Görkəmli alim, mahir
pedaqoq, müdrik insan
Həyatda elə insanlar var ki, onların
ömür yolu, uğurları, mənəvi
dünyası böyüməkdə
olan gənc nəsil üçün həmişə örnək
olur. Həmin şəxslərin ideyaları ilə yetişən nəsil layiqli tərbiyə alır, cəmiyyətdə
xüsusi yer tutur. Xeyirxah əməllərin sahibi olan şəxsiyyətlər
isə daim əbədiyaşarlıq hüququ
qazanır, böyük
ehtiram və hörmətlə yad edilirlər. Onların
yoxluğu yalnız ailənin dərdi olmur, həm də cəmiyyətin hansısa bir fəaliyyət sahəsində
hər zaman hiss edilir,
təkrar-təkrar
yada düşür. Nə etmək olar ki, bizim
arzularımız bir, həyat isə başqa reallıqlar üzərində qurulurE
Respublikamızda belə dəyərli
şəxsiyyətlərdən biri də sözün
əsl mənasında
böyük həkim
- terapevt, mahir pedaqoq, əməkdar elm xadimi, professor Həsən Musa oğlu İsazadə idi. Bu il sağ
qalsaydı görkəmli
alimin 100 yaşı qeyd olunacaqdı.
H.İsazadə 1912-ci il dekabrın 25-də Qazax şəhərində dünyaya
göz açmışdır.
Uşaq yaşlarında ailəsi ilə birlikdə Bakıya gələn Həsən şəhər
həyatına tez alışır. Orta məktəbi
əla qiymətlərlə
bitirir. 1929-cu ildə
Azərbaycan Tibb İnstitutuna (indi Azərbaycan Tibb Universiteti) daxil olur, 1936-cı ildə ali təhsilini
fərqlənmə diplomu
ilə başa çatdırır. Bir müddət
təyinatla Qubadlı,
Zəngilan və Biləsuvar rayonlarında baş həkim kimi çalışır.
Böyük Vətən müharibəsi
illərində səfərbər
olunub cəbhəyə
yollanan Həsən İsazadə çox keçmədən İran
İslam Respublikası
ərazisində hərbi
hospitalın rəisi təyin edilir. O zaman H.İsazadə polkovnik hərbi rütbəsini daşıyırdı.
Ordudan tərxis edildikdən sonra 1946-cı ilin fevralında Həsən
Musa oğlu İsazadə
Bakıda 1 saylı şəhər Kliniki Xəstəxanada (keçmiş
"Semaşko" adına
xəstəxana) baş
həkimin müalicə
işləri üzrə
müavini vəzifəsində
fəaliyyətə başlayır
və eyni zamanda ATİ-nin pediatriya fakültəsinin
Daxili xəstəliklər
kafedrasında assistent
olur. O zaman həmin kafedraya Cahangir Abdullayev rəhbərlik edirdi. Elə həmin gündən də onun elmi, pedaqoji,
həkimlik və təşkilatçılıq fəaliyyəti bu ali təhsil
ocağı ilə bağlanır.
H.İsazadə 1951-ci ildə namizədlik,
1952-ci ildə isə doktorluq dissertasiyalarını
uğurla müdafiə
edir. Həmin dissertasiyalar o zaman
respublika üçün
çox əhəmiyyətli
problemlərə həsr
olunur, tibb elminə bir sıra yeniliklər gətirir. Görkəmli alim 1952-ci ildə
dosent, 1961-ci ildə
professor seçilir, 1963-1967-ci illərdə Azərbaycan
Tibb İnstitutunun tədris işləri üzrə prorektoru vəzifəsində fəaliyyət
göstərir. 1969-cu ildə kafedra müdiri seçilir və 1990-cı ilə kimi həmin kafedraya rəhbərlik edir.
