Şah İsmayıl Xətai
yaradıcılığında ali insani duyğuların bədii
təqdimi
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin bu yaxınlarda nəşr olunmuş "Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi" adlı proqram xarakterli, elmi tədqiqat mündəricəli məqaləsini oxuduqdan sonra Şah İsmayılın həm bir sənətkar kimi yüksək, həm də şəxsiyyətcə bütöv olduğunu təsdiqləyən əsərlərini araşdırarkən bir sıra diqqətçəkən bədii örnəklərə rast gəldim.
Azərbaycan tarixində böyük dövlət xadimi, istedadlı sərkərdə, vətənpərvər şəxsiyyət kimi tanınmış Şah İsmayıl Səfəvi (1487-1524) həm də ədəbi dilimizin inkişafında, poeziyamızın əxlaqi-mənəvi dəyərlərlə zənginləşməsində özünəməxsus rol oynamış görkəmli şair olmuş, Xətai təxəllüsü ilə Azərbaycan türkcəsində gözəl poetik əsərlər yaratmışdır.
Əlbəttə, Xətai irsi Azərbaycan ədəbiyyatşünaslarının diqqətindən kənarda qalmamış, Salman Mümtaz, Həmid Araslı, Əzizağa Məmmədov, Azadə Rüstəmova, Məhərrəm Qasımlı kimi alimlər onun yaradıcılığını araşdırmışlar. Ancaq təbii ki, bu araşdırmaların əksəriyyəti sırf filoloji yönümdə aparılmış, sənətkar şəxsiyyəti ilə hökmdar şəxsiyyətinin vəhdəti tədqiqata cəlb edilməmişdir. Halbuki, Şah İsmayıl Xətainin ictimai-siyasi fəaliyyəti ilə poetik-fəlsəfi fəaliyyəti arasında üzvi bir bağlılıq vardır və bu iki fəaliyyət sahəsi bir-birini tamamlayaraq, ali məramlı tarixi şəxsiyyətin həm də ali duyğulu humanist bir sənətkar olduğunu göstərir.
Şah İsmayılın bir hökmdar kimi qaynaqlar tərəfindən aşkar edilmiş müsbət keyfiyyətləri - mərdlik, cəsurluq, doğruçuluq, səxavət, ədalət, genişürəklilik kimi ali insani sifətlər onun şeirlərində də öz bədii təqdimini tapmışdır. Əgər desək ki, bu sifətlər həm də Şah İsmayılın imanlı bir müsəlman olmasından irəli gəlirdi, yəqin ki, yanılmarıq.
Düzlük, doğruluq, səmimiyyət Xətaiyə görə ən ali insan sifətlərindəndir. "Nəsihətnamə" əsərində bu barədə yazır:
Niyazmənd ol müdam yol içrə doğru,
Ki surət təbdil edib olma oğru.
Yəqin
bil, doğruluq dost qapusudur,
Həqiqət aləminin tapusudur.
Ola sidq ilə
kim ki, əhli-niyaz,
Yol
içində ol ola saf şahbaz.
(Xətai. Əsərləri. "Şərq-Qərb":
Bakı, 2005, səh. 225.)
Bütün bu yüksək insani sifətlərinə
görə idi ki, minlərlə insan onu özünə mənəvi
rəhbər - mürşüd sayır, Xətainin
ucaldığı insanlıq mərtəbəsinə yüksəlməyə
çalışır və onun yolunda şirin canlarından
belə keçməyə hazır olurdular. Bu biçim
dini-mənəvi rəhbərlərə orta əsrlərin
Yaxın və Orta Şərqində
"mürşidi-kamil" deyirdilər. Şah
İsmayıl Xətai dövrünün el şairlərindən
olan Aşıq Qurbani də hökmdara yazılı müraciətində
onu məhz belə adlandırırdı:
Mürşidi-kamilim,
Şeyx oğlu şahim,
Bir ərzim
var qulluğuna, şah, mənim!
