Azərbaycan gəncləri Prezident
İlham Əliyevin
fəaliyyətini
birmənalı dəstəkləyir
"İrəli"nin
təşəbbüsü ilə keçirilən Gənclərin
II Liderlik Forumunda
"Azərbaycan 2020: gələcəyə baxış" milli inkişaf
konsepsiyası müzakirə olundu
Dekabrın 23-dən 26-dək "İrəli" İctimai Birliyi tərəfindən "Azərbaycan 2020: gələcəyə baxış" mövzusunda Azərbaycan Gənclərinin II Liderlik Forumu keçirilib. Gənclər və İdman Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyəti, Gələcəyə Körpü İctimai Birliyi və PwC Azərbaycan şirkətinin tərəfdaşlığı ilə "Ramada" hotelində keçirilən forum ölkənin müxtəlif bölgələrini təmsil edən 100 nəfər gənc lideri bir araya gətirib. 4 gün ərzində gənclər "Azərbaycanın inkişaf modeli", "Azərbaycan 2020: ümumi baxış, gələcək perspektivlər", "Azərbaycan 2020 - enerji səmərəliliyi, alternativ enerji mənbələrindən istifadə", "Azərbaycanın beynəlxalq iqtisadi münasibətlərdə mövqeyi, maliyyə siyasəti, bank sektoru" və bu kimi əhəmiyyət kəsb edən mövzuları tanınmış ekspertlərlə müzakirə ediblər.
Tədbirin açılış mərasimində giriş sözü ilə çıxış edən "İrəli" İctimai Birliyinin sədri Rauf Mərdiyev ilk olaraq Prezident İlham Əliyevi doğum günü münasibətilə "İrəli" İctimai Birliyinin üzvləri adından təbrik edib. Tədbirin önəmindən danışan Rauf Mərdiyevin sözlərinə görə, forumun "Azərbaycan 2020: gələcəyə baxış" milli inkişaf konsepsiyası üzərində qurulması gənclərin bu mühüm ideyaya diqqət və marağının göstəricisidir. "Azərbaycan 2020" ideyasının gənclər tərəfindən geniş müzakirə olunması və təbliği olduqca vacib məsələdir. İlk dəfədir ki, ölkənin müxtəlif bölgələrindən gənc liderlər bir araya gələrək gələcəyimiz üçün mühüm əhəmiyyət kəsb edən bu konsepsiyanı müzakirə edəcəklər.
Açılış mərasimində çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev belə bir mötəbər tədbirin Azərbaycanın ikinci böyük elm və mədəniyyət mərkəzi olan Gəncədə keçirilməsini əlamətdar hadisə adlandırıb. Gəncədə aparılan islahatlar və yenidənqurma işləri barədə ətraflı məlumat verən Elmar Vəliyev qeyd edib ki, yaxın gələcəkdə Gəncənin siması əhəmiyyətli dərəcədə dəyişəcək, 2020-ci ilə qədər Gəncədə sosial-iqtisadi sahədə ciddi işlər həyata keçiriləcək. Gənclərə yönəlik layihələrə toxunan icra başcısı bildirib ki, yaxın gələcəkdə bu istiqamətdə də bir sıra yeniliklərə imza atılacaq.
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov çıxışında forumun əhəmiyyətinə toxunub. Bu səpkili layihələrin regionlarda keçirilməsini təqdirəlayiq hal kimi dəyərləndirən SAM direktorunun sözlərinə görə, beynəlxalq əhəmiyyətli layihələrin regionlarda keçirilməsinin başlıca önəmi ondadır ki, iştirakçılar burada gedən inkişafla əyani şəkildə tanış ola bilirlər. Fərhad Məmmədov vurğulayıb ki, 2013-cü ildə SAM bir sıra beynəlxalq layihələri məhz regionlarda keçirməyi planlaşdırır.
