Azərbaycançılıq məfkurəsinin təntənəsi

 

Akademik Ramiz Mehdiyev "Şah İsmayıl Səfəvi ali məramlı

 tarixi şəxsiyyət kimi" məqaləsində azərbaycançılıq mövqeyinin

 klassik nümunəsini sərgiləmişdir

 

 Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin ölkə mətbuatında dərc olunmuş "Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi" adlı irihəcmli məqaləsi cəmiyyətdə, o cümlədən elmi dairələrdə böyük rezonans doğurmuşdur. Səbəb aydındır: məqalədə bugünkü Azərbaycanın tarix və mənbəşünaslıq elmləri üçün son dərəcə aktual, həlli vacib olan məsələlər qoyulur. Bununla yanaşı, məqalədə bu gün ölkənin intellektual dairələrini, fikir adamlarını, ziyalılarını qayğılandıran, aydınlıq gətirilməsi zərurəti duyulan, onları istiqamətləndirən və səfərbər edən, milli mənafe və azərbaycançılq məfkurəsi ətrafında daha sıx birləşdirən bir çox məsələlər qaldırılır və həlli yolları göstərilir. Belə demək mümkünsə, məqalə əslində, xalqımızın bütün təbəqələri - alimlər, yaradıcı ziyalılar, təhsil işçiləri, gənclər və s. qarşısında yaxın gələcək üçün müəyyənləşdirilmiş bir proqramdır və biz bütün səylərimizi üzümüzə gələn illərdə onun icrasına yönəltməliyik.

Elə adından da göründüyü kimi, məqalənin əsas qayəsi - Şah İsmayıl Səfəvinin siyasi portretini, Mərkəzləşdirilmiş Azərbaycan Dövlətinin yaradılması yolunda görkəmli sərkərdə və dövlət xadimi kimi fəaliyyətini, müəllifin təvazökarlıqla qeyd etdiyi kimi, "ümumi cizgilərlə də olsa, göstərmək cəhdidir." Əslində isə müəllif yüksək professional səviyyədə yazılmış çox ciddi elmi əsər ortaya qoymuşdur. O, çoxsaylı tarixi araşdırmalara və konkret faktlara istinadən, müasir tarix elminin metodoloji əsaslarına söykənərək çoxəsrlik Azərbaycan tarixinin ən şərəfli səhifələrindən birini - Şah İsmayıl I Səfəvinin ali tarixi missiyasının əsas məqamlarını məntiqi ardıcıllıqla sistemli  təhlil edir və bu zaman zəruri ümumiləşdirmələr aparır, obyektiv mülahizələr ortaya qoyur.

Vətən tarixinə konseptual yanaşma, Səfəvilər dövrü haqqında dünya tarixşünaslığında mövcud ədəbiyyatın təhlili, geniş erudisiya, zəngin elmi biliklər və dövlət idarəetmə təcrübəsi, ən başlıcası isə dərin azərbaycançılıq ruhu müəllifə tariximizin bu dönüş mərhələsi haqqında son dərəcə dəqiq və inandırıcı nəticələrə gəlməyə imkan verir. Diqqət çəkən  məqamlardan biri də odur ki, məqalə məhz tarixçi-filosofun yüksək intellektual təfəkkürünün məhsuludur və aparılan araşdırma zamanı çoxsaylı tarixi hadisələr və faktlar, mənbələrin məlumatları zəruri fəlsəfi kateqoriyalar prizmasından da araşdırılır ki, bu da fikir zənginliyinə və alınan nəticələrin dürüstlüyünə şübhə yeri qoymur. Akademik Ramiz Mehdiyev Şah İsmayılı siyasi mərkəzi Azərbaycan olmaqla yeni qüdrətli imperiyanın banisi kimi səciyyələndirir. Müəllifin qənaətincə,  Şah İsmayıl Səfəvi Azərbaycan türklərinin hakim mövqeyinin bütün səviyyələrdə möhkəmlənən, təzahür edən ilk mərkəzləşdirilmiş dövlət qurdu, elə bir dövlət ki, o, yarandığı gündən qısa müddət ərzində Şərqdə qüdrətli hərbi-siyasi qüvvəyə çevrildi. Azərbaycanlılar güclü etno-siyasi amil kimi tarix səhnəsinə çıxdılar, milli şüurun inkişafı və özünüdərk prosesləri sürətləndirildi. Azərbaycan Səfəvilər dövləti ölkənin siyasi və  iqtisadi dirçəlişi ilə yanaşı, mədəni inkişafına da güclü təkan verdi. Azərbaycan dili fars dilinin təsirindən qurtardı, onu üstələdi. Şairlərimizin başqa dillərdə yazıb-yaratmaq ənənəsinə son qoyuldu. Şah İsmayılın Azərbaycan dövlətçiliyi qarşısında ən böyük xidmətlərindən biri də öz dövrü üçün xarici siyasət mexanizmlərini formalaşdırması və mahir diplomat kimi aparıcı Avropa ölkələri ilə əlaqələri qurmasıdır.