Əziz
başın üçün, oxu yazğumu,
Agah ol dərdimdən
gahbagah mənim!
Özü kamil şəxsiyyət
olduğu qədər, insanları da kamil əxlaqlı
görmək istəyirdi Xətai və bu baxımdan onu
özündən öncəki Azərbaycan ədəbiyyatının
humanist ənənələrinin, ilk sırada isə
böyük Azərbaycan şairi, öz ölməz əsərləri
ilə kamil insan tərbiyəsi uğrunda mübarizə aparan
İmadəddin Nəsiminin (1369-1418) davamçısı
saymaq olar. Heç təsadüfi deyil ki, Nəsiminin
bəzi şeirləri Xətai divanına da
düşmüşdür. Bu isə iki
böyük şairin sənətkar şəxsiyyətləri
arasında yaxınlığın və
doğmalığın əlaməti kimi nəzərdən
keçirilə bilər. Nəsimi
yaradıcılığında da kamil insan obrazı mərkəzi
yerlərdən birini tutur.
Mərhəba,
insani-kamil, canımın cananəsi!
Aləmin
cismi sədəfdir, sənmisən dür danəsi!
Kamil insan olmaq, mərifətdə kamal mərtəbəsinə
yetmək üçün insanın ürəyində öz
tanrısına və başqa insanlara məhəbbət
olmalı, kin-küdurətdən, paxıllıqdan, pislikdən
təmizlənməlidir. Həməsrinə, eləcə də gələcək
nəsillərə nəsihətini davam etdirən Xətai yazır:
İman əhli
isən, ey can, vəleykin
Ki, cismü canü dildə dutmagil kin.
Budur
sözüm sana, məndən əmanət,
Könül yıxma, vəli eylə imarət.
Dəxi
yoldaş ilə qonşunu gözlə,
Ki xəlqin eybini sən açma, gizlə.
Təriqət
mürşüdü olduğu, kamil mürşüd əxlaqını
rəhbər tutduğu üçündür ki, Xətai
öz sələfi Nəsimi kimi dərvişxislət bir
hökmdar olmuş, bu səbəbdən də lovğalıq, kibr (yekəxanalıq)
kimi mənfi sifətləri kamil insan
üçün nöqsan sayaraq pisləmişdir. Mütləq hakimlərin atributlarından olan qəzəbi
və məğrurluğu yenməyin ən səmərəli
üsulu - nəfsi öldürmək, şeytana uymamaq,
alçaqkönüllülük, təvazökarlıqdır.
İnsan taleləri üzərində qeyri-məhdud hakimiyyətdən
doğan mənfi sifətləri ram etmək o qədər də
asan deyil və Xətai bir hakimi-mütləq kimi öz şəxsi
təcrübəsindən çıxış edərək
buna poeziyasında işarələr də edirdi:
Bu yolun
yolçusu olayım dersən,
Əldə iki qarpız tutmalı degil.
Dərviş
olub şalvar geyəyim dersən,
Gahi geyib, gahi atmalı degil.
Namərd bağçasında
qönçə gül olmaz,
Kamil ilə yoldaş olan yorulmaz.
İki məxluq
vardır, Haqqa qul olmaz:
Məğrurluq, kibirlik etməli degil.
Dünyəvi hökmdarda dərviş xislətini, təvazökarlığı
yüksək qiymətləndirən klassik Azərbaycan
şairləri bu baxımdan Xətai ilə eyni əqidənin
daşıyıcılarıdır. Xətaidən 100 il
öncə şair-hökmdar Qazi Bürhanəddin (1344-1398) bu
barədə düşüncələrinə bədii don
geyindirərək yazırdı:
Bun
günündə qoçlara bən eşəm uş,
Bəg isəm, hələ bu dəm dərvişəm
uş.
Dostlarıma
dinclik isəm, nə əcəb,
Düşmənimin canına təşvişəm
uş.
