Ümumrusiya Azərbaycanlıları Konqresi üçün

2012-ci il mühüm hadisələrlə zəngin il oldu

 

ÜAK diasporun maraqlarını ləyaqətlə təmsil edir

 

 On bir il əvvəl Rusiyada təsis edilmiş azərbaycanlıların ən böyük diaspor təşkilatı - Ümumrusiya Azərbaycanlıları Konqresi (ÜAK) qarşıya qoyduğu vəzifələri reallaşdırmaq üçün məqsədyönlü fəaliyyət göstərir. ÜAK-ın aparat rəhbəri Nemət Nağdəliyev qəzetimizə müsahibəsində Konqresin  2012-ci ildə gördüyü işlərdən söhbət açır.

- Nemət müəllim, ÜAK-ın yola saldığımız ildə fəaliyyətini necə qiymətləndirirsiniz?

- İlin əsas nəticələrini ümumiləşdirərkən əminliklə demək olar ki, sürətlə dəyişən dünyada diasporumuzun məqsəd və vəzifələrinin yenidən gözdən keçirilməsi nöqteyi-nəzərindən bu il ÜAK üçün yaddaqalan və müəyyən dərəcədə dönüş ili idi. Konqresin bu dövr üçün fəaliyyətinin leytmotivi və əsas məqsədi güclü və rəqabətqabiliyyətli diasporun formalaşdırılması işinin davam etdirilməsi, onun ictimai-siyasi əhəmiyyətinin gücləndirilməsi, həmçinin milli adət-ənənələrin qorunub saxlanmasından ibarət oldu. Bu gün ÜAK Rusiyanın tanınmış ictimai təşkilatlarından biri kimi cəmiyyət həyatının bütün sahələrində Azərbaycan diasporunun maraqlarını təmsil edir. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış təşkilat azərbaycanlıların birləşməsi, maraqlarının müdafiəsi, həmçinin iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi xəttini davam etdirir.

Diaspor üçün əsas hadisələrdən biri fəaliyyətimizə yeni impuls verən, bir cox istiqamətlərdə işimizi aktivləşdirməyə kömək edən ÜAK-ın III qurultayı oldu. Qurultaydan başqa, həmvətənlərimizin Rusiya həyatında iki önəmli siyasi hadisədə - Dövlət Dumasına seçkilərdə və prezident kampaniyasında layiqli iştirakının təmin edilməsi məsələsinin siyasi əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Belə ki, Konqres "Vahid Rusiya" partiyasına və onun namizədi Vladimir Putinə dəstəyini bəyan edərək paytaxtda və regionlarda müvafiq qərargahlarla sıx əməkdaşlıq etdi. ÜAK həm Moskvada, həm də regionlarda həmvətənlərimizin seçkilərdə səmərəli fəaliyyətini təmin etmək üçün qərargahlar yaratmışdı. Nümayəndələrimiz regionlarda "Vahid Rusiya" partiyasını və Putini dəstəkləmək üçün "dəyirmi masa"lar, konfranslar, seçicilərlə görüşlər, konsert proqramları kimi müxtəlif tədbirlərdə iştirak etdilər. Hesab edirik ki, həmvətənlərimizin bu cür vacib proseslərə cəlb edilməsi vəzifəsinin öhdəsindən uğurla gəldik. Azərbaycan elektoratı Rusiyanın mövcud siyasi kursunun dəstəklənməsinə sanballı töhfə verdi.

- ÜAK-ın həmvətənlərimizin həyatında rolu, ictimai fəaliyyəti barədə nə deyərdiniz? Ana vətənlə, dövlətimizlə bağlı hansı məsələlər Konqresin diqqət mərkəzindədir?