Daha sonra Milli Məclisin deputatı Ceyhun Osmanlı çıxış edib. "Forumun əhəmiyyəti ondadır ki, burada həm bugünümüz və eyni zamanda sabahımız müzakirə edilir" deyən Ceyhun Osmanlı son bir ilə nəzər salaraq qazanılmış uğurları sadalayıb. Qeyd edib ki, bu gün dünyada Azərbaycan kimliyinin dəyəri yüksəlib. Bu da özünə güvən hissinin yüksəlməsi deməkdir. Azərbaycan hər bir işi uğurla həyata keçirə bilir. Beynəlxalq aləmdə Azərbaycan etibarlı tərəfdaş, daim inkişaf edən, demokratiya yolunda uğurla addımlayan bir ölkə kimi dəyərləndirilir.
PwC Azərbaycan şirkətinin idarəedici partnyoru Mövlan Paşayev isə gənclərin liderlik məsələsinə toxunub. Onun sözlərinə görə, lider olmaq üçün bilik və təcrübə əsas rol oynayır, yeniliklərə və inkişafa nail olmaq üçün yaradıcılıq başlıca amildir.
Forum çərçivəsində "Fərdi brendin formalaşdırılması" mövzusunda PwC Azərbaycan şirkətinin audit xidmətləri üzrə direktoru, PwC Akademiyasının rəhbəri Elçin İbadov tərəfindən keçirilən təlimdə fərdi brend formalaşdırılması, onun gənclərin ideya və təşəbbüslərinin formalaşmasında rolu istiqamətində müzakirələr aparılıb. Daha sonra PwC şirkətinin Məsləhət Xidmətləri üzrə köməkçi meneceri Ramin Kəsəmənli "Azərbaycanın inkişaf modeli" mövzusu üzrə 2-ci panelin qonağı olub. "Layihələrin idarəolunması" mövzusundakı paneldə ekspert Elçin İbadov qeyd edib ki, layihənin həyata keçirilməsi 5 mərhələdən ibarətdir: başlanğıc, planlaşdırma, icra, yekunlaşdırma və nəzarət-monitorinq. Forumun ikinci günü "Azərsu" ASC-nin Təlim Mərkəzinin rəisi Ramiz Məmmədli vurğulayıb ki, məqsədə çatmaq üçün əsas olaraq düzgün düşünmək və hədəf istiqamətlərini doğru müəyyən etmək lazımdır.
Tədbirin ən əhəmiyyətli məqamı - "Səmimi söhbət" panelinin qonaqları isə Milli Məclisin deputatı Ceyhun Osmanlı, SAM direktoru Fərhad Məmmədov, "Azərbaycan" qəzetinin Parlament və siyasət şöbəsinin redaktoru İxtiyar Hüseynli, "İrəli" İctimai Birliyinin sədri Rauf Mərdiyev, PwC Azərbaycan şirkətinin idarəedici partnyoru Mövlan Paşayev olub.
İlk çıxış edən İxtiyar Hüseynli "İrəli" İctimai Birliyini Azərbaycanın kreativ gənclərinin ən avanqard, mütəşəkkil və mütərəqqi hərəkatı kimi dəyərləndirib. Onun fikrincə, "Azərbaycan 2020: gələcəyə baxış" milli inkişaf konsepsiyasının bu formatda və belə fəallıqla müzakirəsi bir daha sübut edir ki, Azərbaycan gəncliyi ölkədəki proseslərdə birbaşa iştirak edir və hər hansı strateji məsələlərin həllində söz sahibidir. Ölkədə gənclərin fəaliyyəti üçün bütün sahələrdə dövlət dəstəyinin formalaşdığını vurğulayan İxtiyar Hüseynli bildirib ki, bu siyasət ümumilikdə Prezident İlham Əliyev tərəfindən prioritet elan olunub. Ekspert bugünkü toplantıya yığışan gənclərin 10-15 il sonra hər birinin öz sahəsində həqiqi mənada lider olacağına əminliyini də söyləyib.
