Narkotik vasitələrin
qaçaqmalçılığı və qanunsuz
dövriyyəsi ilə
məşğul olan şəxslər ifşa olunmuşlar
Narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində ifşa edilmiş, onlardan ümumilikdə 20 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək götürülmüşdür.
MTN-in İctimai əlaqələr mərkəzindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan Respublikasının vətəndaşları - Şahverdiyev Baba Zakir oğlu, Əliyev Ceyhun Firudin oğlu, Şıxəliyev Nurəli Əliabbas oğlu, Həsənov İlham Sumbat oğlu, Bayramov Elşən Güloğlan oğlu və Heydərova Günel Rəhim qızı saxlanılmışlar. Məlum olmuşdur ki, adları çəkilən şəxslər və qeyriləri qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədilə külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə Rusiya Federasiyası istiqamətindən gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirib, Azərbaycan Respublikasına gətirmişlər.
Müəyyən edilmişdir ki, Baba Şahverdiyev, Ceyhun Əliyev, Nurəli Şıxəliyev, İlham Həsənov, Elşən Bayramov, Günel Heydərova və qeyriləri cinayət əlaqəsinə girərək Rusiya Federasiyasının Moskva şəhərində külli miqdarda narkotik vasitə olan 125,46 qram kokain və sintetik narkotik vasitə olan 72,83 qram metadon əldə etmişlər. Qrupun üzvləri həmin narkotik vasitələri "DVD player"in içərisində gizlədərək "Moskva-Bakı-Moskva" reysi üzrə hərəkət edən "İkarus" markalı avtobusla "Samur" gömrük məntəqəsindən keçirərək Bakı şəhərinə gətirərkən cinayət başında yaxalanmışlar.
MTN-in həyata keçirdiyi digər əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Məhərrəmov Dövlət Hüseyn oğlu saxlanılmışdır. Müəyyən edilmişdir ki, Dövlət Məhərrəmov, habelə hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının Şəhram adlı vətəndaşı və qeyriləri tamah niyyəti ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitəni İran istiqamətindən qaçaq yolla gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək Azərbaycana gətirmişlər.
Məlum olmuşdur ki, dekabr ayının ortalarında Dövlət Məhərrəmov İran İslam Respublikasının Astara şəhərinə getmiş və orada tanışı Şəhram adlı iranlı ilə külli miqdarda narkotik vasitənin qaçaq yolla Azərbaycana gətirilməsi barədə razılaşmışlar. Şəhram adlı iranlı həmin narkotik vasitəni qaçaq yolla Azərbaycan Respublikasının Astara rayonunun Telmən kəndinin ərazisinə keçirmiş və əvvəlcədən müəyyən edilmiş yerdə gizlətmişdir. Dövlət Məhərrəmov həmin gizli yerdən içərisində külli miqdarda narkotik vasitənin olduğu bağlamanı götürərkən MTN-in əməkdaşları tərəfindən cinayət başında yaxalanmışdır. Keçirilmiş baxış zamanı həmin bağlamadan 19 kiloqram 278,71 qram həşiş qətranı aşkar edilərək götürülmüşdür.
Hər
iki faktla bağlı MTN-in İstintaq Baş İdarəsi tərəfindən
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən
narkotik vasitələrin
qaçaqmalçılığı), 234.4.1-ci və
234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən
külli miqdarda narkotik vasitələri əldə etmə,
daşıma, saxlama və ya satma) maddələri ilə cinayət
işləri başlanılmışdır. Adları
çəkilən şəxslər təqsirləndirilən
şəxs qismində cəlb olunaraq barələrində
məhkəmənin qərarları ilə həbs qətimkan
tədbiri seçilmişdir. İstintaq-əməliyyat
tədbirləri davam edir.
Azərbaycan.-2012.- 27 dekabr.- S.7.