Bir ömrün sarı simi

 

Qəzetimizin  bölgə müxbiri, əməkdar jurnalist, Prezident təqaüdçüsü Əhməd İsayevin yenicə çapdan çıxmış "Gəncəli tarzən Məşdi Mehdiyev" kitabı cəmi 33 il ömür sürmüş, amma Azərbaycan musiqi mədəniyyətində adını əbədi həkk etdirmiş bir ifaçının həyat yoluna güzgü tutub. Ömrünün 12-13 ilini Gəncədə tarın təbliğinə, musiqi təhsilinin inkişafına həsr edən, neçə-neçə istedadlının qolundan tutan, repressiyaların, qanlı-qadalı illərin ağrı-acısını görən, erməni şərinə tuş gələn Məşdi Mehdiyevin həyat yolu və yaradıcılığı yeni nəşrdə ətraflı şərh olunub.

Qədim Gəncənin şərəfli tarixi kimə bəlli deyil ki?.. Adı çəkilən kimi dahi Nizaminin, Məhsəti Gəncəvinin, Əbü-üala Gəncəvinin dünyanı heyrətə gətirən şeirlərini xatırlayırıq. Ön sözdə müəllif yazır: "Gəncə elə bir ümmandır ki, bir-iki dəfə baş vurmaqla onu üzüb keçə biləsən. Gəncənin tarixi canlı bir xəzinəyə bənzəyir, arayıb-axtardıqca yeni-yeni incilər üzə çıxır. Onun kamil obrazını hasilə gətirmək üçün Gəncənin özü, ulu tarixi qədər ömür, vaxt gərəkdir və birki bu möhtəşəm tarixi tamam-kamal üzə çıxarmaq üç-beş adamın işi deyil. Gərək hər ürəkdə bir işıq yana, bir od alovlana, hər kəs gördüyünü, bildiyini meydana qoya". Həqiqətən də kitabı vərəqlədikcə çox istedadlı musiqiçinin - gəncəli sənətkarın taleyi göz önündə canlanır. Gəncənin sayılıb-seçilən bir şəxsiyyətinin - Mehdi kişinin ailəsində dünyaya göz açan Məşdi Mehdiyev çox həssas, qayğıkeş bir insan olub. Onu tanıyanlar söyləyirlər ki, Məşdi Mehdiyev tar çalanda elə bilərdik ki, qeybdən bir səda gəlir. Allah vergisi idi. Di gəl ki, toya getməzdi. Onun bağlandığı səhnə, məktəb, studiya idi.

Əhməd İsayev öz qəhrəmanının işıqlı obrazını yaratmaq üçün tarixin dərinliklərindən söz açır. 1914-cü ildə Hüseynqulu Sarabskinin iştirakı ilə Gəncədə Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operası tamaşaya qoyulur. Bunun ardınca Məşədi Cəmil Əmirovun operasının ilk tamaşası da Gəncədə olur. Unudulmaz Bülbülün də səhnə debütü Gəncədən başlayır. Bütün bunlar isə təsdiqləyirdi ki, Gəncədə mədəniyyətə, musiqiyə böyük maraq və həvəs var. Ona görə də gəncləri bu sahədə düzgün formalaşdırmaq üçün Üzeyir Hacıbəylinin tövsiyəsi ilə 1923-cü ilin dekabr ayında bu qədim şəhərdə ilk musiqi məktəbi açıldı. Məktəbin ilk direktoru Məşədi Cəmil Əmirov oldu (dünya şöhrətli Fikrət Əmirovun atası). Bax, Məşdinin də bu ecazkar musiqi aləminə həvəsi o mühitdən yarandı. Sonralar Fikrət Əmirov söyləyirdi ki, o illərdə gözəl tar çala bilmək həmin zaman üçün hər bir gəncin mədəni səviyyəsinin meyarı sayılardı. Özü də təkcə Gəncədə yox, bütün Azərbaycanda belə idi.

Müəllifin fikrincə, Məşdi Mehdiyevi ilk dəfə üzə çıxaran, ona ilham verən Üzeyir Hacıbəyli olub. Sonralar Məşədi Cəmil də onun qolundan tutaraq həvəskarlıqdan peşəkarlığa keçməsinə şərait yaradıb. İlk tövsiyəsi də bu olub: "Bala, musiqinin açarı, əlifbası notdur, onu bildinmi, hər ifan daha əlvan, daha zəngin, daha rəngarəng olur". Beləliklə, Məşdi Mehdiyev notun hər bir incəliyini tamam-kamal öyrənib. Bu da faktdır ki, Məşdi Mehdiyev Gəncə tarzənləri arasında ilk not bilicisi olub. Müəllifin araşdırmalarından aydın olur ki, işgüzarlığı, istedadı ilə yanaşı, Məşdi Mehdiyevin nota olan bələdliyi onu çoxundan fərqləndirirdi.

