Həmrəylik günü ərəfəsində...

 

Səbail rayonunda Mirzə Fətəli Axundzadənin 200 illiyi qeyd olundu

 

 Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon rəhbərliyi, rayonun idarə, müəssisə və təşkilatlarının, elm və təhsil müəssisələrinin, din xadimlərinin, ziyalıların iştirakı ilə Dənizkənarı "Park Bulvar" Ticarət və İstirahət Mərkəzindəki "Sinema-Klub"da böyük tədbir keçirildi.

Səbail  Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il münasibətilə təbrik edərək Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində 2012-ci ildə ölkədə əldə olunmuş nailiyyətlər, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun artması, iqtisadiyyatdakı irəliləyişlər barədə və əhalinin rifah halının yüksəlməsi istiqamətində ölkədə həyata keçirilən sosialyönümlü layihələrdən danışdı. A.Əsgərov sona çatan il ərzində Səbail rayonunda da görülən işlər və həyata keçirilən layihələr, açılışları keçirilmiş obyektlər, təmir olunmuş təhsil, səhiyyə və s. müəssisələr, həyətlər, park və istirahət guşələri, asfaltlaşdırılmış yollar barədə məlumat verdiyeni ildə qarşıda duran vəzifələrdən söz açdı.

Asif Əsgərov qeyd etdi ki, bu il həm də böyük Azərbaycan mütəfəkkiri, milli dramaturgiyanın banisi, görkəmli ictimai xadimmaarifçi Mirzə Fətəli Axundzadənin anadan olmasının 200 illiyi təntənə ilə qeyd olunur. Ölkə başçısı tərəfindən Azərbaycan mədəniyyətinin  inkişafı tarixində parlaq səhifə açan Mirzə Fətəli Axundzadənin yubileyinin təntənəli şəkildə keçirilməsi ilə bağlı sərəncam imzalanıb və müvafiq tədbirlərin keçirilməsi ilə bağlı tapşırıqlar verilib. 2012-ci il həm də TÜRKSOY çərçivəsində "M.F.Axundzadə ili" elan edilib.

Asif Əsgərov Azərbaycanın böyük mütəfəkkirinin həyatı, yaradıcılığı barədə məlumat verərək vurğuladı ki, milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin yubileyi ilə əlaqədar onun həyat və  fəaliyyətini əks etdirən "Sübhün səfiri" filminə ictimai baxış keçiriləcək.

Tədbirdə çıxış edən Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Mirzə Fətəli Axundzadənin yaradıcılığına, onun mənalı həyat yoluna nəzər salaraq ölkəmizdə və onun hüdudlarından kənarda keçirilən yubiley tədbirlərindən danışdı. Xalq yazıçısı həmçinin dövlət sifarişi əsasında çəkilən, ssenari müəllifi olduğu "Sübhün səfiri" filminin çəkilişi barədə də iştirakçılara məlumat verdi.

Daha sonra çıxış edən filmin rejissoru Ramiz Həsənoğlu və baş rolun ifaçısı xalq artisti Rasim Balayev filmin ərsəyə gəlməsi və çəkiliş günlərindən danışdılar.

Sonda tədbirdə "Sübhün səfiri" filmi nümayiş etdirildi.

 

Azərbaycan.-2012.- 28 dekabr.- S.7.