«Böyük qardaş» sindromu aradan qaldırılmalıdır
Valeh ƏLƏSGƏROV: "Azərbaycan
səmərəli,
bərabərhüquqlu əməkdaşlığa
daim hazırdır"
Bu günlərdə Fransada çıxan nüfuzlu "Le Journal du Parlament" jurnalında Milli Məclis Sədrinin müavini Valeh Ələsgərovun müsahibəsi verilmişdir. Həmin müsahibəni olduğu kimi diqqətinizə təqdim edirik.
- Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuyun cari ilin iyulunda Azərbaycana ilk səfərini Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələrin möhkəmləndirilməsinə işarə kimi qiymətləndirmək olarmı?
- Sözsüz ki, bu cür səfərlərin, səfər zamanı keçirilən görüşlərin, aparılan danışıqların, müzakirələrin, münasibətlərin möhkəmləndirilməsi, əlaqələrin genişlənməsi və daha səmərəli inkişafı üçün böyük əhəmiyyəti var.
Bundan başqa, bu cür səfərlərin əsas əhəmiyyəti, özəlliyi ondan ibarətdir ki, belə tədbirlər çərçivəsində ölkədə gedən prosesləri, ölkənin ictimai-siyasi, iqtisadi durumunu, bölgə həqiqətlərini, reallıqlarını yalnız rəsmi arayışlar, hesabatlar, məruzələr vasitəsi ilə yox, birbaşa yerində görürsən, hiss edirsən, araşdırırsan. Təbii ki, bütün bunlar bərabərhüquqlu əməkdaşlığın - hər iki tərəfin ümumi maraqlarını, məqsədlərini özündə ehtiva edən əməkdaşlığın yeni reallıqlara uyğun səviyyədə inkişafını təmin edə bilər.
- Avropa Parlamenti-Azərbaycan Respublikası Milli Məclisi Parlamentlərarası Əməkdaşlıq Komitəsi çərçivəsində əməkdaşlığın inkişaf tempi Sizi qane edirmi?
- Sualınıza düzgün və anlaşıla bilən cavab vermək üçün qısa bir arayışa ehtiyac var.
Bildiyiniz kimi, Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq 1996-cı ildə imzalanmış Əməkdaşlıq və tərəfdaşlıq haqqında sazişlə tənzimlənir. Sazişin müddəalarını həyata keçirmək üçün tərəflərin nümayəndələrindən ibarət daimi fəaliyyətdə olan müvafiq qurumlar mövcuddur: Əməkdaşlıq Şurası, Əməkdaşlıq Komitəsi və dörd alt komitə. Bu qurumların fəaliyyəti tərəflər arasında əməkdaşlığın bütün sahələrini, istiqamətlərini, o cümlədən qanunvericilik sahəsini də əhatə edir.
Eyni zamanda, yuxarıda adıçəkilən Əməkdaşlıq və tərəfdaşlıq haqqında sazişdə parlamentlər arasında "siyasi dialoqun aparılması" üçün Parlamentlərarası Əməkdaşlıq Komitəsinin yaradılması tövsiyə edilib.
Müəyən edilmiş qaydalara uyğun olaraq, parlamentlərin bərabər saylı üzvlərindən ibarət Parlamentlərarası Əməkdaşlıq Komitəsinin fəaliyyəti ildə bir dəfə keçirilən iclasla məhdudlaşır. İclaslar arasında əməkdaşlığı həyata keçirən qurumlar, mexanizmlər yoxdursa, parlament üzvlərinin əsas fəaliyyət sahəsi olan qanunvericilik sahəsində əməkdaşlıq adıçəkilən Komitənin fəaliyyətində öz əksini tapmırsa, onda bizim əməkdaşlığımızın inkişafı haqqında və ya inkişaf tempi haqqında nə demək olar?
Əminəm ki, yaxın gələcəkdə tərəflər arasında əməkdaşlığın daha səmərəli, məqsədəuyğun şəkildə qurulması üçün müvafiq cəhdlər, təşəbbüslər tələb olunacaq. Bununla yanaşı, biz bir-birimizi bərabərhüquqlu tərəf kimi qəbul etməyə hazır olmalıyıq.
