Humanizm prinsiplərinə sədaqət
nümunəsi
Bağışlanmaq qəlbin
böyüklüyüdür
Son on ilə yaxın müddətdə ictimai-siyasi, sosial-iqtisadi, eləcə də mədəni həyatının inkişafı ilə beynəlxalq aləmin diqqət mərkəzində olan Azərbaycan dövlətinin başçısı İlham Əliyevin 2003-cü ilin prezident seçkilərində verdiyi hər bir vəd sözdən əmələ keçdikcə ölkə vətəndaşlarının ölkə rəhbərinə etimadı daha da artır ki, bu da xalq-hakimiyyət birliyinin əsas və vacib göstəricilərindəndir. Bu, eyni zamanda, Azərbaycan xalqının öz seçimində yanılmadığının təsdiqidir. Birinci dəfə dövlət başçısı seçilərkən cənab İlham Əliyevin xalqa verdiyi vədlərdən biri də belə idi: "Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam".
Ötən illər ərzində bu fikirlər reallıqda təsdiqini tapdıqca ictimaiyyət onu humanizm prinsiplərinə sədaqət nümunəsi kimi dəyərləndirdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində, 2013-cü ilin astanasında məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalamaqla humanizm prinsiplərinə əsaslanan növbəti addımını atdı. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş daha 79 nəfərin onların ailə üzvlərinin, insan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxılmışdır. Məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq dövlət başçısı imzaladığı sərəncamla həmin məhkumları cəzadan azad edərək doğmalarına qovuşdurdu.
Onu da qeyq edək ki, 4 nəfər islah işlərinə, 4 nəfər isə cərimə cəzasına məhkum edilmiş şəxsə də bu sərəncam şamil edildi.
Qarşıdan gələn əlamətdar günlərdə, xüsusən yeni təqvim ilində, sözün əsl mənasında, azadlıqda, öz doğmalarının arasında olmaq xoşbəxtlikdir. Həyəcan və sevincdən yanaqlarda donan göz yaşları ilə doğmalarının həbsxana həyatının son anlarını qarşılayanların yaşadıqlarını sözlə ifadə etmək çətindir. Budur, tikanlı məftillər, "əlhəd daşı" və bir də sevinclə qəhərin qovuşduğu göz yaşı...
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 13 saylı cəzaçəkmə müəssisəsində biz də bu mənzərənin şahidi olduq. Bakı şəhəri Qaradağ rayonunun ərazisində yerləşən cəzaçəkmə müəssisəsinin dəmir qapılarının şaqqıltı ilə açılması intizarla gözlənilən son dəqiqələri də arxada qoydu. Baxışlardakı həyəcan və sevinc təkcə doğmaların qovuşmasından yaranmamışdı. Dövlət başçısının növbəti humanist addımı ilə cəzasının çəkilməmiş hissəsindən azad olunacaq məhbusun qohum-qardaşın, dostun sevincini bölüşmək o qədər də asan deyildi. Axı, qəfil xəbər beləcə həyəcan və təlaşlı olur.
26 dekabr 2012-ci il tarixinin onların həyatında yaradacağı dönüşün ilk anları başlayır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 13 saylı cəzaçəkmə müəssisəsinin rəisi əfv olunanların adlarını bir-bir çəkməyə başlayır. Buraxılış vəsiqəsini ilk almaq Nuruyev Süleyman İsmayıl oğluna nəsib oldu. 1979-cu ildə Beyləqan rayonunda anadan olmuş, bir uşaq atası Süleymanın Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2008-ci il 1 mart tarixli hökmü ilə məhkum edildiyi bildirilir. Artıq keçmiş məhkum sayılan bu gənc cəzasının qalan hissəsindən azad edildiyi üçün dövlət başçısına özü və ailəsi adından minnətdarlığını bildirir.
Növbəti sevinci yaşayan Səfərov Rahil Qadir oğludur. 2 ildən bir qədər artıq həbsxana həyatı yaşamış Rahil Bakının Novxanı qəsəbəsində anadan olub. Dava-dalaş və sonda bıçaqlama onun yolunu beləcə bu arzuolunmaz yerdən salıb. Əlbəttə, "peşmançılığım özümə bəsdir, bizi doğmalara qovuşduran dövlət başçısına minnətdarlığımı ifadə edəcək söz tapa bilmirəm",- etirafı bir uşaq atası olan Rahilin gələcəkdə belə xətalara yol verməyəcəyi inamını yaradır. Təki, belə olsun.
