«Sonuncu fateh» kitabının təqdimatı olmuşdur

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin binasında yazıçı-dramaturq Hüseynbala Mirələmovun "Sonuncu fateh" kitabının təqdimatı keçirilmişdir.

Azərbaycanın tarixi şəxsiyyətlərindən olan Nadir şah Əfşara həsr edilmiş tarixi romanda Nadir şahın hərbi-siyasi fəaliyyəti və həyatı haqqında maraqlı məqamlara toxunulmuşdur. Faktlarqaynaqlar əsasında qələmə alınmış əsərdə Nadir şah Əfşarın çətin, keşməkeşli həyat və fəaliyyətindən, hakimiyyətə gəlişindən, Azərbaycan torpaqlarını işğaldan azad etməsindən geniş söhbət açılır.

Tədbirdə H.Mirələmov möhtəşəm Əfşar imperatorluğunu quran Nadir şahın hərbi-siyasi fəaliyyətini və faciəvi sonluqla bitən həyatını oxucuların gözləri önündə canlandırmaq üçün bir çox qiymətli tədqiqat əsərlərinə və sənədli qaynaqlara müraciət etdiyini bildirmişdir. O, həmçinin faktlar əsasında bir-birindən maraqlı döyüş səhnələri, dolğun xarakterləri yaratmaq üçün bədii-fəlsəfi ümumiləşmələr apardığını da vurğulamışdır.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova Azərbaycanın XVIII əsr ictimai-siyasi durumu ilə bağlı vacib məlumatlarla zəngin əsərdə işğalçı qüvvələrin xalqımızın başına gətirdiyi bəlaların ətraflı əks olunduğunu diqqətə çatdırmışdır.

Milli Məclisin komitə sədrləri Hadi Rəcəbli, Eldar İbrahimov və digər çıxış edənlər tarixi məlumatlarla zəngin olan əsərin əhəmiyyətindən danışmışlar. Bildirilmişdir ki, "Sonuncu fateh" əsəri Azərbaycan ədəbiyyatının, bədii nəsrin uğurlu nümunələrindən hesab oluna bilər. Sonra əsərlə bağlı müzakirələr aparılmışdır.

Tədbirin sonunda AMEA-nın Azad Həmkarlar İttifaqı və Nizami adına Ədəbiyyat İnstitutu adından Hüseynbala Mirələmova "2012-ci ilin yazıçısı" fəxri diplomu verilmişdir.

 

 AzərTAc

Azərbaycan.-2012.- 29 dekabr.- S.7.