- Avropa İttifaqı ilə Azərbaycan arasındakı Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində və enerji sahəsindəki əlaqələr hansı istiqamətdə inkişaf edir?
- Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində əməkdaşlıq razılaşdırılmış istiqamətlər və proqramlar çərçivəsində həyata keçirilir. Fikrimcə, bu proqram çərçivəsində əməkdaşlıqdan qısa bir zamanda böyük nəticələr gözləmək sadəlövhlük olardı. Səbəbi çox sadədir. Toplum şəklində həyata keçirilən proqramda bir-birindən ictimai-siyasi, iqtisadi, maliyyə, sosial durumları, o cümlədən iqtisadi inkişaf templəri və başqa parametrlərlə kəskin şəkildə fərqlənən ölkələri bir çərçivədə birləşdirərək ümumiləşdirilmiş şəkildə əməkdaşlıq qurmaq, əlaqələri inkişaf etdirmək obyektiv səbəblərdən mümkün deyil. Əminəm ki, hər bir ölkənin xüsusiyyətləri nəzərə alınmaqla ikitərəfli çərçivədə həyata keçirilən əməkdaşlıq daha səmərəli olardı. Bundan başqa, adı çəkilməyən, ancaq münasibətlərə - "əməkdaşlığa" mənfi təsir edən "böyük qardaş" sindromu da aradan qaldırılmalıdır. Heç zaman unutmamalıyıq ki, səmərəli və səmimi əməkdaşlıq ancaq bərabərhüquqlu tərəfdaşlar arasında mümkündür.
Enerji sahəsində əlaqələr, fikrimcə, daha səmərəli, daha sürətli inkişaf edə bilərdi, əgər Avropa Birliyinə daxil olan ölkələr arasında enerji təhlükəsizliyi, Cənub qaz dəhlizinin inkişafı məsələsində vahid bir mövqe mövcud olsa idi.
Heç bir mütəxəssis Azərbaycanda, Xəzər bölgəsində böyük qaz ehtiyatlarının olmasına şübhə etmir. 20 il bundan öncə kim inanardı ki, Xəzərin neft ehtiyatları Qara dəniz, Aralıq dənizi hövzələrinə neft kəmərləri ilə təhlükəsiz, davamlı şəkildə çıxarıla bilər.
Azərbaycan sübut etdi ki, ticari layihələrə müvafiq siyasi dəstək veriləcəyi təqdirdə, bütün bunlar müvəffəqiyyətlə həyata keçirilə bilər. Fikrimin təsdiqi kimi Xəzər dənizinin neft ehtiyatlarını dünya bazarına çıxaran uzunluğu 1800 km-ya yaxın, ilkin keçiricilik qabiliyyəti ildə 50 milyon ton olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərini göstərmək olar. Bu kəmərlə eyni vaxtda və eyni dəhlizdə Xəzər dənizindən Türkiyə-Gürcüstan sərhədinə qədər uzanan böyük diametrli qaz kəməri də inşa edildi. Uzunluğu 800 km-dən çox olan həmin kəmər vasitəsi ilə bu gün Azərbaycandan Gürcüstana, Türkiyəyə qaz ixrac edilir. Gələcəkdə bu kəmər Xəzər qazını Avropaya çatdıracaq qaz kəmərinin bir hissəsi ola bilər.
Azərbaycan həm qaz ixracatçısı, həm tranzit ölkə olaraq səmərəli, bərabərhüquqlu əməkdaşlığa daim hazırdır.
- Necə düşünürsünüz, Türkiyə ilə Azərbaycan arasındakı Trans-Anadolu boru kəməri razılaşmasını Cənub Qaz Dəhlizi və Trans-Xəzər boru kəmərləri layihəsinin həyata keçirilməsi istiqamətində mühüm addım hesab etmək olarmı?
