Fərdi jurnalist
yazıları müsabiqəsinin qalibləri
mükafatlandırılmışlar
Dekabrın 27-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu fərdi jurnalist yazıları müsabiqələrinin qaliblərinin mükafatlandırılması, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, ziyalılar və KİV nümayəndələri iştirak etmişlər.
Fondun icraçı direktoru Vüqar Səfərli mərasimdə çıxış edərək demişdir ki, qurumun 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinə 79 yazı təqdim olunmuşdur. Müsabiqə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasında nəzərdə tutulmuş 15 istiqamət üzrə keçirilmişdir. Fərdi jurnalist yazıları müsabiqəsinə təqdim edilmiş yazılar 9 ekspert tərəfindən qiymətləndirilmişdir. Bundan sonra müsabiqənin nəticələri Müşahidə Şurasının müzakirəsinə çıxarılmışdır. Müsabiqənin şərtlərinə əsasən, hər istiqamət üzrə ən yüksək bal toplamış 3 yazı qalib hesab edilmişdir. Bundan əlavə, müsabiqənin 15 iştirakçısına həvəsləndirici mükafatların verilməsi qərara alınmışdır.
Qeyd edilmişdir ki, müsabiqənin şərtlərinə uyğun olaraq qaliblərin hər birinə 1000 manat, həvəsləndirici mükafatların sahiblərinə isə 300 manat məbləğində mükafat verilməsi nəzərdə tutulmuşdur.
Məlumat verilmişdir ki, Suraxanı Rayon İcra Hakimiyyəti ilə birgə keçirilən müsabiqəyə 34, Binəqədi Rayon İcra Hakimiyyəti ilə birlikdə reallaşdırılan müsabiqəyə isə 29 yazı təqdim edilmişdir. Həmin yazılar 3 ekspert tərəfindən qiymətləndirilmişdir. Müsabiqənin şərtlərinə əsasən, birinci yer üzrə 1, ikinci yer üzrə 2, üçüncü yer üzrə 3 qalib müəyyənləşdirilmiş, eyni zamanda, 15 iştirakçıya həvəsləndirici mükafatların verilməsi nəzərdə tutulmuşdur.
Bildirilmişdir ki, ümumilikdə 101 jurnalistin mükafatlandırılması qərara alınmışdır.
Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov mərasimdə çıxış edərək demişdir ki, fərdi jurnalist müsabiqəsinin keçirilməsi və qalib jurnalistlərin hər ilin sonunda - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində bu cür təntənəli mərasimlərdə mükafatlandırılması artıq Azərbaycanda ənənə halı almışdır. Azərbaycan dövlətinin mətbuata qayğısı ildən-ilə daha təkmilləşdirilmiş formada davam edir. Bu sahədə qəbul etdiyimiz konsepsiyaya uyğun olaraq Fond hər il jurnalistlərin bu və ya digər problemlərini öz üzərinə götürərək onların sosial rifah halını daha da yaxşılaşdırmağa çalışır.
Əli Həsənov bildirmişdir ki, Azərbaycan dövlətinin başçısı İlham Əliyevin mətbuata münasibətinin əyani təzahürü olan bu cür tədbirlərdən təkcə media mənsubları deyil, bütövlükdə cəmiyyətimiz bəhrələnir.
Prezident Administrasiyasının rəsmisi demişdir ki, qarşıdan gələn 2013-cü il Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında mühüm hadisələrlə zəngin olacaqdır. Bunların arasında, şübhəsiz, prezident seçkiləri xüsusi əhəmiyyət kəsb edəcəkdir. Prezident seçkiləri ilində bu mühüm siyasi kampaniyanın demokratik şəraitdə keçirilməsi üçün Azərbaycan dövlətinin və xalqının informasiya ehtiyaclarının təmin olunması prioritet məsələlər sırasındadır.
Şöbə müdiri diqqətə çatdırmışdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, ölkə tarixində ilk dəfə olaraq jurnalistlər üçün tikilən bina gələn il istifadəyə veriləcəkdir. Yeni binadan daha çox ehtiyacı olan jurnalistlər mənzil alacaqlar. Hesab edirəm ki, bu, Azərbaycan Prezidenti İlham Əliyevin mətbuata yüksək diqqət və qayğısının daha bir əyani nümunəsidir.
Əli Həsənov fərdi jurnalist yazıları müsabiqəsinin bütün iştirakçılarını, o cümlədən qalibləri qarşıdan gələn əlamətdar bayramlar - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik etmiş, onlara yeni-yeni yaradıcılıq uğurları arzulamışdır.
Sonra fərdi jurnalist yazıları müsabiqələrinin qaliblərinə mükafatlar təqdim edilmişdir.
Azərbaycan
Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın)
buraxılış redaktoru Əhməd Məmmədovun Azərbaycan
Respublikasının dünya birliyinə inteqrasiyası, region
ölkələri və digər dövlətlərlə,
beynəlxalq təşkilatlarla əməkdaşlığının
inkişaf etdirilməsi istiqaməti üzrə müsabiqəyə
təqdim etdiyi yazı da mükafata layiq
görülmüşdür.
Azərbaycan.-2012.- 28 dekabr.- S.2.