Göyçayda «Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq

 məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu»

 mövzusunda konfrans keçirilmişdir

 

Dekabrın 25-də Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Göyçay şəhərindəki Heydər Əliyev Mərkəzində "Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu" mövzusunda konfrans keçirilmişdir.

Konfransın iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Göyçay şəhərindəki abidəsi önünə gül dəstələri qoymuş, əziz xatirəsini ehtiramla yad etmişlər.

Tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, Milli Məclisin deputatı Sabir Hacıyev, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev çıxış edərək hazırda ölkə əhalisinin 60 faizini təşkil edən gənclərə göstərilən yüksək dövlət qayğısından söz açmışlar. Natiqlər əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin uğurlarından, gənclərin ölkəmizin ictimai-mədəni, sosial-iqtisadi həyatında fəal iştirakından, beynəlxalq tədbirlərdə, möhtəşəm idman yarışlarında Azərbaycanı layiqincə təmsil etmələrindən danışmışlar. Həmçinin Azərbaycan gənclərinin qazandıqları nailiyyətlərdən, gənclərin ana dilimizə yüksək önəm vermələrindən, onların yüksək vətənpərvərlik ruhunda tərbiyə edilmələrindən, dövlətin gənc nəslin sağlamlığı istiqamətində həyata keçirdiyi tədbirlərdən bəhs edilmişdir.

Konfransda çıxış edənlər bildirmişlər ki, Azərbaycan gəncini həmişə ağıllı, güclü, məntiqli, müstəqil görmək istəyən ümummilli lider Heydər Əliyevin fərmanı ilə 1994-cü ilin iyulunda Gənclər və İdman Nazirliyi yaradılmışdır. 1996-cı il fevralın 2-də ölkədə ilk dəfə keçirilən gənclər forumunda ulu öndər Heydər Əliyev gənclərə müraciətlə demişdir: "Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə tapşıracağıq. Ona görə də Azərbaycan dövlətini yaşatmaq, inkişaf etdirmək üçün hazır olun". Qeyd edilmişdir ki, hazırda ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir.

Prezident İlham Əliyevin 2011-ci il 7 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının əhəmiyyətindən, Gənclər və İdman Nazirliyi yanında yaradılan Gənclər Fondunun fəaliyyətindən danışan tədbir iştirakçıları Azərbaycan gənclərinin hazırkı durumu, onların qayğıları və digər məsələlərlə bağlı fikir mübadiləsi aparmışlar. Bildirilmişdir ki, ulu öndər Heydər Əliyevin nurlu ideyalarına sadiq olanonlardan bəhrələnən Azərbaycan gəncləri Prezident İlham Əliyevin ətrafında sıx birləşərək Vətənimizin tərəqqisi naminə var qüvvələri ilə çalışacaqlar.

Tədbirdə məlumat verilmişdir ki, hazırda Göyçayda 32 min 500 gənc yaşayır. Rayonun orta ümumtəhsil məktəblərində 16 min şagird təhsil alır. Gənclərdən 20 min 727 nəfəri bədən tərbiyəsi və idmana cəlb edilmişdir. Göyçay şəhərində fəaliyyət göstərən Olimpiya İdman Kompleksində isə 800-ə yaxın gənc müntəzəm olaraq idmanla məşğul olur. Rayon gəncləri Heydər Əliyev Mərkəzində onlar üçün yaradılan şəraitdən geniş bəhrələnir. Hazırda Göyçay şəhərində gənclər mərkəzi inşa edilir.

 

 

AzərTAc

Azərbaycan.-2012.- 26 dekabr.- S.5.