Heydər Əliyev Fondunun təşkil etdiyi Yeni

 il şənliyində uşaqlar unudulmaz anlar yaşamışlar

 

Dekabrın 27-dən 29-dək Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Buta" sarayında uşaq evlərində və internat məktəblərində təlim-tərbiyə alan, yetimvalideyn himayəsindən məhrum, o cümlədən Daun Sindromlu Şəxslərin Assosiasiyası, xüsusi qayğıya ehtiyacı olan uşaqların reabilitasiya mərkəzi, A.S.Makarenko adına humanitar fənlər təmayüllü ümumtəhsil internat məktəbi, Psixonevroloji Uşaq Evi, kor və zəif görənlər üçün respublika orta internat məktəbindəki və təhsildə xüsusilə fərqlənən uşaqlar üçün Yeni il şənlikləri keçirilir. Şənliklərə gəlmək üçün fondun təşəbbüsü ilə xüsusi avtobuslar ayrılmışdır.

Dekabrın 28-də fondun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bayram şənliyində iştirak etdilər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin müxtəlif illərdə Dünya Azərbaycanlılarının Həmrəylik GünüYeni il bayramlarında uşaqlarla bir yerdə olmasından və onlara qayğısından bəhs edən film göstərildi.

Hər il olduğu kimi, bu il də şənlik iştirakçılarına yeni tərtibatda hazırlanmış "Qış nağılı" proqramı təqdim edildi. Həmçinin müxtəlif uşaq qrupları və tanınmış ifaçıların çıxışları tədbirin balaca iştirakçılarında xoş ovqat yaratdı.

Şaxta babanın al-əlvan bəzədilmiş möhtəşəm saraya gəlişi uşaqların gurultulu alqışları ilə qarşılandı. Şaxta babauşaqlar birlikdə yolkanın işıqlarını yandırdılar.

Tədbirdə uşaqları şənləndirmək üçün aktyorlar bütün istedad və bacarıqlarını göstərdilər. Rəqqaslara qoşulan, al-əlvan yolkanın ətrafında yallı gedən, məharətlərini göstərən, özlərini möcüzələr aləmində hiss edən uşaqların sevinci hədsiz idi. Körpələrin çöhrələrində bu gözəl bayramı onlara bəxş edən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya məhəbbət və minnətdarlıq hiss olunurdu.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və oğulları tədbirdə iştirak edən uşaqlarla yolkanın ətrafında şəkillər çəkdirdilər.

Azərbaycanın birinci xanımı Mehriban ƏLİYEVA uşaqları bayram münasibətilə təbrik edərək dedi:

- Əziz uşaqlar, hörmətli valideynlər, hörmətli müəllimlər!

Mən çox şadam ki, biz bu gün yenə də birlikdəyik. Biz bu gün ötən 2012-ci illə vidalaşırıq və birlikdə yeni - 2013-cü ili qarşılayırıq. Mən ümidvaram ki, 2012-ci il sizin hər biriniz üçün uğurlu olmuşdur. Bu ildə xoş anlar, sevinc dolu hadisələr üstünlük təşkil etmişdir.

Bir daha vurğulayıram ki, hər hansı bir səbəbə görə yola saldığımız ildə reallaşdıra bilmədiyiniz, ürəyinizdə olan arzular, istəklər mütləq qarşıdan gələn 2013-cü ildə həyata keçsin. Siz hələ çox gəncsiniz, sizin ömür yolunuz hələ qarşıdadır. Əlbəttə, hər bir valideynin ən böyük arzusu övladlarını sağlam, güclü, savadlı, Azərbaycanın layiqli vətəndaşı kimi görməkdir. Bu gün dövlətimiz bunun üçün əlindən gələni edir. Bu gün Azərbaycan sürətlə inkişaf edən, gündən-günə müasirləşən, gözəlləşən bir dövlətdir. Əslində bu gün həyata keçirilən bütün işlər, layihələr, təməli qoyulan planlar gələcəkdə sizin güvənli sağlam və xoşbəxt ömür sürməyinizə xidmət edir.

Biz ötən ilə nəzər salsaq görərik ki, ölkəmizdə il ərzində bir çox nailiyyətlər əldə edilmişdir. Ölkənin bütün regionları inkişaf  edir, paytaxtımız gündən-günə gözəlləşir. Azərbaycanın beynəlxalq arenada nüfuzu  ilbəil artır. Ölkəmizin dünyanın ən mötəbər beynəlxalq qurumu olan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi bunun ən əyani təsdiqidir. Ölkəmizi 155 dövlət dəstəklədi və bu da Azərbaycanın təkcə regionda yox, bütün dünyada artan rolununnüfuzunun sübutudur. Əgər ötən ilə nəzər salsaq, təbii ki, ən yaddaqalan hadisələrdən biri paytaxtımızda keçirilən beynəlxalq "Evrovision-2012" musiqi müsabiqəsidir. Yəqin ki, hamınızın yadındadır, həmin günlərdə paytaxtımızda necə bayram ab-havası var idi. Biz bu musiqi bayramını, bu müsabiqəni ən yüksək səviyyədə keçirdik. Bu, bizim növbəti qələbəmiz idi.

Əminəm ki, bizi gələcəkdə daha çox, daha böyük qələbələr gözləyir. Bu qələbələrin önündə bir neçə ildən sonra məhz bizim balalarımız, övladlarımız, gənclərimiz duracaqlar. Biz torpaqlarımızı da qaytaracağıq, biz yeni qələbələrə imza atacağıq. Biz çox güclü müstəqil ölkəyik və gələcəkdə də belə olacağıq.

Mən bu gün sizin hər birinizə bir daha böyük məhəbbətimi çatdırıram. Yeni 2013-cü il münasibətilə sizi ürəkdən təbrik edirəm. Dünya Azərbaycanlılarının birlik, həmrəylik günü münasibətilə təbrik edirəm. Ümidvaram ki, gələn il daha uğurlu olacaqdır. Yeni ildə hər biriniz üçün daha xoş, daha sevincli anlar olacaqdır. Mən sizin hər birinizi öpürəm və bir daha təbrik edirəm. Sağ olun!

Uşaqlar onlara göstərdiyi diqqət və qayğıya, bu istiqamətdə nəcib və xeyirxah fəaliyyətinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkür etdilər.

Şənlikdə iştirak edən hər bir uşağa Heydər Əliyev Fondunun bayram sovqatı, oyuncaqlar hədiyyə olundu.

Balacalar Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə xatirə şəkli çəkdirdilər.

Üç gün davam edəcək tədbirdə üç minə yaxın uşağın iştirakı gözlənilir.

 

 AzərTAc

Azərbaycan.-2012.- 29 dekabr.- S.3.