Azərbaycan Prezidenti İlham Əliyev
«Rossiya-24»
telekanalına müsahibə vermişdir
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də "Rossiya-24" telekanalının aparıcısı Evelina Zakamskayaya müsahibə vermişdir. AzərTAc müsahibənin mətnini təqdim edir.
- Salam, cənab Prezident!
- Salam!
- Sağ
olun ki, bu gün bizi burada, Bakıda qəbul edirsiniz. Cənab
Prezident, biz ilə yekun vururuq. Başa
çatmaqda olan ildə Azərbaycanın həyatını
hansı hadisələr müəyyən etmişdir? Bu il Azərbaycan üçün necə
keçmişdir?
-
Bütövlükdə il uğurlu
olmuşdur. Biz ölkənin qarşısında
qoyduğumuz bütün məsələləri həll edə
bilmişik və ümumiyyətlə, gələcəyə
də nikbin baxırıq. Çünki həm
iqtisadi, həm sosial, həm də xarici siyasət sahəsində
istədiklərimizə nail olmuşuq. Əlbəttə,
iqtisadiyyat hər şeyin əsasıdır. Biz şadıq ki, Azərbaycan iqtisadiyyatı öz
inkişafını davam etdirmişdir. Bizə
xüsusilə xoşdur ki, iqtisadiyyatı şaxələndirməyə,
ümumiyyətlə desək, neft-qaz sektorundan
asılılığı azaltmağa nail olmuşuq və
qeyri-neft iqtisadiyyatı təxminən 10 faiz
artmışdır. İnflyasiya bir faiz civarındadır.
Əhalinin real gəlirləri 10 faizdən
çox artmışdır. Yəni, burada
əhalinin rifahının artması da göz
qabağındadır. İşsizlik daha da azalaraq təxminən
5,2 faizə, yoxsulluq 6 faizə
düşmüşdür. Azərbaycan
iqtisadiyyatına təqribən 22 milyard dollar sərmayə
qoyulmuşdur və bunun çox hissəsi daxili
investisiyalardır. Bu da onu göstərir
ki, yerli şirkətlər üçün biznes mühiti
onlara artıq Azərbaycanda da fəal sərmayə qoymaq
imkanı verir.
- Bu
gün qeyri-xammal sektorunun hansı istiqamətləri Azərbaycan
iqtisadiyyatının artımını təmin edir?
- Bizim
üçün bu istiqamətdə prioritet sahə
iqtisadiyyatımızın rəqabət qabiliyyətinin təmin
edilməsi və işsizliyin azaldılmasıdır. Buna görə də biz bu proseslərə iki
mövqedən yanaşırıq. Kənd
təsərrüfatı iqtisadiyyatın çox böyük
potensiala malik olan nəhəng sektorudur. Kənd
təsərrüfatının inkişafı həm də gələcəkdə
məşğulluğun təmin edilməsi deməkdir. Bu sahədə ixrac potensialı kifayət qədər
böyükdür. Əsas qida məhsulları
üzrə biz bir ildən, maksimum iki ildən sonra
özümüzü tam təmin edəcəyik. Bundan sonra isə artıq xarici bazarlara
çıxış prosesi başlanacaqdır.
Texnoloji istiqamətlərin inkişafı
baxımından bizim üçün prioritet sahə, əlbəttə,
informasiya-kommunikasiya texnologiyaları sektorudur. Əgər bütün
işlər plan üzrə getsə, o cümlədən hava
şəraiti imkan versə, fevral ayında biz Azərbaycanın
ilk telekommunikasiya peykini buraxacağıq, bunun
üçün bütün hazırlıq işlərini
tamamlamışıq. Biz artıq kosmik sənaye
yaratmışıq və bu istiqamətdə çox fəal
irəliləyirik. Bundan əlavə, əlbəttə,
genişmiqyaslı sənayeləşmə proqramını həyata
keçiririk. Yaxın vaxtlarda
texnoparkların yaradılması üçün olduqca
güzəştli vergitutma paketi qəbul ediləcəkdir.
Hesab edirik ki, orta və kiçik sahibkarlıqla
yanaşı, böyük sənaye komplekslərinin də
inkişaf etdirilməsi gələcəkdə neft-qaz
sektorundan asılılığı tamamilə aradan
qaldırmağa imkan verəcəkdir.
