Bakıda «Azərbaycan 2013: yeni hədəflər, yeni

zəfərlər» mövzusunda konfrans keçirilmişdir

 

Dekabrın 24-də Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə "Azərbaycan 2013: yeni hədəflər, yeni zəfərlər" mövzusunda konfrans keçirilmişdir.

AzərTAc xəbər verir ki, dövlət və hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdikləri tədbirdə Azərbaycanın müstəqillik illərində keçdiyi inkişaf yoluna nəzər salınmış, qarşıda duran vəzifələr və yeni hədəflər barədə məruzələr dinlənilmişdir.

Konfransı giriş sözü ilə açan YAP sədrinin müavini-icra katibi Əli Əhmədov yola salmağa hazırlaşdığımız 2012-ci ilin xalqımız və dövlətimiz üçün uğurlu bir il olduğunu bildirmişdir. O demişdir ki, Azərbaycan 2013-cü ilə qazandığımız bu uğurlar əsasında daxil olur. Bu inam üçün kifayət qədər ciddi əsaslar vardır. İqtisadiyyatın inkişaf etdirilməsi, insanların rifahının yüksəlməsi və ölkəmizdə infrastruktur layihələrinin həyata keçirilməsi nəticəsində Azərbaycanın simasının daha da yaxşılaşdırılması, regionlarımızın inkişafının təmin edilməsi baxımından 2013-cü ilin böyük layihələr və böyük nailiyyətlər ili olacağına dərindən inanırıq.

Gələn ilin Azərbaycanda növbəti prezident seçkiləri ili olacağını vurğulayan Ə.Əhmədov bildirmişdir ki, bununla əlaqədar Azərbaycan cəmiyyətinin ümumi rəyi artıq qəti şəkildə ifadə edilməkdədir. Həm YAP, həm də bütün Azərbaycan xalqı 2013-cü il prezident seçkilərində özünün yeganə namizədi kimi İlham Əliyevi görür.

Əli Əhmədov 2013-cü ilin prezident seçkilərinin Azərbaycan vətəndaşlarının yüksək fəallığı ilə, demokratik əhval-ruhiyyədə keçiriləcəyinə əminliyini ifadə etmişdir. Bildirmişdir ki, bu seçki Yeni Azərbaycan Partiyasının və onun sədri İlham Əliyevin növbəti böyük qələbəsi olacaqdır.

Azərbaycanın mövqeyinin dünyada daha da möhkəmləndiyini qeyd edən Ə.Əhmədov Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik etmişdir.

Sonra çıxış edən Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlar barədə ətraflı məlumat vermişdir.

Y.Eyyubov demişdir ki, Prezident İlham Əliyevin səyləri nəticəsində son illər müstəqil Azərbaycan böyük uğurlar qazanaraq  beynəlxalq aləmdə yüksək nüfuz sahibi olmuşdur.

Bu gün müstəqil Azərbaycan demokratik və bəşəri dəyərlərin bərqərar olduğu məkan, dünya birliyinin layiqli üzvü, davamlı inkişaf edən, dayanıqlı iqtisadiyyata malik ölkədir.

Aparılmış islahatlar nəticəsində bazar iqtisadiyyatı üçün səciyyəvi qanunvericilik bazası yaradılmış, dövlətin iqtisadiyyata müdaxiləsi minimuma endirilmiş, özəl bölmənin fəaliyyəti üçün əlverişli imkan yaradılmış, azad rəqabət mühiti təmin edilmiş, bazar institutları formalaşmış, xarici iqtisadi fəaliyyət liberallaşdırılmış, ölkə iqtisadiyyatı konkret proqramlar əsasında idarə olunan iqtisadiyyata çevrilmişdir.

Sözsüz ki, bu uğurlara Prezident İlham Əliyevin ümummilli lider Heydər Əliyevin inkişaf strategiyasına əsaslanan, düşünülmüş və uzaqgörən siyasəti nəticəsində nail olunmuşdur. Cəmi 20 il ərzində Azərbaycanda bütün sahələrdə böyük keyfiyyət dəyişiklikləri baş vermiş, ölkəmiz keçid dövrünü qısa müddətdə başa vuraraq yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.

Azərbaycanın gələcəkdə daha mühüm uğurlara imza atacağına əminlik yaradan milli sosial-iqtisadi inkişaf modelinin reallaşması nəticəsində əldə olunmuş nailiyyətlərimiz bu gün təkcə ölkə daxilində deyil, dünyada da geniş əks-səda doğurmuşdur. 2004-cü ildən bu günədək ÜDM-in 3 dəfə, qeyri-neft sektorunun 2,4 dəfə, əsas kapitala investisiyaların 4,2 dəfə, qeyri-neft sektoru üzrə əsas kapitala investisiyaların 14,4 dəfə, dövlət büdcəsi gəlirlərinin 14 dəfə, strateji valyuta ehtiyatlarının 28 dəfədən çox artması, ümumilikdə ölkə iqtisadiyyatına yönəldilmiş investisiyaların 135 milyard ABŞ dollarını ötməsi, Azərbaycanın iqtisadi sahədə əldə etdiyi uğurların, beynəlxalq aləmdə qazandığı nüfuzun və gündən-günə möhkəmlənən mövqeyinin, iqtisadi təhlükəsizliyinin göstəricisidir.

