Bir ildə dörd yaradıcılıq mükafatı

 

2012-ci il yazıçı-hüquqşünas Tahir Kazımov üçün uğurlu yaradıcılıq ili olub. Müəllifin 6 kitabdan ibarət olan "Talelərini özləri yazanlar" roman-epopeyası çapdan çıxıb. Yazıçı həmçinin ədəbiyyat sahəsindəki müvəffəqiyyətlərinə görə il ərzində üç xarici ölkənin dörd yaradıcılıq mükafatını alıb.

Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Tahir Kazımov respublika Silahlı Qüvvələrinin və Qarabağ müharibəsinin veteranıdır. O, uzun illər daxili işlər orqanlarında xidmət edib. Polis polkovnikidir.

"Biz orqan işçiləri nələr görmüşük, nələr eşitmişik. Gördüklərimizi, eşitdiklərimizi dərindən duya-duya daxilən qocalır, qara saçımız günü-gündən ağarır, lakin dözürük. Amma bəzilərinin ürəyi tab gətirmədikdə o dünyaya köçürlər..." Bu sözləri Tahir Kazımovun çoxsaylı romanlarının qəhrəmanlarından biri rəhbərlik etdiyi idarənin cinayət-axtarış bölməsində çalışan işçisinə çətin  tapşırıq verdikdən sonra daxili dünyasında özünün özü ilə söhbətində deyir. Elə buradan da görünür ki, əsərlərində vəsf etdiyi vicdanlı, ədalətli hüquq-mühafizə işçiləri müəllifin həmkarlarının, vaxtı ilə çiyin-çiyinə çalışdığı dostlarının, yoldaşlarının prototipləridir.

Tahir Kazımov bədii yaradıcılığa hələ 1965-ci ildən başlayıb. Qələmini miniatür, hekayə janrlarında, tərcümədə sınayan gənc müəllif sonradan bir sıra detektiv povestromanlar yazıb. Bütün əsərlərinin mövzusunu da ona həyatın özü bəxş edib.

Sonralar Tahir Kazımov "Əmək rəşadəti", "Səsin sehri", "Qəfil ezamiyyət", "Qisas", "Ürək fəryadı", "Müsibət", digər povest və romanlarını yazıb. 1970-ci ildən işıq üzü görməyə başlayan kitablarının çapı 2-3 min nüsxədən bəzən 20-30 min nüsxəyə çataraq çox böyük tirajla nəşr olunub. Son illərdə müəllif oxucularına "Etiraf", "Cəhənnəmə aparan yol", "Taleyin qisməti beləymiş yəqin", "Talelərini özləri yazanlar" və s. kitablarını təqdim edib. Hər biri 500 səhifəlik üç kitabdan ibarət olan "Müsibət" adlı sənədli romanı real hadisələr və faktlar əsasında yazılıb. Bu əsər 1988-1994-cü illərdə Azərbaycanda cərəyan edən ictimai-siyasi hadisələri işıqlandırır. Əsərdə qanunun aliliyi, dövlətçiliyin qorunması, torpaqların bütövlüyü uğrunda mübarizə mövzuları ön plana çəkilib.

Tahir Kazımov hüquqşünas olduğundan qələmə aldığı əsərlərin əksəriyyətində aparıcı xətti cinayət-prosessual xarakterli hadisələr, cinayətkarlıqla mübarizə təşkil edir. O, əsərlərində, eyni zamanda, insanın daxili aləmini, mənəvi gücünü göstərməyə qadir olan bir müəllifdir. Bu yerdə də ona peşəsi, insan xarakterlərini öyrənə bilmək qabiliyyəti, hüquqşünas intuisiyası kömək edir.

Yazıçının bu məziyyətlərini onun 2012-ci ildə işıq üzü görmüş altıcildlik "Talelərini özləri yazanlar" roman-epopeyasında da aydın görmək olar. Müəllif, həmçinin digər əsərlərində olduğu kimi, burada da "türkün qanını içməyə hazır olan" mənfur qonşularımızın riyakarlıq və hiylə dolu üzünü açıb göstərə bilib.

Əsərdə hamının azərbaycanlı kimi tanıdığı Tais, əslində, ermənidir. İkinci Dünya müharibəsi zamanı onun atası bütün ailənin sənədlərini dəyişdirə bilib. Beləliklə, Muradyanlar Muradovlar olublar. Demə, Taisuzun illər ermənilərin Moskvadakı və Parisdəki diasporuna, Yerevan liderlərinə işləyirmiş...

Yazıçının yeni əsərinin uğuruna aldığı dörd yeni mükafatın sevinci də qarışıb. Belə ki, 2012-ci ilin mart ayında o, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının "Türk ədəbiyyatına xidmət" mükafatını alıb. Xatırladaq ki, müəllifin "Qisas" romanı Türkiyə naşirlərinin diqqətini hələ bir neçə il əvvəl cəlb etmişdi. Əsər 2010-cu ildə İstanbul şəhərində "İntikam" adı ilə nəşr olunub.

2012-ci ilin sentyabrında müəllif Moskvadan daha xoş bir xəbər aldı. Birləşmiş Millətlərin İctimai Mükafat Şurasının Beynəlxalq Mükafat Birliyi onu "Ədəbiyyat və mədəniyyət qarşısındakı xidmətlərinə görə" "Şərəf və ləyaqət" ordeni ilə mükafatlandırıb.

T.Kazımovun il ərzində (noyabrda) aldığı üçüncü mükafat Təbiət Elmləri Avropa Akademiyasının (Hannover şəhəri) Qəyyumlar Şurasının və Elmi Şurasının rəyi ilə verilmiş "Ədəbiyyatda xüsusi xidmətlərinə görə" "Şiller Medal-Diplomu"dur.

Bu günlərdə isə yazıçı Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının daha bir mükafatını - "Altın Yıldız" ("Qızıl Ulduz") medalını və diplomunu alıb.

Qeyd edək ki, T.Kazımovun yaradıcılığı indiyədək Azərbaycanın özündə də bir sıra mükafatlara - "Qızıl qələm", "Araz", "Şərəf", "Qrand", "Ömər Faiq Nemanzadə" mükafatlarına layiq görülüb.

 

 Flora SADIQLI,

Azərbaycan.-2012.- 28 dekabr.- S.7.