Məqalə eyni zamanda, tariximizi təhrif edənlərə tutarlı cavabdır. Müəllif yazır: "Yüzilliklər boyu müxtəlif siyasi və dini cərəyanların nümayəndələri, o cümlədən İranda və Türkiyədə, elə Qərbdə də XVI əsrdə Yaxın və Orta Şərqdə Şah İsmayılın tarixi rolunu azaltmaq üçün çox səy göstərmişlər." Məlumdur ki, Azərbaycan tarixi bir sıra konyunkturaya uymuş, müxtəlif ideoloji təsirlərə məruz qalmış "tarixçilər", "alimlər" və "siyasətçilər" tərəfindən kobud şəkildə təhrif edilib və edilir, falsifikasiyaya məruz qalır, bəzən isə şərəfli tariximizin bütöv dövrləri inkar edilir, bədxahlarımız tərəfindən özününküləşdirilir. Misal kimi, qonşu İran tarixşünaslığında Şah İsmayıl dövrü, onun şəxsiyyəti və yaratdığı dövlət haqqında geniş yayılmış yazıları qeyd edə bilərik.

İran tarixşünaslığı daim iran-mərkəzçilik prinsipinə əsaslanır. Odur ki, İran tarixinə dair müxtəlif səpkili yazılarda İran, İran dövləti, İran mədəniyyəti və farslar araşdırmaların, təsvirlərin özəyini və alınan nəticələrin mühüm tərkib hissəsini təşkil edir. İranın öz müstəqilliyini itirdikdən sonra müxtəlif dövlətlərin tərkibində bütövlükdə və ya qismən mövcud olduğu dövrlərin tarixi yazılarkən də əsas diqqət İran komponentlərinin vəziyyətinə yönəldilir, onların rolu şişirdilir və həmin dövlətlər bu və ya digər cəhətdən İran dövləti və ya iranlıların fəal, hətta istiqamətverici rol oynadığı dövlətlər kimi təqdim edilir. Bunun ən geniş yayılmış üsullarından biri, xüsusən, İranda türklərin hakimiyyəti illərində çox zaman farslardan ibarət olan baş vəzirlərin fəaliyyətini, onların faktiki hakim olduqlarını şərh etmək olmuşdur. Başqa sözlə, fars salnaməçiləri və tarixşünasları İran ərazisində qeyri-farsların yaratdıqları dövlətləri İran dövləti və ya iranlıların dövləti kimi təqdim etməyə xüsusi əhəmiyyət vermişlər və verməkdə davam edirlər. Bunun sonuncu və ən bariz nümunələrindən biri Səfəvilər dövlətinin İran dövləti kimi öyrənilməsi və təqdim edilməsidir. Səfəvi dövlətinə, onun ayrı-ayrı nümayəndələrinə münasibət yuxarıda qeyd edilən İran-mərkəzçilik əsasında formalaşır. Belə ki Səfəvi dövləti islam inqilabından əvvəl də İran, milli İran dövləti hesab edilsə də, Səfəvi dövründən danışarkən dövlətin əsasını qoyan Şah İsmayıl Səfəvinin həyat və fəaliyyətinə ən az, sülalənin digər üzvü Şah Abbasa maksimum diqqət ayrılırdı. Bu da çox güman ki, inqilabdan əvvəl İran tarixşünaslığının İran, İran milləti, İran mədəniyyəti, fars dilinin roluna əsaslanan ideologiyaya xidmət etməsi ilə bağlı idi. Məlum olduğu kimi, Şah İsmayılın siyasi, mədəni və dini fəaliyyəti həmin tələblərə cavab vermədiyindən ən az diqqətə layıq görülürdü. İslam inqilabından əvvəl Şah İsmayıl haqqında, demək olar ki, ayrıca kitablar meydana gəlməmişdi. Hətta tarix dərsliklərində belə, Şah İsmayılın hakimiyyəti illərinə minimum yer ayrılırdı və sülalənin İranı vahid dövlətdə birləşdirməsi məsələsi ön plana çəkilirdi. İran İslam inqilabının qələbəsindən sonra vəziyyət kökündən dəyişmiş, Şah İsmayılın həyat və fəaliyyətinin müxtəlif cəhətlərinə həsr olunmuş ədəbiyyat meydana gəlmiş və farsdilli internet saytlarında daimi yer tutmuşdur.

