Sumqayıtda,
Bakının Zabrat, Hövsan qəsəbələrində,
Gəncədə, Şəkidə,
Şəmkirdə Qarabağ müharibəsi əlilləri
və şəhid ailələri
üçün tikilmiş yaşayış binaları
istifadəyə verilmişdir
Azərbaycan Prezidenti İlham
Əliyev Sumqayıtdakı binanın
açılış mərasimində
iştirak etmişdir
Prezident
İlham Əliyevin çıxışı
- Bu gün doğrudan da, çox əlamətdar bir gündür. Ölkəmizin müxtəlif yerlərində müharibə veteranları və şəhid ailələri üçün yeni gözəl binalar tikilmiş və mənzillər, avtomobillər veriləcəkdir. Bu gün sizə 411 mənzil verilir. Sumqayıtda, Bakının Zabrat, Hövsan qəsəbələrində, Gəncədə, Şəkidə, Şəmkirdə yeni gözəl evlər tikilib istifadəyə verilir.
Bu, doğrudan da, çox böyük hadisədir,
gözəl hadisədir. İlin sonunda biz
soydaşlarımızı yeni gözəl mənzillərlə
təmin edirik. Son illər ərzində şəhid ailələrinə,
Qarabağ müharibəsi veteranlarına beş minə
yaxın mənzil verilmişdir. Növbədə duranlar hələ
vardır. Təqribən iki mindən çox ailə hələ
növbədə dayanır. Onların məişət
problemləri yaxın 3-4 il ərzində həllini
tapacaqdır. Beləliklə, biz bu proqramı 3-4 ildən sonra
başa çatdıracağıq.
Bu mənzillərin verilməsi və binaların tikilməsi deyə bilərəm ki, çox nadir bir hadisədir. Çünki bildiyimə görə, postsovet məkanında Azərbaycan yeganə ölkədir ki, bu istiqamətdə belə güclü sosial siyasət aparılır. Minik maşınlarının verilməsinə gəldikdə isə, bütövlükdə Azərbaycandan başqa, heç bir yerdə belə təşəbbüslər irəli sürülmür. Bu günə qədər bizim 3500-dən çox vətəndaş dövlətdən maşınları hədiyyə olaraq almışdır.
Azərbaycan bu istiqamətdəki dövlət siyasətini bundan sonra da davam etdirəcəkdir. Bizim güclü sosial siyasətimiz bütün sahələrdə özünü göstərir. İldən-ilə artan maaşlar, pensiyalar, ünvanlı sosial yardımın həcminin artırılması, eyni zamanda, bu il sovet dövründən qalmış əmanətlərin kompensasiya şəklində vətəndaşlara qaytarılması - bütün bunlar bizim nə qədər güclü sosial siyasətə malik olduğumuzu göstərir. Eyni zamanda, Vətən uğrunda, torpaq uğrunda şəhid olmuş insanların ailələrinə, sağlamlığını itirmiş soydaşlarımıza mənzillərin verilməsi də bizim dövlət siyasətimizin nə qədər düzgün olduğunu göstərir.
Biz bundan sonra da ehtiyacı olan və böyük hörmətə, qiymətə layiq olan soydaşlarımızın məişət problemlərinin həlli üçün əlimizdən gələni edəcəyik. Siz buna layiqsiniz, siz yaxınlarınızı, sağlamlığınızı itirmisiniz. Uzun illərdir ki, azərbaycanlılara qarşı soyqırımı siyasəti həyata keçirilir. Xocalı soyqırımı artıq üç ölkə tərəfindən rəsmi qaydada soyqırımı kimi tanınmışdır. Əminəm ki, bu ölkələrin sayı getdikcə artacaqdır. Azərbaycanın haqq işi bütün beynəlxalq təşkilatların qətnamələri, qərarları ilə təsdiqlənir. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, digər beynəlxalq təşkilatların qərarları, qətnamələri vardır ki, işğalçı erməni qüvvələri bizim torpaqlarımızdan geri çəkilsin. Ancaq Ermənistan beynəlxalq hüquq normalarına məhəl qoymur və hələ ki, torpaqlarımız işğal altındadır. Məsələnin həlli ilə bağlı Azərbaycanın prinsipial mövqeyində heç bir dəyişiklik yoxdur, ola da bilməz. Bizim mövqeyimiz tarixi ədalətə və beynəlxalq hüquq normalarına əsaslanır.