- Sözsüz ki, Konqres ötən il aktiv şəkildə həmvətənlərimizin həyatının bütün sahələrini əhatə edən ictimai fəaliyyətlə məşğul olmuşdur. Bu il ərzində Konqres tərəfindən əhəmiyyətli hadisələr münasibətilə - həm bayram, həm də xalqımızın harada yaşamasından asılı olmayarq daim yaddaşında qalmalı olan faciəvi tarixi günlərinə həsr edilmiş bir sıra tədbirlər həyata keçirilmişdir. İlk növbədə ÜAK və onun regional şöbələri tərəfindən 20 Yanvarı və ümummilli faciənin günahsız qurbanlarını yad etmək üçün  "dəyirmi masa"lar və elmi-praktik konfranslar təşkil edilmişdir.

 Rusiyanın bir sıra regionlarında Xocalı faciəsi xatirə gecələrində yad olundu. Faciənin ildönümü münasibətilə Heydər Əliyev Fondu Moskvadakı "Ukrayna" hotelinin konfrans zalında xatirə gecəsi təşkil etdi.

 

31 mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə "Azərbaycanlıların soyqırımı - tarixin 200 ili" mövzusunda təşkil etdiyimiz "dəyimi masa"da Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, ÜAK rəyasət heyətinin üzvləri, görkəmli elm adamları, ictimai xadimlər və azərbaycanlı gənclərin nümayəndələri iştirak etdilər.

Fəaliyyətimizdə mühum yerlərdən birini 10 may - ümummilli lider Heydər Əliyevin doğum günü tutur. Bu ildən  etibarən ÜAK-ın təsis etdiyi "Heydər Əliyev mükafatı"nın hər il görkəmli ictimai-siyasi xadimlərə, Rusiyanın elm, mədəniyyət və incəsənət nümayəndələrinə, Azərbaycan-Rusiya əlaqələrinin möhkəmlənməsində xidmətləri olan şəxslərə verilməsi nəzərdə tutulur. Yeri gəlmişkən, builki laureatlar arasında M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçi, İTAR-TASS informasiya agentliyinin keçmiş baş direktoru Vitali İqnatenko, RQQU-nun rektoru Yefim Pivovar, Rudomino adına Ümumrusiya Xarici Ədəbiyyat Kitabxanasının direktoru Yekatirina Qeniyeva, Kreml baletinin rəhbəri Andrey Petov da var.

Moskva Dövlət Universitetinin tarix fakültəsində Heydər Əliyevin doğum gününə həsr edilmiş "Ürəyimin yarısı Rusiyadadır" mövzusunda elmi-praktik konfrans keçirildi. Yeri gəlmişkən, ümummilli liderin irsinin gənclər arasında təbliğini fəaliyyətimizin prioritet istiqamətlərindən hesab edirik.

Diaspor Novruz bayramını xüsusi qeyd edir. Bu bayram, demək olar ki, ümumrusiya statusu almışdır. Rusiya regionlarının əksəriyyətində  həmvətənlərimiz bu bayram münasibətilə tədbirlər keçirirlər. Konqresin regional şöbələri tərəfindən bayram gecələri və şənlikləri təşkil olunur. Moskvada isə Novruz bayramı iki dəfə qeyd edildi. 17 martda Moskva hökumətinin dəstəyi ilə "Rusiya" mərkəzinin konsert zalında bu bayramı qeyd edən dövlətlərin və milli təşkilatların, 23 martda ÜAK-ın təşkilatçılığı ilə "Napoleon" restoranında diasporumuz, həmvətənlərimiz Rusiyanın milli, mədəni, ictimai və elmi dairələri ilə birlikdə  bayram şənliyi təşkil etdilər.

ÜAK-ın fəaliyyətində mühüm yerlərdən birini də Rusiyada yaşayan azərbaycanlıların təhsili məsələləri tutur. Burada yaşayan Azərbaycan vətəndaşları üçün Rusiyanın ali təhsil müəssisələrinə qəbul məqsədilə test sınaqlarının keçirilməsi Konqres üçün artıq ənənəyə çevrilmişdir. Bu il ÜAK Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birgə belə imtahanlar keçirdi.     