Onu da əlavə etmək lazımdır ki, Şah İsmayılın həyat və fəaliyyəti nəinki elmi və geniş ictimaiyyətin maraq dairəsinə daxil olmuş, həmçinin islam siyasi sistemi ilə dünyəvi müxalifət, dini və dünyəvi qüvvələr, azərbaycanlı və fars milli və millətçi qüvvələr, şiə və sünni təriqətləri tərəfdarları, "təmiz, xalis islam"ı "bərpa etmək" və mövcud dini  vəziyyətin qorunub saxlanması tərəfdarları arasında mübarizə obyektinə çevrilmişdir. Bütün bunlar Şah İsmayıl Səfəvinin həyat və fəaliyyətini daha dərindən və hərtərəfli öyrənməyi, hadisələrin gedişi və nəticələrinə qiymət verməyi tələb edir. Müxtəlif siyasi, etnik, dini, mədəni və s. qrupların və qüvvələrin nümayəndələrinin Şah İsmayılın həyat və fəaliyyətini araşdırmağa çalışması qeyd edilən qrupların mövqeyindən asılı olaraq öyrənilən məsələnin müxtəlif cəhətlərinə daha çox diqqət yetirilməsinə və bunun əsasında arzu olunan nəticələrin əldə edilməsinə şərait yaradır.

İranda Şah İsmayıl Səfəvinin, Səfəvilərin fəaliyyətinin ilkin mərhələsinə yanaşmada üç mövqeyin mövcud olduğunu göstərə bilərik. Birinci qrupa  məsələyə mümkün qədər obyektiv yanaşmağa  çalışan tarixçi alimləri aid etmək olar. Onlar məsələyə daha dərindən yanaşmağa, hadisələri elmi baxımdan şərh etməyə üstünlük verirlər. Həmin əsərlər Şah İsmayıl Səfəvinin hakimiyyətə gəlişinin ictimai, tarixi, siyasi, sosial şərtlərini, yeni hakimiyyətin fəaliyyətinin mahiyyəti haqqında ətraflı, nisbətən obyektiv təsəvvür yaranmasına yardım edirlər. Təəssüf ki, həmin əsərlərdə Şah İsmayılın iranlı (fars) olduğu, fəaliyyətinin məqsədinin mərkəzləşdirilmiş İran dövləti, İranın siyasi müstəqilliyini bərpa etmək, milli birlik yaratmaq olduğu vurğulanır.

İkinci qrupa əsasən sosial sifariş əsasında yazılan, ona görə də obyektivlikdən uzaq olan və səthi təbliğat xarakteri daşıyan yazıları aid etmək olar. İnternet saytlarında informativ xarakter daşıyan belə yazılarda Şah İsmayılın yalnız "irançılıq" sahəsində, şiəliyin dövlət məzhəbi səviyyəsinə qaldırılması sahəsində fəaliyyəti təbliğ və mədh edilir.

Üçüncü qrupa fars millətçiliyi mövqeyində duran müəlliflərin "elmi" və elmi-publisistik, təbliğati xarakterli yazıları aid edilə bilər. Belə yazılar arasında irantarix.ir saytının sahibi, naşiri, yazarı doktor Əmin Hüseyn Xonçinin panfarsizm, antitürkizm (antiazərbaycanizm), antiərəbizm mövqeyindən yazılmış, öz saytında və digər saytlarda yerləşdirilmiş "əsərləri" xüsusi yer tutur.

