq vəsaitdən istifadə edilib.
Tikintisi başa çatmış müəssisə və obyektlər artıq ahəngdar fəaliyyət göstərir. Onların bir çoxunun açılış mərasimlərində ölkə Prezidenti İlham Əliyev iştirak etmiş və uğurlu işinə xeyir-dua vermişdir.
2012-ci ildə ölkə Prezidentinin regionlara ilk səfəri Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə oldu. Yanvarın 21-də ulu Nizaminin yurduna gələn dövlət başçısı gəncəlilərlə səmimi görüşdü, söhbətlər etdi. Qısa bir vaxt kəsiyində Prezident İlham Əliyev, demək olar ki, qədim Gəncənin bugünkü həyatı ilə yaxından tanış oldu. Cavad xan küçəsində aparılmış tikinti-quruculuq işləri ilə tanışlıqla başlayan səfər "DET AZ" Alüminium MMC-nin Gəncə Alüminium Zavodu kompleksində davam etdirildi. Prezident müəssisənin açılış mərasimində iştirak etdi.
Həmin gün Gəncədə Bayraq meydanının da açılışı oldu. Meydanın açılışından sonra Prezident İlham Əliyev Gəncə Dövlət Filarmoniyasının təməlqoyma mərasimində iştirak etdi.
Heydər Əliyev Mərkəzinin təməlinin qoyulması gəncəlilərin sevincinə və iftixarına səbəb oldu. Ölkə başçısının bu tədbirdə iştirak etməsi onların sevincini qat-qat artırdı.
Son dövrlərdə Gəncə şəhərində görülmüş tikinti-quruculuq, abadlaşdırma tədbirlərinə "İmamzadə" kompleksində, Nizaminin məqrəbəsi ətrafında, "Qala" kompleksində aparılan tikinti, yenidənqurma, bərpa işləri də daxildir. Prezident İlham Əliyev bütün bu işlərin gedişi ilə tanış oldu.
Elə həmin gün gəncəlilər Prezidenti Nəriman Nərimanov parkının açılışında, "Xəmsə" abidə kompleksində, Nizami Gəncəvinin heykəlinin açılışında da salamladılar.
Yanvarın 21-də dövlət başçısı Gəncədən Goranboya gəldi. Bu bölgədə həmin gün bir neçə obyektin açılış mərasimi keçirildi. Belə ki, rayon mədəniyyət evi əsaslı təmirdən sonra yenidən açıldı. Eləcə də Yeni Azərbaycan Partiyası rayon təşkilatının, Goranboy şəhər 3 nömrəli tam orta məktəbin yeni binaları, 525 məcburi köçkün ailəsi üçün salınmış məhəllənin açılış mərasimləri keçirildi. Prezident İlham Əliyevin həmin obyektlərin açılışında iştirak etməsi bölgənin tarixində yaddaqalan hadisəyə çevrildi.
Bu il dövlət başçısının ölkənin şimal bölgəsinə də səfərləri olub. Fevral ayının 16-17-də Prezident Qusarda "Şahdağ" qış-yay turizm kompleksinin tikintisinin birinci mərhələsi üzrə tamamlama işləri ilə tanış oldu.
Fevralın 16-da Prezident həmçinin Qubanın Qırmızı qəsəbəsində yəhudi icmasının nümayəndələri ilə görüşdü.
2012-ci il aprel ayının 12-də Prezident İlham Əliyev ölkənin qərb bölgələrində oldu. Bu regionun iqtisadi və mədəni həyatında əhəmiyyətli rolu olan Qazax rayonunda həmin gün bir sıra yeni obyektlərin açılış mərasimi keçirildi. Bunların arasında istehsal müəssisələri xüsusi rol oynayır. Məsələn, həmin gün Prezident "Azərsun-Holdinq" MMC-nin Qazax Konserv Zavodunun açılışını etdi. Dövlət başçısı həmçinin Qazax Sement Zavodu ilə tanış oldu. Rayonun gəncləri Qazax Gənclər Mərkəzinin və Qazax Şahmat Mərkəzinin açılışının sevincini dövlət başçısı ilə birgə yaşadıqlarını uzun müddət unutmayacaqlar.
Ağstafa rayonunda əhali xüsusilə yeni salınmış və ya əsaslı təmirdən çıxmış yolların açılışını səbirsizliklə gözləyirdi. Odur ki, onlar aprelin 12-də Qazaxbəyli-Aşağı Salahlı yolunun, Poylu-Xətai-Yenigün-Aşağı Göyçəli avtomobil yolunun açılışında ölkə Prezidentinin iştirak etməsindən çox məmnun qaldılar. Həmin gün Prezident eləcə də Ağstafada bir sıra yeni müəssisə və obyektlərin açılışında iştirak etdi. YAP-ın Ağstafa rayon təşkilatının yeni inzibati binası, Gənclər Mərkəzinin, "Ağstafa Aqroservis" MMC-nin, "Ayan Palace" hotelinin açılış mərasimləri də dövlət başçısının qərb bölgəsinə həmin səfəri çərçivəsində gerçəkləşdi.
Elə həmin gün Prezident Tovuz rayonuna da gedərək oradakı Göytəpə neolit dövrü arxeoloji abidəsi ilə tanış oldu.
Aprel ayının 24-də isə dövlət başçısı Sumqayıt şəhərinə gəldi. O, burada Texnologiyalar Parkında dəqiq emal mərkəzləri zavodunun açılışında iştirak etdi.