Tarixi ədalət ondan ibarətdir ki, Dağlıq Qarabağ bizim tarixi, əzəli torpağımızdır. Əsrlər boyu Azərbaycan xalqı o torpaqlarda yaşamış, yaratmışdır. Bugünkü Ermənistan Respublikası tarixi Azərbaycan torpaqlarında yaranmışdır. Bu, tarixi sənəddir ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ilk qərarlarından biri də İrəvanı Ermənistana paytaxt şəhəri kimi vermək haqqında qəbul edilmiş qərar idi. Bu qərar haqqında mən fikirlərimi dəfələrlə bildirmişdim. Bu gün də demək istəyirəm ki, bu, böyük səhv və böyük cinayət idi. Ancaq bu, tarixi həqiqətdir. İrəvan xanlığı bizim tarixi torpağımızdır. Azərbaycanın tarixi torpaqlarında bir dəfə qondarma erməni dövləti yaradıldı, keçən əsrin əvvəllərində. Bu zəmanədə, indiki şəraitdə ikinci qondarma erməni dövlətinin Azərbaycanın tarixi torpaqlarında yaradılmasına biz heç vaxt imkan verə bilmərik. Bu, heç vaxt olmayacaqdır.
Çünki dünya birliyi Dağlıq Qarabağı müstəqil qurum kimi tanımır və tanımayacaqdır. Heç bir ölkə Dağlıq Qarabağı tanımır və bu qondarma, kriminal rejim tərəfindən idarə edilən bir qurum, sadəcə olaraq, qanunsuz şəkildə fəaliyyət göstərir. Bu qurumun gələcəyi yoxdur, nə hüquqi baxımdan, nə də siyasi və iqtisadi baxımdan.
Çünki bu gün Azərbaycan bölgə məsələlərinin həllində həlledici sözə sahib olan bir ölkədir. Azərbaycanın imkanları, potensialı, ordumuzun gücü və siyasi çəkimiz artır. Bu gün Azərbaycan dünya məsələlərinin həllində öz rolunu oynayır, dünyanın bir nömrəli qurumu olan BMT Təhlükəsizlik Şurasının üzvüdür və bu ilin may ayında bu quruma rəhbərlik etmiş, dünyada gedən bütün məsələlərlə bağlı öz prinsipial və qətiyyətli mövqeyini bildirmişdir.
Bizim iqtisadi çəkimiz artır və bu ilin yekunlarına görə iqtisadi inkişaf yenə də özünü göstərir. Ölkə qarşısında duran bütün vəzifələr icra edilir, böyük investisiyalar qoyulur. Bu il ölkə iqtisadiyyatına 20 milyard dollardan çox investisiya qoyulmuşdur. Ölkə iqtisadiyyatının dinamik inkişafını gələcəkdə təmin etmək üçün konkret planlarımız vardır. Gələn ilin sonunda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının ikinci hissəsi başa çatacaqdır. Ondan sonra 2014-cü ilin əvvəlində yeni proqram qəbul ediləcəkdir və bu proqramın icrası nəticəsində Azərbaycan iqtisadi imkanlarını ən azı iki dəfə artıra bilər.
Ölkə qarşısında duran əsas məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsidir. Bütün başqa sahələrdə biz böyük uğurlara nail ola bilmişik. Bu uğurları sadalamaq üçün çox vaxt lazımdır. Azərbaycan ictimaiyyəti bütün bunları bilir. O ki qaldı Dağlıq Qarabağ məsələsinin həllinə, əfsuslar olsun ki, bu məsələ hələ ki öz həllini tapmır. Bu məsələnin həllində vasitəçilər hesab edirəm ki, daha da fəal olmalıdırlar. İşğalçı dövlətə çox ciddi siqnal verilməlidir ki, işğal edilmiş torpaqlardan çıxsın. Beynəlxalq hüquq normalarını pozmaq olmaz. Ancaq əfsuslar olsun ki, biz belə siqnalları görmürük. Daha çox balanslaşmış ifadələr eşidirik. Əlbəttə, işğalçı dövlət - Ermənistan indiki vəziyyəti, status-kvonu dondurmaq istəyir. Ancaq bu, mümkün olmayacaqdır. Ona görə yox ki, beynəlxalq qurumlar onlara təsir göstərəcəkdir. Biz buna o qədər də çox böyük ümid bəsləmirik. Biz öz gücümüzə arxalanırıq. Bütün məsələlərdə, iqtisadi-siyasi məsələlərdə olduğu kimi, bu məsələdə də öz gücümüzə, Azərbaycan xalqının iradəsinə və Azərbaycan Ordusunun gücünə güvənirik. Vaxt gələcək Azərbaycan öz ərazi bütövlüyünü istənilən yolla bərpa edəcəkdir. Həm tarixi ədalət, həm beynəlxalq hüquq normaları bu haqqı tanıyır.