Və
daha sonra insanda təvazökarlığı,
alçaqkönüllülüyü yüksək qiymətləndirərək
deyirdi:
Özini
alçax görən sərdar bolur,
Ənəlhəq dəvi qılan bərdar bolur.
Ər
odur həq yoluna baş oynaya,
Döşəkdə ölən yigit murdar bolur.
Bu həmin
Azərbaycan şairi və hökmdarı Qazi Bürhanəddin
idi ki, XIV yüzilliyin ikinci yarısında Osmanlı,
Ağqoyunlu, Qızıl Orda kimi nəhənglərin əhatəsində
öz dövlətini yaradaraq 18 il hökmdarlıq etmiş,
Əmir Teymur kimi o dövrün savaş tanrısı ilə
kəllə-kəlləyə gəlməkdən belə
çəkinməmişdi. Şəksiz ki,
Şah İsmayıl Səfəvinin öz siyasi və sərkərdəlik
fəaliyyətində örnək seçdiyi Azərbaycan
hökmdarlarından biri idi Qazi Bürhanəddin.
Qazi
Bürhanəddinin kiçik müasiri olan Seyid İmadəddin
Nəsimi də yalnız dərvişxislət olmaqla aləmin
padşahlığını qazanmağın
mümkünlüyünü deyirdi:
Mən
ki, dərvişəm, fəqirəm, padişahi-aləməm,
Ruhi-birəngəm, əgərçi rəngə girdim,
adəməm.
Dahi Azərbaycan
şairi, Xətainin kiçik müasiri Məhəmməd
Füzuli də məşhur "Padişahi-mülk" qitəsində
dərvişliklə padşahlığı üz-üzə
qoyaraq, üstünlüyü birinciyə verirdi:
...Gör
nə sultanəm məni-dərviş kim,
feyzi-süxən
Eyləmiş iqbalimi asari-nüsrət məzhəri.
Hər
sözüm bir pəhləvandır kim,
bulub təyidi-həq,
Əzm qıldıqda tutar tədric ilə bəhrü bəri.
Belə
bir ədəbi-mədəni mühitdə yetişən və
tərbiyə alan Şah İsmayıl Səfəvi,
heç əcəb deyil ki, bu cür yüksək əxlaqi-mənəvi
keyfiyyətlərə malikdir və bütün bunları
öz əsərlərində bədii şəkildə əks
etdirir. Əsərlərində sufiliyi dərvişliyin
sinonimi kimi işlədən Şah İsmayıla Avropada
"Böyük Sufi" deyilməsi də təsadüfi
sayılmasın gərək. Necə ki, bir gəraylısında
sufi əxlaqının bəzi əlamətlərini
və xüsusiyyətlərini nəzərə
çatdıraraq deyir:
Sufi isən,
alıb-satma,
Halalına haram qatma.
Yolun əgrisinə
getmə,
Doğru yola nəzər eylə. (səh.
347.)
Vətənin
bütövlüyü, xalqın səadəti, zülm və
zillətdən qurtarması uğrunda apardığı
savaşlarda tökülən qanların haqq işi uğrunda
axıdıldığını anlasa belə, yenə
özünü günahkar sayır hökmdar və sərkərdə
Şah İsmayıl Səfəvi və şair, dərviş,
sufi Xətainin dili ilə bağışlanması
üçün Tanrısına ağız açır:
İki əlim
qızıl qanda,
Çox günahlar vardır məndə.
Ya
İlahi, kərəm səndə,
Düzgün qula nəzər eylə. (səh.
347.)
Bu
sözlər deyilmi Xətainin yüksək əxlaqını,
ali insani duyğularını bədii və
məntiqi şəkildə sübuta yetirən?