- Siz bu hədəfləri
hansı dövr üçün müəyyən edirsiniz? Bu, neçə ildən sonra mümkün
olacaqdır və bu asılılıq necə
azaldılacaqdır?
- "Azərbaycanın inkişafı-2020" proqramı
qəbul edilmişdir. Biz hazırda həyata keçirdiyimiz
bütün planları iyirminci ilə qədər tamamilə
reallaşdırmaq niyyətindəyik.
Bütövlükdə son 10 ildən az
müddətdə biz iqtisadiyyatın həcmini üç dəfə
artırmağa nail olmuşuq. Ümumi daxili məhsul
300 faiz artmışdır. Qarşıdakı
10 ildə biz ÜDM-in ikiqat artırılmasını
planlaşdırırıq. Bu, əsasən
qeyri-neft sektorunun hesabına həyata keçiriləcəkdir.
- Azərbaycan
şirkətləri, Azərbaycan iqtisadiyyatı xarici bazarlara
çıxmağı planlaşdırırmı?
- İnvestisiyalar baxımından biz hazırda çox
böyük bir sərmayə layihəsi - Türkiyədə
neft-kimya və neft emalı kompleksi layihəsini həyata
keçiririk.
Bu kompleks bizə təxminən 17 milyard dollar
sırf Azərbaycan investisiyaları hesabına başa gələcəkdir.
Gürcüstanda, Ukraynada da fəal sərmayə
qoyuruq, İsveçrədə, Rumıniyada sərmayə
qoymağa başlamışıq, lap yaxın vaxtlarda isə
Rusiyada investisiya proqramlarına başlamışıq. Belə ki Rusiyada iri investisiya layihələri -
daşınmaz əmlaka və Rusiyanın ən iri kommersiya
strukturlarının səhmlərinə sərmayə
qoyacağıq. Azərbaycan şirkətləri
Rusiyada kənd təsərrüfatı məhsullarının
emalına da sərmayə qoymağa başlamışlar,
artıq ilk layihələr vardır. Belə
ki xarici investisiyalarımızın spektrini genişləndiririk
və Siz tamamilə haqlı olaraq qeyd etdiniz ki, bu, zəruridir.
Ona görə ki, bu gün Azərbaycan
bazarı bizim dövlət investisiyaları üçün
bir qədər azlıq edir.
- Rusiya-Azərbaycan
münasibətlərinin, iqtisadi münasibətlərin
bugünkü vəziyyətini Siz qısaca necə ifadə edərdiniz?
Xatırlayıram ki, iki ay bundan əvvəl
ölkələrimiz azad ticarət haqqında saziş
imzalanmasının 20 illiyini qeyd etmişlər. Bu, bizim müstəqil ölkələrimiz
arasında diplomatik münasibətlər yaradılandan sonra
imzalanmış ilk diplomatik, hüquqi sənəd idi.
- Elədir.
Bütövlükdə bizim münasibətlər
çox dinamik, müsbət inkişaf edir. Biz həllini tələb edən bütün məsələləri
həll etmişik. Sonuncu bu cür
mühüm məsələ dövlət sərhədi
haqqında müqavilə idi. Əlbəttə,
bu, qonşu ölkələr arasında, istənilən
qonşu ölkələr arasında, xüsusən, vaxtilə
vahid dövlətin tərkib hissələri olmuş ölkələr
arasında çox mühüm sənəddir. Bundan əlavə, siyasi məsləhətləşmələr
sahəsində biz daim bütün səviyyələrdə
dialoq aparırıq. Münasibətlərimiz
tərəfdaş münasibətləridir. Hər iki tərəf onları strateji tərəfdaşların
münasibətləri kimi səciyyələndirir. Yəni, bu ifadə münasibətlərin
bütün kompleksini əhatə edir. İqtisadi
sahədə əmtəə dövriyyəsinin strukturu da
yaxşılaşır. Azərbaycana
idxalın həcminə görə Rusiya birinci yerdədir.
Yəni, biz ən çox Rusiyadan mal idxal edirik.
Əlbəttə, Rusiya, ilk növbədə,
bizim kənd təsərrüfatı məhsulları
üçün çox mühüm bazardır. Humanitar sahədə çox işlər
görülür. Məsələn, bu il
Moskva Dövlət Universitetinin filialının artıq yeni
binasının açılmasını qeyd edərdim.
