Xalqımızın mərd oğulları erməni terrorunun qurbanı olmuşlar

 

Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanovun şəxsən imzaladığı mandatla Qarabağ və Zəngəzurun fövqəladə komissarı təyin olunmuş Aslan bəy Sultanovun ömür yoluna həsr edilmiş "Zəngəzur aslanı Aslan bəy Sultanov" kitabı nəşr edilmişdir.

Aslan bəyin igidliyi, Andronik, Dro, Njde kimi erməni daşnak generallarının başçılıq etdiyi quldur dəstələrinə qarşı fədakar mübarizəsi, sərrast atıcılığı, mahalda məşhur olan Qarabağ cinsindən qara qaşqa atı, dostluğa sədaqəti haqqında əhvalatlar bu gün də xalqın hafizəsində yaşayır. Qafan şəhəri yaxınlığında daşnakların mühasirəyə aldığı Qızıl Ordu hissəsinin xilas edilməsində göstərdiyi igidliyə görə ona polkovnik rütbəsi verilmiş və "Qızıl Ulduz" ordeni ilə təltif edilmişdir. Aslan bəy Zəngəzurun Ermənistana birləşdirilməsinə qarşı da ən qətiyyətli mövqe tutan hökumət nümayəndəsi olub, elə bu səbəbdən də Ermənistan hökumətinin israrlı təkid, təzyiqlərindən sonra vəzifədən azad edilib, sonra da sovet Azərbaycanındakı güc strukturlarında yerləşmiş ermənilərin məkrli hiyləsi ilə daşnaklara qarşı barışmaz mücadiləsinə görə qəza milis idarəsinin rəisi vəzifəsində ikən 41 yaşında terrora məruz qalmış, qətlə yetirilmişdir.

 Xüsusilə təəssüf doğuran faktdır ki, belə dəyərli bir şəxsiyyət haqqında sovet dövründə çap edilən bəzi kitablarda erməni dəyirmanına su tökən bəzi yalanböhtanlar yazılmış, Aslan bəyin xalqımız qarşısında gördüyü işlərə kölgə salmağa səy göstərilmişdir. Kitabda belə yazarlara da tutarlı faktlarla cavab verilmişdir.

Məşhur Sultanovlar nəslindən olan Aslan bəy 1888-ci ildə Zəngəzur qəzasının Hacılı kəndində anadan olmuş, ilk təhsilini Qubadlıdakı rus-tatar məktəbində almış, sonra Qori seminariyasında oxumuş, dövrün mütərəqqi fikirli ziyalıları arasında böyük nüfuz qazanmışdı. Maraqlısı həm də budur ki, Aslan bəy bütün təzyiqlərə baxmayaraq, vətən, torpaq, millət təəssübünü hər şeydən üstün tutmuşdur.

Aslan Bəy soyunun layiqli davamçısı olan kitabın müəllifi ixtisasca hüquqşünas olan tədqiqatçı Faiq Abdullayev bütün bunları zəngin faktlarla qələmə almışdır. Bir çoxu ilk dəfə bu kitabda verilən 100-ə yaxın arxiv sənədi, müxtəlif nəşrlərdə yayılmış xatirələr təkcə Aslan bəyin ömür yolunu deyil,  həm də Zəngəzur tarixinin ən çətin dövrünün gerçək  mənzərəsini əks etdirmək baxımından oxucuda geniş təəssürat yaradır.

 

Azərbaycan.-2012.- 29 dekabr.- S.7.