Haqqı alınan haqq
aşığı
Mirzə Bilal da repressiya qurbanı olub
Azərbaycan xalqının tarixinə repressiya olayları kimi yazılan ötən əsrin otuzuncu illərinin ağrı-acıları, dəhşətləri və vəhşilikləri zaman keçdikcə üzə çıxır. O illərin əzabını yaşayan, həyatının ən qaynar və coşqun dövründə haqqı əlindən alınanların xalqın dilini bilən, ziyası hesab edilənlərin daha çoxluq təşkil eləməsi heç də təsadüfi deyil. Sovetlərin repressiya "dalğa"sı, təəssüf ki, aşıq sənətindən də yan keçməyib. Bu "ideologiyaya boyun əyməyənlərin cəzası" Sibirə sürgün, nəticəsi isə "səssiz ölüm" idi.
Belə ömür yaşayanlardan biri də Aşıq Mirzə Bilal olub. Şirvan aşıq məktəbinin yaradıcılarından olan Mirzə Bilalın taleyi təkcə həmyaşıdlarınınkı kimi deyil, həmkarlarınkından da fərqlənib: sovet hökumətinin şəninə dastanlar qoşmadığına, əksinə, Oktyabr inqilabının əks-təbliğatçısı olduğuna görə.
1872-ci ildə Şirvan qəzasının Ağsu rayonunun (bu kənd o zamanlar Şamaxının inzibati ərazisinə daxil olmayıb) Qəşəd kəndində anadan olan Bilal Mustafa oğlu Mikayılov həmyerlisi Molla Xasının mədrəsəsində oxuduqdan sonra Şamaxıda böyük maarifçi Seyid Əzim Şirvaninin məktəbində təhsilini davam etdirib. Hələ 8 yaşında ikən atasını itirən Bilalın həmyaşıdları kimi, oxumağa həvəsi olsa da, ağır şəraitdə yaşayan ailəyə kömək etmək üçün Səlim bəylə Kərim bəyin qoyun sürülərini otarmağa məcbur idi. Sən demə, bu tifilin qismətinə yazılanlar yalnız nökərçilik deyil, elin nəğməkar bülbülü olmaq və qəflətən susdurulmaq kimi bəlalar da yazılıbmış.
Sonradan məlum olduğu kimi, Bilal yalnız çiyni çomaqlı deyil, sinəsi telli sazlı və məlhəm sözlü imiş. O, özü də bayatılarının birində bunu belə etiraf edib: "Bəyə nökər olsam da, xalqa qəzəlçiyəm mən".
Mirzə Bilal Seyid Əzim Şirvaninin məktəbində ərəb-fars dillərini kamil öyrənərək klassik poeziyaya dərindən bələd olub. Şamaxı ədəbi mühiti - "Beytüs-səfa" və mesenat Mahmud Ağa Əhməd Ağa oğlunun musiqi-şeir məclisi onu sənət dünyasına bağlayıb. Mahmud Ağa məclisində əngəxaranlı Aşıq İbrahimlə tanışlığı Mirzə Bilalın uşaqlıqdan qəlbini ofsunlayan saz sənətinə məhəbbətini bir qədər də coşdurub. Ustadının məsləhəti ilə ona şəyirdlik elədiyi müddətdə muğamlarımızın sirlərini "Şirvan bülbülü" Mirzə Məhəmmədhəsəndən mükəmməl şəkildə mənimsədikdən sonra el məclislərinə ayaq açıb. Azərbaycan Aşıqlarının I qurultayının iştirakçısı olan Mirzə Bilal Üzeyir Hacıbəyli, Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Qurban Pirimov, Asıq Sənəm, Aşıq Mirzə, Aşıq Əsəd, Aşıq İslam, Aşıq Məhəmməd kimi xalq arasında tanınmış sənətkarlarla dost olub.
