«İdman ili»nə növbəti töhfə

 

Nəsimi rayonunda yeni idman meydançası və park istifadəyə verildi

 

 

Dünən Bakının Nəsimi rayonu 4-cü mikrorayon ərazisində yeni yaradılmış parkidman meydançasının açılış mərasimi keçirilmişdir. Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev, deputatlar Ziyad Səmədzadə, Ülvi Quliyev, Olimpiya çempionu Fərid Mansurov və digər  şəxslər iştirak etmişlər.

Burada qeyd olunmuşdur ki,  ən müasir standartlara cavab verən idman meydançasının və parkın salınmasına cari ilin əvvəllərində başlanılmış və 2012-ci il dekabr ayının 24-də başa çatdırılmışdır. İdman meydançası ən müasir işıqlandırma sistemi, 500 nəfərdən artıq tamaşaçı tutumu olan tribunalar, müxtəlif idman növləri üzrə yarışların keçirilməsi üçün lazımi avadanlıqlarla təchiz olunmuş, ətraf ərazilərdə genişmiqyaslı abadlıq işləri aparılmışdır. Yeni yaradılmış idman meydançasında idmanın bir sıra növləri ilə (futbol, voleybol, basketbol, qaçış və s.) məşğul olmaq üçün hər cür şərait yaradılmışdır.

İdman meydançasının yaxınlığında 1 hektara yaxın ərazini əhatə edən sahədə yeni istirahət parkı salınaraq sakinlərin istifadəsinə verilmişdir. Parkda yaşıllıq zolaqları yaradılmış, 1500-dən artıq ağac, gül kolları və dekorativ kollar, 3000 kvadratmetrdən artıq sahəyə qazon əkilmiş, 2500 kvadratmetrdən artıq sahəyə milli ornamentlərə uyğun daş plitə döşənmiş, rahat oturacaqlar, müxtəlif uşaq oyun elementləri yerləşdirilmişdir.

Tədbiri giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev demişdir ki, 2012-ci ildə respublikamızın digər sahələrində olduğu kimi, idmanda da çox mühüm uğurlar əldə edilmişdir.  Prezident İlham Əliyevin 2012-ci ili "İdman ili" elan etməsi idmançılarımız üçün bir stimul oldu. Ölkəmiz  London Olimpiya Oyunlarında daha böyük uğura imza atdı. Olimpiya komandamız indiyədək qatıldığı Olimpiya oyunları içərisində rekord sayda - 10 medal qazandı. Bu gün uğurlu idman siyasətinin nəticəsi olaraq Azərbaycan dünya idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar. Eyni zamanda, ölkəmiz beynəlxalq miqyaslı turnirlərə ev sahibliyi edərək idman ölkəsi kimi tanınır.

N.Məhəməliyev bildirmişdir ki, cari ildə çoxlu sayda siyasi, mədəni, idman və digər səpkili tədbirlərin ən mötəbər ünvanına çevrilən respublikamız  bütün Avropanın və dünyanın yaxından izlədiyi "Eurovision-2012" mahnı müsabiqəsini də uğurla başa vurdu. Bu müsabiqə ilə bağlı Bakıya gələn hər kəs Azərbaycanın inkişafını, xalqımızın qonaqpərvərliyini, zəngin mədəniyyətini gözləri ilə gördü.  Bununla yanaşı, dünyanın ən nüfuzlu beynəlxalq təşkilatı olan BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilən ölkəmiz etibarlı tərəfdaş, müstəqil siyasət aparan dövlət kimi söz sahibinə çevrilmişdir. Bütün bunlar isə dövlət başçısı cənab İlham Əliyevin uzaqgörən, müdrik siyasəti sayəsində həyata keçirilmişdir.

Daha sonra çıxış edən gənclər və idman naziri Azad Rəhimov demişdir ki,  ölkəmizin qısa müddətdə idman sahəsində əldə etdiyi nailiyyətlər dünyanın nüfuzlu idman təşkilatlarının diqqətindən yayınmamışdır. Məhz beynəlxalq idman təşkilatlarının istəyi ilə Azərbaycanda onlarla Olimpiya lisenziyalı beynəlxalq turnirlər, mötəbər yarışlar, dünyaAvropa çempionatları keçirilmişdir. Azərbaycanda idman sürətlə və uğurla inkişaf edir. İdmanın inkişafı Azərbaycanda dövlət siyasətidir və ölkə rəhbərliyi bunun üçün konkret addımlar atır. İdmançılara olan hörmət cəmiyyətdə yüksək səviyyədədir. Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğısının nəticəsidir.

A.Rəhimov vurğulamışdır ki, "İdman ili"nin son günlərini yaşayırıq: "Cari il Azərbaycan idmanı üçün çox əlamətdar olmuşdur. İdmançılarımız il boyu 700-dən çox medal qazanmışlar. Sözsüz ki, bu ilin təntənəsi London Olimpiadasında qazanılan medallar oldu. Bütün idmançıları təbrik edir, gələcək illərdə bundan da yüksək nailiyyətlər arzulayırıq".

 

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2012.- 25 dekabr.- S.7.