Baş nazirin birinci müavini vurğulamışdır ki, son 9 il ərzində Azərbaycan özünəməxsus uğurlu strategiyanı reallaşdırmaqla təmin etdiyi iqtisadi artım nəticəsində xalqın rifah səviyyəsini daha da yüksəltmişdir. 2004-cü ildən bu günədək əhalinin gəlirləri 5 dəfədən, orta aylıq əməkhaqqı isə 4 dəfədən çox artmışdır. Bu dövrdə ölkədə yoxsulluq səviyyəsi 6,5 dəfə azalaraq 40 faizdən 7,6 faizə enmiş, yoxsulluq həddi isə 2004-cü ildəki 39 manatdan 2012-ci ildə 108 manata qədər artırılmışdır. Təsadüfi deyil ki, sosialiqtisadi sahədə əldə edilmiş nailiyyətlər beynəlxalq təşkilatlar tərəfindən dəfələrlə layiqincə qiymətləndirilmişdir. Belə ki, Dünya Bankının hesablamalarına əsasən, 2009-cu ildə adambaşına düşən ümumi milli gəlirin səviyyəsinə görə Azərbaycan yuxarı orta gəlirli ölkələr qrupuna daxil edilmişdir. BMT-nin İnkişaf Proqramı tərəfindən dərc olunmuş "İnsan İnkişafı Hesabatı"na əsasən, Azərbaycan 2005-ci ildə tutduğu 101-ci yerdən 2011-ci ildə 76-cı yerə yüksəlmiş, "orta insan inkişafı" qrupu ölkələrini tərk edərək "yüksək insan inkişafı" kateqoriyasına daxil edilmişdir.

Həmin dövrdə İnsan İnkişafı İndeksində reytinq irəliləməsinə görə Azərbaycan dünya liderliyinə yüksəlmişdir.

Son illər ərzində biznes mühitinin yaxşılaşdırılması sahəsində reallaşdırılan islahatlar, həyata keçirilən səmərəli tədbirlər nəticəsində "Dooing Business" hesabatı Azərbaycanın nailiyyətlərini yüksək qiymətləndirmiş, 2009-cu ildə dərc olunmuş hesabatda  ölkəmiz "ən islahatçı" ölkə elan edilmişdir. "Dooing Business 2012" hesabatında Azərbaycan işgüzar mühitin əlverişliliyi səviyyəsinə görə tədqiqatın aparıldığı 185 ölkə arasında 67-ci yerdə qərarlaşmışdır.

Ölkəmizdə əlverişli rəqabət mühitinin yaradılması və daha da inkişaf etdirilməsi istiqamətində atılan addımlar da bəhrəsini verir. Dünya İqtisadi Forumunun hazırladığı "Qlobal Rəqabət Qabiliyyəti İndeksi" hesabatına əsasən, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə dair tədqiqatın aparıldığı 144 ölkə arasında 46-cı yerdə qərarlaşmış və ardıcıl olaraq 4-cü ildir ki, MDB məkanında 1-ci olmuşdur.

Azərbaycan Cənubi Qafqazda investisiya reytinqi alan ilk və yeganə ölkədir. Regionda inkişaf parametrlərinə görə lider ölkəyə çevrilmiş Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinin sürətləndirilməsinə və qeyri-neft sektorunun davamlı inkişafına nail olunmuşdur.

Əhalinin ərzaqla etibarlı təminatı Azərbaycan Prezidentinin daimi diqqət mərkəzində olmaqla aqrar sektora dövlət dəstəyi tədbirləri, o cümlədən güzəştli kreditlərin və subsidiyaların verilməsi davam etdirilmiş, kənd təsərrüfatı məhsulları istehsalı və emalı genişləndirilmiş, aqrar sektorun infrastruktur təminatı əhəmiyyətli dərəcədə yaxşılaşmışdır.

Qeyd edilmişdir ki, ölkə iqtisadiyyatında qazanılmış uğurların daha da möhkəmləndirilməsi və davamlılığının təmin edilməsi məqsədilə "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması işi davam etdirilir. Bu konsepsiyada müəyyənləşdirilmiş hədəflərə əsasən qeyri-neft sektorunun şaxələndirilməsi və sürətli inkişafı hesabına nail olunacaqdır.

