Status-kvonun dəyişməməsi müharibə ehtimalını artırır

 

Ermənilərin Azərbaycan torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qarşı iddiaları onların "böyük Ermənistan" yaratmağa yönəlmiş strateji planlarının tərkib hissəsidir. Ona görə də ermənilər "ənənələrinə" sadiq qalaraq həmişə əlverişli şərait yaranan kimi bu planın reallaşdırılması uğrunda mübarizəyə başlayırlar. SSRİ-də 1985-ci ildə M.S.Qorbaçovun hakimiyyətə gəlməsi ilə erməni separatçıları növbəti dəfə yenidən fəallaşdılar.

1991-ci ilin sonlarında SSRİ-nin dağılması ilə keçmiş sovet məkanında yeni geosiyasi şərait yarandı. Ermənistan faktiki olaraq Azərbaycana qarşı açıq və ədalətsiz müharibəyə başladı. Ermənistanın hərbi birləşmələri havadarlarının köməyi ilə Azərbaycan torpaqlarının işğalına başladılar. 1992-ci ilin yayında Azərbaycan cəbhə bölgəsində, xüsusilə də Gülüstan və Ağdərə istiqamətlərində uğurlu hərbi əməliyyatlar keçirməyə müvəffəq olsa da, bu proses sona qədər davam etmədi. Ölkə daxilində hakimiyyət çəkişmələri və iqtidarın səriştəsizliyi yeni məğlubiyyətlər üçün stimul yaratdı.

1993-cü ildə xalqın təkidli istəyi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev səriştəsiz rəhbərlərin Azərbaycana miras qoyub getdikləri ciddi problemləri həll etməli oldu. Ölkənin müstəqilliyinin qorunub saxlanılması, ictimai-siyasi sabitliyin yaradılması istiqamətində mühüm addımlar atıldı. Bütün bunlarla paralel olaraq Heydər Əliyevin 1993-cü ilin noyabrında ordu ilə bağlı müraciəti ölkəmizdə ordunun formalaşdırılması prosesinin start nöqtəsi kimi tarixə düşdü. Çox keçmədi ki, Azərbaycan Silahlı Qüvvələri Horadiz istiqamətində, Murovda erməni ordusunun mövqelərinə əhəmiyyətli zərbə endirdi. Nəticədə işğal olunmuş 20-dən çox kənd azad edildi. Horadiz əməliyyatı Azərbaycan Ordusunun Qarabağ müharibəsi dövründə qazandığı ən böyük qələbə idibu, artıq Ermənistanda ciddi təşviş doğurmuşdu. Azərbaycanda hərbi quruculuğun çox sürətlə getməsi qarşı tərəfin işğalçılıq planlarını davam etdirmək arzusundan çəkindirdi və 1994-cü ilin may ayında Ermənistanın dövlət başçısı atəşkəs haqqında sazişin imzalanmasına razılıq verməli oldu. Bundan əvvəl də atəşin dayandırılması haqqında təkliflər gündəliyə çıxmışdı, amma ermənilər heç vəchlə buna getmək istəmirdilər. Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra qüvvələr nisbətində baş vermiş dəyişikliklər tamamilə fərqli situasiya yaratdı və bu dəfə atəşkəsi Ermənistan özü istəməli oldu. May ayında Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində atəş dayandırıldı. Atəşkəsdən sonra aparılan sülh danışıqlarında ATƏT-in Minsk qrupu hamı tərəfindən tanınan yeganə vasitəçidir.

Qeyd edək ki, münaqişənin həlli üçün hüquqisiyasi addımlar beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri, ATƏT-in, Avropa Şurasının və digər beynəlxalq təşkilatların müvafiq sənəd və qərarlarına əsaslanır. Lakin təəssüflə qeyd etməliyik ki, Minsk qrupu vasitəsilə aparılan sülh danışıqları 1994-cü ildəki atəşkəs razılaşmasından bəri nəticəsiz qalır. Bu təşkilatların müvafiq sənədlərində işğalçı qoşunların Azərbaycan Respublikasının bütün işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilsə də, Ermənistan bütün dünyanın gözü qarşısında buna məhəl qoymur.