1989-cu ildə Ağdam rayonunun Seyidli kəndində anadan olmuş Süleymanov Elmir İntiqam oğlunun törətdiyi avtomibil qəzasında 2 nəfər dünyasını dəyişib. Ona görə də 2009-cu ilin uyun ayından həbsxana divarları arasındadır. Ailələri Bərdədə məskunlaşan Elmiri qarşılamağa gələnlərin sevincli və həsrətli baxışları bir-birinə qarışıb. Dövlət başçısının adıçəkilən sərəncamından 26 dekabr 2012-ci il tarixində televiziya vasitəsilə xəbər tutublar.
Əliyev Salman Hidayət oğlu Gürcüstan Respublikasının Dimanisi rayonunun Qəmərli kəndində anadan olsa da, cinayəti Bakı şəhərində törədib. 27 yaşlı bu gəncin anası Sara xanım deyir ki, oğlu nişanlıdır: "Ailədə 2 qardaş, 2 bacıdırlar. İnana bilməzdim ki, Salman cinayət törədər. Təəssüf ki, iki ilə yaxın o, cinayətkar kimi həbsxana həyatı yaşadı. Əlbəttə, bizim kimi o da bundan çox peşmandır. Kürəkənimi bıçaqlamaqla cinayət törətmişdi. Bu, bir təsadüf, əsəb gərginliyindən yaransa da, cinayət idi. Balamı mənə və ona inanan və gözləyən nişanlısına qovuşdurduğu üçün Azərbaycan dövlətinin başçısı cənab İlham Əliyevə ailəmiz və qəmərlilər adından minnətdarlığımızı bildirirəm. Bu, həqiqətən də cənab İlham Əliyevin dünya azərbaycanlılarının Prezidenti olması, onların hər birinin qayğısına qalması deməkdir. Bundan gözəl humanistlik, mərhəmətlilik olarmı?!"
İsmayıllıda 1980-ci ildə anadan olmuş Baxışov Zaur Şərafət oğlunun törətdiyi cinayət digər "həmkarları"nınkından fərqlidir. O, "xakkerlik"də günahlandırılıb. Kompyuter vasitəsilə iqtisadi cinayət törədib. Yəni kimin və ya hansısa özəl firmanın hesabından pul oğurlamaqla təyyarə bileti alıb, onu 100 manat ucuz qiymətə satmaqla kifayətlənib. Zaurun anası Rəhilə Heydərova, atası Şərafət Möhtəb oğlu övladlarının bu əməlindən xəcalət çəkdiklərini bildirərək əlavə edirlər ki, onun 4 yaşlı Roman balasının sevincinə səbəb olan ölkə rəhbərinə ömür boyu minnətdar olacaqlar. 2 il 7 ay həbsxana divarları arasında düşünən Zaur da əməlindən peşmançılığını və bundan sonra halal zəhmətlə məşğul olacağını əminliklə bildirir.
Bu da 13 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılanların hələlik sonuncusu - Məmmədov Dəyanət Ədalət oğlu. Törətdiyi cinayət əməlinə görə 4 il həbs cəzasına məhkum olub. 1979-cu ildə Qubanın Vəlvələ kəndində dünyaya gəlmiş bu gənc çoxuşaqlı ailədə tərbiyə alıb. Anası Gülsüm həyat yoldaşı Ədalət Əliheydər oğlu ilə oğlunu qarşılamağa gələnlərin arasında daha həyəcanlı görünürdülər. Ana sevinc yaşları ilə oğlunun boynuna sarılır. Ədalət kişi hökmün və oğlunun azadlığa buraxılmasına səbəb olan məlum sərəncamın ədalətlə verildiyini bildirir: "Balamın Aydan adında 5 yaşlı oğlu var. Aydanı ona görə gətirmədik ki, qoy o, atasının cinayət törətdiyini, məhkum həyatı yaşadığını bu yaşda bilib, ürəyini zədələməsin. Dəyanət kimi bu gün azadlığa buraxılan gənclərin valideynlərinə və yaxın-uzaq qohumlarına gözaydınlığı verirəm. Cənab Prezidentin növbəti əfv sərəncamı imzalayaraq insanları sevindirməsini, həm də bu əlamətdar və əziz günlərdə bir daha ulu öndərin humanizm siyasətini layiqincə davam etdirməsi kimi dəyərləndirir, dövlət başçısına daim beləcə, xalqı tərəfindən sevilmək arzulayıram".
Təbiətin qış fəsli olmasına baxmayaraq, boz dağların qoynunda günəşin hərarəti də sanki görüşə gələnlərin isti nəfəsi ilə qovuşmuşdu: ana-bala kimi.
Dağların
qoynunda, tikanlı məftillər arxasında qalan
baxışlarda isə bir inam hissi qalırdı: axı,
növbəti dəfə onların
arasından kimlərinsə bəxtinə bu sevincdən
pay düşəcəkdi...
Məhəmməd
NƏRİMANOĞLU,
Azərbaycan.-2012.- 28 dekabr.- S.5.