Professor H.İsazadənin fəaliyyəti geniş və zəngindir. Onun insanlara
bəxş etdiyi işıq mənəvi paklığından, intellektinin
möhkəmliyindən, şəxsiyyət
ucalığından, bütövlüyündən
qidalanırdı. Çox zabitəli,
tələbkar idi, baxışları insana hər şey deyirdi, amma bir
o qədər də səmimi və sadə idi. O, yaxşılıq etməyi
bacarırdı, insanlara
həmişə çətin
anlarda kömək edərdi. Bəzən kiminsə əlləri
hər şeydən üzüləndə, haqqını
müdafiə etmək
çətinliyi ilə
qarşılaşanda Həsən
müəllim onun yanında olardı. Çox cəsarətli idi, sözünü deyə bilirdi və deyirdi də... Bir sözlə, onunla
hər zaman hesablaşırdılar. Qədirbilən dostları, yaxınları
Həsən müəllimi
mərd, əyilməz,
sözübütöv insan
kimi tanıyır, onunla fəxr edirlər. H.İsazadə
dəfələrlə keçmiş
Sovetlər Birliyinin böyük şəhərlərində
- Moskvada, Sankt-Peterburqda,
Kiyevdə kardioloqların
və terapevtlərin Ümumittifaq qurultaylarında,
bir çox xarici ölkələrdə
keçirilən elmi simpoziumlarda iştirak etmiş, Azərbaycanın
elmi ictimaiyyətinin mövqeyini onlara çatdırmışdır.
Həsən müəllim həm də milli dəyərlərə
sıx bağlı insan kimi də
daim xatırlanır. Bu ali keyfiyyət onda hələ ötən əsrin 70-ci illərində,
İttifaqın ən
sərt siyasi rejiminin mövcudluğu vaxtlarında özünü
göstərmişdir. Həmin dövrdə
Ümumittifaq Kardioloqlar
Cəmiyyətinin plenumu
keçirilirdi. Plenuma qonşu
respublikalardan 3 nəfər,
Azərbaycandan isə
2 nəfər nümayəndə
seçilmişdi. Professor
Həsən İsazadə
qızğın müzakirələrin
getdiyi zaman söz alıb tribunaya qalxır. O, dəqiq elmi faktlar əsasında respublikamızda kardiologiya
sahəsində elmi kadrların potensial imkanlarını o biri respublikalarla müqayisə
edir. Sübuta yetirir ki, əslində Azərbaycandan
plenumda 4 nümayəndə
olmalıdır. Beləliklə də, kardioloqların Ümumittifaq qurultayı öz qərarını dəyişib plenumun üzvlüyünə respublikadan
4 nəfəri daxil edir. O dövrdə belə təklif vermək həqiqətən
çox böyük bir risk idi.
Həsən İsazadə Moskva şəhərində olarkən
öz imkanlarından,
işgüzar əlaqələrindən
istifadə edərək
Ali Attestasiya Komissiyasına
baş çəkər,
respublikadan göndərilmiş
dissertasiyaların vaxtında
təsdiqinə lazımi
kömək edərdi. Yeri gəlmişkən,
o, bu işləri dissertasiya sahiblərinin xəbəri olmadan görərdi, bunu özünün vətəndaşlıq
borcu sayardı. Həsən müəllim təkrarsız
insani xüsusiyyətlərə
malik böyük şəxsiyyət idi.
H.İsazadə həmişə birinci olmaq istəyirdi, olub da. Bu işdə Tanrı onun həmişə köməyinə gəlib,
çünki o, Allah adamı
idi. Tale elə gətirib ki, Həsən İsazadə ömrünün
çox hissəsini Bakı şəhər 1 saylı Kliniki Xəstəxanada fəaliyyətdə
keçirmişdir. Həmin xəstəxananın
birinci korpusunda, I müalicə-profilaktika fakültəsinin
I Daxili xəstəliklər
kafedrasının müdiri
vəzifəsində çalışmışdır.
H.İsazadə görkəmli alim idi. O, özündə böyük
alimlik istedadı ilə mahir pedaqoqluğu üzvi şəkildə birləşdirə
bilirdi. Əgər desək ki,
Həsən müəllimin
ömür salnaməsinin
ən dəyərli və mənalı səhifələri tələbə
auditoriyası ilə bağlıdır, bu heç də mübaliğə olmaz.
Çünki alim elm yükünün
daşıyıcısıdırsa, müəllim daha şərəfli bir yükün - elmin və təlim-tərbiyənin
daşıyıcısıdır. Onun rəhbərliyi altında
onlarla doktorluq və namizədlik dissertasiyası müdafiə
olunmuşdur. Alim çoxsaylı
elmi əsərlərin
müəllifi idi.