Onun "İran tarixi" adlı irihəcmli yazısının 9 hissəsi Şah İsmayıla həsr edilmişdir. Həmin yazıların bir hissəsi "Tarix-e Şah ismayıl Səfəvi" kitabı adı ilə çap olunmuşdur. "Qızılbaşan dər İran" ("İranda qızılbaşlar") adlı digər əsərində müəllif Şah İsmayıl və onun fəaliyyəti haqqında İran tarixşünaslığında qərarlaşmış və ümumi qəbul olunmuş fikirləri təkzib etməyə çalışmışdır. Onun Şah İsmayıl və Səfəvi dövləti haqqında fikirlərini qısa şəkildə belə xülasə etmək olar. Şah İsmayılın, qızılbaşların tarixi, mədəni, genetik baxımdan İran və iranlılıqla (farslıq) heç bir əlaqəsi yoxdur. Səfəvi dövləti xaricdən (Anadoludan) gəlmiş türklər tərəfindən yaradılmışdır. Yeni hakimiyyəti yaradanlar yad mədəniyyət (türk sufilik və qızılbaşlıq) və dilin (türk) daşıyıcısı idilər. İranı ələ keçirmiş, onu amansız şəkildə istismar etmiş, öz mədəniyyətlərini inkişaf etdirmiş və dillərini geniş yaymışlar. Şah İsmayıl nə vahid İran dövləti, nə də iranlıların milli birliyini yaratmaq haqqında düşünürdü. O, ilahi missiya (sünniliyi məhv etmək) yerinə yetirdiyinə inanırdı və bütün səylərini həmin istiqamətə yönəltmişdi.

Qəribə də olsa, istər Şah İsmayılı milli İran dövlətinin yaradıcısı hesab edənlər, istərsə də Şah İsmayılı qeyri-İran (fars) dövləti yaratmaqda ittiham etmək  tərəfdarlarını bir məsələ birləşdirir: Azərbaycanın, o cümlədən Cənubi Azərbaycanın və Azərbaycan xalqının hesaba alınmaması. Birincilər Azərbaycanı İranın bir hissəsi, azərbaycanlıları türkləşmiş farslar hesab etdiyindən Azərbaycanla bağlı olan, subyekti azərbaycanlılar olan mühüm tarixi hadisəni İran hadisəsi adlandırırlar. İkincilər də eyni mövqedən çıxış edərək, azərbaycanlıların yaratdığı dövləti qeyri-iranlı (fars) dövləti adlandırırlar. Sonuncuların fikrincə, azərbaycanlılar fars olduqları üçün türk idarə sistemi ilə fəaliyyət göstərən, şifahi sferada türk dilini rəsmi dövlət dili səviyyəsinə yüksəldən bir dövlət yarada bilməzdilər.

Məlumdur ki, Türkiyə tarixşünaslığında Səfəvilər dövlətinin yaranmasına, onun banisi Şah İsmayılın fəaliyyətinə və şəxsiyyətinə, Səfəvi-Osmanlı qarşıdurmasına münasibət birmənalı deyildir. Şah İsmayılı türk dünyasının düşməni, türk birliyinin dağıdıcısı, təfriqəçi kimi xarakterizə etmək cəhdləri çoxdur. İş o yerə çatıb ki, bəzən Şah İsmayılın şəxsiyyəti başdan-ayağa təhrif olunub, haqqında ağlagəlməz hədyanlar yazılıb. Hətta Ömər Seyfəddin kimi görkəmli türk yazıçısı bu təhriflərin təsiri altına düşərək əsərlərində Şah İsmayılın mənfi obrazını yaradıb.

Yaxud elə məqalədə rəy bildirilən cənublu soydaşımız, gənc yazar Güntay Cəncalpın yaxınlarda nəşr etdirdiyi "Səfəvilər" kitabını götürək. Azərbaycançılıq məfkurəsindən çox-çox uzaq, yad ideologiya təsiri altında olan şəxs tərəfindən yazılmış bu əsər Azərbaycan xalqının tarixinə, onun böyük oğlu Şah İsmayıl Səfəviyə həqarət və böhtandan başqa bir şey deyildir.

Məlumdur ki, Şah İsmayıl Səfəvi istedadlı şair olmuş, anadilli şeirimizə parlaq şeir nümunələri (qəzəl, qoşma, gəraylı, varsağı, bayatı və s.)  bəxş etmiş, poeziya tarixində görkəmli şair Xətai kimi əbədiləşmişdir. Düşünürəm ki, Şah İsmayılın həyatı və şəxsiyyəti haqqında ən səhih və etibarlı mənbələrin biri də onun sonrakı nəsillərə miras qalmış şeir yaradıcılığıdır. Bu yaradıcılığa dönə-dönə müraciət edilməli, yeri düşəndə istifadə olunmalıdır. Tariximizin bədxahlarına, Şah İsmayılın fəaliyyətini və şəxsiyyətini təhrif edənlərə elə onun öz qoşması ilə cavab verməyimiz yerinə düşər:

 

 

Cahil olan söylər, sözünü bilməz,

Meydana gəlincə özünü bilməz.