-
Üç il bundan əvvəl Sizinlə
görüşdə regional inteqrasiya proseslərini, postsovet məkanında
inteqrasiya proseslərini şərh edərək demişdiniz
ki, bu təcrübəni diqqətlə öyrənmək və
müşahidə etmək lazımdır. Bu təcrübə
Sizin üçün cəlbedici
olmuşdurmu?
- Biz
mümkün qədər çox sayda ölkə ilə fəal
qarşılıqlı əlaqə yaratmaq əzmindəyik. Məsələn, son dövrün mühüm məqamlarından
biri kimi Azərbaycanın Qoşulmama Hərəkatı təşkilatına
daxil olmasını qeyd etmək istərdim. Hesab edirəm ki, bu, çox vacib, lazımlı,
vaxtında atılmış və əlamətdar
addımdır. Bununla biz, ilk növbədə,
özümüzün dünya üçün açıq
olmağımızı vurğulayırıq, çünki həmin
təşkilatda çoxlu sayda ölkələr birləşir.
Digər tərəfdən, biz dünyadakı gələcək
proseslərdə Azərbaycanın mövqeyini
vurğulayırıq. İqtisadi inteqrasiyaya
gəlincə, biz, əlbəttə, ilk növbədə, məqsədəuyğunluqdan
çıxış edirik. Bu
inteqrasiyanın bizə əlavə iqtisadi səmərə gətirəcəyini
gördüyümüz yerlərdə biz, əlbəttə,
fəal iştirak edirik. İnteqrasiyanın
bizə ya heç nə gətirməyəcəyini, ya da bizi
hətta geri çəkə biləcəyini
gördüyümüz yerlərdə biz yetərincə təmkinli
mövqe tuturuq. Nümunə kimi deyə
bilərəm ki, Azərbaycan indiyə qədər Dünya
Ticarət Təşkilatının üzvü
olmamışdır, hərçənd bizi oraya çox fəal
dəvət edirlər. Lakin biz hər
şeyi "lehinə" və "əleyhinə"
götür-qoy edirik. Əlbəttə,
"lehinə" olan məqamlar da çoxdur, biz
hamımız bunu çox gözəl bilirik, hesab etmişik
ki, bizim iqtisadiyyatın inkişafının indiki mərhələsində
bu, bizim kənd təsərrüfatına, fermerlərə,
xüsusi sahibkarlığa və yerli istehsala ziyan vurar.
- Elə
düşünməyin ki, mən təbliğat aparıram,
lakin məsələn, Gömrük İttifaqı və ya
Vahid İqtisadi Məkan sizə nə ilə ziyan vura bilər?
- Məsələ
ondadır ki, bunun nə ilə ziyan vura biləcəyini
düşünmək lazımdır. Lakin biz
bunu əsas götürürük ki, bu bizə nə kimi
kömək edə bilər. Bax burada,
açığını deyirəm, biz hələlik
özümüz üçün elə bir səmərə
görməmişik. Digər tərəfdən,
bizim ölkənin iqtisadi vəziyyəti yetərincə
sabitdir. Kifayət qədər valyuta
ehtiyatlarımız var, iqtisadiyyatımız şaxələndirilmişdir,
ölkəmiz tamamilə özünü təmin etmək
iqtidarındadır, zəngin təbii yataqlar, şaxələnmiş
neft-qaz kəmərləri şəbəkəsi, əlverişli
coğrafi mövqe, nəqliyyat logistikası vardır. Bu
yerdə rusların yaxşı bir məsəli yada
düşür: "Yaxşıdan yaxşısını
axtarmağa dəyməz". Buna görə də
əgər biz nəyisə daha yaxşı etmək
üçün həqiqətən, real perspektivlər
olduğunu görsək, əlbəttə, istənilən
birliyə daxil olacağıq və bu mənada bizdə
heç bir tabu yoxdur.
- Amma hələlik
"qoşulmama" - Sizin mövqeyinizdir, eləmi?
-
Ümumiyyətlə, elədir.
- Siz Rusiya ilə əməkdaşlığın
formalarından biri, əməkdaşlığın
mühüm istiqamətlərindən biri kimi onunla siyasi məsləhətləşmələri
xatırlatdınız. Rusiya Dağlıq Qarabağ məsələsinin
tənzimlənməsində müstəsna dərəcədə
maraqlıdır, ən yaxın qonşular arasında sülh
və əmin-amanlıq olmasında müstəsna dərəcədə
maraqlıdır. Lakin bu mövzuda diskussiya
əvvəlki kimi gərgin olaraq qalır. Siz bu məsələdə
ilin yekunlarını necə qiymətləndirirsiniz?