Şah İsmayıl dövrünə görə
mükəmməl təhsil, təlim-tərbiyə
almış, özünəqədərki farsdilli və
türkdilli ədəbiyyatın şah əsərlərini
mütaliə etmiş, onlardakı yüksək humanist dəyərlərdən
lazımınca bəhrələnmişdi. Ancaq klassik
üslubda, əruz vəznində yazdığı şeirlərə
nisbətən xalq şeiri üslubunda, heca vəzni ilə
yaratdığı əsərlərdə Xətai şəxsiyyətinin
kamilliyi daha aydın şəkildə özünün bədii
təqdimini tapmışdır. Qoşmalarının
birində kamil insanla cahil insanı qarşı-qarşıya
qoyan şair, cahilin sözünə uyanın heç vaxt
kamala çatmayacağı fikrini irəli sürür:
Şah Xətaim,
edim bu sirri bəyan,
Kamilmidir cahil sözünə uyan?
Bir
başdan ağlamaq ömrədir ziyan,
İki başdan mühibb, yar olmayınca. (səh.
330.)
Ürəyin
təmizliyi - Xətai üçün ən ülvi insan sifətlərindən
biri olduğuna görə: "Sil-süpür qəlbini,
süddən bəyaz et!" deyə
qarşısındakına nəsihət verir. Aydındır
ki, öz qəlbi süddən bəyaz olamayan bir sənətkar
başqasına belə nəsihət verə bilməz.
Başqa bir qoşmasında isə həmin fikrin bir qədər
fərqli obrazlarla poetik ifadəsini verərək
yazırdı:
Gəlib
ixlas ilə yola gedənin
Zərrəcə könlündə güman gərəkməz.
Sil-süpür
qəlbini, evin pak eylə,
Möminin aynası duman gərəkməz. (səh.
334.)
İmanlı,
kamil mürşüdün, mənəvi rəhbərin ali duyğularından biri də nəfsinə
qalib gəlməsi, dünya malına qarşı hərislik
göstərməməsi, bir hökmdar kimi səxavətli
olmasıdır. Belə olmayanda isə insan
şeytana uyur, öz həmcinslərinə zülm edir.
Ona görə də Xətai: "öldür nəfisini,
şeytandan arıt!" deyir. Şah
İsmayıl Səfəvinin bir hökmdar kimi səxavəti
isə zamandaşlarını heyrətə gətirirdi.
"Tarixi-cahanarayi-Şah İsmayıl Səfəvi"
xronikasında bu barədə oxuyuruq:
"O Həzrət (Şah İsmayıl) mübarizə
meydanında qılınc vuran bir pələngə,
şadlıq məclisində gövhər yağdıran
buluda bənzəyirdi. Səxavətinin çoxluğundan onun nəzərində
taməyarlı saf qızıl ilə qiymətsiz qara daş
arasında fərq yox idi. Ali himmətli
olduğundan, dəniztək xəzinələr belə onun bir
günlük bəxşişinə çatmazdı. Buna görə də xəzinəsi çox vaxt
boş olardı." (Hacı Soltan
Hüseynqulu oğlu. Şah İsmayıl
Xətai. "Ozan": Bakı, 1997, səh. 37.)
Təmənnasız
yaxşılıq da Xətainin öz şeirlərində təbliğ
etdiyi insani sifətlərdən biridir:
Sən
eylik et, durma, əldən gəldikcə,
Dedilər:
xalq bilməzsə, xaliq bilə. (səh.
333.)
Bu beytdə
məşhur el məsəlini iqtibas edən şair:
"Yaxşılıq et, at dəryaya, balıq bilməsə,
xalıq bilər" atalar sözünü bədii
biçimdə xalqın özünə
qaytarmışdır.