Müharibə zamanı şəhid olmuş, öz sağlamlığını itirmiş vətəndaşlarımız cəmiyyətin dəyərli insanlarıdır, bizim qəhrəmanlarımızdır. Biz sizinlə fəxr edirik. Gənc nəsil də sizinlə fəxr etməlidir. Gənc nəslimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasında sizin kimi insanların rolu çox böyükdür. Mən çox istəyirəm ki, siz tez-tez gənclərlə görüşəsiniz, məktəblərdə, ali məktəblərdə görüşlər keçirəsiniz. Müharibə haqqında, erməni vəhşiliyi haqqında həm gənc nəslə, eyni zamanda, bütün dünyaya daha da geniş məlumat çatdırasınız.
Azərbaycan cəmiyyəti sizi yüksək qiymətləndirir. Azərbaycan dövləti sizin fədakar işinizi yüksək dəyərləndirir. Bugünkü mərasim, ölkəmizin müxtəlif yerlərində bu gün keçirilən mərasimlər bunun bariz nümunəsidir, onun təzahürüdür.
Mən sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Arzu edirəm ki, Yeni ildə bu gözəl mənzillərdə siz rahat, xoşbəxt yaşayasınız. Sizə cansağlığı və uğurlar arzulayıram. Sağ olun.
* * *
Qarabağ müharibəsi əlili Azər QULİYEV çıxış edərək dedi:
- Əziz və hörmətli Prezidentimiz!
Hörmətli toplantı iştirakçıları!
Cənab Prezident, bu gün bizim üçün çox gözəl bir gündür. Günümüzün gözəlliyinin biri ondan ibarətdir ki, bu gün Prezidentimiz İlham Əliyevin doğum günüdür.
Cənab Prezident, doğum günü ilə əlaqədar Allah-Taaladan Sizə cansağlığı, işinizdə müvəffəqiyyətlər, nəvələrinizin toyunu arzu edirik. Allah Sizi bizlərə çox görməsin!
Günümüzün ikinci gözəlliyi ondan ibarətdir ki, cənab Prezident, bu gün respublikanın 5-6 rayonunda Sizin göstərişinizlə inşa olunmuş binalardakı mənzillər Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə təqdim olunur. Hər bir mənzilə bir ailə köçürüldüyünü, hər ailədə 5 nəfərin olduğunu, hər bir ailəyə minik avtomobili hədiyyə edildiyini, o ailədə 5 nəfər olduğunu hesablasaq görərik ki, bu gün Siz min nəfərdən yuxarı insana sevinc bəxş edirsiniz. Adət-ənənələrimizə görə, ad günü olan insanlara hədiyyə verilməlidir. Amma Siz ad gününüzdə bizə hədiyyə verirsiniz. Allah Sizi qorusun, cənab Prezident!
Cənab Prezident, bizim "Qarabağ müharibəsi Əlilləri, Veteranları, Şəhid Ailələri" İctimai Birliyinin 50 mindən yuxarı üzvü vardır. Biz - Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşən insanlar Sizin arxanızdayıq, cənab Prezident. Biz nə qədər yaşayacağıqsa, Sizi Prezident görmək istəyirik. Biz nə qədər varıqsa, istəyirik ki, Prezidentimiz Siz olasınız. Bu, səmimiyyətdən, qəlbimizdən gələn sözlərdir. Cənab Prezident, biz Sizi sevirik. Biz İlhamsevərlərik.
Cənab Prezident, Allah Sizi bu məmləkətə, bu Vətənə, bizim kimi insanlara çox görməsin. Allah-Taaladan arzu edirəm ki, hər il Sizin ad gününüzü qeyd edək və Siz hər il ad gününüzdə bu insanlara gözəl sevinclər bəxş edəsiniz.