Aparılan sülh danışıqlarına gəldikdə isə, bu məsələ artıq ilk vaxtlardan regional müstəvidən çıxaraq beynəlxalq əhəmiyyət kəsb etməyə başlayıb. 1994-cü ildən başlayaraq problemin həlli ilə bağlı bir neçə variant nəzərdən keçirilib. Amma bütün həll variantları məhz Ermənistanın qeyri-konstruktivliyi ucbatından alınmayıb. Azərbaycan problemin həllinə dair vasitəçilərin təqdim etdiyi hər bir variantı dəstəkləsə də, Ermənistan bunu etməyib və həm birbaşa, həm də dolayısı regiondakı status-kvonun dəyişməz qalmasına çalışıb.

Məsələnin təəssüf doğuran tərəfi isə bütün bu proseslərin, xüsusən Ermənistanın nümayiş etdirdiyi ədalətsiz mövqenin Avropanın, ümumilikdə dünyanın gözü qarşısında baş verməsidir. Avropadakı mövcud münaqişələri qəti şəkildə aradan qaldıran beynəlxalq birliyin Azərbaycanın ərazi bütövlüyünün pozulmasına olan etinasız münasibəti, məsələyə yanaşmada ikili standartlardan çıxış etməsi, işğalçını öz adı ilə çağırmaqdan çəkinməsi nə qədər acı olsa da gözümüzün önündə baş verən reallıqdır. Prosesə real təsir imkanlarına malik qüvvələr (söhbət həm nüfuzlu beynəlxalq təşkilatlardan, həm də ayrı-ayrı dövlətlərdən gedir) problemin birdəfəlik həllinə nail olmaq üçün konkret təzyiq mexanizmlərindən istifadə etmək istəmirlər.

Bu müharibədə Azərbaycanın torpaqları işğal olunsa da, sonrakı dövrdə uduzan məhz Ermənistan olub. Öz təcavüzkar siyasətinin qurbanı olan Ermənistan bütün regional və beynəlxalq layihələrdən kənarda qalıb. Qonşuları ilə normal münasibətlər yarada bilməməsi səbəbindən iqtisadi blokadada qalıb və 20 il əvvəl necə idisə, indi də səfalət içində yaşayır. Əhalisi sürətlə azaldığından hətta orduya əsgər çağırışında hər il ciddi problemlərlə üzləşir.

Azərbaycanda isə vəziyyət fərqlidir. Son illərdə dinamik inkişaf edən Azərbaycan regionun aparıcı dövlətidir. Azərbaycanın iştirakı və razılığı olmadan bölgədə hər hansı iqtisadi layihənin reallaşması mümkün deyil. Dünyanın enerji təhlükəsizliyinə, terrorzimlə mübarizəyə böyük töhfələr verən Azərbaycan həm də dünya birliyində özünə layiqli yer tutub. İndi Azərbaycanın valyuta ehtiyatları 45 milyard dollardan çoxdur. Təkcə dövlət büdcəmiz Ermənistanın dövlət büdcəsindən 10 dəfə çoxdur.

Bütün bu müqayisələrdən sonra məlum olur ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvonun dəyişməsi Azərbaycan üçün nə qədər vacibdirsə, Ermənistan üçün daha önəmlidir. Status-kvonun dəyişməsi ilə bağlı həmsədrlər də dəfələrlə açıq bildirsələr də, ortada bir nəticə yoxdur. Çünki Ermənistan müxtəlif bəhanələr gətirməklə münaqişənin sülh yolu ilə həllini uzadır.

Amma Ermənistan rəhbərliyinin nə düşünməsindən asılı olmayaraq mövcud status-kvo Azərbaycan üçün qəbuledilməzdir və münaqişə həll edilməlidir. Hər üç həmsədr ölkədən status-kvonun dəyişməli olduğuna dair mesajlar olsa da, onun həyata keçirilməsi ilə bağlı tərpəniş yoxdur.

Status-kvonun dəyişməsi üçün ilk növbədə Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməli və məcburi köçkünlər öz doğma yerlərinə qayıtmalıdırlar. Beynəlxalq ictimaiyyət, xarici təşkilatlar bu istiqamətdə beynəlxalq hüquq normalarını rəhbər tutsa da, əməli addım atmaq niyyətində deyillər. Belə olduqda Azərbaycanın münaqişənin hərb yolu ilə həllini nəzərdən keçirməsi qaçılmazdır. Prezident İlham Əliyev də bildirib ki, Ermənistan öz çirkin mövqeyindən geri çəkilməyəcəyi halda Azərbaycan müharibə variantına gedə bilər. Beləliklə, status-kvonun hazırkı vəziyyətdə saxlanması fonunda müharibə ehtimalı gündən-günə artır.

 

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2012.- 25 dekabr.- S.5.