- Mən
bu ilin yekunlarını mənfi yekunlar kimi qiymətləndirirəm.
Ona görə ki, uzun illər ərzində
danışıqlar prosesi bu il durğunluq
mərhələsinə qədəm qoymuşdur. Bizim fikrimizcə, bunun əsas səbəbi məhz
ondan ibarətdir ki, erməni tərəfi status-kvo vəziyyətini
bütün vasitələrlə saxlamaq istəyir. Onlar münaqişənin tənzimlənməsini istəmirlər,
çünki tənzimləmə işğalın ləğv
edilməsini nəzərdə tutur. Bu
gün təkcə Dağlıq Qarabağ deyil, həm də
heç vaxt Dağlıq Qarabağ vilayətinin tərkibində
olmamış yeddi rayon da işğal altındadır. Həmin rayonlarda erməni əhalisi
yaşamamış, azərbaycanlı əhali
yaşamışdır. Yəni, onlar
hamısı oradan qovulmuşdur. Bu gün
Ermənistanın həmin əraziləri işğal etməsinə
haqq qazandırması getdikcə mürəkkəbləşir.
Buna görə də status-kvonun dəyişməsi
münaqişənin tənzimlənməsi üçün əsas
ilkin şərtdir.
Müsbət məqamlara gəldikdə, - həmişə,
hətta çıxılmaz vəziyyətdə də nə
isə yaxşı məqamlar axtarmağa çalışmaq
lazımdır, - mən Minsk qrupunun həmsədr ölkələrinin
- Rusiya, Fransa və ABŞ-ın rəhbərlərinin
status-kvonun qəbuledilməz olması barədə bəyanatlarını
qeyd etmək istərdim. Status-kvonu dəyişmək
üçün Azərbaycan ərazilərinin işğaldan
azad edilməsinə başlamaq zəruridir. Bu proses
başlayan kimi, əminəm, danışıqlar prosesinə
yeni təkan veriləcəkdir. Ermənistanın
hər şeyi olduğu kimi saxlamaq və danışıqlar
prosesində indiki vəziyyətə görə məsuliyyəti
Azərbaycanın üstünə yıxmaq cəhdlərinə
isə haqq qazandırmaq olmaz. Təbliğat
baxımından onlar bəlkə də, hələlik hər
şeyə görə bizi təqsirləndirə bilərlər.
Lakin məsələnin mahiyyətinə baxsaq, hesab edirəm
ki, Azərbaycanın mövqeyi həmişə
ardıcıl, prinsipial olmuş və beynəlxalq hüququn
prinsip və normalarına əsaslanmışdır. Yeri gəlmişkən,
2008-ci ildə Ermənistan özü Moskvada bizimlə və
Rusiya tərəfi ilə birlikdə Mayndorf bəyannaməsini
imzalamışdır. Məhz həmin sənəddə
yazılmışdır ki, qərar beynəlxalq təşkilatların
qətnamələrinə və qərarlarına əsaslanmalıdır.
Bu cür qətnamələr və qərarlar
isə istənilən qədərdir. BMT Təhlükəsizlik
Şurası erməni işğalçı qüvvələrinin
bizim ərazidən çıxarılmasını tələb
edən dörd qətnamə qəbul etmişdir. Bütün sənədlərdə Helsinki Yekun
Aktına da istinadlar vardır. Helsinki
aktında xalqların təyini-müqəddərat hüququ ərazi
bütövlüyünün pozulması demək deyildir.
Helsinki aktının sənədlərini diqqətlə
oxusaq, xalqların təyini-müqəddəratını məhz
ölkələrin ərazi bütövlüyü çərçivəsində
həyata keçirmək nəzərdə tutulur.
Azərbaycanın ərazi bütövlüyü
bütün dünya tərəfindən
tanınmışdır. Dağlıq
Qarabağ həm tarixən, həm də hüquqi və siyasi
baxımdan Azərbaycanın ayrılmaz hissəsidir. 2009-cu ilin sonunda Minsk qrupunun həmsədrləri tərəfindən
təklif edilən formul Azərbaycan tərəfindən qəbul
olunmuş və Ermənistan tərəfindən rədd
edilmişdir. Sonrakı
danışıqlar prosesində bu dəqiq formulun şəklini
dəyişən məqamlar baş vermişdir. Nəticədə
bu vəziyyət erməni tərəfinə spekulyasiya etməyə
imkan vermişdir: guya Azərbaycan nədənsə imtina
etmişdir. Bu, həqiqətə əsla
uyğun deyildir. Biz nizamlamada ən
çox marağı olan tərəfik. Ona
görə ki, bizim ərazilərimiz işğal
altındadır və bizim qaçqınlar doğma evlərinə
qayıda bilmədiklərinə görə əziyyət
çəkirlər.
