Azərbaycan Gənclər Fondunun yaradılmasının

 birinci ildönümü qeyd edilmişdir

 

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yanında Gənclər Fondunun yaradılmasının bir ili tamam olmuşdur.

AzərTAc xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə Azərbaycan  Gənclər Fondunun birillik fəaliyyətinin yekunları barədə ətraflı məlumat verilmişdir.

Fondun sədri Fərhad Hacıyev bildirmişdir ki, Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu Prezident İlham Əliyevin 2011-ci il 19 dekabr tarixli fərmanı ilə təsis edilmişdir.

Qeyd olunmuşdur ki, ötən bir il ərzində bir çox uğurlu layihələrə imza atan fond ilk qrant müsabiqəsi keçirərək ölkəmizin 46 bölgəsində 129 layihə maliyyələşdirmişdir. Ötən müddətdə gənclərlə və gənclər təşkilatları ilə əməkdaşlıq edən fond haqqında yerlixarici kütləvi informasiya vasitələrində 1000-dən çox məlumat yayılmışdır.

 Fondun gələcək fəaliyyət istiqamətlərindən danışan F.Hacıyev demişdir ki, növbəti qrant müsabiqəsi daha geniş sahələri əhatə edəcəkdir. Belə ki, dövlətimizin həmişə xüsusi diqqət ayırdığı əlillərlə, xaricdə təhsil alan tələbələrlə və xarici vətəndaşların ölkəmizdə tədqiqat aparmaları ilə bağlı layihələrə üstünlük veriləcək, bu layihələrə daha çox vəsait ayrılacaqdır.

Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış edərək demişdir ki, bu gün Azərbaycan Respublikası müstəqillik tarixinin olduqca dinamik inkişaf mərhələsini yaşayır. Prezident İlham Əliyevin həyata keçirdiyi daxilixarici siyasət nəticəsində ölkəmizin qarşısında duran vəzifələr müvəffəqiyyətlə öz həllini tapır.

Ə.Həsənov qeyd etmişdir ki, Azərbaycan gəncliyinin üzərinə bu inkişafda xüsusi rolmissiya düşür. Bütün digər sahələr kimi, Azərbaycan dövlətinin gənclər siyasəti də ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra 1994-cü ildə yaratdığı ilk dövlət qurumu Gənclər və İdman Nazirliyi oldu. Düşünə bilərsiniz ki, o vaxt müharibə aparan, iqtisadiyyatı dağılan, daxili həyatı böhran keçirən, beynəlxalq aləmdən təcrid olunmuş dövlətin Gənclər və İdman Nazirliyinə  ehtiyacı var idimi? Əlbəttə, var idi.  Nəyə görə ümummilli lider ilk dövlət qurumu olaraq bu nazirliyi yaratdı? Çünki gəncliyi tərəfindən dəstəklənməyən dövlətin gələcəyi yoxdur, o, inkişaf edə bilməz. Məhz bunu nəzərə alan ümummilli lider Gənclər və İdman Nazirliyini yaratmaqla dövlətin  gəncliyə münasibətini ortaya qoymuşdur.

1996-cı ildə ümummilli liderin iştirakı ilə Azərbaycan gənclərinin ilk forumu keçirilmişdir. 1997-ci il fevralın 2-də keçirilən ikinci forumda Gənclər Günü təsis olundu.  Hər iki forumda  ümummilli lider iştirak etmiş, proqram xarakterli nitqlərində Azərbaycanın dövlət gənclər siyasətinin əsas istiqamətlərini müəyyənləşdirmişdir.

Ümummilli liderin gənclər siyasətinin konseptual istiqamətlərindən danışan Ə.Həsənov demişdir ki, ulu öndər Heydər Əliyev gənclər qarşısında üç əsas vəzifə qoymuşdur. İlk növbədə,  Azərbaycan gəncliyi fiziki və mənəvi cəhətdən sağlam, savadlı olmalı, millətini sevməli, milli dəyərlərinə, dövlətinin gələcəyinə sahib çıxmalıdır.  İkinci əsas vəzifə - Azərbaycan gəncliyi beynəlxalq aləmdə rəqabətə davamlı olmalıdır. Gənclər dünyanın müasir inkişaf xüsusiyyətlərini, meyillərini bilməsələr, innovativ məlumatlardan xəbərsiz olsalar, qlobal proseslərdən baş çıxara və Azərbaycanın milli maraqlarını qoruya, dünya gəncləri ilə rəqabətə davam  gətirə bilməzlər. Biz təcavüzkar Ermənistana qarşı təbliğat müharibəsində yalnız bu keyfiyyətlərə yiyələnməklə qalib gələ bilərik.

Nəhayət, üçüncü vəzifə kimi ümummilli lider vurğulayırdı ki, Azərbaycan gəncliyi milli dəyərləri nə qədər mənimsəsə də, beynəlxalq aləmdə rəqabətə davamlı olsa da, əgər öz milli dövlətinə, xalqının varlığına sahib çıxmasa, yenə də uduzan Azərbaycan olacaq.

Beləliklə, ümummilli liderin tövsiyələrindən çıxış edərək söyləmək olar ki, gəncliyimizin qarşısında duran əsas vəzifə əldə etdiyi bütün nailiyyətləri dövlətinin, millətinin inkişafı naminə istifadə etməkdir. Dövlətinin, millətinin problemlərinin həllinə kənar müdaxilə olmadan qoşulmaqdır.

