Akademik Cəlal Əliyevə həsr edilmiş nəfis
tərtibatlı divar təqvimi nəşr
olunmuşdur
Akademik Cəlal Əliyevə həsr edilmiş 2013-cü il üçün divar təqvimi nəşr olunmuşdur. Yeni təqvim nəfis tərtibatı və orijinal dizaynı ilə diqqəti cəlb edir.
AzərTAc xəbər verir ki, təqvimdə yorulmaz tədqiqatçı alimin Azərbaycan elminə verdiyi qiymətli töhfələrdən geniş söz açılmış və onun yerli və beynəlxalq konfranslarda, tədqiqat apardığı zəmilərdəki fəaliyyəti, eləcə də baba kimi nəvələrinə göstərdiyi diqqət və qayğısı fotoşəkilləri vasitəsilə diqqətə çatdırılmışdır.
Təqvimdə qeyd edilmişdir ki, ilk elmi tədqiqatlarına ötən əsrin 50-ci illərində başlayan Cəlal Əliyev bitkilərin məhsuldarlığının fizioloji, biofiziki, biokimyəvi və molekulyar-genetik əsaslarını, eyni zamanda, bitkilərin həyatının struktur-funksional təşkilinin molekulyar səviyyədən başlayaraq bütöv bitki və əkinə qədər bütün mərhələ və formalarında məhsuldarlıq proseslərini öyrənmişdir.
Azərbaycanda fundamental və tətbiqi elmin inkişafında və gənc kadrların yetişməsində Cəlal Əliyevin rolu əvəzsizdir. Onun elmi fəaliyyətinin 60 ildən çoxu kənd təsərrüfatı bitkilərinin, əsasən, buğdanın fotosintetik məhsuldarlığının nəzəri əsaslarının öyrənilməsinə həsr edilmişdir.
Akademik Cəlal Əliyev 550-dən artıq elmi əsərin, 20 monoqrafiyanın, 5 kitabın və 23 patentin müəllifidir. Onun elmi işləri çoxsaylı nüfuzlu beynəlxalq nəşrlərdə və müxtəlif dillərdə öz əksini tapmışdır. O, dünyanın bir neçə mötəbər akademiyasının, həmçinin bir sıra aparıcı beynəlxalq və milli cəmiyyətlərin üzvüdür.
AzərTAc
Azərbaycan.-2012.- 29 dekabr.- S.7.