- Bildiyimizə görə, ÜAK xeyriyyəçilik sahəsində də fəaliyyət göstərir. Xahiş edirik ki, bu barədə də məlumat verəsiniz. Başa çatmaqda olan il hansı xeyriyyə tədbirləri ilə əlamətdar oldu?

- Təşkilatımız xeyriyyə layihələrinə böyük diqqət yetirir. Belə ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Yeni il ərəfəsində uşaq evlərində böyüyən balacaları təbrik etmək üçün layihəyə start verilmişdir. Biz bu layihəyə keçən il qoşulduq və onun işində fəal iştirak etdik. Bu xoş ənənəni qarşıdakı illərdə də davam etdirməyi planlaşdırırıq.

Krasnodar vilayətində təbii fəlakətdən zərər çəkənlər üçün Moskva Millətlər Evində şəhər hökumətinin təşkil etdiyi humanitar yardım kampaniyasında təşkilatımızın fəal iştirakı xüsusi diqqətə layiqdir. Bizim iştirakımız paytaxt rəhbərliyi tərəfindən minnətdarlıqla qarşılandı.

- Azərbaycanımızın tarixi, mədəniyyəti, adət-ənənələri necə, Rusiyanın mərkəzi şəhərində, ümumiyyətlə ölkədə yetərincə təmsil olunurmu?

- ÜAK Azərbaycanın tarixi, mədəniyyəti və ədəbiyyatını diqqət mərkəzində saxlayır.  Bu sahədə xeyli iş görülmüşdür. Bu ilin aprelində Rusiya  Dövlət Kitabxanasının Şərq Ədəbiyyatı Mərkəzində tarix elmləri doktoru, professor Eldar İsmayılovun "Stepan Şaumyan - unudulmağa məhkum olmuş. "Əfsanəvi kommunar"ın retuşsuz portreti" kitabının təqdimatını keçirdik.

Bu ilin iyununda Moskva Rəssamlar Evində  "Zirvələr. Səmanın ovcunda" adlı müasir Qafqaz incəsənət sərgisi keçirildi. Təşkilatçılardan biri olduğumuz bu sərgi Rusiya paytaxtının mədəni həyatında geniş əks-səda doğurdu.

Eyni zamanda Rusiyada yeganə Azərbaycan etnomədəni komponentli məktəbinin - Kərim Kərimov adına 157 nömrəli ümumtəhsil məktəbinin fəaliyyəti ilə yaxından maraqlanır, tədbirlərində iştirak edir, əlaçıları mükafatlandırırıq.

- Bəs Rusiyanın regionları ilə necə işləyirsiniz? Məlum olduğu kimi, soydaşlarımız təkcə paytaxtda deyil, bölgələrdə də yaşayıb fəaliyyət göstərirlər. ÜAK-ın bu istiqamətdə rolu və prioritetləri nədən ibarətdir?

- Regionlarda diaspor təşkilatlarının inkişafı Konqresin ümdə vəzifələrindəndir. Təşkilatlarımızla sıx əməkdaşlıq çərçivəsində işləyərək regionlara səfərlər təşkil edir, yerlərdə subyekt rəhbərləri ilə görüşlər keçirir, həmvətənlərimizin vəziyyəti və hüquqi təminatı ilə yaxından tanış oluruq.

Bütün məsələlər regional şöbələrlə ətraflı razılaşdırılır ki, bu da öz növbəsində fikir birliyinə və problemlərin həllinə kömək edir. Belə tədbirlərdən biri kimi keçən ilin axırlarında Yaroslavla səfərimizi qeyd etmək olar. Burada "Millətlərarası münasıbətlərin harmoniyalaşdırılması, vətəndaş cəmiyyətinin dəstəklənməsi və Yaroslav torpağında əmin-amanlıq" mövzusunda konfrans keçirildi. İvanovskda ÜAK-ın yerli şöbəsinin 10 illik yubileyini qeyd etdik, Smolenskə səfər etdik. Eləcə də ÜAK-ın prezidenti Ulyanovskda baş vermiş məlum hadisələrlə bağlı bu şəhərə səfər etdi.

