«Yaddan çıxmaz Qarabağ!» müsabiqəsinin qalibləri məlum
oldu
1992-ci il oktyabrın 2-də Xocavənd rayonunun Ermənistan tərəfindən işğalının 20-ci ildönümü ərəfəsində Xocavənd RİH "Yaddan çıxmaz Qarabağ" mövzusunda keçirdiyi müsabiqənin nəticələri elan olunub. Bir faktı qeyd edək ki, müxtəlif müsabiqələrlə zəngin olan ictimai həyatımızda və mətbuatımızda Qarabağ mövzusunda müsabiqənin təşkili diqqətdən kənarda qalmadı.
Müsabiqənin qaliblərini müəyyənləşdirmək üçün ölkənin tanınmış ziyalılarından, peşəkar jurnalist və televiziya xadimlərindən, "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin İdarə heyətinin üzvlərindən ibarət münsiflər toplanmışdı. Milli Məclisin deputatı Elman Məmmədov münsiflər heyətinin sədri seçilmişdi.
Müsabiqənin keçirilməsində məqsəd Azərbaycan cəmiyyətində Qarabağ mövzusunun aktuallığını daha geniş şəkildə ölkə gündəminə gətirmək, torpaqlarımızın Ermənistan tərəfindən işğal olunması faktını bir daha qabartmaq, gənc nəsildə vətənpərvərlik və azərbaycançılıq hisslərinin artırılmasına nail olmaq, yazılı və elektron kütləvi informasiya vasitələrində çalışan jurnalistlərin, eyni zamanda, digər kateqoriyalardan olan insanların Qarabağ mövzusuna bir daha qayıtmalarına stimul yaratmaq, Qarabağ bölgəsinin salnaməsini araşdıran, tarixini, mədəniyyətini, coğrafiyasını, etnoqrafiyasını, Qarabağ müharibəsini və digər istiqamətləri əks etdirən məqalə, telesüjet və sənədli filmlərin daha geniş yayımlanması və işıqlandırılmasına nail olmaqdan ibarət idi.
Bu faktı da qeyd edək ki, müsabiqənin hər il - torpaqlarımızın erməni işğalından tam azad olunana qədər keçirilməsi nəzərdə tutulur. Sabahkı zəfər döyüşü üçün indi hər birimiz eyni cəbhədə, eyni səngərdə çiyin-çiyinə dayanmalı, ən əsası Qarabağı yaddan çıxarmamalıyıq!
Tədbirin sonunda müxtəlif nominasiyalar
üzrə qaliblər mükafatlandırıldı.
Onların arasında sənədli filmlər nomunasiyası
üzrə qəzetimizin əməkdaşı Bəxtiyar Qaraca da vardı.
Azərbaycan.-2012.- 23 dekabr.- S.8.