Heydər Əliyev Fondunun vitse-prezidenti,

 fondun Rusiya nümayəndəliyinin

 rəhbəri Leyla Əliyevanın təşəbbüsü

 ilə Moskvanın və Rusiya regionlarının

 uşaq evləri və uşaq xəstəxanalarında

 xeyriyyə aksiyaları keçirilmişdir

 

Heydər Əliyev Fondunun vitse-prezidenti, fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə Moskvada və Rusiyanın 25-dən çox regionunda Yeni il münasibətilə xeyriyyə aksiyaları keçirilmişdir.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi valideyn himayəsindən məhrum olmuş və xəstə uşaqlara xüsusi qayğı ilə yanaşır, hər bayram ərəfəsində onları diqqətsiz qoymur.

Bu il də nümayəndəliyin əməkdaşları ənənəyə sadiq qalaraq Yeni il ərəfəsində Rusiya paytaxtının Uşaqlara Elmi-Praktiki Tibbi Yardım Mərkəzində və bir neçə uşaq evində olmuşlar. Xeyriyyə aksiyası Rusiya Sosial-Mədəni Təşəbbüslər Fondu və Müqəddəs Xilaskar İsa Kafedral Kilsəsinin dəstəyi ilə həyata keçirilmişdir.

Uşaqlara Elmi-Praktiki Tibbi Yardım Mərkəzi 9 ildir ki, fəaliyyət göstərir. Mərkəzə Rusiya Təbiət Elmləri Akademiyasının akademiki Andrey Pritıko rəhbərlik edir. A.Pritıko fondun əməkdaşlarını səmimi salamlayaraq Azərbaycanla sıx şəxsi və elmi əlaqələrinin olduğunu bildirmişdir.  Ölkəmizlə bağlı uşaqlıq xatirələrini danışan A.Pritıko demişdir: "Bakını və Sumqayıtı tez-tez xatırlayıram. Babam Sumqayıtdakı zavodlardan birində çalışırdı. Bu səbəbdən Azərbaycana tez-tez gəlirdim. Azərbaycanlıların səmimiyyətinə və mehribanlığına heyranam".

Akademik vurğulamışdır ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev dahi insan idionun xalqlarımız arasında tarixən dostluq münasibətlərinin qorunub saxlanmasında xidmətləri danılmazdır.

Sonra nümayəndəliyin əməkdaşları mərkəzin diaqnostika, onkologiya, neyrocərrahiyyə, reabilitasiya şöbələrində müalicə olunan uşaqlarla görüşmüş, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın salamlarını və Yeni il təbriklərini çatdırmışlar. Şaxta babaQar qız uşaqlara müxtəlif oyuncaqlar, kitablar hədiyyə etmişlər. Hədiyyə səbətinə şirniyyat, təzə və quru meyvələr, çay, mürəbbə qoyulmuşdu. Mərkəzə soyuducu, televizor, məişət texnikası və s. təqdim olunmuşdur.

Moskvanın bir neçə uşaq evində tərbiyə alan balacalar da Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin Yeni il hədiyyələrini məmnuniyyətlə qəbul etmişlər. Şaxta babaQar qız nümayəndəliyin əməkdaşlarının gətirdikləri hədiyyələri uşaqlara paylamışlar. Moskvanın 43 nömrəli uşaq evinin sakinləri S.Obraztsov adına Dövlət Akademik Mərkəzi Kukla Teatrının aktyorlarının ifasında "Qış nağılı" tamaşasına maraqla tamaşa etmişlər. 

 

 

Fəridə ABDULLAYEVA,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

Azərbaycan.-2012.- 27 dekabr.- S.5.