- Əgər, Sizin dediyiniz kimi, qarşı tərəf
sadəcə, hər şeyi olduğu kimi saxlamaq istəyirsə,
danışıqlar üçün Siz daha nə qədər
vaxt müəyyən edirsiniz?
- Hələlik
biz ümid edirik ki, vasitəçilik funksiyasını öz
üzərinə götürmüş ölkələr bu
prosesdə daha fəal iştirak edəcəklər və təhlükəsizlik
tədbirlərinin təmin edilməsi prosesində deyil, məhz
tənzimləmə prosesində iştirak edəcəklər.
Axı, təhlükəsizlik tədbirlərinin
əlavə təminatı danışıqlar prosesinə
ziyan vura bilər. Çox vaxt bizi onda təqsirləndirməyə
çalışırlar ki, Azərbaycan etimad tədbirlərinin
möhkəmlənməsini istəmir, Azərbaycan təmas xəttində
möhkəm atəşkəs rejimi yaradılmasını istəmir.
Lakin əvvələn, atəşkəs rejimi
iki tərəfdən pozulur. Digər tərəfdən,
danışıqlar prosesinin mahiyyətini təşkil edən
işğala son qoyulması məsələsi həll edilmədən,
bu yolda irəliləyiş olmadan hər hansı başqa tədbirləri
o qədər vacib təsəvvür etmirik. Əsas məsələ
budur ki, vasitəçilər danışıqlar prosesinin
mahiyyəti sahəsində fəal iş aparsınlar. Bunun nə qədər davam edəcəyini zaman
göstərər. Mən hər hansı
proqnozlar verməyə çətinlik çəkirəm.
Lakin hesab edirəm ki, bu status-kvo vəziyyəti
bizim üçün nə qədər ağır olsa da, Ermənistan
üçün eyni dərəcədə təhlükəlidir.
Ona görə ki, əgər onlar regionda qüvvələrin
tarazlığı və ümumiyyətlə, regionda vəziyyət
baxımından heç olmasa, ortamüddətli perspektivi, məsələn,
Azərbaycanın güclənməsi perspektivini
götür-qoy etsələr, aydın olar ki, 5-10 ildən
sonra onların vəziyyəti indikindən daha ağır
olacaqdır. Azərbaycanla düşmənçilik
etmək və bizim torpaqlarımızı işğal
altında saxlamaq onlar üçün çətin və
müəyyən dərəcədə təhlükəli
olacaqdır. Əgər onlar hazırda Dağlıq
Qarabağda yaşayan adamların bundan sonra da təhlükəsiz
şəraitdə yaşamasını istəyirlərsə,
işğalçı qüvvələrin bizim ərazidən
çıxarılması prosesini başlamalıdırlar.
- Cənab
Prezident, təklif edirəm ki, bir qədər də yalnız
sülh yolu ilə, incikliksiz həll edilən mübahisələr
barədə danışaq. Mən idmanı nəzərdə
tuturam. Əvvələn, Azərbaycanı təbrik etmək
istərdim: London Olimpiadasında siz, mənim fikrimcə, tarixdə
ən yaxşı nəticə göstərdiniz - 10 medal. Güləşçilər
Azərbaycan üçün, yeri gəlmişkən, elə
Rusiya üçün də medalların əsas təchizatçıları
oldular. Bu gün idmançılar
üçün hansı şərait yaradılır və
Siz Qış Olimpiadasına necə hazırlaşırsınız?
- Əlbəttə, Qış Olimpiadasına ümidlərimiz
çox deyil.