Tarın geniş imkanlarını qavradıqca klassik muğamlarımıza meyili, məhəbbəti daha da artan bu gəncəli tarzənin ən çox sevdiyiböyük məharətlə ifa etdiyi "Segah" olub. Bu ecazkar musiqi incisinin vasitəsilə zəngin muğam aləminə ustalıqla baş vurub özünə yer tapan, mövqe qazanan Məşdi Mehdiyev o dövrdə Üzeyir Hacıbəylinin yaratdığı Xalq Çalğı Alətləri Ansamblına rəhbərlik edirdi. Hətta o, Bakı Dövlət Filarmoniyasının Gəncədə keçirdiyi konsertlərdə görkəmli muğam ustadlarını həvəslə müşayiət edirdi. Belə tarixi məqamlardan biriXan Şuşinski ilə bağlıdır.

Kitabı vərəqlədikcə repressiyaların Azərbaycanda tufan kimi qopardığı vahimələrin harayları da eşidilir. O ağrılı günlərdə, yəni 1938-ci ildə Məşdi Mehdiyev Gəncə Musiqi Məktəbinə direktor təyin edilib. Təəssüf ki, o dövrdə bu məktəbdə çalışan müəllimlər arasında qeyri-millətin nümayəndələri daha çox idi. Müəllifin yazdığına görə, Məşdi Mehdiyevin xidmətlərindən biribu olub ki, rəhbər işlədiyi dövrdə kollektivin milli tərkibini xeyli dəyişib. İlk dəfə işə başlayanda burada 56 azərbaycanlı balası təhsil alırdı. 1942-ci ilin sonunda isə bu rəqəm üç dəfə artmışdı. Müəllimlərin tərkibi də dəyişmişdi. Amma o zamanın dəhşətləri öz işində idi. Əhməd İsayev yazır: "Nəğmə müəlliməsi Ema Artunova aşkarda irişə-irişə üzə gülsə də, əlaltdan imzasız məktublar yazmaqdan yorulmurdu: "Ay aman, qoymayın, Məşdi Mehdi oğlu yaman millətpərəstdi, bizləri qovub qurtardı. Yerinə haqq-nahaq özlərininkini gətirib doldurur. Belə getsə, işlər fəna olacaq, tez dəyişin onu. Qoy rədd olub getsin".

O zaman yazıçı Mirzə İbrahimov Xalq Komissarları Sovetinin yanında İncəsənət İşləri İdarəsinin rəisi vəzifəsində çalışırdı. Elə Məşdi Mehdiyevbu məktəbə onun əmri ilə təyin edilmişdi. Safürəkli tarzənin ətrafında gedən müəmmalardan xəbəri yox idi. Günlərin birində Mirzə İbrahimov ona deyəndə ki ehtiyatlı ol, filankəslər gəlib sənin barəndə hədyan danışırlar, Məşdi Mehdiyev təəccüblənmişdi. Dörd il nadanlarla, xəyanətkarlarla, üzə gülüb arxadan bıçaq vurmağa məqam axtaranlarla vuruşa-vuruşa canından artıq sevdiyi bu təhsil ocağına rəhbərlik etdi. Hərdən də tarını sinəsinə sıxaraq ürəyindəki arzularını, gileylərini, şikayətini dilə gətirdi. Əslində, tar Məşdi Mehdiyevin qəlb harayı, könül pıçıltısı idi. Ömrünün sarı simini "Segah"da dinləndirirdi. Belə ağrı-acılı günlərin birində dünyasını dəyişdi, ürəyi dayandı, tarı susdu. Cəmi 33 il yaşamış bu unudulmaz mədəniyyət xadimi Gəncədə musiqi təhsilinin təşkilatçısı kimi tanındı. Bu məktəbin yetirmələrinin sorağı sonralar Azərbaycan musiqi mədəniyyətinin görkəmli simaları sırasından gəldi. Onlarla məşhur musiqi xadiminin tərcümeyi-halında "mənim ilk müəllimim Məşdi Mehdiyev olub" sözləri yazıldı. Müəllifin fikrincə, Məşdi Mehdiyev həm də çox istedadlı və mahir tarzən olub. Onun tarının simlərindən qopan ecazkar musiqi hamını valeh edərmiş.

Böyük məhəbbət, ehtiram, vətəndaşlıq qayəsi ilə yazılmış "Gəncəli tarzən Məşdi Mehdiyev" kitabının redaktoru sənətşünaslıq namizədi Rauf İsmayılzadədir. Müəllifin dili aydın, səlis və rəvandır. Kitabın maraqlı cəhətlərindən biri də "Danışan şəkillər" bölümündə ömrün müxtəlif anlarını əbədiləşdirən fotoların verilməsidir. Ardıcıllıqla sıralanmış bu şəkillərdə Məşdi Mehdiyevin ailəsi, doğmaları, sənət dostları və şagirdləri ilə birgə olduğu günlərin, anların əks-sədası var.

Ötən əsrin əvvəllərində Gəncədə musiqi təhsilinin bünövrəsini qoyan bu fədakar insanı yaşatmaq, xatırlamaq bizim ehtiram borcumuzdur. Kitabın müəllifi bu işin öhdəsindən çox bacarıqla gəlib. Azərbaycan musiqi mədəniyyətinin ensiklopediyasına yeni səhifələr əlavə edib.

 

 

Flora XƏLİLZADƏ,

Azərbaycan.-2012.- 27 dekabr.- S.7.