Milli Məclisin payız sessiyası başa çatdı

 

Dünən Milli Məclisin payız sessiyasının son iclası keçirildi. İclasın gündəliyinə müzakirə olunması üçün 17 məsələ daxil edilmişdir.

Milli Məclisin Sədri Oqtay Əsədov diqqətə çatdırdı ki, payız sessiyasının son iclası keçirilir. Gündəlik təsdiq olunduqdan sonra Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi barədə məlumat verdi. Onun sözlərinə görə, Məcəllədə 188.1.4-cü maddə ləğv edilir. Deputat Qüdrət Həsənquliyev söz alaraq bildirdi ki, yeni yaranan istehsal müəssisələri üçün vergi güzəştləri nəzərdə tutularsa, bunun müsbət faydası olar. Deputat eyni zamanda  şəhərin küçələrində yaranan tıxac probleminə də toxundu. O dedi ki, bunun aradan qaldırılması üçün işlər görülməlidir.

Milli Məclisin Sədri Oqtay Əsədov isə deputata cavabında bildirdi ki, bu istiqamətdə işlər gedir.

"Xüsusi iqtisadi zonalar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə layihə ilə deputatları məlumatlandıran Ziyad Səmədzadə bildirdi ki, qanunun 17-ci maddəsinə edilən dəyişikliyə görə, Xüsusi iqtisadi zonanın ərazisində xüsusi razılıq əsasında gömrük brokerləri fəaliyyət göstərə bilərlər. Gömrük brokerlərinin lisenziyalaşdırılması qanunvericiliyə müvafiq olaraq həyata keçirilir. Dəyişiklik deputatlar tərəfindən müsbət qiymətləndirildi.

"Gömrük orqanlarında xidmət haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə isə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verdi. Dəyişiklikdə göstərilir ki, Gömrük orqanlarının vəzifəli şəxsləri üçün xüsusi geyim forması müəyyən edilir. Xüsusi geyim formasının, fərqlənmə nişanlarının təsvirini müvafiq icra hakimiyyəti orqanı, onlara təchizat normalarını  müvafiq icra hakimiyyəti orqanı, xüsusi geyim formasının daşınması qaydalarını isə müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Dəyişiklik səsə qoyularaq qəbul edildi.

Sonra iclasda "Sərhəd qoşunları haqqında" qanunda dəyişikliklər edilməsi barədə layihə müzakirəyə çıxarıldı. Sənədi təqdim edən Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov bildirdi ki, bu dəyişikliklər qanunun 4-cü (sərhəd qoşunlarının vəzifələri) və 5-ci (sərhəd qoşunlarının hüquqları) maddəsində nəzərdə tutulmuş bəzi düzəlişlərdir. "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" qanunda da dəyişikliklər edilməsi barədə məlumat verən Ziyafət Əsgərov diqqətə çatdırdı ki, dəyişiklik "Normativ hüquqi aktlar haqqında" qanuna, Gömrük Məcəlləsinə uyğunlaşdırılması  məqsədi daşıyır. Hər iki sənəd səsə qoyularaq qəbul edildi.

 İclasda Azərbaycan Respublikasının Efiopiya Demokratik Respublikasında (Əddis-Əbəbə şəhərində) səfirliyin təsis edilməsi haqqında Azərbaycan Respublikası qanun layihəsi təsdiqləndi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun Birgə Bəyanatının təsdiq edilməsi haqqında qanun layihəsi də deputatlar tərəfindən müsbət qarşılandı. Sənədlə bağlı məlumat verən Beynəlxalq münasibətlər və parlamentlərarası münasibətlər komitəsinin sədri Səməd Seyidov dedi ki, Dünya Azərbaycanlılarının Həmrəylik günü ərəfəsində belə bir sənədin təsdiq olunması müsbət haldır. Çünki dünyanın türkdilli ölkələri artıq birgə fəaliyyətə  ciddi önəm verir, xalqlarımız arasında isti münasibətin yaranmasını istəyirlər. Bu sənəd də türk dünyasının birləşməsinə doğru atılan bir addım kimi qymətləndirilir. Sənəd səsə qoyularaq qəbul edildi.

"Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Katibliyinin maliyyə qaydaları haqqında" Sazişin təsdiq edilməsi barədə qanun layihəsini də təqdim edən Səməd Seyidov dedi ki, adıçəkilən qurum dünyada artıq öz yerini tutub və özünün maliyyə imkanlarını təsdiq etməsi gələcək müsbət planlardan xəbər verir. Müzakirələrdə çıxış edən deputat İsa Həbibbəyli qurumun adında "türkdilli" yox, "türk" terminindən istifadəni təklif etdi. İsa Həbibbəyli bildirdi ki, bu qurumun adını Türk Şurası da adlandırmaq olar. Sənəd səsverməyə çıxarılaraq qəbul edilidi.

İclasda "Azərbaycan Respublikası Hökuməti və Bosniya və Herseqovina Nazirlər Şurası arasında diplomatik və xidməti pasportlara malik olan şəxslərin viza tələbindən azad edilməsi haqqında" Saziş və "Azərbaycan Respublikası Hökuməti və Bosniya və Herseqovina Nazirlər Şurası arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında" Konvensiyanın təsdiq edilməsi barədə qanun layihəsi təsdiqləndi.

Sonra Ziyafət Əsgərov "Azərbaycan Respublikası Hökuməti və İtaliya Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə qanun layihəsi haqqında məlumat verdi. Birinci vitse-spiker dedi ki, bu sənəd 9 maddədən ibarətdir. Sazişə əsasən, tərəflər arasında təhlükəsizlik və müdafiə siyasəti, hərbi-siyasi sahədə əməkdaşlıq, sülhü dəstəkləmə əməliyyatları və humanitar əməliyyatlar, Silahlı Qüvvələrin təşkili və idarə edilməsi, hərbi sahədə təhsil və təlim, hərbi tibbi xidmət, hərbi idman və tərəfləri maraqlandıran digər hərbi sahələr üzrə əməkdaşlıq ediləcək. Ziyafət Əsgərovun sözlərinə görə, bu Saziş Azərbaycanın dövlət maraqlarına uyğundur və imzalanması respublikamız üçün əhəmiyyətlidir. Saziş qeyri-müəyyən vaxtadək imzalanır. Sənəd səsə qoyularaq qəbul edildi. İclasda həmçinin "Avropa Yenidənqurma və İnkişaf Bankının təsis edilməsi haqqında" Sazişdə dəyişikliklərin təsdiq edilməsi barədə qanun layihəsi də qəbul edildi.

İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə məlumatı Əli Hüseynli diqqətə çatdırdı. Onun sözlərinə görə, dəyişikliyə əsasən, həmkarlar ittifaqlarına 4 günə üzvlük haqqı köçürməyən müəssisənin vəzifəli şəxsləri cərimələnəcəkdir. Ona görə də müəssisələr həmkarlar təşkilatı üçün nəzərdə tutulan üzvlük haqqını mühasibatlıq vasitəsi ilə 4 gün ərzində həmin müəssisənin həmkarlar ittifaqı təşkilatının hesabına köçürülməlidirlər. Müəssisələrin mülkiyyət formasından asılı olmayaraq, vəzifəli şəxslər 1500 manatdan 2000 manata qədər cərimə olunacaqlar.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev  bildirdi ki, həm özəl, həm də dövlət müəssisələrində üzvlük haqqı tutulsa da, həmkarlar ittifaqlarına köçürülməsində problemlər müşahidə olunub. Onun sözlərinə görə, indi də bəzi xarici təşkilatlar həmkarlar ittifaqlarının yaradılmasına maneə yaradırlar. Müzakirələrdən sonra həm İnzibati Xətalar Məcəlləsində, həm də Əmək Məcəlləsində müvafiq dəyişiklik edildi.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı Əli Hüseynli bildirdi ki, dəyişiklik aliment ödəməkdən imtina ilə bağlı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutur. Hazırda mövcud məhkəmə qərarlarının icra işlərinin bir hissəsi  cəmiyyətdə həssas məsələ olan uşaqların hüquqlarının qorunması, aliment məsələsi ilə bağlıdır. Onun sözlərinə görə, bu sahədə ciddi problemlər var: "Parlamentdə bu məsələ dəfələrlə qaldırılıb. Məhz alimentlərlə bağlı məhkəmə qərarlarının icrasını təmin etmək məqsədilə təklif olunur ki, Cinayət Məcəlləsinin 176-cı maddəsi Cinayət Məcəlləsindən çıxarılsın. Cinayət Məcəlləsinin bu maddəsi məqsədli şəkildə alimenti ödəməkdən boyun qaçıran şəxslərə görə məsuliyyəti nəzərdə tutur. Amma bu məsuliyyət həddindən artıq aşağıdır, 6 aylıq azadlıqdan məhrumetməni nəzərdə tutur. Bundan sonra bu qəbildən olan məsələlərə Cinayət Məcəlləsinin 306-cı maddəsi tətbiq olunacaq. Məhkəmə qərarının icrasından boyun qaçıran şəxslər 3 ilə qədər azadlıqdan məhrum ediləcəklər".