Adətən, bir qədər də qərəzli
yazılmış məqalə və araşdırmalarda
Şah İsmayıl Səfəvi barışmaz bir şiə
kimi qələmə verilir, guya onun yaratdığı
dövlətin də monokonfessional bir quruluşa malik olması
kimi yanlış fikir irəli sürülür. Halbuki, akademik
Ramiz Mehdiyevin də adıçəkilən məqaləsində
göstərildiyi kimi, şiəlik Şah İsmayıl
üçün yalnız ideoloji vasitələrdən biri
olmuş, onun başlıca ideyasını isə azərbaycançılıq,
Azərbaycan dövlətinin qurulması təşkil
etmişdir. Bu baxımdan Səfəvi dövlətini
müstəqil Azərbaycan Respublikası ilə müqayisə
edən akademik Fuad Qasımzadə hələ 1997-ci ildə
yazırdı:
"Səfəvi dövlətini, Şah
İsmayılı xatırladıqca, onlardan bəhs edən əsərləri
oxuduqca və ya onunla bağlı olan abidələrə, heykəllərə,
nişanələrə, xatirə yerlərinə baxdıqca
çağdaş dövlətimiz - müstəqil, suveren Azərbaycan
Respublikası gözümüz önündə canlanır. Öz dövlət
dili, dövlət bayrağı, dövlət himni olan, ərazi
bütövlüyü, sərhədlərinin
toxunulmazlığı dünya dövlətləri tərəfindən
qəbul edilmiş müstəqil və suveren dövlətimiz.
Odur ki, belə məsələlərdən bəhs
edən, yəni dövlətçiliyimizlə, onun tarixi, ənənələri,
çağdaş vəziyyəti və gələcəyi ilə
bağlı olan məsələlərdən danışan əsərlərin
böyük siyasi əhəmiyyəti var. Vətənpərvərlik
üçün, milli mənlik qüruru üçün əhəmiyyəti
var." (Şah İsmayıl Xətai
(Xronoloji-tarixi məlumatlar), səh. 11.)Onu
da qeyd etmək vacibdir ki, Şah İsmayıl başqa dinlərə
və konfessiyalara da tolerant münasibət bəsləmiş,
bunu bədii əsərlərində də əks
etdirmişdir. Xüsusi halda, "Nəsihətnamə" əsərində
yəhudilərin və xristianların dini kitabları olan
"Tövrat" və "İncil"in adlarının
hörmətlə çəkilməsi bu fikrimizin sübutu
ola bilər:
Bu vəchin
təfsiri Tövratü İncil,
Edərlər onu Fürqan əhli təvil.
Şəriət
və təriqət yollarıdır
Ki, mərifət, həqiqət hallarıdır.
Budur bu
dörd kitabın mənisi həm,
Özün bilüb olasan yolda möhkəm.
Yəqin əhli
yanında yol birikdi
Ki, münkirlər bu dərgahdan sürükdi. (səh.
231.)
Göründüyü kimi, tolerantlıq məsələsinə
münasibətdə də Şah İsmayıl Xətai
öz böyük sələfi Seyid İmadəddin Nəsiminin
ardıcılı kimi çıxış edir. Necə ki, Nəsimi deyirdi:
Ey Həqi
hər yerdə hazırdır deyən əgrinəzər,
Bəs nə mənidən seçərsən Kəbədən
bütxanəyi?
Tanrı hər şeyi qapsayır və Tanrıya gedən
yol birdir. Bu yol nə şiəlik yolu, nə sünnilik yolu, nə
yəhudilik yolu, nə xristianlıq yoludur. Bu yol -
insanlıq, mənəvi təkamül, kamil insan yoludur və
Nəsimi də, Xətai də, başqa böyük humanist sənətkarlarımız
da "yol", "ərkan" deyərkən məhz bu
insanlıq marşrutunu nəzərdə tuturdular, bu yoldan
çıxanlara "əgrinəzər" deyirdilər.