Mövlan Paşayev PwC Azərbaycan şirkəti və görülən işlər haqda gənclərə məlumat verib və onları maraqlandıran sualları cavablandırıb. SAM direktoru Fərhad Məmmədov elm, təhsil, bilik məsələlərinə toxunub və gənclərin bu istiqamətdə verilən suallarını cavablandırıb, təkliflərini dinləyib. Ekspert vurğulayıb ki, elmə maraq oyatmaq və gənclərə dəstək olmaq məqsədilə SAM-da ildə bir neçə dəfə təcrübə imkanı yaradılır.
Milli Məclisin deputatı Ceyhun Osmanlı gənclərin hər bir istiqamətdə təşəbbüs göstərmələrini dəstəkləyərək qeyd edib ki, bunun üçün indi tam münbit şərait var. "2012-ci il Azərbaycanın və azərbaycanlıların istər öz-özünün, istərsə də dünyanın nəzərində irəliyə doğru inqilab etdiyi, "Biz artıq dünyanın ən böyük millətlərindənik" deyə əminliklə düşünməyə başladığı bir il oldu. Son bir ildə Azərbaycan Prezidentinin fədakar fəaliyyəti sayəsində nə qədər dəyişdiyimizin fərqindəyikmi? Biz hər gün daha çox uğur qazanmağa çalışırıq. Bəs uğurların bizi nə qədər dəyişdiyini düşünürükmü?" deyən deputat çıxışına belə davam edib: "BMT Təhlükəsizlik Şurasında sədrliyə başladıq, "Eurovision" finalı Azərbaycana gəldi, son Olimpiya Oyunlarında yerimizi 10 pillə yüksəltdik, Ramil Səfərov Azərbaycana döndü, sovet dövründən qalan əmanətlər vətəndaşlarımıza qaytarıldı, 2015-ci il Avropa Olimpiadası Azərbaycana gəldi, Azərbaycan tarixinin rekord dövlət büdcəsinə imza atıldı, TANAP layihəsi başladıldı, 60-a yaxın ölkənin birləşdiyi İslam Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası və Xarici İşlər Nazirləri Şurasında Xocalı soyqırımı rəsmən tanındı. Regionlarımız daha da tərəqqi etdi, infrastruktur layihələrindən xəstəxanalara, məktəblərdən uşaq bağçalarına, hotellərdən sənaye müəssisələrinə qədər yüzlərlə yeni layihə tamamlandı. Avropa Şurası Monitorinq komitəsi 4 illik yekun hesabatında Ermənistanın işğal faktını təsdiqləməyə məcbur oldu. Bütün dünyaya həqiqətlərimizi tanıtdıq, bizi başqalarının tanıtmaq istədiyi kimi yox, özümüzü olduğumuz kimi tanıtmaq imkanı qazandıq. Borc alan ölkədən borc verən ölkəyə çevrildik. Bəzi ölkələrdən vaxtilə yardım gözləyərkən indi o ölkələrdə ən böyük sərmayəçi olduq. Sadaladığım faktlar qədər önəmli başqa bir fakt da vardır ki, bu uğurlar dünya azərbaycanlılarının milli şüuruna daxil olub və "azərbaycanlı", "Azərbaycan vətəndaşı" anlayışlarının dünyada əhəmiyyəti olduqca artıb".
Bütün bunları Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyətinin nəticəsi kimi dəyərləndirən Milli Məclisin deputatı Ceyhun Osmanlı dövlət gənclər siyasətinin uğurlarından da danışıb: "Prezident İlham Əliyevlə fəal gənclərimizin görüşü bu il də davam etdi. Cənab Prezidentin gənclər təşkilatlarının sərgisinə gəlişi, eyni zamanda səfər etdiyi regionlarda gənclərimizlə görüşü ilə gəncləri hər zaman diqqət mərkəzində saxladığını göstərdi. Bu ilin yanvar ayından Dövlət Gənclər Proqramı minlərlə gənci sevindirməyə başladı. Azərbaycan Gənclər Fondu fəaliyyətə başladı. Keçən illə nisbətdə bu il Xaricdə təhsil Dövlət Proqramı ilə təhsil almağa yollananların sayı 2 dəfə artdı. Yeni gənclər mərkəzləri inşa olunmağa başladı, yüzlərlə layihə reallaşdı, lakin bunlar hələ bizi gözləyən daha qlobal layihələrin müjdəçisidir".