Ümumiyyətlə, 2011-2012-ci illərdə Rusiya Ədliyyə Nazirliyinin regional strukturlarında ÜAK-ın 15-ə yaxın regional və yerli şöbəsi rəsmi qeydiyyatdan keçmişdir. Bu regionlardan Altay, Volqoqrad, Belqorod, Orlov, Ryazan, Çelyabinsk və Arxangelsk vilayətlərini, Tatarıstan, İnquşetiya respublikalarını və s. qeyd etmək olar.

Bu aktivlik həmvətənlərimizin ÜAK-ın fəaliyyətinə artan marağından, ictimai təşkilatlarla işi gücləndirmək yolu ilə diasporumuzun möhkəmlənməsindən irəli gəlir.

Konqresin qarşısında duran vacib vəzifələrdən biri də Rusiyada vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi və millətlərarası münasibətlərin normallaşdırılması, Rusiya ilə Azərbaycan arasında sosial-iqtisadi və mədəni əməkdaşlığın inkişafı və dərinləşdirilməsidir. Bu vəzifəni həyata keçirmək üçün ÜAK-ın bütün regional şöbələri Türkiyənin Bodrum şəhərində Diasporla İş üzrə Dövlət Komitəsinin təşkil etdiyi "Xaricdə yaşayan azərbaycanlıların inteqrasiyası: müasir vəziyyət və gələcək perspektivlər" forumunda iştirak etmişdir. Bundan əlavə, ÜAK-ın nümayəndələri bu ilin sonunda Başqırdıstanın payxtaxtı Ufa şəhərində olarkən keçirdikləri görüşlərdə aktual məsələləri müzakirə etmişlər. ÜAK-ın nümayəndələri ilk görüşü Başqırdıstan Prezidenti Administrasiyasının ictimai-siyasi inkişaf idarəsinin əməkdaşları ilə keçirmişlər. İkinci görüş "dəyirmi masa" formatında olmuşdur və onun işində Prezident Administrasiyası, Mədəniyyət Nazirliyi, Federal Miqrasiya Xidməti, Ümumrusiya Xalq Cəbhəsi və digər qurumların nümayəndələri iştirak etmişlər.

Çuvaşıstan Respublikasının paytaxtı Çeboksarda dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 870 illik yubileyini qeyd etdik. Diasporla İş üzrə Dövlət Komitəsi, ÜAK və onun regional şöbələri tərəfindən təşkil olunmuş tədbirdə Azərbaycan Respublikasının nümayəndələri, ÜAK-ın Moskva və regional rəhbərliyi iştirak etmişlər.

Xüsusi qeyd etmək yerinə düşərdi ki, Rusiyadakı diasporumuzun tarixində ilk dəfə olaraq bu il "Rusiyada etnik münaqişələrin qızışdırılmasına qarşı. Rusiya Prezidenti V.Putinin milli siyasətinə dəstək" şüarı altında Moskva meriyası ilə razılaşdırılmış mitinq keçirdik. Aksiyada 300-dən çox həmvətənimiz, həmçinin Azərbaycan və Rusiya KİV-in nümayəndələri iştirak etdilər. Bu mitinq Rusiya azərbaycanlılarına qarşı terror çağırışlarına cavab olaraq təşkil edilmişdi.

- Konqres gənclərlə işi necə qurur? Onlarda ictimai işə maraq yaratmaq üçün hansısa layihələr varmı, yaxud hansısa konkret addımlar atılırmı?

