Kollegiya iclasında cari
ilin yekunları və növbəti ildə
qarşıda duran vəzifələr
müzakirə edilmişdir
Dekabrın 27-də Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin cari ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbiri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq bildirmişdir ki, iclasda 2012-ci ilin yekunları müzakirə olunacaq, növbəti ilin birinci yarısı üçün iş planı təsdiq ediləcəkdir.
Yola salmağa hazırlaşdığımız 2012-ci ilin ölkəmizin mədəni həyatı üçün uğurlu olduğunu qeyd edən Ə.Qarayev il boyu keçirilmiş yerli və beynəlxalq tədbirlərdən, inşa edilən mədəniyyət ocaqlarından, istifadəyə verilən turizm obyektlərindən söz açmışdır.
Tarın UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsinin hamımız üçün böyük bayram olduğunu deyən Ə.Qarayev bildirmişdir ki, xalqımızın zəngin mədəniyyətinin zirvəsində duran tar artıq bütün dünya tərəfindən məhz Azərbaycan musiqi aləti kimi tanınmışdır.
Nazir bildirmişdir ki, milli tar ifaçılıq sənətimizin bu siyahıya daxil edilməsi Prezident İlham Əliyevin xalqımızın mədəniyyətinə göstərdiyi yüksək qayğı, həmçinin Azərbaycanın qeyri-maddi mədəni irs nümunələrinin qorunması və beynəlxalq səviyyədə təşviqi məqsədi ilə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsləri və dəstəyi ilə həyata keçirilən silsilə tədbirlər nəticəsində mümkün olmuşdur.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xalqımızın mədəniyyətinin dünyada tanıdılması istiqamətində gördüyü böyük işlərdən danışan nazir Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən hər bir layihədə qədim mədəniyyətimizin, tariximizin müdafiə və təbliğ olunduğunu vurğulamışdır.
Kollegiyada paytaxtımızda "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı çərçivəsində "Dünya teatr prosesi XXI əsrdə: problemlər, perspektivlər və alternativlər" mövzusunda II Bakı Beynəlxalq teatr konfransının keçirilməsi də mühüm hadisə kimi dəyərləndirilmişdir.
Bildirilmişdir ki, konfransda dünyanın 35 ölkəsindən gəlmiş 80-dən çox teatr tənqidçisi, teatrın tarix və nəzəriyyəsini araşdıran tədqiqatçılar, rejissorlar, aktyorlar, rəssamlar və menecerlər iştirak etmişlər.
Kollegiyada Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölkəmizdə böyük ədiblərimizə həsr edilmiş silsilə tədbirlərin keçirilməsindən, musiqi festivallarından, caz axşamlarından geniş söhbət açılmışdır. Bu tədbirlərin yerli və xarici telekanallarda yayımlanması Azərbaycan mədəniyyətinə olan böyük marağın təzahürü kimi dəyərləndirilmişdir.
Cari ildə dünyanın 7 ölkəsində Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi də mədəniyyətimizin, incəsənətimizin təbliği baxımından yüksək qiymətləndirilmişdir.
İclasda kitabxanaçılar üçün təşkil edilmiş kompyuter kurslarının müsbət nəticələri təhlil edilmiş və kitabxanaların informasiya mərkəzinə çevrilməsinin vacibliyi vurğulanmışdır. 2013-cü ildə belə kursların muzey işçiləri üçün də təşkil edilməsi tövsiyə olunmuşdur.
Tədbirdə qarşıda duran vəzifələr, növbəti ildə həyata keçiriləcək layihələr, turizm sahəsinin inkişafı istiqamətində atılacaq addımlar bir daha nəzərdən keçirilmişdir.
Kollegiya
iclası Mədəniyyət və Turizm Nazirliyinin gələn
ilin birinci yarısı üçün iş planını təsdiqləmişdir.
Azərbaycan.-2012.- 28 dekabr.- S.6.