Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə

 Azərbaycan Respublikası Milli Məclisinin MÜRACİƏTİ

 

Əziz soydaşlar, dəyərli həmvətənlər!

Böyük və qüdrətli Azərbaycan xalqının söz, əqidə və əməl birliyinə nail olmaq arzusunu və əzmini təcəssüm etdirən həmrəylik günü dünyanın çoxsaylı ölkələrində əziz bayram kimi ruh yüksəkliyi ilə qeyd edilir. Ulu  öndər Heydər Əliyevin təşəbbüsü ilə iyirmi bir il öncə başlanmış milli-mənəvi bütövləşmə hərəkatı getdikcə daha geniş vüsət alır. Tarixin gedişitaleyin hökmü ilə bir-birindən və tarixi vətənlərindən ayrı düşmüş soydaşlarımız və həmvətənlərimiz ümummilli məqsədlərimizin gerçəkləşməsi naminə dünya azərbaycanlılarının milli mənlik şüuru əsasında sıx birləşməsinin əhəmiyyətini bu gün dərindən dərk edirlər. Azərbaycan diaspor təşkilatları inkişaf edib möhkəmlənir, soydaşlarımızın və həmvətənlərimizin siyasi, iqtisadi, sosial və mədəni hüquqlarının müdafiəsi işinə daha yaxından qoşulurlar.

Hər bir xalqın milli varlığının başlıca amillərindən biri onun etnik-siyasi cəhətdən mütəşəkkil olmasıdır. Tarix sübut edir ki, milli həmrəyliyə nail ola bilməyən xalqlar etnik-siyasi hüquqlarını və milli mənafelərini həyata keçirmək imkanlarını qoruya və artıra bilmirlər. Sayına və intellektual potensialına görə dünyanın qüdrətli xalqları ilə bir sırada dayanan  Azərbaycan xalqının müasir dövrdə davamlı yüksəlişinin yolu on milyonlarla soydaşımızın və həmvətənimizin mütəşəkkil qüvvə kimi formalaşmasından keçir.

Azərbaycan xalqının dövlətçilik ənənələrinin qədim və zəngin tarixi vardır. Millətimizin yaradıcılıq enerjisinin və zəkasının gücü ilə qurulmuş bir çox qüdrətli Şərq dövlətləri bəşər sivilizasiyasının inkişafına dəyərli töhfələr vermişlər. Bugünkü müstəqil Azərbaycan dövləti xalqımızın ən böyük tarixi nailiyyətlərindən biridir. Hər bir soydaşımız bilir ki, ona arxa duran, şərəfini, nüfuzunu qorumağa hazır olan milli dövləti vardır. Azərbaycan Respublikası dünya azərbaycanlılarının ümidistinad yeridir.

Odur ki, hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı Vətəndə baş verən ictimai-siyasi proseslərlə yaxından maraqlanır, ölkədə həyata keçirilən quruculuq işlərinə görə sevinir, Azərbaycanın qazandığı uğurlarla  fəxr edir. Dövlətimizin beynəlxalq nüfuzunun yüksəlməsi, BMT Təhlükəsizlik Şurasının üzvlüyü kimi yüksək zirvəni fəth etməsi, yerləşdiyi bölgədə və onun hüdudlarından uzaqlarda söz sahibi olması soydaşlarımızın və həmvətənlərimizin qəlbini qürur hissi ilə doldurur.

Bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan gələcəyə inamla baxan bir dövlətdir və regional tərəqqi  mərkəzinə çevrilməkdədir. İqtisadiyyatın inkişaf etdirilməsi, xalqın rifah halının yaxşılaşdırılması, vətəndaş cəmiyyəti yaradılması, hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolunda qazandığı uğurları ilə Azərbaycan dünyanın diqqətini özünə cəlb edir. Dövlətimizin imkanları qarşıya qoyulan hər bir mürəkkəb vəzifəni uğurla yerinə yetirməyə imkan verir. Azərbaycan Avropa ilə Asiyanı, Şimalla Cənubu bir-birinə sıx bağlayan nəhəng transmilli enerji-nəqliyyat layihələrinin həyata keçirilməsində həlledici rol oynayır.

Azərbaycançılıq amalının həyata keçirilməsi üçün lazımi tədbirlər görülür, xarici ölkələrdəki Azərbaycan diasporları və icmaları ilə əlaqələr gücləndirilir. Bu gün dünyanın müxtəlif bölgələrində yaşayan soydaşlarımızın bir-biri ilə və tarixi Vətənlə bağlarının möhkəmləndirilməsinə kömək göstərilməsi Azərbaycan Respublikasının dövlət siyasətinin mühüm bir istiqamətidir.

Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar Azərbaycanın əldə etdiyi uğurlara sevindikləri kimi, Vətənimizin taleyüklü problemlərinin həll ediləcəyi, o cümlədən ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağı, qaçqın və köçkünlərimizin ata-baba yurdlarına qovuşacağı günü də səbirsizliklə gözləyirlər. Qarabağ dərdi bütün millətimizin ağrılı yeridir, ona görə də bu problemin həllinə elliklə kömək göstərilməsi zəruridir. Azərbaycan xalqının öz gücünü bir yerə toplaması dövlətimizin və xalqımızın inkişafı yolundakı bu maneənin aradan qaldırılmasını yaxınlaşdıra bilər. Bütün soydaşlarımızın Vətən qarşısında övladlıq borcu Ermənistanın ölkəmizə təcavüzünə birdəfəlik son qoymaq naminə qüvvələrini birləşdirməkdən, Azərbaycanın haqq işini müdafiə etməkdən  ibarətdir.

Azərbaycanlıların bir vəzifəsi də xalqımızın qibtəediləcək qədim adət-ənənələrini, gözəl dilini, zəngin mədəniyyətini yaşatmaq, hər sahədə bir-birinə dayaq olmaqdır. Dünya azərbaycanlılarının birliyi və mütəşəkkilliyi xalqımızın varlığının və gələcəyinin, milli dövlətçiliyimizin əbədi davam etməsinin  təməl şərtidir.

Əziz həmvətənlərimiz, dəyərli soydaşlarımız!

Sizi milli-mənəvi birliyimizi daha da möhkəmləndirməyə çağırır, xalqımızın hüquq və mənafelərinin qorunması uğrunda mübarizədə səyləri artırmağa səsləyirik. Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə hamınızı ürəkdən təbrik edir, hər birinizə əmin-amanlıq, xoşbəxtlik və ailə səadəti, doğma Azərbaycanımıza qələbə sevincləri və nurlu gələcək arzulayırıq!

 

Hörmətlə,

Azərbaycan Respublikasının Milli Məclisi

 

 (Müraciət Azərbaycan Respublikası Milli Məclisinin 2012-ci il 28 dekabr tarixli iclasında qəbul edilmişdir).

 

Azərbaycan.-2012.- 29 dekabr.- S.3.