Yol-nəqliyyat hadisələri ilə əlaqədar
təhlükəsizlik tədbirlərinin gücləndirilməsi
və yol hərəkətinin tənzimlənməsi
sahəsində idarəetmənin şəffaflığının
artırılması ilə bağlı tədbirlər
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi ölkənin avtomobil yolları şəbəkəsinin və yol infrastrukturunun bərpasına və yenidən qurulmasına güclü təkan vermiş, yeni avtomobil yollarının salınması, nəqliyyat qovşaqlarının və körpülərin tikintisi geniş vüsət almışdır. Yol hərəkətini tənzimləyən qanunvericiliyin müddəalarının pozulmasına görə məsuliyyət tədbirləri sərtləşdirilmiş, bu sahədə sui-istifadə hallarına qarşı ciddi tədbirlər görülmüş, yol patrul xidməti əməkdaşlarının sosial müdafiəsi gücləndirilmişdir. Görülən tədbirlər ölkə ərazisində yol hərəkətinin fasiləsiz və təhlükəsiz təmin edilməsində mühüm əhəmiyyət kəsb etmişdir.
Buna baxmayaraq, son zamanlar sürücülərin təhlükəsizlik tələblərini pozmaqla, o cümlədən sərxoş halda, sürət həddini aşmaqla nəqliyyat vasitələrini idarə etməsi ilə əlaqədar ağır nəticələrə səbəb olan yol-nəqliyyat hadisələrinin sayı artmışdır.
Yol-nəqliyyat hadisələrinin baş vermə səbəblərinin aradan qaldırılması, bu hadisələrlə bağlı aparılan təhqiqat, istintaq və ekspertizalar zamanı yol verilən korrupsiya və digər sui-istifadə hallarının qarşısının alınması və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası
Prezidentinin Administrasiyası
iki ay müddətində:
1.1. nəqliyyat vasitəsini
idarə etmə hüququ verən sürücülük vəsiqəsi
almaq istəyən şəxslərdən imtahanların
qəbul edilməsi qaydalarının təkmilləşdirilməsi
və bu sahədə şəffaflığın
artırılması ilə
bağlı təkliflərini
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
1.2. yol-nəqliyyat hadisələrinin
sərxoş halda, nəqliyyat vasitəsini idarə etmə hüququ məhdudlaşdırılmış
və ya belə hüququ olmayan şəxs tərəfindən törədilməsi
ağır nəticələrə
səbəb olduğu
hallarda cinayət məsuliyyətinin sərtləşdirilməsi
ilə bağlı təkliflərini Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin.
2. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
2.1. bir ay müddətində
"Yol hərəkəti
haqqında" Azərbaycan
Respublikası Qanununun
müddəalarının pozulmasına
görə fiziki və hüquqi şəxslər tərəfindən
ödənilən cərimələrdən
daxil olan vəsaitin 25 faizinin Azərbaycan Respublikasının
Daxili İşlər
Nazirliyinin yol patrul xidmətini həyata keçirən və yol hərəkətinin
tənzimlənməsinə cəlb olunan əməkdaşlarının aylıq
vəzifə maaşlarına
əlavənin verilməsi
üçün istifadə
qaydalarını Azərbaycan
Respublikasının Prezidenti
ilə razılaşdıraraq
təsdiq etsin;
2.2. Bu fərmandan irəli gələn digər məsələləri həll
etsin.