Çap
edilmiş 270-ə yaxın
elmi əsəri, monoqrafiyası bu gün də tibbin tədrisində geniş istifadə olunur. Onun kitabları həkimlərin
stolüstü dərs
vəsaitləri sayılır.
Kim onun alimlik
fəaliyyətindən, xeyirxahlığından
bəhrələnmişdirsə, taleyinə yalnız ucalıq nəsib olmuşdur. Həsən İsazadənin böyüklüyü,
alicənablığı bir
də onda idi ki, yaşadığı
illərdə o, həm
özü uğurlu addımlar atmış, elmin çətin yollarında şərəflə
addımlamışdır, həm də açıq ürəklə
bir çox gəncin elmə gəlməsinin səbəbkarına
çevrilmişdir.
Professor H.İsazadə bacarıqlı təşkilatçı
idi. Bakı şəhər
1 saylı Klinik Xəstəxanasının bazasında
I Daxili xəstəliklər
kafedrasının nəzdində
funksional diaqnostika laboratoriyasını təşkil
etmiş, intensiv terapiya bloku ilə birlikdə ixtisaslaşdırılmış kardioloji şöbə və şəhərətrafı
zonada kardioloji sanatoriyanın yaradılmasının
təşəbbüskarı olmuşdur.
Görkəmli alim H.İsazadənin tibb sahəsində ictimai fəaliyyəti də təqdirəlayiq hal kimi daim
xatırlanır. O, uzun illər Azərbaycan Respublikası Səhiyyə
Nazirliyinin Elmi-Tibbi Şurasının plenum üzvü,
respublika Terapevtlər
Cəmiyyəti İdarə
Heyətinin üzvü,
Azərbaycan Kardioloqlar
Cəmiyyətinin sədr
müavini, Səhiyyə
Nazirliyinin baş kardioloqu, eləcə də nazirliyin Terapiya üzrə Attestasiya Komissiyasının
sədri olmuşdur.
Professor Həsən İsazadənin
xidmətləri dövlət
tərəfindən həmişə
yüksək qiymətləndirilmişdir. O, hələ
keçmiş SSRİ dövründə
"Qırmızı Əmək
Bayrağı" ordeni
ilə təltif edilmiş, "SSRİ tibb
əlaçısı" fəxri adına
layiq görülmüşdür.
1960-cı ildə görkəmli alimə respublikanın əməkdar
həkimi, 1968-ci ildə
əməkdar elm xadimi
fəxri adları verilmiş, bir neçə dəfə Azərbaycan SSR Ali Sovetinin,
Səhiyyə Nazirliyinin
fəxri fərmanları
ilə təltif olunmuşdur. Ümummilli lider
Heydər Əliyev xalqın istəyi ilə 1993-cü ildə hakimiyyətə qayıtdıqdan
sonra tibb elminin inkişafına verdiyi əvəzsiz töhfələrə görə
Həsən İsazadəni
"Şöhrət" ordeni
ilə mükafatlandırmışdır.
Bacarıqlı alim, görkəmli elm təşkilatçısı Həsən
müəllim nə qədər sərt görünsə də, daxilən çox sadə, alicənab insan idi. Tanrı Həsən
müəllimi cəmiyyətə
əvəzolunmaz şəxsiyyətlərdən
biri kimi bəxş etmişdir.
Professor H.İsazadə fitri istedad sahibi
idi. Onu tələbələri və müalicə etdiyi insanlar həmişə böyük
hörmətlə yad
edirlər.
Belə şəxsiyyətlər haqqında
yazmaq, gələcək
nəsillərə işıqlı
və aydın insanların fəaliyyəti,
həyat və ömür tarixçəsi
barədə geniş
məlumat vermək vaxtilə onunla təmasda olan həmkarlarının mənəvi
borcudur. Mən də bu borcu
qismən də olsa ödəmək istədim...
Vəsadət ƏZİZOV,
Azərbaycan Tibb Universitetinin
II
Daxili xəstəliklər kafedrasının müdiri,
professor
Azərbaycan.-2012.-
25 dekabr.- S.6.