Dörd şey vardır cənnət yüzünü görməz,

Bir münkir, münafiq, bir yezid, qanmaz.

 

 Bu da həqiqətdir ki, Azərbaycanın mənəvi-ideoloji məkanında daşıyıcıları, məzmunu, yönümü, strukturu və s. baxımından bir-birindən fərqlənən müxtəlif ideya cərəyanları mövcuddur və onlar bir-biri ilə bəzən rəqabət aparırlar, sözdə azərbaycançılıq əleyhinə olmasalar da, öz ideoloji fəaliyyətləri ilə faktiki olaraq müəyyən dərəcədə azərbaycançılığın zəiflədilməsinə xidmət edirlər. Bu, özünü beynəlxalq və daxili səviyyəli məsələlərə münasibətdə aydın göstərir. Bu həmçinin Azərbaycanın tarixinə, onun müxtəlif mərhələlərinə, mühüm, taleyüklü hadisələrinə, tarixi şəxsiyyətlərinə, siyasət, mədəniyyət xadimlərinə münasibətdə də özünü göstərir. Bu, müxtəlif səviyyə və formada (elmi, elmi-nəzəri, ictimai, adi şüur) təzahür edir. Ona görə bir tərəfdən azərbaycançılıq şüurunun möhkəmləndirilməsi işi davam etdirilməli, digər tərəfdən ictimai, humanitar, mədəni sahələrdə dəyərləndirmələrin əsasında mütləq azərbaycançılığın dayanmasına nail olunmalıdır. Akademik Ramiz Mehdiyevin son məqaləsi konkret tarixi hadisəyə və onun başında duran şəxsiyyətə münasibətdə azərbaycançılıq mövqeyindən çıxış edilməsinin, demək olar ki, klassik nümunəsini sərgiləmişdir: "Şah İsmayılın obrazı təbiətin Azərbaycan xalqına necə böyük mənəvi və fiziki potensial bəxş etməsinin nümunəsi olmuşdur və olacaqdır. Biz əcdadlarımızın böyük əməlləri ilə yalnız fəxr etməklə kifayətlənməməliyik, həm də bu keyfiyyətləri itirməmək, həyatda onların bizə yol yoldaşı olması üçün əməli fəaliyyət göstərməliyik. Bunu xüsusilə, yaşlı nəsli əvəz edəcək gənclər yadda saxlamalıdırlar. Haradan qaynaqlandığından asılı olmayaraq, tariximizə edilən hücumlara layiqli cavab vermək üçün ictimai rəyi səfərbər etmək çox vacibdir. Zəngin keçmişə malik formalaşmış millət olmağımızı dünyaya yalnız bu yolla bəyan edə bilərik." Müəllif haqlı olaraq qeyd edir ki, tarixi hadisələrə və tarixi şəxsiyyətlərə elmi metodologiya əsasında yanaşılmalı, proseslərin mahiyyəti, məntiqi gedişi və nəticələri nəzəri baxımdan şərh olunmalıdır. Tarixin dönüş mərhələlərini təşkil edən hadisələrə və belə mərhələlərdə meydana gəlib, tarixi proseslərə başçılıq edən, onu istiqamətləndirən şəxsiyyətlərə sonrakı tarixi hadisələrə təsir göstərə bilməyən ikinci, beşinci, hətta onuncu dərəcəli, reallığına şübhə edilməsə belə, faktlar, rəqiblərinin, düşmənlərinin qərəzli xarakteristikası və buna bənzər fikirlər əsasında qiymət vermək elmi təfəkkür tərzi ilə bir araya sığmır.