Mirzə Bilalın başı hələ gəncliyindən bəlalar çəkib. Çar hakimiyyəti dövründə "dilinə yiyəlik etmədiyinə" - "Pristavın əlindən" adlı şeir yazdığına görə 1917-ci ildə onu həbsxanaya salıblar. Sovetlərin gəlişinə sevinən, qırx ilə yaxın Şirvanda bu sənəti yaşadan və onlarla şəyird yetişdirən Aşıq Mirzə Bilal heç şəninə "dastanlar qoşulan" sosializmdən də yarımayıb: 1937-ci il iyun ayının 17-də həbs edilərək noyabr ayının 26-da "xalq düşməni" adı altında güllələnib.
Haqq nazilsə də, üzülmür. Aşıq Mirzə Bilalın da həbs edilib günahsız yerə güllələnməsinin sübutu o dövrlər üçün əlçatmaz görünürdü. Lakin XX əsrin əvvəllərində əldə olunan dövlət müstəqilliyinin 1991-ci ildə yenidən bərpasından sonra vaxtilə haqqı tapdanan, "xalq düşməni" (əslində, rejim əleyhdarları) damğası ilə "damlanıb" uzaq Sibir çöllərində güllələnən günahsızlarımızın bəraət almasında müəyyən tədbirlər görüldü ki, həmin sırada Mirzə Bilalın da adı çəkilir. Belə ki, Azərbaycan Respublikası Prokurorluğunun 28 oktyabr 1993-cü il tarixli qərarı ilə Mirzə Bilal Mustafa oğlu Mikayılov da bəraət alıb. Milli Məclisin deputatı, professor, Nizami adına Ədəbiyyat Muzeyinin direktoru Rəfael Hüseynovun "Aşıq qanı" adlı məqaləsində də saz-söz ustadının keşməkeşli və hər iki imperiya quruluşunun qurbanı olduğu öz təsdiqini tapıb. Adıçəkilən yazı geniş araşdırmanın nəticəsi olduğundan, aşığın həyat və yaradıcılığına gur işıq salmağı ilə də fərqlənir. Aparılan tədqiqatlar göstərir ki, bu haqq aşığının da repressiya qurbanına çevrilməsinin səbəbkarı Azərbaycanın o zamankı "NKVD"sinin Dövlət Təhlükəsizliyi İdarəsi 4-cü şöbəsinin əməliyyat müvəkkili Martirosov soyadlı daşnak olub. Martirosovun imzaladığı sənədə əsasən, aşığın Qəşəd kəndindəki evində axtarış aparmağa (guya o, rayondakı əks-inqilabçı dəstənin başçısı və təbliğatçısı imiş) icazə verilib.
Mirzə Bilalın fiziki cəhətdən sağlam olmasa da (onun sağ ayağına və mizrab vuran sağ əlinin barmaqlarına güllə dəymişdi), mənəvi cəhətdən çox güclü olduğu söylənilir. Şikəst əli ilə sazda möcüzələr yaradan Mirzə Bilalın qəlbi də zədələnmişdi. Bu zədə onun könlünə dövrün, zamanın, gərdişin əzablarından dəymişdi. Haqqı əlindən alınan el sənətkarı istər çarizmin, istərsə də sosializmin xalqa vurduğu mənəvi zərbələrin şahidinə çevrilmişdi. Ona görə də çoxlarının təriflədiyi sovetlərə üzünü tutaraq deyirdi:
Məzluma hörmət et, qolundan yapış,
Əlindən var-yoxun alandan olma.
Haqq yoldan yayınma, sən
Adəm kimi,
Nəfsindən peşiman olandan olma.
Maraqlı olduğu qədər də acınacaqlı
"ömür sürmüş"
Mirzə Bilalın həyatında ağrı
və dəhşətlərlə
dolu səhifələr
az deyil.
1928-ci ildə Bakıda Azərbaycan Aşıqlarının
I qurultayı keçiriləndə
təbii ki, o dövrün tanınmış
sənətkarlarından biri
kimi, Mirzə Bilal da bu
tədbirin iştirakçılarından
olub. Təəssüf
ki,
adıçəkilən qurultay haqqında "Bakinskiy raboçi" qəzetinin həmin il may ayının
9-dakı sayında verilən
məlumatda Mizə Bilalın şeirləri haqsız yerə tənqid edilir (əslində, bir daha təsdiq edilir ki, aşığın
ictimai baxışları
ilə sovetlərinki üst-üstə düşmür).
