Gömrük rəsmiləşdirilməsi başa çatmamış mallardan və nəqliyyat vasitələrindən istifadə edilməsi və onlar barəsində sərəncam verilməsinə dair                                                    Şərtlər və məhdudiyyətlər

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 24 dekabr tarixli 316 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

 1. Ümumi müddəa

 

 "Gömrük rəsmiləşdirilməsi başa çatmamış mallardan və nəqliyyat vasitələrindən istifadə edilməsi və onlar barəsində sərəncam verilməsinə dair Şərtlər və məhdudiyyətlər" Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 105.2-ci maddəsinə əsasən hazırlanmışdır və gömrük rəsmiləşdirilməsi başa çatmamış mallardan və nəqliyyat vasitələrindən istifadə edilməsinə və onlar barəsində sərəncam verilməsinə dair şərtləri və məhdudiyyətləri müəyyən edir.

 

 2. Gömrük rəsmiləşdirilməsi başa çatmamış mallardan və nəqliyyat vasitələrindən istifadə edilməsi və onlar barəsində sərəncam verilməsinə dair şərtlər

2.1. Gömrük orqanına təqdim edilmiş malların və nəqliyyat vasitələrinin həmin mallar və nəqliyyat vasitələri üzərində gömrük rəsmiləşdirilməsi başa çatmadan istifadə edilməsi və onlar barəsində sərəncam verilməsi aşağıda göstərilmiş şərtlərə tam əməl edilməklə gömrük orqanının icazəsi ilə həyata keçirilir:

2.1.1. mallar üzərində gömrük nəzarətinin həyata keçirilməsi mümkün olduqda;

2.1.2. mallara və nəqliyyat vasitələrinə dair gömrük ödənişləri ödənildikdə və ya onlara görə gömrük borcunun yarandığı və yarana biləcəyi hallarda həmin borcun ödənilməsinə təminat verildikdə;

2.1.3. mallara və nəqliyyat vasitələrinə dair Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb olunan hallarda müvafiq icazə sənədi və ya xüsusi razılıq (lisenziya) mövcud olduqda.

2.2. Gömrük rəsmiləşdirilməsi başa çatmamış mallardan istifadə edilməsi üçün mallara dair səlahiyyətli şəxs rəsmiləşdirilmənin başa çatdırılmaması səbəblərini və istifadənin təyinatını göstərməklə, gömrük orqanına ərizə ilə müraciət etməlidir.

2.3. Gömrük orqanlarına təqdim edilmiş ərizəyə gömrük orqanları tərəfindən 3 (üç) günündən artıq olmayan müddətdə baxılır.

2.4. Gömrük orqanları gömrük rəsmiləşdirilməsi başa çatmamış mallardan və nəqliyyat vasitələrindən istifadə edilməsinə və onlar barəsində sərəncam verilməsinə dair hər bir hal üzrə ayrı-ayrılıqda qərar qəbul edir.

 

 

 

3. Gömrük rəsmiləşdirilməsi başa çatmamış mallardan və nəqliyyat vasitələrindən istifadə edilməsinə və onlar barəsində sərəncam verilməsinə dair məhdudiyyətlər

3.1. Gömrük rəsmiləşdirilməsi başa çatmamış mallardan və nəqliyyat vasitələrindən istifadə edilməsinə və onlar barəsində sərəncam verilməsinə yalnız yerləşdirildiyi gömrük prosedurunun tələblərinə uyğun olaraq yol verilir.

3.2. Gömrük rəsmiləşdirilməsi başa çatmamış mallar və nəqliyyat vasitələri üzərində istifadə hüququna malik olan şəxsdən başqa həmin mallardan və nəqliyyat vasitələrindən istifadə və sərəncam hüququ digər şəxsə verilə bilməz.

4. Gömrük rəsmiləşdirilməsinin başa çatdırılması

4.1. Bəyannaməçi gömrük rəsmiləşdirilməsinin başa çatdırılması üçün gömrük bəyannaməsini Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş müddətdə gömrük orqanlarına təqdim etməlidir.

4.2. Gömrük rəsmiləşdirilməsi başa çatdırılmış mallardan və nəqliyyat vasitələrindən istifadə edilməsi və onlar barəsində sərəncam verilməsi seçilmiş gömrük proseduruna uyğun həyata keçirilir.

 

Azərbaycan.-2012.- 27 dekabr.- S.4.