Biz hələ qış idmanı növlərini
inkişaf etdirməliyik. Axı, hər
halda, Azərbaycan cənub ölkəsidir. Lakin London Olimpiadasının nəticələri, əlbəttə,
bizi sevindirir, ruhlandırır və bu nəticələr
çoxillik gərgin işlə təmin edilmişdir. Biz həqiqətən, tarixi uğur qazanmış,
ümumi komanda hesabında 30-cu yeri və Avropada 15-ci yeri
tutmuşuq. Lakin bu il, lap yaxın
vaxtlarda daha bir mühüm, mən deyərdim ki, tarixi qərar
qəbul edilmişdir - ilk Avropa Olimpiya Oyunlarının
Bakıda keçirilməsi haqqında qərar. Bildiyiniz kimi, indiyə qədər heç vaxt Avropa
Olimpiya Oyunları keçirilməmişdir. Düzdür, Olimpiya oyunlarının təməli
Avropada qoyulmuş və baron de Kuberten tərəfindən
Avropada bərpa edilmişdir. Lakin nədənsə,
başqa qitə oyunlarından fərqli olaraq Avropa oyunları
heç vaxt keçirilməmişdir. Bu
oyunların keçirilməsi haqqında qərar qəbul ediləndə
mən çox şad oldum ki, Avropa idman ailəsi bu
oyunların Bakıda keçirilməsinə böyük
üstünlüklə səs vermişdir. Odur ki, biz hazırlaşırıq.
Böyük oyunlardan fərqli olaraq Avropa oyunlarına
hazırlaşmaq üçün cəmi iki il
vaxtımız var. Böyük oyunlara 6-7 il
hazırlaşırlar, lakin biz 2015-ci ildə Birinci Avropa
Olimpiya Oyunlarını keçirmək ümidindəyik. Bununla biz həm də, ümumiyyətlə desək,
idman nailiyyətləri və Olimpiya hərəkatının
inkişafı mərkəzinə çevriləcəyik.
- Mən
onu əlavə etmək istərdim ki, bu, Azərbaycanı
Avropanın bir hissəsi kimi tanımaq deməkdir, çox cəhətdən
siyasi əhəmiyyətli qərardır.
- Əlbəttə, elədir. Siz tamamilə haqlısınız, bu, Azərbaycanı Avropanın bir hissəsi kimi tanımaq deməkdir. Ona görə ki, yəqin siz də bilirsiniz, indiyə qədər Azərbaycanın Avropanın bir hissəsi olub-olmaması barədə diskussiyalar Avropada, o cümlədən Azərbaycanda da davam edir. Bizim coğrafi mövqeyimiz elədir ki, bu barədə iki fikir ola bilər və prinsip etibarilə hər iki fikir məqbuldur. Biz həm Avropa Şurası Təşkilatının, həm də İslam Əməkdaşlıq Təşkilatının iştirakçısıyıq. Ona görə ki, biz bu qitələrin qovuşduğu məkanda yerləşirik və düşünürəm ki, bu qərar olduqca ölçülüb-biçilmiş, müdrik, düzgün qərardır. Yeri gəlmişkən, fürsətdən istifadə edib, bizim namizədliyimizi fəal dəstəklədiyinə görə Rusiya Olimpiya Komitəsinə təşəkkür etmək istərdim. Bu dəstək təkcə bizim namizədliyimizin lehinə səs verməkdə deyil, həm də çox fəal mənəvi dəstəkdə ifadə olunmuşdur. Buna görə biz rusiyalı dostlarımıza çox təşəkkür edirik.
- Bu ona görədir ki, Rusiyada Azərbaycana qonaq gəlməyi çox istəyirlər.
- Mən düşünürəm ki, bu məhz Sizinlə danışdığımız məsələlərə görə belədir. Bizim ölkələrimiz arasında münasibətlər həqiqətən, çox müsbət istiqamətdə inkişaf edir və onların çox möhkəm təməli vardır.
- Sizə uğurlar arzulayıram. Çox sağ olun. Bilirəm ki, bizdə, Rusiyada qarşıdan gələn doğum günü münasibətilə təbrik etmək qəbul olunmamışdır. Lakin biz Sizinlə hər gün görüşmədiyimizə görə, hər halda, özümə rəva görürəm ki, Sizi təbrik edim, şəxsən Sizə və ailənizə ən xoş arzularımı bildirim.
- Sağ
olun. Çox sağ olun. Mən də
fürsətdən istifadə edərək bütün
rusiyalıları qarşıdan gələn Yeni il münasibətilə təbrik etmək istəyirəm.
Hamınıza xoşbəxtlik, cansağlığı,
firavanlıq arzulayıram.
Azərbaycan.-2012.- 26 dekabr.- S.1-2.