Respublika Neyrocərrahiyyə Xəstəxanasının
əsaslı
yenidənqurmadan
sonra açılışı olmuşdur
Prezident İlham
Əliyev açılış mərasimində iştirak etmişdir
Dekabrın 28-də Bakıda Respublika Neyrocərrahiyyə Xəstəxanasının əsaslı yenidənqurmadan sonra açılışı olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri açılış mərasimində iştirak etmişlər.
Səhiyyə naziri Oqtay Şirəliyev məlumat verdi ki, 1985-ci ildə istifadəyə verilən bu tibb müəssisəsində uzun illər təmir işlərinin aparılmaması nəticəsində xəstəxananın binası yararsız vəziyyətə düşmüşdü. Bu da xəstələrə yüksək səviyyədə tibbi xidmətin göstərilməsinə mane olurdu. Azərbaycan Prezidentinin paytaxtdakı tibb müəssisələrində yenidənqurma işlərinin aparılması, onların maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq, 2010-cu ilin iyununda Respublika Neyrocərrahiyyə Xəstəxanasında da yenidənqurma işlərinə başlanmışdır. Ötən dövrdə respublikanın yeganə neyrocərrahiyyə xəstəxanasının binası əsaslı surətdə yenidən qurulmuş, müəssisə dünyanın ən müasir tibbi avadanlığı ilə təchiz olunmuşdur. Görülən işlər nəticəsində xəstələrin yüksək səviyyədə müalicəsi, 430 həkim və tibb işçisinin fəaliyyəti üçün hər cür şərait yaradılmışdır.
Azərbaycan Prezidentinin diqqətinə çatdırıldı ki, xəstəxanada bir əməliyyat bloku, dörd cərrahiyyə otağı yaradılmış, burada mikroskopik cərrahi əməliyyatların aparılması üçün bütün zəruri avadanlıq quraşdırılmışdır. Reanimasiya şöbəsi də ən müasir avadanlıqla təchiz edilmiş, xəstələrin daim nəzarət altında saxlanması üçün bütün tələblər nəzərə alınmışdır. Bununla da 125 çarpayılıq xəstəxanada tibb işçilərinin fəaliyyəti və xəstələrin yüksək səviyyədə müalicəsi üçün hər cür şərait yaradılmışdır.
Tibb ocağı ilə tanışlıqdan sonra dövlət başçısı xəstəxananın kollektivi ilə görüşdü.
Prezident İlham ƏLİYEV xəstəxananın kollektivini salamlayaraq dedi:
- Sizi qarşıdan gələn bayram münasibətilə təbrik edirəm. Eyni zamanda, biz Yeni il bayramı ərəfəsində neyrocərrahiyyə xəstəxanasının əsaslı təmirdən sonra açılışını qeyd edirik. Çox gözəl təəssürat bağışlayır. Xəstəxana o qədər də yaxşı vəziyyətdə deyildi, köhnəlmişdi, təmirə ehtiyacı var idi. İndi ən yüksək standartlara cavab verir, həm avadanlıq, həm təmir işləri. Yəni, burada çox yüksək səviyyəli tibbi xidmət göstərmək mümkün olacaqdır. Bu, məni çox sevindirir. Çünki hesab edirəm ki, ölkəmizin hər bir xəstəxanasında ən yüksək səviyyə, gözəl şərait olmalıdır. Biz buna çalışırıq və nəinki Bakıda, eyni zamanda, bütün bölgələrdə, bütün rayon və şəhərlərimizdə yeni tikilmiş xəstəxanalar bax bu səviyyədədir.
Bu, artıq səhiyyə
sistemində Azərbaycan
standartlarıdır. Şəhərdən, bölgədən asılı
olmayaraq, hər bir yerdə Azərbaycan vətəndaşı
üçün yüksək
tibbi xidmət göstərilməlidir. Əvvəlki dövrdə bizim buna o qədər də imkanımız çatmırdı. Əvvəlki illərdə alınmış
avadanlıq köhnəlmişdir,
sıradan çıxmışdır.
Ancaq bu gün Azərbaycan
dövləti güclü
dövlətdir, güclü
iqtisadiyyatımız var
və sosial məsələlərin həlli
bizim üçün
ön plandadır.
Sosial məsələlərin arasında
isə səhiyyə məsələləri əlbəttə
ki, xüsusi yer tutur. Mən çox şadam ki, son illər ərzində Bakının
bir sıra xəstəxanaları çox
gözəl təmir edilmiş və istifadəyə verilmişdir.
Demək
olar ki, ixtisaslaşdırılmış bütün tibb mərkəzlərimiz artıq
belə səviyyədədir.
Növbəti illərdə bu
işlər davam etdiriləcəkdir. Hələ ki,
təmirə ehtiyacı
olan xəstəxanalar
vardır. Biz bunu bilirik və
bu işlər ardıcıllıqla görüləcəkdir.
Sizə uğurlar arzulayıram. Arzu edirəm
ki, xəstələrə
yaxşı xidmət
göstərəsiniz. Xəstəxana əlbəttə
ki, ilk növbədə,
xəstələr üçün
olan bir tibb müəssisəsidir,
amma, eyni zamanda, həkimlərin iş yeridir. Həkimlərin iş yeri də belə
olmalıdır. Həkimlər çox böyük xidmət göstərirlər.
Mən onların fəaliyyətini
çox yüksək
qiymətləndirirəm. Arzu edirəm ki, həkimlərimiz öz biliklərini artırsınlar,
təkmilləşmə daim
getməlidir. Çünki dünyada səhiyyə sahəsində çox böyük inkişaf gedir. İndi yeni texnologiyalar,
yeni müalicə üsulları, yeni cərrahiyyə metodları
tətbiq olunur. Biz də ən
qabaqcıl təcrübəni
Azərbaycanda tətbiq
etməliyik. Bunu etmək
üçün əlbəttə
ki, müasir avadanlıq olmalıdır,
eyni zamanda, təlim prosesi də daim getməlidir.
Sizi gözəl
hadisə münasibətilə
təbrik edirəm və sizə cansağlığı, uğurlar
arzulayıram.
Sonda xatirə
şəkli çəkdirildi.
AzərTAc
Azərbaycan.-2012.- 29 dekabr.- S.1.