Çox təəssüf ki, xarici qüvvələrin təsiri altına düşən bəzi gənclər də vardır. "Eurovision-2012"nin keçirildiyi günlərdə bir qrup  gənc bəzi antiazərbaycan qüvvələrin təhriki ilə flaşmoblar təşkil edərək ölkəmizin nüfuzuna zərbə vurmağa cəhd göstərdilər. Onların bu hərəkətinə nə ad vermək olar - yalnız rəzillik.  Xarici qonaqlarda ölkəmizin inkişafı, şəhərimizin gözəlliyi, xalqımızın qonaqpərvərliyi haqqında xoş təəssüratlar yaratmaq əvəzinə onlar əcnəbiləri taksiyə mindirib paytaxtın ucqarlarına aparır, bəzi nöqsanları göstərirdilər. Bu, vətənpərvərlik nümunəsidirmi?

Mən bu gün salonda əyləşmiş sağlam gəncliyin nümayəndələrini, onların təmsil etdiyi təşkilatlarda cəmlənmiş çoxsaylı gənclərimizi dövlətin təəssübünü çəkməyə çağırıram. Siz haqlı olduğunuz halda, həmin o anti-azərbaycan mövqeyə yuvarlanmış bir qrup gənc qarşısında qətiyyən passiv mövqe tutmamalısınız? Bu gün sosial şəbəkələrdə, hansısa mitinqlərdə hərc-mərcliyə çağırışlar edən, qarşıdurma yaratmağa çalışan o gənclərə qarşı çoxsaylı, sağlam gənclik durmalıdır.

Ə.Həsənov qeyd etmişdir ki, bu gün millətinə, dövlətinə bağlı, intellekti zəngin, beynəlxalq rəqabətə davamlı gənclik müxtəlif formalarda onlara öz etirazını bildirməlidir. Sosial şəbəkələrdən tutmuş Azərbaycanın ictimai-siyasi həyatındakı tədbirlərdə birgə iştirak yolu ilə, mətbuatda, televiziyada onlara müsbət təsir göstərməlidir. Həm də onları özünüzdən təcrid etməyin, toplantılarınıza çağırın, dialoq yolu ilə başa salın ki, onlar doğru yolda deyillər.

Ə.Həsənov Azərbaycan dövlətinin bugünkü gənclər siyasətinə toxunaraq qeyd etmişdir ki, cənab İlham Əliyev Prezidentliyi dövründə ən çox diqqət yetirdiyiprioritet hesab etdiyi sahələrdən biri məhz Azərbaycan gəncliyi olmuşdur. Dövlət başçısı gənclərin 4 forumunu keçirmiş,  gənclər və idmançılarla Bakıda və bölgələrdə onlarla görüş keçirmişdir. Məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan gəncliyi ilə bağlı 2005-2009, 2011-2015-ci illəri əhatə edən iki dövlət proqramı qəbul edilmişdir. Gənclərin sosial, iqtisadi, təhsil, mədəni və digər  problemlərinin həlli ilə bağlı 100 milyon manata yaxın vəsait ayrılmışdır. İndi Azərbaycan gəncləri dövlət hesabına dünyanın ən qabaqcıl ali məktəblərində təhsil alırlar və dünyanın ən təminatlı gəncləri sırasında öncül yerlərdə  dayanırlar.  Prezident İlham Əliyevin gənclərlə bağlı gördüyü işlər haqqında tədbirdə geniş bəhs edildiyindən, mən bircə onu söyləmək istəyirəm ki, bəlkə dünyada bu gün öz gəncliyinə, idmana bu qədər diqqət ayıran və qayğı göstərən ikinci dövlət başçısı tapmaq çətindir.

Ə.Həsənov ümidvar olduğunu bildirmişdir ki, Azərbaycan gəncliyi bundan sonra da Prezident İlham Əliyevin siyasətini dəstəkləməklə, onun həyata keçirdiyi bütün proqramlarda fəal iştirak etməklə həm də öz gələcəyini qarantiya altına alırlar.

Gənclər və idman naziri Azad Rəhimov çıxış edərək bildirmişdir ki, hazırda ölkə əhalisinin 66 faizini 35 yaşa qədər,  32 faizini isə 14-29 yaşlı gənclər təşkil edir. Bu o deməkdir ki, ölkə əhalisinin yarıdan çoxu gənclərdir.

Gənclərlə işin vacibliyini bildirən nazir demişdir ki, fondun fəaliyyət göstərdiyi müddətdə gənclər təşkilatlarına 1 milyon 920 min manat vəsait yönəldilmişdir. Məhz bunun sayəsində gənclərin təşkilatlanması işi yeni mərhələyə qədəm qoymuşdur.

Təhsil naziri Misir Mərdanov isə gənclərin elmi-tədqiqatlara cəlb edilməsinin vacibliyini vurğulamışdır. Nazir bildirmişdir ki, Gənclər Fondu gənclərin elmi-tədqiqatlarının maliyyələşməsinə və onların xarici ölkələrdə tədqiqatlar aparmasına yaxından kömək edə bilər. Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə dövlət proqramına əsasən, həmin ölkələrin və universitetlərin siyahısı təsdiq olunub. Lakin bəzən siyahılarda olmayan universitetlərdə də təhsil almaq imkanları yaranır. İstərdik ki, Gənclər Fondu bu imkanları da dəyərləndirib gənclərə yardım etsin.

Digər çıxış edənlər də əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətini Prezident İlham Əliyevin uğurla davam etdirdiyini bildirmişlər. Qeyd etmişlər ki, bunun nəticəsində hazırda Azərbaycan gəncləri ölkənin ictimai-siyasi və sosial-mədəni həyatında fəal iştirak edirlər.  Bildirilmişdir ki, gənclərlə sahəsində görülən tədbirlər, xüsusilə Gənclər Fondunun yaradılması  Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynamışdır.

 

Azərbaycan.-2012.- 27 dekabr.- S.5.