Müzakirələr zamanı deputat Çingiz Qənizadə bildirdi ki, bu, Cinayət Məcəlləsinə son zamanlar edilən ən mühüm dəyişiklik olacaqdır. Ancaq 306-cı maddənin tətbiqi bir qədər çətinlik yaradacaq. Çünki Azərbaycanın da qoşulduğu Avropa Konvensiyasının tələblərinə uyğun olaraq, borclu olan şəxsin borca görə həbsi mümkünsüzdür. Ona görə də bu məsələdə yenidən dəqiqləşmə aparılmalıdır. Deputat Bəxtiyar Əliyev isə dedi ki, son vaxtlar məhkəmə qərarlarının icrası ürəkaçan deyil. Ona görə də belə problemlər yaranır. Müzakirələrdən sonra deputatlar sənədə müsbət rəy bildiriblər.

İclasda son olaraq "Banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərin gəlir vergisindən azad edilməsi haqqında" qanun layihəsi müzakirəyə çıxarıldı. İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə qanun layihəsini təqdim edərək bildirdi ki, əhalinin banklardakı əmanətlərinin həcmi 4 milyard manatı keçir: "Hesablamalara görə, 2012-ci ildə bu əmanətlərin sahibləri 500 milyon manata yaxın gəlir əldə edəcəklər. Bu məbləğdən tutulası gəlir vergisinin həcmi isə 60-70 milyon manatdır. Bildirildi ki, qanun əmanətçilər üçün Yeni il hədiyyəsidir". Qanun layihəsi səsə qoyularaq qəbul edildi.

Sonda isə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciəti təsdiq olundu (Müraciətin mətni ilə qəzetimizin bugünkü nömrəsində tanış ola bilərsiniz).

Milli Məclisin Sədri Oqtay Əsədov dedi: "Milli Məclisin payız sessiyasını və 2012-ci ili başa vururuq. Payız sessiyasında 24 iclas keçirilib, 253 qanun qəbul olunub. Milli Məclis Konstitusiya ilə nəzərdə tutulmuş qanunvericilik səlahiyyətini yerinə yetirib. Parlamentin xarici əlaqələri də yüksək səviyyədə həyata keçirilib. Milli Məclisin nümayəndə heyətləri 44 ölkəyə 297 səfər edib, 2 ölkədə prezident, 7 ölkədə parlament seçkilərini müşahidə ediblər. İl ərzində 48 xarici ölkədən, 15 beynəlxalq təşkilatdan 156 nümayəndə heyəti Azərbaycan parlamentində olub. Ümumilikdə 1091 xarici nümayəndə il ərzində Azərbaycan parlamentində olub. Bu il parlamentdə 5 beynəlxalq tədbir keçirilib.

Milli Məclisin uğurlu fəaliyyəti Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin tərkib hissəsidir. Xalqın maraqları üzərində qurulmuş bu siyasət parlamentin də siyasətidir".

Sonda Dövlət himninin səslənməsi ilə Milli Məclisin payız sessiyasına yekun vuruldu.

 

 Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2012.- 29 dekabr.- S.2.