3. Azərbaycan Respublikasının
Daxili İşlər
Nazirliyi:
3.1. bu sərəncamın
2.1-ci bəndində nəzərdə
tutulan vəsaitin istifadəsi zamanı şəffaflığın təmin
edilməsi məqsədi
ilə ciddi tədbirlər görsün
və bu barədə Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
3.2. bir ay müddətində
nəqliyyat vasitələrinə
və onların qoşqularına dövlət
texniki baxışının
keçirilməsi qaydalarının
təkmilləşdirilməsi ilə bağlı təkliflərini Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
3.3. yol-nəqliyyat hadisəsi yerlərinə baxışın
nəticələrinin rəsmiləşdirilməsinin
qanunun tələblərinə
ciddi əməl edilməklə həyata keçirilməsini təmin
etsin;
3.4. yol-nəqliyyat hadisəsinin
baş verdiyi ərazi videomüşahidə
vasitələrinin nəzarəti
altındadırsa, həmin
hadisədən dərhal
sonra müvafiq görüntülərin elektron
daşıyıcıda təhqiqat
və ya istintaq materiallarına əlavə edilməsini təmin etsin;
3.5. yol-nəqliyyat hadisələrinin
törədilməsinə səbəb
olan və ya şərait yaradan halların aradan qaldırılması
üçün qanunla
müəyyən edilmiş
tədbirlərin görülməsini
təmin etsin.
4. Azərbaycan Respublikasının
Ədliyyə və Səhiyyə nazirlikləri
müvafiq olaraq məhkəmə yol-nəqliyyat
hadisələrinin ekspertizaları
və məhkəmə-tibb
ekspertizalarının qanunun
tələblərinə əməl
edilməklə vaxtında
və obyektiv aparılmasına nəzarəti
gücləndirsin, bu sahədə mövcud olan nöqsanları aradan qaldırsın və qanunun tələblərini pozan ekspertlər barəsində
ciddi intizam tənbeh tədbirləri görsün.
5. Azərbaycan Respublikasının
Baş Prokurorluğuna
tövsiyə edilsin ki:
5.1. yol-nəqliyyat hadisələrinin
təhqiqatında və
istintaqında qanunların
icrasına nəzarətin
gücləndirilməsini və
aşkar olunan pozuntuların aradan qaldırılmasını təmin
etsin;
5.2. bu sərəncamın
3.3-cü və 3.4-cü bəndlərində
nəzərdə tutulan
hərəkətlərin təhqiqat
və istintaq orqanları tərəfindən
icra olunmasına nəzarət etsin;
5.3. yol-nəqliyyat hadisəsinin
törədilməsi nəticəsində
zərər çəkmiş
şəxslərin sağlamlığına
yetirilmiş xəsarətlərin
ağırlıq dərəcəsi
ilə bağlı məhkəmə-tibb ekspertizası
rəylərinin cinayət
işinin digər materialları ilə yanaşı, həmin şəxslərlə bağlı
təcili tibbi yardım, tibb müəssisələrində müalicə və müayinə sənədləri
ilə müqayisəli
şəkildə qiymətləndirilməsini,
ekspert rəylərinin
əsaslılığına şübhələr olduqda
təkrar ekspertizaların
təyin edilməsini və qanun pozuntusuna
yol verən şəxslərin məsuliyyətə
cəlb edilməsini təmin etsin;
5.4. açılması təmin edilməmiş ölümlə nəticələnən
yol-nəqliyyat hadisələri
ilə bağlı əməliyyat-axtarış və
istintaq hərəkətlərinin
vaxtında, tam və hərtərəfli həyata
keçirilməsinə nəzarəti
gücləndirsin;
5.5. yol-nəqliyyat hadisələri
ilə bağlı aparılan təhqiqat, istintaq və ekspertizalar zamanı korrupsiya və digər sui-istifadə hallarına yol verən şəxslərin
məsuliyyətə cəlb
edilməsini təmin etsin.
6. Azərbaycan Respublikasının
Ali Məhkəməsinə tövsiyə edilsin ki, məhkəmə orqanları tərəfindən
yol-nəqliyyat hadisələrinə
dair işlərə baxılması ilə əlaqədar mövcud məhkəmə təcrübəsini
ümumiləşdirsin və
bu kateqoriyadan olan işlərə baxarkən öz qərarları ilə ədalətli məhkəmə
təcrübəsini formalaşdırsın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 dekabr
2012-ci il
Azərbaycan.-2012.- 27 dekabr.- S.1.