Həqiqətən də, Şah İsmayıl Səfəvinin həyatı, siyasi, mədəni, hərbi və s. fəaliyyəti haqqında bir-birinə zidd, bir-birini inkar edən, həqiqi və qərəzli fikirlər çoxdur. Azərbaycan tarixinin növbəti mərhələsinin  başlanğıcında tarixi proseslərə rəhbərlik etmiş, onun istiqaməti, mahiyyəti və məzmununu müəyyən etməyə cəhd göstərmiş bir şəxsiyyətin daxildə və xaricdə rəqibləri və düşmənləri saysız-hesabsız olduğundan onun fəaliyyəti, şəxsiyyətinə münasibət də saysız-hesabsız və bəzən mənfi olurdu. Real həyatda üstün gələ bilmədikləri şəxsiyyətlərə "mənəvi", "ideoloji" sahədə üstün gəlməyə çalışmaq geniş yayılmış üsuldur və təbii ki, Şah İsmayıldan da yan keçməmişdir. Şah İsmayılın fəaliyyətində ayrı-ayrı sosial qruplara, müxtəlif sahədə çalışan şəxsiyyətlərə münasibətində ümumi qəbul olunmuş normalardan kənara çıxmaq hallarının olması təbiidir. Lakin bütün bunlar onun fəaliyyətinə bütövlükdə qiymət vermək üçün kafi deyildir. Akademik Ramiz Mehdiyev haqlı olaraq vurğulayır ki, Şah İsmayıl Səfəvinin fəaliyyətinə onun obyektiv nəticələri və azərbaycançılıq mövqeyindən qiymət verilməlidir. Yalnız bu halda tarixi şəxsiyyət öz həqiqi qiymətini ala bilir. Belə olan halda, onu türk birliyinin dağıdıcısı və ya şiə mənsəbini dövlət dini səviyyəsinə yüksəldən şəxs kimi qiymətləndirməyə yer qalmaz. O, öz həqiqi qiymətini - yəni, Azərbaycan torpaqlarını və azərbaycanlıları vahid dövlətdə birləşdirən şəxsiyyət, Azərbaycan xalqının tərəqqisi üçün vacib şərait yaradan böyük dövlət xadimi   kimi almış olar. Düşünürəm, akademiuk Ramiz Mehdiyevin məqaləsindən sonra Azərbaycan tarixinə, onunla bağlı olan hadisələrə azərbaycançılıq mövqeyindən yanaşılması prosesi daha da genişlənəcək və dərinləşəcəkdir. Elmi, ideoloji fəaliyyətin bu əsasda daha da genişləndirilməsi azərbaycançılıq ideyasının daha da dərinləşməsinə, demokratiya, dünyəvilik, liberalizm dəyərləri ilə daha da  zənginləşməsinə stimul verəcəkdir. Məqalədə Azərbaycanın iki böyük oğlu, tariximizin ən mürəkkəb dönəmlərində sükan arxasına keçib xalqına rəhbərlik edən, onu vahid ideya ətrafında birləşdirib irəliyə doğru aparan Şah İsmayıl və ümummilli liderimiz Heydər Əliyev şəxsiyyətləri və fəaliyyətləri arasında da paralellər aparılır, oxşarlıqlar müəyyən edilir: "Siyasi xaos və birliyin olmadığı vaxtda dövlət sükanı arxasına keçən Şah İsmayılın şəxsiyyəti və əməlləri, dünya nizamının dağıldığı dövrdə xalq tərəfindən dövlət başçısı postuna çağırılmış Heydər Əliyevin şəxsiyyəti ilə çox baxımdan oxşardır. Məhz belə dövlət xadimlərinin zəkası və istedadı sayəsində millət öz müstəqilliyinə və suveren dünyagörüşünə nail olur. Siyasi düha keyfiyyətlərinin təzahürü və əsl vətənpərvərlərin qələbəsi bu deyilmi?"

Yuxarıda qeyd olunduğu kimi, məqalədə bir sıra digər məsələlərə də münasibət bildirilib. Müəllif tariximizin araşdırılmasına hərtərəfli dövlət dəstəyini nümayiş etdirərək bu irsi yenidən xalqımıza qaytara biləcək, tarixi həqiqətlərin təhrifinə tutarlı cavab verəcək peşəkar mütəxəssislərin qarşısında duran vəzifələrdən söhbət açır: "Zəngin tarixi irsimiz bu irsi bizə yenidən qaytara biləcək və bununla da, Azərbaycan xalqının mənəvi zənginliyini dünyaya açıb göstərəcək peşəkar tədqiqatçılarını gözləyir".

