Azərbaycanın dini tolerantlığı ingiltərəli məşhur

 jurnalist Pol Stili heyrətləndirmişdir

 

Böyük Britaniyanın "baldhiker.com" saytında bu elektron resursun yaradıcısı,  2011-ci ildə turizm sahəsində yazan ən güclü jurnalist adına layiq görülmüş Pol Stilin Qəbələ şəhərinə səfəri ilə bağlı yazdığı növbəti maraqlı məqalə "Azərbaycan - Nic kəndinin nadir Udin kilsəsi" adlanır.

"Baldhiker.com" saytında yerləşdirilən məqalədə Pol Stil yazır: "Qəbələni gəzərkən mən Azərbaycanın kiçik, lakin dini tolerantlıq baxımından vacib bir hissəsinə getməyi qərara aldım. Burada dini etiqad azadlığı insanda həqiqətən də fəxarət hissi doğurur. Əhalisinin 95 faizini müsəlmanların təşkil etdiyi bir ölkədə bütün dinlərin nümayəndələrinin dinc yanaşı yaşaması olduqca təqdirəlayiqdir. Yeni bir kilsə tikildikdə bütün dinlərin nümayəndələri dəvət olunurlar.

Azərbaycan tolerantlığını sübut edən bir fakt da vardır. Belə ki, İsraildən başqa dağ yəhudilərinin məskunlaşdıqları və əsrlərdir rahatmehriban şəraitdə yaşadıqları yeganə qəsəbə yalnız Azərbaycandadır - Quba rayonunun Qırmızı qəsəbəsi.

Əslində mən Qəbələdəki Udin kilsəsi haqqında eşitməmişdim, ona görə də çox maraqlandım. Beləliklə, mən Nic kəndində kiçik bir kilsəyə dəvət olundum. Qafqazın ən qədim sakinlərindən olan udinlərə məxsus bu kilsə xüsusi əhəmiyyət daşıyır. Hazırda dünyada təxminən bir neçə min udin vardır. Onların əksəriyyəti, təxminən dörd min nəfəri Azərbaycanın bu bölgəsində yaşayır. Mən burada xatirə kitabına ürək sözlərimi yazarkən Şahzadə Endrünün imzasını da gördüm.

Nicdə udinlər məni böyük səmimiyyətlə özlərinin yenicə qurulmuş və istifadəyə verilmiş kilsələrinə dəvət etdilər. Udinlər Azərbaycanda öz icmalarını qoruyub saxlamaqla fəxr edirlər. Təbii ki, bu məsələdə Azərbaycan dövlətinin və xalqının onlara dəstəyi və dözümlülüyü mühüm rol oynayır.

Əsrlər boyu bir çox müharibələrin, iğtişaşların mərkəzi olan bir ölkədə bu cür anlaşmanı görmək həqiqətən də çox təqdirəlayiq haldır. Din sahəsində mütəxəssis olmasam da, burada keçirdiyim bir neçə saat ərzində gördüklərim həqiqətən də məni yaxşı mənada çox təəccübləndirdi".

Məqalə maraqlı fotoşəkillərlə müşayiət olunmuşdur.

 

 AzərTAc

Azərbaycan.-2012.- 29 dekabr.- S.6.