Fransanın «Diplomatik dünya» qəzetində «Dağlıq Qarabağda daim

müharibə vəziyyəti» sərlövhəli məqalə dərc edilmişdir

 

Fransanın aylıq "Diplomatik dünya" ("Le monde diplomatique") qəzetinin dekabr nömrəsində xüsusi müxbir Filip Dekampın "Dağlıq Qarabağda daim müharibə vəziyyəti" sərlövhəli məqaləsi dərc edilmişdir. Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə və ətraf rayonlara səfər edən və hadisələrin gedişini araşdıran jurnalist münaqişənin səbəbləri barədə ətraflı məlumat verir.

Müəllif Azərbaycanın işğal altındakı Şuşa, Kəlbəcər, Xankəndi, Ağdam və digər rayonlarına səfərlərindən aldığı təəssüratlarını oxucularla bölüşür.

Yazıda xüsusi vurğulanır ki, qondarma "Dağlıq Qarabağ Respublikası" dünyanın müxtəlif ölkələrindəki erməni diasporunun yardımları hesabına fəaliyyət göstərir. Xarici ölkələrdə yaşayan imkanlı ermənilərin maliyyə yardımlarının böyük hissəsi də bu üzdəniraq "respublika"ya axır. Bildirilir ki, başqalarının əlinə baxmağa vərdiş edən Ermənistan rəsmiləri utanmadan bu ianədən pay umur, hətta əksər hallarda yeyintiyə yol verirlər.

Regionun tarixi mərkəzi hesab edilən Şuşaya səfəri zamanı burada qarşılaşdığı mənzərənin onu dəhşətə gətirdiyini diqqətə çatdıran Filip Dekamp şəhərin tamamilə dağıldığını, iki böyük məscidin və köhnə bazarın xarabaya çevrildiyini qeyd edir.

Müəllif yazır ki, Ermənistan tərəfi Xocalı aeroportunu istifadəyə verməyə çalışır. Aeroport Azərbaycanın işğal altındakı ərazisində yerləşir. Rəsmi Bakı uçuşları qeyri-qanuni hesab edir və Azərbaycanın hava məkanını pozan istənilən təyyarənin vurulması haqqına malik olduğunu bildirir.

Yazıda 1992-ci ilin fevralında Xocalıda erməni hərbi birləşmələri tərəfindən soyqırımının törədilməsi də diqqətə çatdırılır.

BMT Təhlükəsizlik Şurasının işğal edilmiş Azərbaycan ərazilərinin dərhal və qeyd-şərtsiz boşaldılması barədə qətnamələrinə Ermənistanın etinasızlıq göstərdiyini xatırladan fransız jurnalist Dağlıq Qarabağın ətrafında yerləşən Füzuli, Cəbrayıl və regionun əsas ticarət mərkəzi hesab edilən Ağdam rayonlarında hərbi əməliyyatlar zamanı on minlərlə evin ermənilər tərəfindən tamamilə talan edildiyini, istifadəyə yararlı əşyaların mənimsənildiyini, yerdə qalanlara isə od vurulduğunu, şəhərlərin xarabalığa çevrildiyini diqqətə çatdırır.

Ermənilərin işğal etdikləri əraziləri özününküləşdirmək cəhdlərindən bəhs edən müəllif yazır: "İşğal olunmuş və əhalisi silah gücünə çıxarılan torpaqlarda yaşayan ermənilər özlərinə haqq qazandırmaq üçün müxtəlif bəhanələrə əl atırlar. Ağdamın şimalından 7 kilometr uzaqlıqdakı məsafədə tapılan qədim yunan dövrünə aid abidəni ermənilər özününküləşdirərək dərhal Tiqranakert adlandırmışlar".

Jurnalist heç bir tarixi anlayışı olmayan erməni nəzarətçinin  tarixi saxtalaşdırmasına istehza ilə yanaşaraq yazır: "Erməni nəzarətçi Ağdam ərazisində tülkü yuvası qazarkən bir divara rast gəldiyini və bu barədə arxeologiya institutuna xəbər verdiyini bildirir. Həmin yerdə qazıntı işləri apararkən VI əsrə aid erməni kilsəsinə rast gəlindiyi, burada eramızdan əvvəl 95-94-cü illərə məxsus bir şəhərin qalıqlarının aşkar edilməsi kimi cəfəng fikrin söyləndiyi qeyd edilir". Müəllif vaxtilə Azərbaycan ərazisində yaşamış alban tayfalarına məxsus abidələrin ermənilər tərəfindən özününküləşdirildiyini yazır.

Məqalədə Prezident İlham Əliyevin "...biz diplomatik səylərimizi davam etdiririk, ancaq, eyni zamanda, ərazi bütövlüyümüzü bərpa etmək üçün əlimizdən gələni edəcəyik" fikrinə istinad edilərək Azərbaycanın işğal altındakı torpaqlarını geri qaytarmaqda israrlı olduğu qeyd edilir.

 Jurnalist müharibənin Ermənistan üçün əsl faciəyə çevrildiyini,  iqtisadi cəhətdən çox ağır vəziyyətdə olan bu ölkəni 1 milyon 300 min erməninin tərk etdiyini yazır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli istiqamətində ATƏT-in Minsk qrupunun 20 il ərzindəki fəaliyyətinin heç bir nəticə vermədiyini xatırladan Filip Dekamp bölgədə sabitliyin nisbi olduğunu, müharibənin hər an başlaya biləcəyi ehtimalının olduğunu qeyd edir.

Məqalə ilə yanaşı verilmiş xəritədə Azərbaycanın işğal altındakı əraziləri ayrılıqda göstərilmiş, ölkəmizə dair müəyyən məlumatlar yer almışdır.

 

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Paris

Azərbaycan.-2012.- 26 dekabr.- S.6.