«Sağlam ailə sağlam gələcəyin təminatıdır»
Dekabrın 25-də Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) Ədliyyə Nazirliyi və Səbail Rayon İcra Hakimiyyəti ilə birlikdə "Sağlam ailə sağlam gələcəyin təminatıdır" aksiyası çərçivəsində konfrans keçirmişdir.
Əvvəlcə tədbir iştirakçıları mərkəzin foyesində qurulmuş uşaqların rəsm və əl işlərindən ibarət sərgi ilə tanış olmuşlar. Daha sonra layihənin təqdimatı olmuşdur.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov gənc nəslin tərbiyəsinə və sağlam həyat tərzinin təbliğinə istiqamətləndirilmiş tədbirlərin əhəmiyyətini vurğulamış və qeyd etmişdir ki, Azərbaycan xalqı dərin tarixi köklərə, milli-mənəvi dəyərlərə malikdir. Ailənin möhkəmliyi, onun daxilindəki səmimi münasibətlər, ailə başçısı və yaşlı nəslə olan hörmət və ehtiram ənənələri xalqımıza hər zaman xas olan cəhətlərdən olmuşdur. Bu milli ənənələr illər boyu qorunub saxlanılmış və gələcək nəsillərə ötürülmüşdür. Hazırda rayonda 22 min 742 ailə yaşayır və yeni yaranmış ailələrin sayında ilbəil artım müşahidə olunur. Müsbət haldır ki, son 10 ildə rayonda yeni doğulan körpələrin sayında da ilbəil artım müşahidə olunmuşdur. Rayonda gənc ailələr arasında 2009-cu ildə bağlanmış 110 nikahın 33-ü, 2010-cu ildə 147 nikahın 31-i, 2011-ci ildə isə 165 nikahın 48-i sonradan pozulmuşdur. Bu neqativ halın qarşısının alınması istiqamətində təkcə icra strukturları deyil, cəmiyyətin bütün təbəqələrinin iştirakı vacib şərtdir.
AQUPDK-nın sədri Hicran Hüseynova dövlət siyasətində ailə məsələsinin prioritet olduğunu vurğulamışdır.
Komitə sədri ailə dəyərlərinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyətini qeyd etmiş, ölkədə milli-mənəvi dəyərlərin, xüsusən müqəddəs ailə ənənələrinin qorunması istiqamətində əhəmiyyətli layihələr həyata keçirildiyini diqqətə çatdırmışdır.
Nikahdan əvvəl tibbi müayinənin, nikah müqavilələrinin bağlanmasının zəruriliyini qeyd edən H.Hüseynova bildirmişdir ki, bu sənədlərin imzalanması qanunvericilikdə evlənən tərəflərin gələcəkdə risklərdən sığortalanması üçün vacib amildir.
H.Hüseynova komitəyə daxil olan şikayət ərizələrindən danışaraq bildirmişdir ki, əksər hallarda məlum olur ki, tərəflər, xüsusən qadınlar öz hüquqlarını bilmirlər. Bu məqsədlə bölgələrdə əhali arasında maarifləndirmə işləri aparılır.
"Sağlam ailə sağlam cəmiyyətin təməlidir" mövzusunda təşkil olunan silsilə tədbirlərin əhəmiyyətini qeyd edən komitə sədri bu məsələlər ətrafında layihələrin davam etdiriləcəyini bildirmişdir.
Milli Məclisin Sosial-siyasət komitəsinin sədri Hadi Rəcəbli "Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikası Qanununun icrasından, qarşıya çıxan problemlərdən danışmış, bu sahədə gənclərin hüquqi maariflənməsinin vacibliyini qeyd etmişdir.
Tədbirin
sonunda Şüvəlan Uşaq və Ailələrə Dəstək
Mərkəzinin, "Müşfiq" Əlil Uşaqlara
Yardım İctimai Birliyinin, Azərbaycanda Daun Sindromlu
İnsanların Assosiasiyasının, Milli Təhlükəsizlik
Nazirliyi Mədəniyyət Mərkəzinin istedadlı
uşaqlarının ifalarında konsert proqramı ilə
çıxış etmişlər.
AzərTAc
Azərbaycan.-2012.- 26 dekabr.- S.5.