Müəllif müasir dünyada siyasətdən kənar yaşamağın mümkünsüzlüyünü, vətən tarixini bilmək zərurətini məntiqi ardıcıllıqla əsaslandırır: "Xalq öz tarixinin və tarixi yaddaşının vəhdətini hiss etdikdə onda özünə inam, mənəvi qüvvə yaranır. Öz etnik mənşəyini dərk etmiş fərdin həyatı tarixiliklə dolğunlaşır, o, öz xalqının tarixində baş vermiş bütün hadisələrlə, onun mədəniyyəti ilə bağlılığı barədə düşünməyə, özünü ən azı, bu tarixin bir hissəsi kimi dərk etməyə başlayır. O, yaradıcı şəxsiyyətə çevrilir, "özünün  kim olması", mənsub olduğu etnosun keçmişi ilə onu nəyin bağlanması barədə düşünməyə başlayır. Yalnız bu suallara cavab tapandan sonra insan öz cəmiyyəti üçün "nə etməli" olduğunu qərara alır."

Müəllif, eyni zamanda, tarixə münasibətdə ifratçılığa meyil etməyin yolverilməzliyindən, tarixə tənqidi münasibətin çox ehtiyatlı olması haqda fikirlər söyləyir: "İnsan öz keçmişi ilə nə dərəcədə həmrəy yaşayırsa, o özü ilə də eyni dərəcədə həmrəy yaşayır deyənlər haqlıdırlar. İnsan öz keçmişini inkar edəndə və onu pisləməyə başlayanda fəlakət yaranır. Öz keçmişindən məhrum olan insan mənəvi boşluq dilində danışmağa başlayır. O, nəsillərin varisliyindən kənarda qalır, bununla da, nəinki tarixin vəhdətini, həm də tarixin özünü alt-üst edir. Öz keçmişi ilə həmrəyliyin yoxluğu inkişaf etmiş mənlik şüurunun olmamasına və deməli, milli mənafe və dəyərlərin başa düşülməməsinə bərabərdir."

Daha sonra müəllif xalqımızın tarixində, onun milli şüurunun formalaşmasında, hərtərəfli inkişafında müstəsna rol oynamış böyük şəxsiyyətlərin xidmətlərindən yazır, nailiyyətlərimizin çoxuna görə XIX-XX əsrlərdə yaşayıb-yaratmış maarifçi ziyalılarımıza borclu olduğumuzu vurğulayır: "Həyatlarını ali məqsədlərə sərf etmiş bu fədakar insanlar Azərbaycan xalqının  şöhrətidir  və cəmiyyətimizin hər bir üzvü onlarla fəxr edə bilər. Azərbaycanın yeni tarixində Ə.M.Topçubaşov, F.Xan Xoyski, M.Ə.Rəsulzadə və Azərbaycan Xalq Cümhuriyyətinin digər görkəmli qurucuları, ən yeni tarixdə Heydər Əliyev məhz bu cür tarixi simalardandır. Bütün bu şəxsiyyətlər XX əsrin axırları - XXI əsrin əvvəlində - biz milli müstəqillik qazanandan və Azərbaycan dövlətçiliyi güclənməyə başlayandan sonra özünün tam təcəssümünü tapmış azərbaycançılıq ideyasının daşıyıcılarıdır."

Xalqımızın siyasi, ictimai, elmi və mədəni tarixində görkəmli şəxsiyyətlərin çox olmasını xatırladan müəllif çox dəyərli fikir söyləyir: "Azərbaycanın  bir sıra layiqli oğulları, onların fəaliyyəti və irsi insafsızcasına unudulmuşdur." Və bunun səbəbini tarixçilərin və mənbəşünasların passivliyində görür, daha sonra nümunə kimi Fəzlullah Rəşidəddin, Nəsrəddin Tusi, Səfiəddin Urməvi, Eynəlqüzat Miyanəci əsərlərinin və bütövlükdə yaradıcılığının kifayət qədər öyrənilmədiyindən söhbət açır.