Bütün bunlar bir daha sübut edir ki, Prezident İlham Əliyev ümumbəşəri dəyərlərə əsaslanan özünəməxsus inkişaf kursu ilə, demokratikləşmə, davamlı və dayanıqlı iqtisadi inkişaf, dünya birliyinə sürətli inteqrasiya, ölkənin potensialının dövlətçiliyin daha da möhkəmləndirilməsinə və əhalinin sosial rifahının yüksəldilməsinə yönəldilmiş siyasəti ilə Azərbaycanı dünyanın ən inkişaf etmiş ölkələrdən birinə çevrilmək məqsədinə doğru inamböyük uğurla aparır.

Y.Eyyubov xüsusi olaraq qeyd etmişdir ki, bu və digər amilləri görən, sosial rifah halı günbəgün yaxşılaşan qədirbilən xalqımız Azərbaycanın gələcəyini də məhz İlham Əliyevlə bağlayır. Ölkənin siyasi arenasında Prezident İlham Əliyevin alternativi yoxdur və xalq öz gənc liderinə arxalanır.

Çıxışının sonunda, Baş nazirin birinci müavini bir daha Prezident İlham Əliyevi bütün partiya üzvləri adından doğum günü münasibətilə səmimi-qəlbdən təbrik etmiş, Vətənimiz və xalqımız naminə ona yeni-yeni müvəffəqiyyətlər, məsul və şərəfli vəzifəsinin icrasında daha böyük uğurlar arzulamışdır.

Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən iqtisadi, siyasi, mədəni, humanitar siyasətin uğurlarını təhlil etmişdir. O demişdir ki, qüdrətli və zəngin Azərbaycan, iqtisadi tərəqqi və müasirləşmə, demokratik inkişaf, hər bir vətəndaşa sosial qayğı, ədalətli cəmiyyət Prezident İlham Əliyevin fəaliyyətinin təməl prinsipləridir.

Respublikamızın beynəlxalq aləmdə qazandığı nailiyyətləri qeyd edən Z.Əsgərov bildirmişdir ki, Azərbaycan bütün ölkələrlə və beynəlxalq təşkilatlarla qarşılıqlı hörmət prinsipi əsasında əlaqələr qurmuşdurbu əlaqələr gündən-günə dərinləşməkdədir.

Prezident İlham Əliyev tərəfindən həyata keçirilən xarici siyasət Azərbaycanın milli maraqlarının təmin olunmasına, çoxvektorlu əməkdaşlığın həyata keçirilməsinə, dövlətin manevr imkanlarının artırılmasına və asılı vəziyyətə düşməməsinə şərait yaradır. Dövlət başçısının ciddi səyi və uzaqgörən xarici siyasəti nəticəsində dünyanın 155 dövlətinin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilən Azərbaycan bu mötəbər quruma sədrliyi də uğurla həyata keçirir. Bu üzvlük Azərbaycan üçün dünya siyasətinə çıxmaq, əsas problemi olan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq və ədalət prinsipi əsasında həll edilməsinin zəruriliyini dövlətlərin diqqətinə çatdırmaq baxımından böyük önəm daşıyır.

Milli Məclis Sədrinin birinci müavini qeyd etmişdir ki, Azərbaycan dövləti hərbi quruculuğa böyük diqqət yetirir ki, bu da bir zərurətdir. Çünki Azərbaycan torpaqları Ermənistanın işğalına məruz qalmışdır. Z.Əsgərov Azərbaycanın bu gün hansı yollarla olursa-olsun, öz torpaqlarını işğaldan azad etməyə hazır və qadir bir dövlət olduğunu bildirmişdir.

Konfransda çıxış edən Milli Məclisin Elm və təhsil komitəsinin sədri, İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev növbəti illər üçün qarşıya qoyulmuş məqsədləri xarakterizə etmişdir.

Rektor demişdir ki, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi və uğurla həyata keçirdiyi siyasətin əsas məqsədi Azərbaycanı yüksək gəlirli ölkələr sırasına çıxarmaqdır. Bunun üçün bütün elmi-siyasi proqnozlar hazırlanmışdır.

Komitə sədri bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində ölkəmiz sürətli inkişaf yolu keçərək birinci onillikdə qarşıya qoyulmuş məqsədə çatmış, dünyada yüksək orta gəlirli ölkələr sırasına çıxmışdır. İndi əsas məqsədimiz ölkəmizi daha da inkişaf etdirərək yüksək gəlirli ölkələr sırasına çıxarmaq və əhalinin rifah halını daha da yaxşılaşdırmaqdır.

Ş.Hacıyev vurğulamışdır ki, müstəqillik illərində Azərbaycan iqtisadiyyatına 120 milyard ABŞ dollarından çox sərmayə qoyulmuşdur ki, bunun da 80 milyardı məhz Prezident İlham Əliyevin hakimiyyəti dövrünə təsadüf edir. Bu da Azərbaycanın layiqli və etibarlı tərəfdaş olduğunu sübut edən amillərdən biridir.

 

Azərbaycan.-2012.- 25 dekabr.- S.4.