Mehriban
xanım, Allah Sizi də qorusun! Allah Sizə
cansağlığı versin. Siz bizim
Prezidentimizin ömür-gün yoldaşısınız.
Allah Sizi xoşbəxt etsin!
Sağ
olun, cənab Prezident, minnətdaram.
* * *
Şəkidən
telekörpü vasitəsilə mərasimə qatılan
Qarabağ müharibəsi əlili Sərvər
MƏMMƏDOV dedi:
- Hörmətli
Prezident!
Biz Sizi qədim Şəki torpağından
salamlayırıq. Mən özüm Qarabağ müharibəsi
əliliyəm. Biz bu gün burada
yığışmışıq, Sizin
tapşırığınızla bizim üçün
tikilmiş bu gözəl binaların, avtomobillərin təqdimetmə
mərasimini keçiririk. Bizim
üçün çox xoş gündür.
Cənab
Prezident, biz keçmiş döyüşçülər -
müharibənin ağrı-acısını
görmüş insanlar torpaqlarımızın sülh yolu ilə
azad olunması istiqamətində Sizin
yürütdüyünüz siyasəti dəstəkləyirik.
Bu gün sevincimizin həddi-hüdudu yoxdur.
Bu sevinci bizə bəxş etdiyinizə görə
Sizə minnətdarlığımızı bildiririk.
Bu gün burada hamı üçün əlamətdar
gündür.
Amma mənim üçün ikiqat əlamətdar
gündür ki, bir gün əvvəl mənim
özümün ad günüm idi, cənab Prezident. Yəni bu, Sizin tərəfinizdən, dövlətimiz
tərəfindən mənə təqdim olunan ən dəyərli
bir hədiyyədir. Bu, çox qiymətli
hədiyyədir. Ancaq bu hədiyyənin Sizin
tərəfinizdən təqdim olunması onun dəyərini
qat-qat artırır. Mənə verilən mənzilə
görə Sizə "çox sağ
olun!" deyirəm. İnşallah, Sizin
sayənizdə o mənzillərdə ailələrimizlə
birlikdə xoş günlər keçirəcəyik. Məndən
əvvəl çıxış edən Qarabağ müharibəsi
əlili də dedi ki, əslində, bu
gün biz Sizə hədiyyə təqdim etməliyik. Amma Siz bizə hədiyyə təqdim edirsiniz. Mən elə bilirəm ki, vətəndaşının
xoşbəxtliyini, onun necə sevindiyini görməyin
özü hər bir Prezident üçün gözəl hədiyyədir.
Bir daha Sizə minnətdarlığımızı
bildiririk. Xahiş edirik ki, Şəki camaatı adından Sizə
ad günü hədiyyəsi olaraq, bizim
alqışlarımızı qəbul edəsiniz.
Çox sağ olun.
* * *
Gəncə
şəhərindən şəhid anası Minayə
PİRİYEVA da telekörpü vasitəsilə mərasimə
qatılaraq dedi:
- Hörmətli
Prezidentimiz!
Mən Sizi Nizami yurdundan salamlayıram. Bu gün Sizin
ad gününüzdür. Bu münasibətlə
Sizi ürəkdən təbrik edirəm, əllərinizi
sıxıram.
Bu gün bizim sevincimizin həddi-hüdudu yoxdur. Ona görə ki, Siz həmişəki
kimi şəhid ailələrinə, müharibə
veteranlarına bu gün də öz diqqət və
qayğınızı göstərirsiniz. Gəncəmiz
gündən-günə gözəlləşir. Şəhidlər xiyabanı tamamilə yenidən
qurulub. Onun yaxınlığında
böyük bir məqbərə tikilir. O da yaxın
günlərdə hazır olacaqdır. Bütün bunlara
görə Sizə minnətdarıq!
Bu gün - Sizin ad gününüzdə bizə yeni mənzillər
hədiyyə edilir. Sizə möhkəm
cansağlığı, uzun ömür arzulayırıq ki,
Azərbaycanımız daha da gözəlləşsin, daha da
inkişaf etsin. Bu, bizim arzumuzdur.
