Səhnə rəssamlığının
tarixi
Tamaşanın ideya-bədii üslubunu açan, dramaturqun və quruluşçu rejissorun niyyətinə aydınlıq gətirən, səhnə tərtibatının mükəmməl kompozisiyasını tapan, onun ayrı-ayrı detallarda və rənglərdə həllinə nail olan rəssamın işi həmişə maraqlı olub.
Azərbaycan Teatr Xadimləri İttifaqının rəssamlıq nümunələri ilə bəzədilmiş foyesində əməkdar rəssam Arif Əbdürrəhmanovun "Teatrda rəssamın rolu" kitabının təqdimat mərasimi keçirilib. Mədəniyyət və Turizm Nazirliyi, Rəssamlar İttifaqı, Rəssamlıq Akademiyası, Mədəniyyət və İncəsənət Universiteti mütəxəssislərinin iştirakı ilə keçirilən tədbiri Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, xalq artisti, professor Azər Paşa Nemətov açıb. O qeyd edib ki, Azərbaycanda teatr rəssamlığına dair istər dərslik, istərsə də ədəbiyyatlar bugünə kimi rus dilində olub. Bu baxımdan kitab ilk növbədə teatr rəssamı ixtisası üzrə təhsil alan tələbələr, eləcə də yaradıcılığı səhnədən başlayan gənc rəssamlar üçün olduqca dəyərli vəsaitdir.
Sənətşünaslıq doktoru, professor Məryəm Əlizadənin aparıcılığı ilə keçirilən təqdimat mərasimində çıxış edən natiqlərin fikrincə, teatrın dünyada nə zaman yaranması bu gün də konkret tarixə söykənmir. Məlum olanı budur ki, bütün qitələrdə (təbii ki, insan yaşayışının mümkün olduğu ərazilərdə) teatrın yaranması hər hansı mərasimlə bağlı olub. Küçə və meydan dövrünü keçirəndə teatrda bədii tərtibata o qədər də ehtiyac duyulmayıb. Lakin, zaman keçdikcə (bütün sahələrdə sənətkarlığın inkişaf mərhələləri olub) tamaşanın təsir gücünü artırmaq, onu özfəaliyyətdən professional səviyyəyə qaldırmaqda incəsənətin digər növlərindən istifadə edilib ki, onlardan biri də teatr rəssamlığıdır.
Xətai Miniatür Mərkəzinin direktoru, xalq rəssamı Arif Hüseynov, Rəssamlar İttifaqının gənclər bölməsinin sədri, xalq rəssamı Mais Ağabəyov, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev müəllifin uzun illər ərzində toplayıb nəşrə hazırladığı kitabın digər bu tipli toplulardan fərqini də dilə gətiriblər. Qeyd olunub ki, indiyə kimi rəssamın kitab müəllifi kimi təqdim olunması nadir hallarda baş verib. Lakin əməkdar rəssam Arif Əbdürrəhmanov bu əsəri ilə bir daha təsdiqlədi ki, o, kitab müəllifi də ola bilərmiş. Haqqında mükalimə yürüdülən, bütün məziyyətləri barədə ətraflı söz açılan kitab mütəxəssis araşdırması və tədqiqatının məhsulu kimi elmi və ədəbi ictimaiyyətin diqqət mərkəzində olacaq və stolüstü nəşrlərdən birinə çevriləcək.
Sonda
müəllif - Azərbaycan
Dövlət Rəssamlıq
Akademiyasının dosenti və "Rəngkarlıq"
kafedrasının müəllimi Arif Əbdürrəhmanov
yaradıcılığını yüksək dəyərləndirən
həmkarlarına və kitabın işıq üzü
görməsində ona maliyyə yardımı göstərən
Azərbaycan Teatr Xadimləri İttifaqının rəhbərliyinə
təşəkkürünü bildirib.
Məhəmməd
NƏRİMANOĞLU,
Azərbaycan.-2012.- 26 dekabr.- S.7.