Təsviri incəsənət haqqında
oçerklər toplusu
Zəngin irsə malik mədəniyyət və incəsənətin tədqiqi ilə bağlı son illər xeyli elmi, ədəbi məcmuələr işıq üzü görüb ki, onlardan biri də Rəssamlar İttifaqının üzvü, sənətşünaş Əsəd Quliyevin yenicə çapdan buraxılan "XX əsr Azərbaycan incəsənəti haqqında oçerklər" kitabıdır. Xalq rəssamı, akademik, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov "Təhsil" nəşriyyatının çap etdiyi adıçəkilən kitabın "Ön söz"ündə xüsusi olaraq qeyd edir ki, oxuculara təqdim edilən "XX əsr Azərbaycan incəsənəti haqqında oçerklər" kitabı müəllifin iki il ərzində respublikanın müxtəlif elmi toplu, jurnal və qəzetlərində çap edilmiş məqalələrindən seçilmiş nümunələri əhatə edir.
Kitabdakı yazılar Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndələri Bəhruz Kəngərli, Səttar Bəhlulzadə, Fuad Əbdürrəhmanov, Cəlal Qaryağdı, Mikayıl Abdullayev, Asəf Cəfərov, Vəcihə Səmədova, Elmira Şahtaxtinskaya, Tahir Salahov, Böyükağa Mirzəzadə, Nadir Əbdürrəhmanov, Toğrul Nərimanbəyov, Rasim Babayev və digər fırça, tişə ustalarının həyat və yaradıcılığını əhatə edir.
Əməkdar incəsənət xadimi, Azərbaycan Rəssamlar İttifaqının tənqid və sənətşünaslıq bölməsinin sədri Ziyadxan Əliyevin fikrincə, təqdim olunan kitabda, müəllifin, demək olar ki, ilk müstəqil yaradıcılıq nümunələri toplanıb: "O, ilk sənətşünasdır ki, çox gənc yaşlarında oxucuların və sənətsevərlərin görüşünə kitabla gəlməyə nail olub. Əsəd Quliyevin yazıları aydın kompozisiyasına, fikir tutumuna, ifadə ustalığına görə diqqəti cəlb edir. Onun seçdiyi qəhrəmanlar da sənətdə kifayət qədər öz izi olan sənətkarlardır".
Doğrudan da, əbədiliyin, daimiliyin yolu ancaq Vətənə sevgidən və xeyirxahlıqdan keçir. Bu toplunun müəllifinin də imzasının incəsənət tarixinə yazıldığı göz önündədir. Çünki o, yaxşı bilir ki, ictimai mahiyyət daşıyan, xalqın və millətin tarixinə hər hansı sahədə olursa-olsun, adını yazmağı bacaranlar əbədi ömür qazanırlar. Bu əbədilikdən "XX əsr Azərbaycan incəsənəti haqqında oçerklər" kitabının müəllifinin də ömrünə yazılacağını söyləmək olar.
Azərbaycan.-2012.- 29 dekabr.- S.7.