«Azərbaycanın güclənən mövqeyi, artan qüdrəti Dağlıq

 Qarabağ münaqişəsinin əlli perspektivini yaxınlaşdırır»

 

"Son bir neçə ildə münaqişənin həlli istiqamətində aparılan danışıqlarda həmsədr dövlətlərin verdiyi bəyanatlar Azərbaycanın mövqeyinə tam uyğun gəlir". APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov YAP-ın saytına müsahibəsində deyib.

N.Məmmədov qeyd edib ki, bu il Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişə nail olunmasa da, 2012-ci ili itirilmiş il hesab etmir: "Azərbaycanın atdığı addımlar, qazandığı nailiyyətlər istər-istəməz beynəlxalq münasibətlər sistemində özünə yer tapıb, ona təsir edirsə, regional çərçivədə bunun təsirləri daha güclüdür. Qonşu dövlətlər bu təsirləri kifayət qədər ciddi hiss edir. Doğrudur, münaqişənin yekun həllinə nail olunması baxımından istənilən irəliləyiş əldə edilməsə də, son bir neçə ildə bu istiqamətdə aparılan danışıqlarda həmsədr dövlətlərin verdiyi bəyanatlar - Akvil, Muskok və digərləri Azərbaycanın mövqeyinə tam uyğun gəlir. Bu bəyanatlar bu il nəticə verməsə də, bu ilin özündə iz qoydu. Təbii ki, gələn il bu bəyanatlar qarşıya daha güclü tələb kimi çıxacaq. Ona görə də düşünürük ki, Ermənistan tərəfi danışıqları uzatmaq üçün nə qədər bəhanəyə əl atır-atsın, nə qədər səy göstərir-göstərsin, buna nail ola bilməyəcək.

Status-kvo mütləq dəyişməlidir və dəyişəcək. Artıq Azərbaycanın güclənən mövqeyi, artan qüdrəti münaqişənin həlli perspektivini yaxınlaşdırır. Biz bu günə qədər dəfələrlə demişik ki, status-kvo dəyişməlidir, indi isə həmsədr dövlətlərin rəhbərləri özləri bəyan edir ki, status-kvo davam edə bilməz. Biz istəyirik ki, beynəlxalq hüquq işləsin, güclü beynəlxalq təşkilatlar bu işlə daha ciddi səylə məşğul olsun. Əlbəttə ki, burada müəyyən məsələlər var, biz bunu yaxşı bilirik. Ammaolursa-olsun, biz torpaqlarımızı azad edəcəyik. Buna heç kəsin şübhəsi olmasın".

Münaqişənin həllinə vasitəçilik edən missiyanın formatının dəyişdirilməsi məsələsinə də münasibət bildirən PA rəsmisi, formatın dəyişdirilməsi ilə bağlı müəyyən fikirlər səsləndirilsə də, hələ ki buna ehtiyac olmadığını deyib: "Əgər həmsədr ölkələr tələbkar olsalar, beynəlxalq hüququn norma və prinsiplərinin təmin olunmasında iradə göstərsələr, onda müvafiq nəticə əldə oluna bilər, formatın dəyişdirilməsinə ehtiyac da qalmaz. Amma çox təəssüflər olsun ki, biz hələ bunu görmürük. Ümumiyyətlə, mən bu barədə bir neçə dəfə demişəm. Yenə təkrar etmək istəyirəm ki, bu dünya hələlik kamil dünya deyil. Beynəlxalq münasibətlərdə gedən proseslər kamil deyil. Bu gün dünya təkcə iqtisadi və maliyyə böhranı keçirmir. Bununla bərabər, dünyada beynəlxalq hüquq problemi yaşanır. Çox təəssüflər olsun ki, Qərbin özündə bir sıra dairələrin çox güclü şəkildə Ermənistanın yanında olduğu görünür. Göz görə-görə proseslərə özlərinin yanaşmasını ortaya qoyurlar. Bu da bayaq dediyimiz kimi, beynəlxalq ədalət, hüquq böhranının olmasını göstərir. Belə olan halda təkcə kiçik dövlətlər üçün problem yaranmır, təkcə kiçik dövlətlər ziyan görmür. Gec-tez bu, bütün dünya birliyi üçün, bəşəriyyət üçün ciddi bir problemə çevrilə bilər. Unutmaq olmaz ki, dünyada bütün böyük sosial, iqtisadi, siyasi problemlər məhz ədalət prinsipinin pozulmasından sonra meydana çıxır".

 

 

Azərbaycan.-2012.- 26 dekabr.- S.4.