- ÜAK gənclərlə işə böyük əhəmiyyət verir.  Hətta Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının regional bölməsinin rəhbərinin həm də ÜAK-ın regional şöbəsinin sədr müavini olmasına imkan verən ideya mövcuddur. Bu bizim arzumuzdur, regionlardakı həmkarlarımıza tövsiyəmizdir. Əminik ki, bu addım gənclərin ictimai işlərə daha məsuliyyətli yanaşmasına və regionlarda diasporla bağlı məsələləri daha asan həll etməyə imkan verəcək. Gənclərlə iş mövzusunu davam etdirərək başqa bir layihəmizi də qeyd etmək istərdim. Söhbət Rudomino adına Ümumrusiya Xarici Ədəbiyyat Kitabxanasında xalq yazıcısı Çingiz Abdullayevin ədəbiyyatsevər gənclərlə görüşündən gedir. Bu görüş iştirakçılarda zəngin təəssüratlar yaratdı.

- Beləliklə, məlum olur ki, bu il ÜAK xeyli iş görmüşdür. Son tədbirləriniz, layihələriniz barədə məlumat verərdiniz. Konqres 2012-ci ilə necə yekun vurdu?

- 12 dekabrda Azərbaycan Respublikasının Rusiyadakı səfirliyi və Heydər Əliyev Fondunun nümayəndəliyi ilə birgə ümummilili lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş konfrans keçirdik. Tədbirdə Rusiya və Azərbaycanın tanınmış nümayəndələri iştirak etdilər.

ÜAK-ın uğurlu layihələrindən biri də 18 dekabrda "Avropalı" banket zalında Moskva hökumətinin və Azərbaycan səfirliyinin dəstəyi ilə təşkil olunmuş "Moskva-Bakı" adlı Azərbaycan mədəniyyəti gecəsi idi. İlin yekunlarına əsasən aktiv ictimai fəaliyyətinə, diasporun güclənməsi və inkişafında xidmətlərinə görə diasporun nümayəndələrinə medallar təqdim edildi.

Ötən müddətdə əsası qoyulmuş xoş ənənələri davam etdirərək 19 dekabrda ÜAK və Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi tərəfindən Moskva şəhərində və Moskva vilayətində yaşayan kimsəsiz uşaqlar üçün Yeni il şənliyi keçirildi. Tədbir çərçivəsində "Bakı" kino-konsert kompleksinin böyük zalında Obraztsov adına Kukla Teatrının tamaşası göstərildi, əyləncəli uşaq proqramları təşkil olundu, Yeni il  hədiyyələri paylandı.

2012-ci ildə layihələr və tədbirlər silsiləsinin yekunu olaraq Konqresin İcra Aparatı rəhbərinin regionlardakı nümayəndəliklərlə görüşü keçirildi. Fəaliyyətimizin nəticələrinə dair hesabat açıqlandı, işimizə dair təklif və iradlar bildirildi. Regionlar üzrə fəaliyyətimiz barədə məruzələr dinlənildi, gələcək planlar və prioritet vəzifələr müəyyənləşdirildi.

Axırda bir məqamı da xüsusi  qeyd etmək istərdim. ÜAK-ın uğuru bütövlükdə  diasporun uğurudur. Ümummilli lider Heydər Əliyev tərəfindən yaradılmış Konqresin uğursuz olmağa haqqı yoxdur.  Bundan əlavə, o, fəaliyyətini zəiflədə və ya aktiv fəaliyyət illüziyası yarada bilməz. Diasporla iş həmvətənlərimizlə daimi əlaqə, hakimiyyət nümayəndələri ilə görüş və ictimai təşkilatlarla sıx əməkdaşlıq deməkdir.  Bundan əlavə, nəzərdən qaçırmamalıyıq ki, bizim fəaliyyətimiz bütövlükdə bütün Rusiya üzrə regional bölmələrimizin ümumi fəaliyyətidir. ÜAK-ın regional bölmələrinin həmvətənlərimiz üçün gördüyü faydalı işlər, Azərbaycanın təbliğində əldə etdiyi nailiyyətlər, onun mədəniyyəti, tarixi, ilk növbədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri ictimaiyyətə çatdırması onu deməyə əsas verir ki, Konqres əbəs yerə fəaliyyət göstərmir.

 

 

Müsahibəni apardı:

Elçin VƏLİYEV,

Azərbaycan.-2012.- 29 dekabr.- S.4.