Bidzina İvanişvili:
Bakı-Tbilisi-Qars dəmir yolu
məsələsində
heç bir problem yoxdur
Bu gün Bakıda Gürcüstanın Baş naziri Bidzina İvanişvili Azərbaycanın baş naziri Artur Rasizadə ilə görüşündən sonra jurnalistlərə demişdir: "Mən bundan əvvəl demişdim ki, Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verildikdən sonra Gürcüstanın dəmir yolları ilə yük daşımaları yəqin ki, azalacaqdır. Lakin bu, tələsik verilmiş bəyanat idi. Əslində bu məsələdə heç bir problem yoxdur".
O bildirmişdir ki, Azərbaycan Prezidenti ilə görüş çox səmimi dostluq şəraitində keçmişdir. Bidzina İvanişvili demişdir: "Görüşdə mən qeyd etdim ki, bu bəyanat tələsik verilmiş bəyanat idi və bu məsələdə heç bir problem yoxdur".
Baş nazir qaz tarifləri barədə suala cavab verərkən qeyd etmişdir ki, Azərbaycan Gürcüstana qazı çox məqbul qiymətlərlə satır. O demişdir: "Mən Gürcüstan üçün yaradılmış şəraitə görə Azərbaycanın Prezidentinə və hökumət başçısına minnətdarlığımı bildirirəm".
Bidzina İvanişvili Azərbaycanın ali rəhbərliyi ilə görüşdən aldığı təəssüratlarını da bölüşmüşdür. O demişdir: "Mən gördüm ki, bu, öz xalqı üçün, ölkəsi üçün böyük işlər görən əsl dövlətdir. Azərbaycan dövləti ölkənin idarə olunmasına uzaqgörənliklə yanaşır. Azərbaycanın Prezidenti və Baş naziri ilə görüşdən sonra əmin oldum ki, ölkələrimiz arasında gözəl münasibətlər vardır. Əgər aramızda hər hansı xırda məsələlər meydana çıxarsa, biz bu məsələləri dostluq şəraitində həll edə bilərik".
AzərTAc
Azərbaycan.-2012.- 27 dekabr.- S.3.