Pakistanın aparıcı ingilisdilli
qəzeti «Daily Times»də Azərbaycan
Prezidenti İlham Əliyevin fəaliyyətinə
həsr
olunmuş məqalə
dərc edilmişdir
Pakistanın aparıcı ingilisdilli qəzeti olan "Daily Times"ın 24 dekabr tarixli nömrəsində tanınmış jurnalist Maliha Maham Zamirin Prezident İlham Əliyevin fəaliyyətinə həsr edilmiş "Azərbaycanın uzaqgörən lideri" sərlövhəli məqaləsi dərc edilmişdir.
Azərbaycanın Pakistandakı səfirliyindən bildirmişlər ki, məqalə "20 il bundan əvvəl erməni işğalı və 1 milyon qaçqın və məcburi köçkün axını ilə üzləşən, iqtisadiyyatı demək olar ki dağılmış vəziyyətdə olan Azərbaycanın, bugünkü kimi inkişaf etmiş ölkəyə çevrilməsinə inanmaq olmazdı" sözləri ilə başlamışdır.
Qeyd edilmişdir ki, yüksək biliyə malik və müasir siyasəti və iqtisadiyyatı yaxından bilən Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan sürətlə inkişaf edir.
Müəllif Prezident İlham Əliyevin siyasi karyerasına nəzər salaraq onun 1995-ci ildə Milli Məclisin deputatı seçildiyini, Avropa Şurasında Azərbaycan nümayəndə heyətinə başçılıq etdiyini diqqətə çatdırmış və 2003 və 2008-ci illərdə böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçildiyini vurğulamışdır.
Jurnalist 1994-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti vəzifəsində çalışan İlham Əliyevin rəhbərliyi altında Qərbin aparıcı neft şirkətləri ilə aparılan danışıqların uğurla nəticələndiyini və 1994-cü ildə Xəzərin neft ehtiyatlarının istismarına dair "Əsrin müqaviləsi"nin imzalandığını qeyd etmiş, bu Sazişi ölkənin intibah dövrünün başlanğıc nöqtəsi kimi qiymətləndirmişdir.
Məqalədə həmçinin ölkəmizin qısa vaxt ərzində əldə etdiyi iqtisadi uğurlardan, enerji strategiyasından, inşa edilmiş neft və qaz kəmərlərindən, tikilməkdə olan Bakı-Tbilisi-Qars dəmiryolu xəttindən bəhs edilməklə yanaşı, Azərbaycanın dünyanın bir çox ölkələrinə çoxmilyardlıq investisiya qoyduğu xüsusi qeyd edilmişdir. M.Zamir neft gəlirlərinin Azərbaycan Respublikasının Dövlət Neft Fondunda cəmləşdiyini və qeyri-neft sektorunun inkişafına istiqamətləndiyini bildirmiş, təkcə cari ildə bu sektorun 10 faizdən çox artdığını vurğulamışdır.
Eyni zamanda, Azərbaycanın sənaye, kənd təsərrüfatı, turizm, mədəniyyət və digər sahələrinin sürətlə inkişaf etdiyi diqqətə çatdırılmışdır.
Jurnalist "Eurovision-2012" mahnı müsabiqəsinin Azərbaycanda keçirildiyini bildirərək dünyanın müxtəlif ölkələrindən gəlmiş minlərlə qonağın Bakının gözəlliyi və möhtəşəmliyinə valeh olduğunu qeyd etmişdir.
Azərbaycanın dövlət başçısı İlham Əliyevin həmçinin Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsini tutduğunu bildirən jurnalist XXX London Yay Olimpiya Oyunlarında əldə edilmiş nəticələrdən, ölkəmizdə keçirilmiş "FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan-2012"dən söz açmış, birinci Avropa Olimpiya Oyunlarının 2015-ci ildə Bakıda keçiriləcəyini xüsusi vurğulamışdır.
"Daily Times"ın müxbiri Prezident İlham Əliyevin Dağlıq Qarabağ məsələsinin həlli istiqamətində apardığı genişmiqyaslı işlərdən söz açmış, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı 4 qətnaməsinə məhəl qoymayan Ermənistanın işğalçı siyasətinin davam etdiyini bildirmişdir. Yazıda xarizmatik lider olan Prezident İlham Əliyevin ölkəsinin maraqlarını ali tutaraq balanslaşdırılmış siyasət apardığı diqqətə çatdırılmışdır. Bildirilmişdir ki, Avropa və Asiyanın qovşağında yerləşən Azərbaycan hər iki qitənin siyasi-iqtisadi strukturlarına inteqrasiya olunmuşdur. Jurnalist Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzv seçilməsini Prezident İlham Əliyevin apardığı xarici siyasətin kulminasiya nöqtəsi adlandırmışdır.
Məqalədə Prezident İlham Əliyevin islam dəyərlərinin inkişafı yolunda apardığı işlərdən söz açılaraq inşa edilmiş yüzlərlə məscidin, ziyarətgahın, təsis edilmiş dini təhsil ocaqlarının buna əyani sübut olduğu vurğulanmışdır.
"Daily Times"ın məqaləsində Prezident İlham Əliyevin Azərbaycan-Pakistan münasibətlərinin inkişaf etdirilməsinə böyük əhəmiyyət verdiyi, ölkələrimiz arasında səmimi dostluq əlaqələrinin yüksək səviyyədə olduğu vurğulanmışdır. Diqqətə çatdırılmışdır ki, ölkələrimiz arasında demək olar ki, bütün sahələri əhatə edən ikitərəfli sazişlər imzalanmışdır.
Məqalənin
tam mətnini aşağıdakı linkdən oxumaq
mümkündür:
http://www.dailytimes.com.pk/default.asp?page=2012%5C12%5C24%5Cstory_24-12
2012_pg7_18
AzərTAc
Azərbaycan.-2012.- 25 dekabr.- S.3.