Azərbaycan Mədəniyyət və
İncəsənət Universitetinin
kafedra müdiri, sənətşünaslıq üzrə
fəlsəfə doktoru
Aşıq Əhliman
Şirvanlı ustadla
bağlı fikirlərini
bölüşərkən bunları da qeyd etdi: "Nə yaxşı ki, həmin qurultayda dahi Üzeyir bəy Hacıbəyli bu haqsızlığa qarşı
çıxaraq öz
çıxışında xalqın haqq səsinin təhqir edilməsinin yolverilməz olduğunu nadanlara yerindəcə anlatmışdı".
Daha dəhşətlisi isə
adıçəkilən qurultaydan
bir il
öncə Şamaxıda
tarın od vurulub yandırılması
idi. Aşıq məhz bundan sonra yazırdı:
"Əsl-hu" dediyin boş söhbət deyil,
Ot öz kökü üstə bitə, gərəkdir.
Tuladan
it olmaz, pişikdən
pələng,
Yaranmışda cinsi-təpər gərəkdir".
Ümumiyyətlə, məşəqqətlər içərisində yaşamış
Mirzə Bilalın taleyi beləcə ağrı-acılar içərisində
keçib. Dövlət
müstəqilliyinin bərpasından
sonra Mirzə Bilal kimi neçə-neçə
repressiya qurbanlarının ömür
yoluna işıq salındı. Doğulduğu Şamaxıda bu
ilin noyabr ayında ustad sənətkarın 140 illiyi
ilə bağlı tədbir keçirilib.
Şamaxı Rayon İcra Hakimiyyəti,
Mədəniyyət və
Turizm Nazirliyi və Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən yubiley tədbirində respublikamızın tanınmış
alimləri, ziyalıları
və sənət adamları iştirak ediblər.
Yubiley tədbirində qeyd olunub ki, Şirvan aşıq məktəbinin banisi hesab edilən Mirzə Bilal habelə bəstələdiyi mahnıları ilə də tanınıb. Onun "Görünməz oldu", "Ala gözlər" kimi mahnıları, deyişmələri bu gün də dillər əzbəridir. Təsadüfi deyil ki, o dövrdə Azərbaycanda "Mirzə" titulunu qazanan 8 ziyalıdan biri də Aşıq Bilal olub. Mirzə Bilal nəinki Azərbaycanda, İran, İrəvan, Gürcüstan və Dağıstanda da məşhur idi.
65 yaşında ikən sovet rejiminin repressiya qurbanı olan Mirzə Bilalın bütün əmlakı, o cümlədən yazıları da məhvə məhkum edilib. Yalnız dövlət müstəqilliyinin bərpasından sonra ulu öndər Heydər Əliyevin diqqət və qayğısı sayəsində məxfi arxivlər açıldı və əsl həqiqətlər, Azərbaycanın görkəmli oğullarının, o cümlədən Aşıq Bilalın başına gətirilən müsibətlər üzə çıxdı.
Mərasimdə folklorşünas alim, professor Qəzənfər Paşayev Mirzə Bilalın yaradıcılığının ayrı-ayrı məziyyətlərini təhlil edərək onun XIX əsr Şirvan aşıq məktəbinin formalaşmasında, Aşıq Şakir, Aşıq Əhməd, Aşıq Rza, Aşıq Məmmədağa, Aşıq Yanvar kimi sənət ustalarının yetişməsindəki rolundan və xidmətlərindən söz açıb.
Xeyirxah
əməlləri ilə yadda qalan Aşıq Mirzə
Bilalın sazının səsi, sözünün kəsəri zülmətləri
yardığı üçün zaman-zaman yaşayacaq.
Məhəmməd
NƏRİMANOĞLU,
Azərbaycan.-2012.- 29 dekabr.- S.7.