- Bu razılaşmanı həm mühüm, həm də zamanında baş vermiş bir hadisə kimi dəyərləndirməliyik. Bundan öncə söylədiyim Cənub Qafqaz qaz boru xətti (Xəzər dənizinin Azərbaycan sahilindən Türkiyə-Gürcüstan sərhədinə qədər) ilə birlikdə bu layihənin həyata keçirilməsi Xəzər dənizinin qərb sahilindən Avropa İttifaqının şərq sərhədlərinə qədər Xəzər qazının, ilk növbədə, Azərbaycan qazının çatdırılmasını təmin edəcək. Bu həm də Trans-Xəzər kəmərinin çəkilişi və başqa layihələrin həyata keçirilməsi risklərini qat-qat azaldacaq. Avropa İttifaqı da öz növbəsində müvafiq dəstəkləyici addımlar atsa, yuxarıda adlarını çəkdiyiniz layihələr - Cənub Qaz Dəhlizi, Trans-Xəzər boru kəməri, qısa bir zamanda reallığa çevrilə bilər.
- Avropa Parlamentində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qərarın qəbul olunması Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindəki status-kvonun dəyişdirilməsi üçün faydalı ola bilərmi? Siz inanırsınızmı ki, Fransa bu konfliktin həllində daha fəal rol oynaya bilər?
- Ölkələrin ərazi bütövlüyü prinsipi beynəlxalq hüququn məhək daşıdır. Beynəlxalq hüququn norma və prinsiplərini qəbul edən, onun aliliyini tanıyan, icra edən hər bir qurum, o cümlədən hər bir şəxs Azərbaycanın və ya hər hansı başqa bir suveren dövlətin ərazi bütövlüyünü tanımaq, dəstəkləmək məcburiyyətindədir. Bu Azərbaycana məhəbbətdən, sevgidən irəli gələn bir addım deyil ki!
Azərbaycanın ərazi bütövlüyünü tanımaq - hamılıqla qəbul edilmiş beynəlxalq hüquq norma və prinsiplərini tanımaq və qəbul etmək deməkdir!
1992-ci ildən bu günə qədər BMT-nin Təhlükəsizlik Şurası, Avroparlament və başqa beynəlxalq qurumlar tərəfindən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən çoxsaylı qərarları qəbul olunmuşdur.
Əfsuslar olsun ki, bu cür qərarların icra mexanizmləri mövcud olduğu halda belə, onlar icra edilmir. Siyasi iradə olarsa, bu mexanizmləri tətbiq etmək mümkündür.
Burada söhbət hər hansı bir hərbi əməliyyatdan getmir. Əminəm ki, bir sıra ölkələrə qarşı tətbiq edilən sanksiyalar (ticari, maliyyə sanksiyaları və s.) işğalçı Ermənistan dövlətinə qarşı tətbiq edilsə idi, Azərbaycanın ərazi bütövlüyü çoxdan bərpa olunmuşdu.
Sualın ikinci hissəsinə cavab olaraq bildirmək istəyirəm ki, problemin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrləri - Fransa, ABŞ, Rusiya və başqa dövlətlər də bu məsələnin aradan qaldırılmasında daha fəal, daha səmərəli rol oynaya bilərdilər. Ancaq belə təsəvvür yaranır ki, problemin həllinə təsir edə bilən dövlətləri münaqişə nəticəsində yaranmış status-kvonun regional və daxili siyasətə təsiri daha çox maraqlandırır, nəinki konfliktin ədalətli və beynəlxalq hüquq normaları çərçivəsində həlli! Bütün bunlara baxmayaraq, bütöv bir regionun tərəqqisinə, Avropa strukturlarına inteqrasiya proseslərinə böyük maneçilik törədən, o cümlədən Avropanın öz təhlükəsizliyini təhdid edən bu problemin tezliklə aradan qalxması günün tələbidir.
Suallarınızı
cavablandırarkən söylədiyim fikirləri xahiş edirəm,
rəsmi bir şəxsin deyil, adi bir Azərbaycan vətəndaşının
düşüncələri kimi qəbul edəsiniz.
Azərbaycan.-2012.- 29 dekabr.- S.4.