Həqiqət naminə deməliyik ki, Milli Elmlər Akademiyasında, onun ayrı-ayrı institutlarında mənbəşünaslıq sahəsində bir çox işlər görülüb, xalqımızın tarixi, elmi, ədəbiyyatı, onları yaradan görkəmli şəxsiyyətlər barədə mənbələr fars və türk dillərindən tərcümə, şərh və tədqiq edilərək xalqımıza çatdırılıb. Görkəmli tarixçi və ədəbiyyatçı mənbəşünas alimlər, akademiklər Ə.Əlizadə, H.Araslı, Z.Bünyadov və digərlərinin bu sahədə gördüyü çoxsaylı işlər, keçmiş SSRİ məkanında, habelə dünyanın bir çox məşhur kitabxana, əlyazmalar fondu və arxivlərində gərgin axtarışlar nəticəsində milli tariximiz və mədəniyyətimizlə bağlı aşkar etdikləri mənbələr, onların tərcümə, şərh və tədqiq edilərək elmi dövriyyəyə daxil edilməsi tariximizin və mədəniyyətimizin neçə-neçə qaranlıq səhifəsinə işıq tutub, əcdadlarımızdan miras qalan irsi bizlərə çatdırıb. Görkəmli alimlərin yaratdıqları elmi məktəblər, onların tələbələri bu gün ustadlarının işlərini davam edir, qoyduqları ənənələri yaşadırlar.

Alimlərimizin səyləri nəticəsində elə tək AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda xalqımızın uzaq və yaxın tarixi və mədəniyyəti ilə bağlı onlarla mühüm mənbələr dilimizə çevrilib, tədqiq olunaraq xalqımıza çatdırılıb.

Əslində, xalqımızın çoxəsrlik tarixini, mədəniyyətini, elmini, ədəbiyyatını, vahid xalq kimi formalaşması prosesini əks etdirən mənbələri tərcümə və tədqiq edərək insanlara çatdırmaq alimlərimizin müqəddəs borcudur və bu sahədə bir çox işlər görülüb və görülməkdədir. Bununla belə, yeni mənbələrin axtarışı və surətlərinin ölkəmizə gətirilərək elmi dövriyyəyə daxil edilməsi istiqamətində də müntəzəm məqsədyönlü iş aparılmalıdır. Eyni zamanda, Şərqin və Qərbin bir çox kitabxanalarında orta əsrlər azərbaycanlı müəlliflərinin qələminə məxsus, elmin  və ədəbiyyatın müxtəlif sahələrinə aid yüzlərlə əlyazmalar saxlanılır. Bu əsərləri ölkəmizə gətirmək üçün AMEA-nın müvafiq institutlarına vəsait ayrılmalıdır, uzun müddətli ezamiyyələr təşkil olunmalıdır.

Bir məsələni də qaldırmağı özümə borc bilirəm. Məlumdur ki, qədim mənbələri və əlyazmaları oxuyub təhlil və tədqiq etmək gərgin zəhmət tələb edir və bu işin öhdəsindən yalnız qədim dilləri bilən, hərtərəfli hazırlığı olan yüksək ixtisaslı peşəkarlar gələ bilərlər. Belə mütəxəssislərin hazırlanması isə heç də asan başa gəlmir, uzun müddət, bəzən onilliklər tələb edir. Odur ki, bu sahədə çalışan mütəxəssislərin problemlərinin həllinə, onların sosial vəziyyətinin yaxşılaşdırılmasına da diqqət yetirilməlidir.

Son olaraq  bir daha vurğulamaq istərdim ki, akademik Ramiz Mehdiyevin haqqında rəy söylənilən məqaləsi Şah İsmayıl Səfəvinin fəaliyyətini və şəxsiyyətini təhlil edən çox ciddi obyektiv elmi araşdırmadır və xalqımızın şərəfli tarixinin bədxahlarına tutarlı cavabdır. Eyni zamanda, məqalədə ölkəmizin bugünkü elmi və bütövlükdə ideoloji və intellektual həyatı üçün son dərəcə əhəmiyyətli məsələlər qaldırılır, ziyalılar qarşısında mühüm vəzifələr qoyulur. Düşünürəm ki, məqalə hələ uzun müddət ictimaiyyət tərəfindən, elmi dairələrdə, ayrı-ayrı kollektivlərdə öyrənilib müzakirə edilməli, orta məktəb və ali təhsil müəssisələrinin tələbələrinə bir dərs vəsaiti kimi tədris  olunmalı, sözün həqiqi mənasında, Azərbaycan gəncliyinin manifestinə çevrilməlidir.

 

 

 

Gövhər BAXŞƏLİYEVA,

Milli Məclisin deputatı, AMEA

 akademik Z.M.Bünyadov adına

 Şərqşünaslıq İnstitutunun direktoru,

 filologiya elmləri doktoru, professor

Azərbaycan.-2012.- 29 dekabr.- S.5.