Mənim Azərbaycanın birinci xanımı, Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya da deyiləsi bir
sözüm vardır. Mehriban xanım, Sizə də xüsusi
minnətdarlığımı bildirirəm. Yadınızdadırsa, mən Sizə teleqramla
müraciət etmişdim. Siz xahişimi nəzərə
alaraq mənə üçaylıq körpə verilməsini
təmin etdiniz. İndi o uşaq beş
yaşındadır. İngilis dili təmayüllü
bağçaya qoymuşam. Orada istirahət
edir, hər şeyi öyrənir. Biz bu
xeyirxahlığınıza görə Sizə ailəmiz
adından minnətdarlığımızı bildiririk.
İndən belə həmin uşaq bu gün
bizə verdiyiniz mənzildə yaşayacaqdır. Bundan
böyük xoşbəxtlik, səadət ola
bilməz. Çox sağ olun.
Qarşıdan
gələn 31 dekabr - Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Sizi və ailənizi
ürəkdən təbrik edir, Sizə
cansağlığı, xoşbəxtlik diləyirəm. Arzu edirəm ki, həmişə həyat
yollarında qoşa olasınız. Sağ olun.
Prezident
İlham ƏLİYEV mərasim
iştirakçılarını bir daha təbrik edərək
dedi:
- Sağ
olun əziz dostlar! Mən bu gün, eyni zamanda, Gəncə,
Şəki, Sumqayıt şəhərlərinin, Şəmkir
rayonunun, Zabrat və Hövsan qəsəbələrinin sakinlərini
ürəkdən salamlayıram. Ölkəmiz,
doğrudan da, sürətlə inkişaf edir. Bütün bölgələr inkişaf edir. Gəncədə, Şəkidə, Şəmkirdə
dəfələrlə olmuşam. Çox sevinirəm
ki, Azərbaycanın bütün şəhərlərində
böyük abadlıq-quruculuq işləri aparılır,
yeni müəssisələr yaradılır, yeni iş yerləri
açılır. Təkcə bu il 100
mindən artıq yeni iş yeri açılmışdır.
Regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramının əvvəlindən bu günə qədər
bütövlükdə 1 milyon 100 min iş yeri açılmışdır.
İşsizlik böyük dərəcədə
azalmışdır və əminəm ki, yaxın illərdə
tamamilə aradan götürüləcəkdir.
Bütün rayonlarda abadlıq-quruculuq işləri
aparılır. Hər bir yerdə insanlar, fəallar, rayon
və şəhər rəhbərləri
çalışırlar ki, daha da yaxşı işləsinlər,
daha da gözəl abadlıq işləri görsünlər.
Bu binalar da müasirdir. Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə
tikilmiş bu binalar ən yüksək standartlara cavab verir.
Binaların həm xarici
görünüşü, həm daxili şəraiti çox
yüksək səviyyədədir. Bu, belə
də olmalıdır. Çünki bu binalar Vətənimiz
üçün, dövlətimiz üçün ən
böyük iş görən, fədakarlıq göstərən
insanlar üçün tikilir. İlk növbədə,
bu insanlar üçün daha da gözəl binalar tikilməlidir,
daha da gözəl şərait olmalıdır. Bu, bizim mənəvi borcumuzdur, eyni zamanda, bu, bizim
dövlət siyasətimizdir.
Bu gün Sumqayıt şəhərindəyəm. Sumqayıtın
da uğurlu inkişafı məni çox sevindirir. Sumqayıt artıq böyük sənaye mərkəzinə
çevrilibdir. Qəbul edilmiş qərarların
icrası nəticəsində yaxın illərdə
Sumqayıt dünya miqyasında böyük sənaye mərkəzinə
çevriləcəkdir. Burada yeni müəssisələr,
texnologiya parkları, yeni binalar tikilir, abadlıq işləri
gedir. Bu gün bizimlə canlı bağlantıda olan bütün
rayonlarda da böyük abadlıq-quruculuq işləri gedir. Bu, məni, insanları sevindirir, Azərbaycan dövlətinin
uğurlu inkişafını göstərir. Biz növbəti illərdə də bütün
istiqamətlərdə - həm sosial, həm iqtisadi sahələrdə
öz siyasətimizi uğurla aparacağıq.