Doğrudur, düz yola çıxmaq üçün Xətainin
irəli sürdüyü başlıca şərtlərdən
birini də Həzrət Əli ideyalarına bağlanmaq,
onlara əməl etmək təşkil edirdi. Ancaq məsələ
bundadır ki, İslam tarixində Həzrət Peyğəmbərdən
sonra ən ideal şəxsiyyətlərdən biri kimi həmişə
Həzrət Əlinin adı çəkilir və istər fəaliyyəti,
istərsə də "Nəhcül-bəlağə" əsərində
irəli sürdüyü humanist ideyalar ilə Həzrət
Əli təkcə müsəlmanlara, o sıradan şiələrə
deyil, başqa dinlərin, konfessiyaların nümayəndələrinə
də örnək olacaq ali insani sifətlərin
daşıyıcısıdır. Buna görədir
ki, Xətai yaradıcılığında Həzrət
Əli kor-koranə etiqad edilən mistik bir sima deyil, Xətainin
özünün can atdığı və başqalarına
da təlqin etdiyi kamil insan, ideal insan obrazıdır. Buna
görədir ki, Xətai öz müridlərini və
oxucularını Həzrət Əli kimi kamal əhlləri ilə
oturub-durmağa çağırır, onlara ali
insani duyğular aşılamağa çalışaraq
yazırdı:
Kamal əhli
ilə olgil müsahib,
Ki ondan mərifət
kəsb et əcaib.
Özünbilməz
ilə durma, oturma,
Ömür zaye keçər, əqlin itirmə. (səh.
232.)
Əlbəttə,
"özünbilməzlik" (Şah İsmayıl Xətai)
ucbatından əvvəlcədən Həzrət Əliyə
qərəzli münasibət bəsləyən, onu kamil bir
insan kimi həzm edə bilməyən cahil bir insan, Xətainin
Əli mədhində niyə bu qədər qələm
çaldığını bir dürlü anlaya bilməz və
ən başlıcası da odur ki, anlamaq istəməz. Bəli,
məhz "anlamaq dərdi", "qanmaq problemi"!
Hələ
e.ə. 469-399-cu illərdə yaşamış qədim yunan
filosofu Sokratın həyat və fəaliyyətinin bir kredosu
vardı: "Özün özünü bil!" Min il sonra İslam aləmində deyəcəkdilər
ki: "Özünü bilən Tanrısını da bilər!"
Bu kontekstdə şair və mütəfəkkir
Şah İsmayıl Xətainin "özünübilməzə"
qarşı çıxması da onun kamil insan
konsepsiyasının ana xətlərindən birini təşkil
edir. Güman edirik ki, Xətainin nəzərində bu, təkcə
ayrı-ayrı fərdlər üçün deyil,
bütöv xalqlar üçün də keçərli idi və
bu mənada o, öz doğma Azərbaycan xalqını
özünü bilməyə, vahid ideya ətrafında birləşməyə
və insanlıq adına layiq olmağa
çağırırdı.
Və 100
il bundan öncə Azərbaycanın böyük şəxsiyyətlərindən,
qənimət adamlarından biri olan Mirzə Cəlil Məmmədquluzadə,
xalqımızın başqa bir böyük şəxsiyyəti,
qənimət adamı Mirzə Fətəli Axundzadəni yad edərək
yazırdı: "Mirzə Fətəli haqqında ya
çox yazmaq gərəkdir, ya heç yazmamaq gərəkdir.
Mirzə Fətəli haqqında ya yaxşı
yazmaq gərəkdir, ya heç yazmamaq gərəkdir."
Eyni sözləri Şah İsmayıl Xətainin şəxsiyyəti
və yaradıcılığı barədə və Azərbaycanın
başqa böyük şəxsiyyətləri haqqında da
demək mümkündür.
Və
sonda, Azərbaycanın dahi şəxsiyyətləri
haqqında düşünülməmiş, ya da qərəzli
söz demək istəyənlərə elə böyük
şairin bir bayatısı ilə xəbərdarlıq etmək
istərdik:
Xətai,
işin düşər,
Gəliş-gedişin düşər.
Dişləmə
çiy loxmanı,
Yerinə dişin düşər.
Xətai
mövzusunda ya bişmiş söz demək gərəkdir, ya
heç söz deməmək gərəkdir...
Əgər
dişin düşməsini istəmiriksə!
Teymur
KƏRİMLİ,
AMEA-nın müxbir üzvü, Azərbaycan
Respublikasının Dövlət
Mükafatı laureatı
Azərbaycan.-2012.- 25 dekabr.- S.6.