Gürcüstanın Baş
naziri Heydər Əliyev Mərkəzində
olmuşdur
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində Heydər Əliyev Mərkəzində olmuşdur.
Gürcüstanın Baş nazirinə dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi barədə məlumat verilmişdir. Bildirilmişdir ki, Mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin və ulu öndərin irsinin dərindən öyrənilməsi və tədqiqi istiqamətində fəaliyyət göstərir. Həmçinin Mərkəz Azərbaycan tarixinin, dilinin, mədəniyyətinin və digər milli sərvətlərinin beynəlxalq aləmdə tanıdılması və təbliği, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və iqtisadiyyatın müxtəlif sahələrinə dəstək verilməsi və inkişaf etdirilməsinə xidmət edən layihələr həyata keçirir.
Qeyd edilmişdir ki, 2007-ci ildə bünövrəsi qoyulan Mərkəz bu il mayın 10-da - ulu öndər Heydər Əliyevin doğum günündə açılmışdır. Mərkəz 16 hektar ərazidə yerləşir. Burada əsaslı abadlıq və yaşıllaşdırma işləri aparılmışdır. Bu mədəniyyət ocağı dünya şöhrətli memar Zaha Hadidin layihəsi əsasında tikilmişdir. Beynəlxalq səviyyədə nadir memarlıq nümunələrindən biri olan, müasirliyi özündə dolğun ehtiva edən və çoxfunksiyalılığı ilə seçilən bu Mərkəz artıq dünya memarlığı siyahısına daxil edilmişdir.
Gürcüstanın Baş naziri Bidzina İvanişvilinin diqqətinə çatdırılmışdır ki, ulu öndərin tükənməz irsinin təbliği baxımından mühüm əhəmiyyət kəsb edən Heydər Əliyev Mərkəzində rəsmi qəbullar, müxtəlif beynəlxalq səviyyəli konfranslar, iclaslar və digər tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılmışdır. Qeyd edilmişdir ki, Mərkəzin açılışından sonra burada bir neçə yüksək səviyyəli, o cümlədən beynəlxalq tədbirlər keçirilmişdir.
Gürcüstanın
Baş naziri Heydər Əliyev Mərkəzi ilə
tanışlıqdan zəngin təəssüratla
ayrılmışdır.
AzərTAc
Azərbaycan.-2012.- 28 dekabr.- S.5.