Bu gün mənim ünvanıma deyilən xoş
sözlərə görə sizə minnətdaram. Mənim
üçün ən böyük hədiyyə Azərbaycan
xalqının xoşbəxtliyidir və bu gün mən
xoşbəxtəm. Çünki bu
gün 400-dən çox ailə yeni mənzillərə
köçəcəkdir. Onların həyatında
yeni dövr, yeni mərhələ başlayır. Onlar bu gözəl, rahat həyata layiqdirlər.
Əminəm ki, siz bu evlərdə rahat,
xoşbəxt yaşayacaqsınız. Arzu
edirəm ki, sizin bütün işləriniz uğurlu olsun,
bütün ailə üzvləriniz sağ-salamat olsun. Bir daha sizə və bütün Azərbaycan
xalqına Yeni ildə yeni uğurlar və
cansağlığı arzulayıram.
Sağ
olun.
* * *
Sonda xatirə şəkli çəkdirildi.
* * *
Qeyd edək ki, son illər Azərbaycanın iqtisadi həyatında
mühüm nailiyyətlərin əldə edilməsi ilə
yanaşı, əhalinin sosial müdafiəsinin daha da möhkəmləndirilməsi
istiqamətində vacib tədbirlər həyata keçirilir. Ölkəmizin
davamlı tərəqqisi sosial müdafiəyə daha
çox ehtiyacı olan təbəqənin zəruri tələbatlarını
ödəmək üçün yeni imkanlar yaradır. Bu baxımdan əlil və şəhid ailələrinin
mənzil-məişət şəraitinin
yaxşılaşdırılması Azərbaycan Prezidentinin fəaliyyətinin
əsas prinsiplərindən birini təşkil edir. Həmin kateqoriyadan olan insanlar üçün
müasir tələblərə cavab verən fərdi evlərin
və çoxmənzilli binaların tikilib istifadəyə
verilməsi bunun bariz nümunəsidir. Sumqayıt şəhərində,
Sabunçu rayonunun Zabrat, Suraxanı rayonunun Hövsan qəsəbələrində,
həmçinin Gəncədə, Şəkidə və
Şəmkirdə bu gün yeni binaların istifadəyə
verilməsi onu göstərir ki, əlil və şəhid ailələrinə
qayğı dövlətimizin başçısının
daim diqqət mərkəzindədir.
1997-2007-ci illərdə 2 min 200-ə yaxın mənzil əlil
və şəhid ailələrinin istifadəsinə
verilmişdisə, son 5 ilə yaxın müddətdə bu rəqəm
5 minə çatdırılmışdır. Başqa
sözlə, 1997-ci illə müqayisədə əlil və
şəhid ailələri üçün inşa olunmuş
mənzillərin illik sayı 10 dəfəyə yaxın
artmışdır. Hazırda hər il
orta hesabla 700-dən çox mənzil inşa olunaraq
müharibə əlilləri və şəhid ailələrinin
istifadəsinə verilir. Əlil və şəhid
ailələri üçün mənzillərin
inşasında mövcud həcmin və müsbət
dinamikanın qorunub saxlanması, nəticədə növbədə
olan əlil və şəhid ailələrinin yeni müasir mənzillərlə
təminatının tam başa çatdırılması ilə
bağlı dövlət başçısının
tapşırıqları uğurla davam etdirilir. Yeni binaların çoxmərtəbəli
olmasına üstünlük verilir.
Hazırda Bakının Nərimanov rayonunda gözdən
əlillər üçün 12 mərtəbəli 132 mənzilli
yaşayış binası tikilir. Eyni zamanda, rayonlarda
müharibə əlilləri üçün
yaşadıqları məntəqələrdə həyətyanı
sahəsi olan fərdi evlərin tikintisi də diqqətdə
saxlanılır. İndiyədək 450-dən çox fərdi
ev inşa olunaraq Qarabağ müharibəsi
əlillərinin istifadəsinə verilmişdir. Paytaxtın
Sabunçu rayonunun Zabrat, Suraxanı rayonunun Hövsan qəsəbələrində,
Şəkidə və Şəmkirdə yeni
yaşayış binaları tikilib istifadəyə
verilmişdir. Bununla yanaşı, Qarabağ və
Böyük Vətən müharibələri
veteranlarının avtomobillərlə təmin edilməsi də
diqqətdə saxlanılmışdır. İndiyədək
avtomobil alan əlillərin sayı 3 min 525
nəfərdir.
AzərTAc
Azərbaycan.-2012.- 25 dekabr.- S.2-3.