Prezident İlham Əliyevi hazırda dünyada ən populyar Azərbaycanlı kimi dəyərləndirən Ceyhun Osmanlı bildirib ki, cənab İlham Əliyev eyni zamanda dünyadakı dövlətçilik və hakimiyyət təcrübəsi ən zəngin olan azərbaycanlıdır: "Cənab İlham Əliyev kimi bir lider Azərbaycana hələ uzun illər lazımdır. Ona görə də tək 2013-cü il seçkilərində yox, ondan sonrakı seçkilərdə də biz gənclərin ən uğurlu namizədi məhz cənab İlham Əliyev olacaq və biz Prezidentin gənc komandası olaraq hər zaman onun və ideyalarının ətrafında sıx səfərbər olacağıq. Bugünkü tədbir də Azərbaycan gənclərinin mövcud siyasi kursa və Prezident İlham Əliyevin fəaliyyətinə sonsuz dəstəyinin əyani göstəricisidir" .
Rauf Mərdiyev Gənclər Forumunun ildə iki dəfədən az olmayaraq keçiriləcəyini vurğulayıb və layihədə əməkdaşlıq edən qurumlara təşəkkürünü bildirib. Paneldə eyni zamanda sosial şəbəkələr vasitəsilə Bakıdan, xaricdən və regionlardan verilən suallar ekspertlər tərəfindən cavablandırılıb və gənclərin fikirləri dinlənilib.
Günün sonunda "İRƏLİ" İctimai Birliyinin 4 illiyi qeyd edilib. Bu münasibətlə Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən ziyafət təşkil edilib. Ziyafətdə çıxış edən natiqlər "İrəli" İctimai Birliyini yaranması münasibətilə təbrik edib, təşkilatın Azərbaycan gəncliyinin inkişafında oynadığı roldan bəhs ediblər.
Dekabrın 25-də forumun son üç paneli baş tutub. Panelin qonaqları SAM ekspertləri
olub. SAM-ın İqtisadiyyatın təhlili və qloballaşma məsələləri
şöbəsinin müdiri
Vüsal Qasımlı
"Azərbaycan 2020, ümumi
baxış, gələcək
perspektivlər" mövzusunda,
SAM mütəxəssisi Şahmar
Hacıyev "Azərbaycan
2020 - enerji səmərəliliyi,
alternativ enerji mənbələrindən istifadə"
mövzusunda, SAM mütəxəssisi
Mahir Hümbətov
"Azərbaycanın beynəlxalq
iqtisadi münasibətlərdə
mövqeyi, maliyyə siyasəti, bank sektoru"
mövzusunda çıxışlar
ediblər. Çıxışlardan sonra panellər qarşılıqlı diskussiya
şəklində davam
edib və forum iştirakçılarının çoxsaylı sualları
ekspertlər tərəfindən
cavablandırılıb.
Bununla da Forum öz işini başa çatdırıb. Bağlanış
mərasimində "İrəli"
İctimai Birliyinin sədri Rauf Mərdiyev bildirib ki, müxtəlif regionları təmsil edən 100 gəncin bir araya gəlməsi,
iştirakçıların forum müddətində göstərdikləri
fəallıq, eyni zamanda mövzuların önəmliliyi və iştirakçılar tərəfindən
maraqla qarşılanması
forumun uğurunun göstəricisidir.
Sonda 100 gəncə Gənclərin II Liderlik Forumunda fəal iştiraka görə sertifikat təqdim edilib. Xatırladaq ki, Azərbaycan Gənclərinin I Liderlik Forumu da 8-11 sentyabrda Gəncədə keçirilmişdi. Forum ildə iki dəfədən az olmayaraq keçirilir.
Rəşad CƏFƏRLİ,
Azərbaycan.-2012.- 28 dekabr.- S.6.