May ayının 9-da Azərbaycanın şimal-qərb bölgəsinə gedən Prezident burada baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən tədbirlərlə yerindəcə tanış oldu. Aparılan və gələcəkdə aparılacaq işlərlə bağlı tapşırıqlarını verdi, yenidən əhali ilə görüşüb onlara mənəvi dəstək göstərdi. Mayın 9-da Prezident Qaxın Güllük kəndinə də gəldi. Məlum olduğu kimi, bu kənd zəlzələnin episentrində yerləşir, odur ki, Prezident burada da zərər çəkmiş evlərə baxış keçirdi.
İyul ayının 16-da Prezident Hacıqabul rayonunda olaraq Şirvan-Muğan qrup su kəmərinin təməlqoyma mərasimində iştirak etdi.
Şimal-qərb bölgəsində baş vermiş zəlzələnin nəticəsinin aradan qaldırılması ilə bağlı verilmiş tapşırıqlar və bu istiqamətdə görülən işlər il boyu dövlət başçısının diqqətində olub. Görülmüş işlərlə birbaşa tanış olmaq üçün Prezident sentyabr aynıın 9-da bir daha Zaqatalaya səfər etdi. Dövlət başçısının iştirakı ilə rayondakı 750 şagirdlik 2 nömrəli tam orta məktəbin açılış mərasimi keçirildi. Prezident həmçinin 500 şagirdlik Gözbarax kənd tam orta məktəbinin açılış mərasimində iştirak etdi. Həmin gün kənddəki uşaq bağçasının da açılışı oldu. Açılış mərasimlərindən sonra Prezident Bəhmətli kəndində yeni məktəb binasının təməlini qoydu. Daha sonra isə zəlzələ nəticəsində evi qəzalı vəziyyətə düşən Gözbarax kənd sakini, Qarabağ müharibəsi veteranı Mahir Soltanov üçün yeni inşa edilmiş fərdi evinə gəldi.
Həmin gün Prezident Qax və Şəki rayonlarında da oldu. Şəkidə bir neçə istehsal və sosialyönümlü obyektin açılış mərasimi keçirildi. Göybulaq kəndində dövlət başçısı taxıl anbarı və dəyirman kompleksinin açılışında iştirak etdi. Şəkidə həmçinin dördulduzlu "Shaki Palace" hotelinin açılışı oldu. Rayonda 423 məcburi köçkün ailəsi üçün salınmış yeni qəsəbənin açılış mərasimi keçirildi və dövlət başçısının bu tədbirlərdə iştirakı həm şəkililərə, həm də burada məskunlaşmış məcburi köçkünlərə sevinc hissi bəxş etdi.
Oktyabr ayının 7-də isə Prezident İlham Əliyev Tərtər, Bərdə, Yevlax və Zərdab rayonlarına səfər etdi. Tərtərdə Gənclər Mərkəzi, Heydər Əliyev parkı, Dövlət Bayrağı meydanı, süd emalı zavodunun açılış mərasimlərində iştirak etdi. Bərdədə isə Prezidentin iştirakı ilə Qəhrəmanlar parkı, Nüşabə parkı, çörək zavodu və Bayraq meydanının açılış mərasimləri keçirildi. Yevlaxda da bir sıra tədbirlər oldu. Burada dövlət başçısı "Bubxan" istirahət mərkəzi, "N" saylı hərbi hissədə qarnizon və yaşayış binaları kompleksinin, eləcə də şəhər avtovağzal kompleksinin açılışında iştirak etdi. Həmin gün rayonda Səməd Vurğun adına mədəniyyət və istirahət parkının, Əlillər üçün Regional İnformasiya Mərkəzinin də açılışı Prezidentin iştirakı ilə baş tutdu.
Oktyabrın 27-də Saatlı rayonuna səfər edən dövlət başçısı Gənclər Mərkəzi, tarix- diyarşünaslıq muzeyi və rəsm qalereyası üçün binalar, Şahmat məktəbi, əsaslı yenidən qurulan rayon mərkəzi xəstəxanası, kəndlərarası yolun açılış mərasimlərini keçirdi.
Oktyabrın 28-də Beyləqanda Prezidentin iştirakı ilə Heydər Əliyev Mərkəzi, yenidən qurulan Mədəniyyət sarayı, kəndlərarası yol açıldı, su və kanalizasiya kompleksinin təməli qoyuldu, sahibkarlarla görüş keçirildi.
Həmin gün İmişlidə Heydər Əliyev Mərkəzi, Şahmat məktəbi, əsaslı yenidən qurulan mərkəzi xəstəxana, "Kraun KO" anbar kompleksi, "Araz" Damazlıq-Quşçuluq Fabriki, şəhər su anbarları kompleksi açıldı və Prezident burada iştirak etdi.
Dekabrın 15-də Füzulidə Heydər Əliyev Mərkəzi, Horadizdə yeni məktəb binası, Gənclər Mərkəzi, Mədəniyyət sarayı, Şahmat məktəbi, dəmiryol sərnişin vağzalı, soyuducu anbar kompleksi, Füzuli Su-Elektrik Stansiyasının açılış mərasimlərində ölkə Prezidentinin iştirakı təntənəli keçdi.
Dekabrın 20-də dövlət başçısı Qusarda "Qusar-1" kiçik SES, Qusar-Ləzə avtomobil yolu, "Zirvə" hotelini açdı.
Ümumilikdə ilin əvvəlindən indiyədək ölkə Prezidenti bölgələrə səfərlər edərək 30-dan çox rayonda olub. O cümlədən Qusar rayonuna və zəlzələdən zərər çəkmiş Zaqatala və Qax rayonlarının hərəsinə 2 dəfə səfər edib.
Flora SADIQLI,
Azərbaycan.-2012.- 23 dekabr.- S.7.